Könül Bünyadzadə: “Allahsız qalmaqdan qorxuram”

 

Azərbaycan Milli Elmlər Akademiyasında planlaşdırdığımız müsahibəyə tam vaxtında çatmışdım. Otağa daxil olanda ilk olaraq müsahibimin gülərüzlü assistenti Sevinc xanımla qarşılaşdım. Fürsətdən istifadə edib, müsahibim barədə bir az da ondan məlumat toplamaq istədim. Sevinc xanımın müsahibim haqqında ifadə etdiyi sözlər öncədən mənə sızdırılan fikirlərlə üst-üstə düşürdü: qayğıkeş, təvazökar, işgüzar, istənilən mövzuda maraqlı həmsöhbət, fəlsəfi düşüncələrinə doyum olmayan pozitiv, zövqlü bir ziyalı xanım.

Budəfəki uğurlu karyerası olan xanım müsahibimiz şərqşünas alim, filosof, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir.

 

- Könül xanım, gəlin söhbətimizə ailənizdən başlayaq, ailəniz barədə qısaca da olsa, məlumat verərdiniz…

 

- Ailəmiz beş nəfərdən ibarət olub. Atam mühəndis olsa da, şair təbiətli idi, gözəl şeirlər yazardı. Anam xalça ustasıdır. İki böyük qardaşım - Ülvi şair, həm də ingilis dili mütəxəssisi olub, digər qardaşım Şövqi isə əczaçıdır, Tibb Universitetini bitirib.

 

- Vətən yolunda övladını itirən ana-bacılar “Vətən sağ olsun!” deyir. Özü də ürəkdən. Sizin özünüzə ideal hesab etdiyiniz qardaşınız da şəhidlik zirvəsinə ucalıb... Axı bu ifadəni işlətmək elə də asan deyil. 

 

- Məsələyə iki cür baxış var: itkiyə doğma, əzizin kimi baxanda əlbəttə ki, onu qəbul etmək ağırdır. Vətənimizin ilk şəhidindən tutmuş sonuncu şəhidinə qədər hamısını göz önündə tutub bütöv Vətən prizmasından baxanda isə, təbii ki, Vətən sağ olsun, deyirsən.

 

- İllər ötdükcə bu yara sizi çoxmu ağrıdır?

 

-  Bilirsiniz, buna yara deməyək. Elə təsəvvür edin ki, insanın bir tərəfi qırılır və bu, heç vaxt sağalmır, nə qədər ki varıq, o sızıldayır, qanayır. O ağrının haqqında həmişə ehtiyatla danışmağa çalışırsan ki, onu təkrar qanatmayasan.

 

- Balaca Könülü necə təsvir edərdiniz?

 

- Mən iki böyük qardaşımın yanında böyümüşəm, ona görə də, xasiyyətimdə bir qədər sərtlik var. Ümumiyyətlə, qohumlarımız arasında qız uşağı az idi və mən ancaq oğlanlarla oynayırdım, partizan oyunu, dava-dava və s. Yəni, oğlan uşaqları nə oynayırdılarsa, mən də onlara qoşulurdum. Bir də, məndən böyük olduqları üçün onlar nə oxuyurdularsa, mənə də ötürürdülər. Hazırcavab, şeir deyən, mahnı oxuyan uşaq olmuşam. Uşaqlıqda hansısa xüsusi istedadla parladığımı deyə bilmərəm. Qardaşlarımda musiqiyə, poeziyaya olan maraq daha nəzərəçarpan olub, nəinki məndə. Mən sadəcə evin sonbeşiyi, ərköyünü idim.

 

- Bakı Dövlət Universitetinin məzunusunuz. Tələbəlik deyəndə, ilk olaraq hansı müəllimlər yadınıza düşür?

 

- Ələsgər Məmmədov, Allah ona rəhmət eləsin. O bizə böyük bir məktəb qoyub getdi. O, bir ustad idi. Universiteti bitirəndən sonra mən də özümə borc bilirdim ki, ona zəng vurum, bir növ ona hesabat verim. Diqqətlə qulaq asardı, səsimdən tanımağı isə mənə ayrı bir qürur verirdi. Salam verən kimi soruşardı ki, “de görüm neynəmisən, tədqiqatın necə gedir?”. Çox təəssüf edirəm ki, böyük maraqla gözləsə də, mənim müdafiə etməyimi görmədi. Ümumiyyətlə, bütün müəllimlərimlə fəxr edirəm. Həyatda bəxtim onda gətirib ki, istər orta məktəb, istərsə də ali məktəb illərimdə bütün müəllimlərim dəyərli insanlar olublar. Mən hələ də özümü tələbə kimi hiss edirəm, çalışıram ki, onların başlarını uca edim. Bu gün də öyrənirəm, deməli, hələ də tələbəyəm.

 

- BDU yüzillik yubileyinə hazırlaşır. Kənardan universiteti necə görürsünüz?

 

- Universitet həmişə mənim üçün müqəddəs bir məbəd olub. Mən orada təhsil almışam, məzunu olmuşam və hələ də oranı müqəddəs ocaq hesab edirəm. Universitetin binasına daxil olanda daxilimdə bir sevinc, həyəcan oyanır. Yadımdadır, hələ tələbə deyildim. Bir qrup tələbə universitetin qarşısında şəkil çəkdirmişdi, qəzetlərdən birindən kəsib götürmüşdüm.

 

- O şəkli saxlayırsınızmı?

 

- Bəli, o şəkil hələ də, hansısa köhnə dəftərlərimdən birinin arasındadır. Bir gün mən də bu universitetin tələbəsi olmaq arzusu ilə onu saxlayırdım. Baxmayaraq ki, başqa universitetə hazırlaşırdım, amma oranın həsrətini çəkirdim. Onda binaları belə gözəl təmirli deyildi (gülür).

 

- Siz mütəmadi olaraq konfranslarda, efirdə, mətbuatda çıxışlar edirsiniz. Dəyərli fikirləriniz, yanaşmalarınız var. Müəllimlik peşəsinə də çox önəm verirsiniz. Bəs müəllim kimi işləmək istəyiniz varmı?

 

- Mən çox qısa bir müddətdə, bir neçə özəl universitetdə mühazirə oxudum. Daha sonra tədqiqatçılığa üstünlük verdim ki, nəyisə qabıma yığıb sonra paylaşım. Yəni, əvvəlcə özüm dərindən öyrənim, sonra müəllim kimi işləyim.

 

 

- Məncə, sizin “Feysbuk”da paylaşdığınız hər bir statusunuz bir dərsdir, insan nələrisə öyrənir…

 

- Təbii ki, mən də istəyərəm ki, o enerjini ötürüm, paylaşım. Yəqin bilirsiniz ki, meşədə, dağlarda möhkəm qışqıranda əks-səda gəlir. Mən həmin illərdə tələblərdən o əks-sədanı eşitmədim. Və mən hiss etdim ki, əks-səda gəlməyəndə enerjim tükənməyə başlayır. Düşündüm ki, əvvəlcə kifayət qədər enerji yığım, bilik, savad toplayım ki, tələbələri də maraqlandıra bilim, onlar öyrənmək istəsinlər. Hətta ən aşağı balla daxil olmuş tələbə də mənim mühazirələrimə həvəs göstərsin. Bu prinsiplərimə görə mən müəllimlikdən çəkindim. Mən oxumaq istəməyən tələbələrin günahkarı kimi özümü gördüm, səhvi özümdə axtardım. Təbii ki, orada başqa faktorlar da vardı, amma mən məsələyə belə yanaşdım.

 

- Qrupda heç bir tələbənizdə mühazirəyə maraq yox idi?

 

- Yox, təbii ki, yaxşı oxuyan tələbələr həmişə olub. Amma gördüm ki, hətta bir tələbənin də gözlərindəki laqeyd ifadədən mən məhv oluram. Və bir gün tələbələrin gözlərində məhəbbət görmək üçün müəllimlikdən uzaqlaşdım.

 

- Əsl müəllim necə olmalıdır?..

 

- Bayaq qeyd etdim ki, müəllim deyəndə ilk olaraq gözümün qarşısına Ələsgər müəllim gəlir. O, fədakar idi, öyrətmək üçün bütün ürəyinin istisini, enerjisini qoyardı. Və bunun üçün heç nəyini, rahatlığını, sağlamlığını, ev-eşiyini, var-dövlətini belə əsirgəmirdi. Digər şeylər ikinci plana keçirdi. Müəllim özü də xəbəri olmadan bir nümunəyə çevrilə bilər, yaxşı ya pis.

 

- Bəli, yaxşı və ya pis nümunəyə də çevrilə bilər. Məsələn, hansısa gənc bir müəllimin “nəzəriyyə önəmli deyil, əsas praktikadır”, - fikri tələbəni nəzəriyyədən tamamilə uzaqlaşdıra bilər…

 

- Bəli, doğru deyirsiniz, müəllim bunu nəzərə almalıdır, geyimindən tutmuş, danışığına qədər hər şeylə nümunə olmağı bacarmalıdır. Çünki əksər tələbələr müəllimlərinə bənzəmək istəyirlər. Bilirsiniz, bir sufi hekayətində deyildiyi kimi, ətirçinin yanından keçərsənsə, səndən ətir qoxusu gələr, pisliyin yanından keçərsən, pislik iyi gələr. Yəni həmin ətir sənin üzərinə hopur, çökür. Ona görə də müəllim ətir olmağa çalışmalıdır.

 

- Elmi fəaliyyətiniz məhsuldardır, çoxsaylı məqalələriniz var, 9-dək kitab müəllifisiniz, eyni zamanda sosial şəbəkələrdə də aktivsiniz. Zamanı necə bölürsünüz?

 

- Hələ iclasları da əlavə etsək (gülür).

 

 

- Amma eşitdiyimə görə, esseləri elə o iclaslarda yazırsınız.

 

- Əgər yazı yazmaq itəyirəmsə, hər şeyi bir kənara qoyub yazmağa başlayıram. Elə olur ki, iki-üç gün sosial şəbəkələrdə olmuram, sadəcə aradabir izləyirəm. İnstaqramım yoxdur, “whats app” işlətmirəm, yalnız messenceri izləyirəm.

 

- Planlı hərəkət edirsinizmi?

 

- Yox, əgər təyin olunmuş bir tədbir yoxdursa, xüsusi plan qurmuram. Mövzu məni cəlb edəndə yazmağa başlayıram, bəzən eyni vaxtda iki məqalə üzərində işləyirəm. Bir mövzudan yorulanda, digərinə keçirəm. Məqaləni tam yazıb qurtarandan sonra ən azı iki gün “dəmə qoyuram”. Mütləq ən azı iki gün “dəmləməliyəm” ki, ikinci dəfə baxanda səhvlərimi, çatışmazlıqları görüm, daha da təkmilləşdirim.

 

- Bir də ədəbiyyat sevdalısı olduğunuzu duyuruq... Bu sevginin mənbəyi nədir?

 

- Bu, ailədən gəlir, atam da, qardaşım da şeir yazardı, evimizdə böyük kitabxanamız vardı.

 

- Hansı ədəbiyyat nümunələrini oxuyursunuz?

 

- Fərqi yoxdur, amma son vaxtlar gənc şairlərin şeirlərini daha çox oxuyuram. Müasir dövr yazarlarını izləyirəm, gənclərin nə ilə nəfəs aldıqlarını, necə düşündüklərini bilmək istəyirəm.

 

- Vəziyyət necədir?

 

- Bəzən əhəmiyyətsiz bir şeyi şişirdirlər, əhəmiyyətli mövzular isə kənarda qalır. Neqativ məsələlər populyarlaşır, müsbət şeylər qalır diqqətsiz. Bilirsinizmi, nəyə daha çox diqqət ayırarsansa, onu görərsən. Bu yaxınlarda sosial şəbəkədə milli qəhrəman Mübariz İbrahimovun ölmüş şəklini paylaşmışdılar. Onu paylaşan şəxsə etirazımı bildirdim. Yazdım ki, həm Milli Qəhrəmandır deyirsən, erməniyə göz dağıdır deyirsən, həm də onun belə bir şəklini paylaşırsan. Qəhrəman obrazını yaşatmaq lazımdır. Yoxsa erməninin paylaşdığı şəklə diqqət yönəltməklə nəyə nail olmağa çalışırsan? Bacarırsansa, qəhrəmanın hər hansı gözəl bir şəklini, varsa fikirlərini və ya sadəcə özünün onun haqqında düşüncələrini paylaş, amma erməninin dəyirmanına su tökmə.

 

- Musiqilə də aranız yaxşıdır, hətta verilişlərdən birində “Ayrılıq” mahnısını da ürəkdən zümzümə etmisiniz...

 

- Musiqi hər şeydir, həyatın özüdür, mənim üçün ilahi aləmlə əlaqə vasitəsidir.

 

- Musiqi təhsiliniz varmı?

 

- Xeyr, qardaşlarımın var. Məni də onlar öyrədib.

 

- Siz nə əcəb musiqi məktəbinə getməmisiniz?

 

- Mən orta məktəbdə rus bölməsində oxumuşam. Valideynlərim fikirləşirdilər ki, evdə yalnız mən rus dilində təhsil aldığıma görə, mənə çətin olar. Ona görə də,vaxtımı yalnız dərslərimə ayırmalı olduğumu düşünüb əlavə məşğələlərə aparmırdılar.

 

- Evdəkilər dərslərinizə kömək edirdilərmi?

 

- Xeyr, atam bir dəfə kömək etdi, ikinci dəfə dedi ki, başa düşmədim, mən səninlə bərabər oxuyacağam? Ondan sonra heç vaxt heç kəsdən kömək istəmədim.

 

- Amma universitetdə Azərbaycan dilində təhsil almısınız?

 

- Bəli, 1990-cı il hadisələri baş verəndən sonra daxilimdə rus dilinə qarşı nifrət yarandı. Nə o dildə oxumaq, nə də danışmaq istəyirdim. Beləliklə, iki ay ərzində bütün istiqamətimi dəyişdim vəAzərbaycan bölməsinə qəbul olundum.

 

- Çətin olmadı ki?

 

- Birinci kursda dərslərə cavab verəndə çətinlik çəkirdim. Nə qədər olmasa da, rus dilində təhsil almışdım. Amma sonra təkmilləşdirdim.

 

- Türk dilində səlis danışdığınızı bilirəm. 

 

- Oxuduğum kitabların, müəllimlərin təsiri böyükdür, türkiyəli həmkarlarımla çox ünsiyyətdə oluram, bir ilə yaxın İstanbulun 29 Mayıs Universitetində dəvətli professor olaraq çalışmışam.

 

- Başqa hansı xarici dilləri bilirsiniz? 

 

- Ərəb, ingilis dillərini də bilirəm.

 

- Yazılarınızdan birində insanın həddindən artıq zəif məxluq olduğunu qeyd edirsiniz. 33 yaşında elmlər doktoru, 43 yaşında AMEA-nın müxbir üzvü seçilən Könül Bünyadzadəni bu cür düşünməyə vadar edən nədir? 

 

- İnsan həqiqətənçox zəif məxluqdur. 2016-cı ildə Türkiyədə çevriliş cəhdi olanda mən İstanbulda yaşayırdım. Bir tələbə qız çox qorxmuşdu və evdən çıxmaq istəmirdi ki, birdən ailəsinə nəsə olar. O, məndən məsləhət istədi. Onda da demişdim, indi də deyirəm ki, insan hər şeyə nəzarət edə bilməz, olacaq bir şeyin qarşısını ala bilməz. Bulqakovun əsərində deyildiyi kimi, heç kəs bilmir ki, beş dəqiqə sonra başına nələr gələcək. Əgər insan bunu bilmirsə, özü özünə hakim deyilsə, ona qarşı hansısa başqa bir insanın adi paxıllığından, badalağından özünü qoruya bilmirsə bu zəiflik deyilmi? Söhbət hər hansı diplomlu olmaqdan getmir. Bəli, mən 33 yaşında elmlər doktoru, 43 yaşında AMEA-nın müxbir üzvü seçilmişəm, bir neçə xarici dil bilirəm, xaricə gedirəm, məqalələr yazıram, bunun hamısı mənim elmi fəaliyyətimdir. Amma bir insan olaraq çox zəifəm, bütün insanlar kimi.

 

- Dinə münasibətiniz necədir?

 

- İnanclı insanam.

 

- Din insandan nə tələb edir?

 

- Din bizdən ən yüksək səviyyəli insan olmağı tələb edir.

 

- Qadından hicabı tələb edir…

 

- Din qadından ismətli olmağı tələb edir. Təkcə qadından yox, kişidən də. Bacarırsan ol, özün özünü qoruya bilmirsənsə onda başına çadra ört ki sənin əvəzinə o qorusun səni. Nəzərə alın ki, ətrafda elə gözlər, nəfslər var ki, sən onlardan özünü qoruya bilməzsən, ona görə də çadranı örtməlisən ki, səni o qorusun. Bağlı qapı kimi. Amma özün özünü qorumağı, qarşındakının nəfsilə oynamamağı bacarırsansa, çadraya ehtiyac qalmır.

 

- Amma bəziləri israr edirlər ki, Quranda məhz çadranın bağlanmalı olduğu yazılıb…

 

- Bilirsiniz, Quranda yazılıb ki, gözlərinizi haramdan qoruyun, örpəyinizlə sinənizin,zinətlərinizin üstünü örtün. Yəni, söhbət təkcə qarşı cinsin nəfsini oyatmaqdan getmir, həm də zinət əşyaları ilə öz həmcinsinin də hisslərini, nəfsini oyatmaq mümkündür. Sən xarici görkəmini qabardıb, insanlığını unudub, yalnız özünü bir cins olaraq, qadın olaraq təqdim edir və qarşındakının da bir cins olduğunu düşünürsənsə, belə qadına çadra mütləqdir. Başqasının nəfsilə oynama, insan ola bilmirsənsə, ancaq qadınsansa, bir cinssənsə, onda sənə çadra vermək lazımdır ki, ətrafını narahat etməyəsən.

 

- Özünüzü illər öncə arzuladığınız yerdə hesab edirsinizmi?

 

- Yox, təbii ki (gülür). Mən hələ hara gəlmişəm ki, mənim hələ o qədər yolum var, arzularım var ki…

 

- Hansı uğurunuzu daha şirin hesab edirsiniz və həmin hissləri necə xatırlayırsınız?

 

- Bakı Dövlət Universitetinə qəbul olunmağımı. İlk dəfə bu ali təhsil ocağının tələbə vəsiqəsini və təqaüdünü almağımı unutmuram. Həmin pula iki dəstə gül almışdım- birini apardım Ülvi üçün, digərini isə anam üçün…

 

- Könül Bünyadzadə hər gün inkişaf edir?

 

- Hamı inkişaf edir. Kim yerində dayanır ki?

 

- Düşünə bilərlərki, Könül Bünyadzadə ilə ünsiyyət qurmaq çətin ola bilər. Düşüncələrinizi ən çox kiminlə bölüşürsünüz. Sizi kim daha yaxşı anlayır?

 

- Burada Kərəmi ağlamaq tutdu (gülür)… Sizinlə ilk dəfə söhbət edirik, sizə mənimlə çoxmu çətindir söhbət etmək?

 

- Əvvəldə bir qədər çətin idi…

 

- Niyə?

 

- Bəlkə də daşıdığınız statuslar təsir edir. Amma danışdıqca, ünsiyyət qurduqca da söhbətlərinizdən həm öyrənib, həm də doymaq olmur.

 

- Bilirsinizmi, mən belə düşünürəm ki, Allah qarşısında hər kəs eynidir. Onları fərqləndirən ancaq imandır, o da gizlidir. Hər kəs eynidirsə, kimsə-kimdənsə iki kitab artıq oxuyursa, iki diplomu artıqdırsa, bu o demək deyil ki, onun ünsiyyətində bir ağırlıq yaranmalıdır. Mütləq bir ortaq məqam tapmaq olur.

 

- Sizi tanıyanlar haqqınızda gözəl fikirlər söyləyirlər, yaxşı adam olduğunuzu deyirlər….

 

- Amma müqəddəs deyiləm (gülür). Yəqin nifrət edənlərim də var. Bilirsiniz, əgər bir insanı hamı çox istəyirsə, bu hal bir qədər şübhəlidir.

 

- Bəs dostlarınız çoxdurmu?

 

- Şükürlər olsun var.

 

- Bəs sirdaşınız?

 

- Elə dost var ki, sevgisi beş düşmənin nifrətini üstələyə bilər. Ona görə də, onların kəmiyyətindən danışmaq istəmirəm. Şükürlər olsun ki, dostların sevgisi sınmamağıma kifayət edir.

 

 

- Düşmənlər çoxdur?

 

- Bütün Azərbaycanın bir düşməni var - o da erməni. Mənim düşmənim yoxdur, mən düşmənli adam deyiləm. Sadəcə elə adam var ki, onlarla mənim dalğam tutmur, mən onlardan sadəcə uzaqlaşıram. Yəni, dalğamdan çıxarıram ki, onu görəndə hansısa neqativ hiss keçirməyim. Bəlkə də, ən gözəl insan odur, onun məndən də artıq sevənləri var. Amma eyni dalğada deyiliksə, ən yaxşısı aralanmaqdır.

 

- Gözləmədiyiniz hərəkətlə qarşılaşanda nə edirsiniz?

 

- Aralanıram, bir insana ən böyük cəzam, onu məndən məhrum etməkdir. Əgər mən onun həyatındayamsa, bu onun üçün xoş lütfdür. Mənim ona yeganə cəzam, onu məndən məhrum etməkdir. Məhrum edirəm, qalır mənsiz. Eqoist bir cavabdır, amma həqiqətən də belə edirəm.

 

- Deyirlər ki, yaradılanı Yaradana görə bağışlamaq lazımdır. Siz hansı səhvə görə yaradılanı bağışlamaqda çətinlik çəkərsiniz?

 

- Mənə yalan danışanları bağışlaya bilmirəm. Əzizimdirsə, çox sevdiyim biridirsə, ona xəbərdarlıq edirəm. Mən yalana qarşı həssasam, yalanı dərhal anlayıram. Mənə yalan danışma. İstər-istəməz, o gerçəyi mən haradansa eşidirəm. Açıq de ki, səni öldürmək istəyirəm mən səni bağışlayacağam, ünsiyyəti kəsməyəcəyəm, amma mənə yalan danışma.

 

- Qarşınızdakı yalan danışanda ilk reaksiyanız necə olur?

 

- Mən heç nə demirəm, sadəcə onu dinləyirəm, hətta söhbətinə qoşuluram. Bir dəfə belə bir hadisə olmuşdu: biri özü haqqında yalan danışırdı, mən də inandığımı göstərdim, əlavə fikirlər bildirdim. O da sonra gedib demişdi ki, Könul xanım yalan danışdığımı bilə-bilə məni ələ saldı.

 

- Bu həyatda keçici nədir, qalıcı nə?

 

- Keçici dünyadır, qalıcı sevgi.

 

- Sevgidən danışaqmı?

 

- Yox, danışmayaq (gülür)

 

- “Feysbuk” statuslarınızdan birində hər kəsin arzu ağacının ən bərəkətli meyvəsinin onun övladının olduğunu bildirmişdiniz. Elmi fəaliyyətinizə, bugünkü mövqeyinizə nəzər salanda belə təəssürat yaranır ki, ən bərəkətli meyvəyə sahib olmaq istəyiniz siyahınızda ön yerlərdə deyil....

 

- Niyə? Mənim kitablarım da mənim övladlarımdır (gülür). Qoyun mən sizə fəlsəfədən bir nümunə deyim.

 

- Mən fəlsəfədən qorxuram, məni çətinə salmayın..

 

- (gülür) Hər halda deyim. Sokratın müəllimi qadın fiolosof  Diotima öyrədirdi ki, iki cür sevgi var. Sevgini bədən istəyəndə dünyaya övlad gətirirlər, bu, mənəvi bir hamiləlik olanda isə ortaya gözəl düşüncələr, kəşflər çıxır.

 

- İnsan hələ bu dünyaya gəlməmişdən öncə yaradanla bir əhd bağlasa da sonra unudur. Bəlkə də bu dünyanın zər-zibasını görür və həqiqəti yaddan çıxarır. İnsanı Allaha xəyanətdə ittiham edirlər. Sizin yanaşmanız necədir?

 

- İnsan doğulanda zəif olur.İllər ötdükcə həyatı boyu öyrənir və ruhunun bildikləri sanki altda qalır, nüvə kimi üstünə qabıqlar gəlir.Allahın verdiyi və insanın ruhunda doğuluşdan olan biliklərbir növ kölgədə qalır. İnsan onları sadəcə xatırlaya bilər, unutmayıb, sadəcə alt qatda qalıb. Və insanın həyatı boyu ən yaxşı addımı onlara doğru geri qayıtmaqdır, onları təkrar xatırlamağa çalışmaqdır. O bilir ki, ruhunun bildikləri var. Ora dönüb getməsinə təsir edən isə onun imanı, təhsili, olduğu mühit, müəllimləri, valideynləridir.

 

- Məncə, Allah istəsə, o əhdi bəndəsinə unutdurmaz...

 

- Belə bir söz var ki, axtaran tapar. Sufilər deyir ki, hər axtaran tapmır, tapan axtarandır.

 

- Eləsi də var ki, axtarmaq barədə düşünmür…

 

- Amma Allah ona birdən birə qapı açır.

 

- Axı, Allah bunu hamıya verə bilər…

 

- Sən bunun üçün hazır olmalısan. Sənin ürəyin, əxlaqın, təfəkkürün hazır olmalıdır.

 

- Yəni iradə məsələsi…

 

- Bəli, Allah hər kəsə iradə verib ki, insan özü seçim etsin.

 

- Seçimi Özü etsə, olmazdımı? 

 

- Onda həyat rəngarəng olmazdı. Şərqdən Qərbə qədər əksər alimlərin, yazıçıların, filosofların Allaha imanları olub. İmanları ilə daxillərindəki nüvəni kəşf etməklə dahi olublar.

 

- Deməli nüvəni kəşf etməyə çalışmaq lazımdır…

 

- Bəli, axtaran olmaq lazımdır.

 

- Könül xanım nədən qorxur? Nəyi düşünməkdən və ya itirməkdən qorxursunuz? 

 

- Allahdan qorxuram, Ona imanımı itirməkdən, Allahsız qalmaqdan qorxuram .

 

- İnsan qazandıqlarının qarşılığında mütləq nələrisə itirir. Siz nə itirmisiniz?

 

- Qazandıqlarım? Hələ əvvəlcə bu barədə düşünməliyəm: nə qazanmışam?

 

- Mənə belə başa düşdüm ki, siz çoxsaylı uğurlarınıza rəğmən hələ heç nə qazanmadığınızı düşünürsünüz…

 

- Axı mən hələ nə etmişəm ki?! Bu bir yoldur, məsələn 65 nömrəli avtobusa minmisən və o dayanacaqları keçməlisən… Mən o yolu gedirəm.

 

- Əsas da o marşrutun nömrəsini dəqiq bilməkdir…

 

- (Gülür) Bəli, doğru avtobusa minəndən sonra o dayanacaqları keçməlisən. Mən indi o dayanacaqları keçməyimlə fəxr etsəm, təvazökarlıqdan uzaq olar.

 

- Sizi hansı hadisə depressiyaya sala bilər…

 

- Mən ümumiyyətlə asanlıqla depressiyaya düşən adam deyiləm. Mənim sevimli cizgi qəhrəmanım Baron Münhauzendir (gülür). O, düşür bataqlığa, görür çıxa bilmir, yapışır öz hörüyündən, çəkir çıxardır özünü. Yəni, hər insan özü özünü xilas etməlidir. Bu cizgi filmi deyil, bu həyatın özüdür: tut öz hörüyündən, çıxart özünü. Amma gözlənilməz itki məni depressiyaya sala bilib. Ən son atamı itirəndə bu hissləri yaşamışam…

 

- Ürəyinizin dərinliyində gizli saxladığınız hansı duyğunu…

 

- Sizə deyim hə, oxuculara? (gülür)

 

- Bəli, hər şeyə rəğmən sizə yad olan oxucularla paylaşmaq istərdinizmi?

 

- Sevgimi paylaşmaq istərdim. Bütün ürəyimin hakimi sevgidir. Eşq. Böyük hərflərlə eşq.

 

- Könül Bünyadzadənin eşq tərifi necədir?

 

- Yüksəlmək, gözəlləşmək, ancaq irəliyə getmək. Mənən yüksəlmək!

 

- Əsas amalınız nədir?

 

- Sevmək.

 

- Artıq gerçəkləşdirilməsi qeyri-mümükün olan arzularınız varmı?

 

- Bəli, bəstəkar olmaq istəyim. Mən musiqiçi olmaq istəyirdim, o mənim yaralı yerimdir (gülür).

 

- Heç cəhd etmisinizmi?

 

- Bəli, iki dəfə cəhd etdim. Onda mən Şərqşünaslıq fakültəsinə daxil olmuşdum. Dedilər birini seçməlisən.

 

- Bəs gələcək planlarınız nədir?

 

- Sadəcə Könül qalmaq, dəyişməmək, bu qaranlıq, xaotik dünyada simamı itirməmək. Çalışmaq lazımdır, məndə çalışıram ki, simamı itirməyim. Nəyəmsə, necəyəmsə eləcə də qalım…

 

- Siz hərtərfli biliklərə malik xanımsınız. Sizinlə hər şeydən danışmaq faydalıdır. Qorxuram soruşmadığım amma sizin cavablandırmaq istədiyiniz sual qalar. Sonda oxucularımıza əlavə demək istədikləriniz varsa, buyurun.

 

- Sizi yüksəldən bir eşqlə yaşayın. Yəni, insanı rəzilləşdirən, nəfsinin quluna çevirən,onu insanlıqdan çıxaran dar hissdən uzaq olub daha gözəl bir hissə qapılmaq və bu duyğu ilə yaşamaq lazımdır. Belə olarsa, vaxtın da, ömrün də bərəkəti olar. Bərəkətli bir həyat yaşayarsan.

 

Anzulə ƏMİROVA

Modern.az

 

525-ci qəzet.-2018.-17 fevral.-S.8.