“Bütövlük” müəllifi ilə ünsiyyətdən epizodlar

 

Əliağa Kürçaylı – 90

 

SAYSIZ-HESABSIZ GƏLƏCƏK İLLƏR DƏ EHTİRAMLA DEYƏCƏK: “XOŞ GÖRDÜK, KÜRÇAYLI POEZİYASI!”

 

Oqtay RZA

Əməkdar müəllim

 

Biz 1948-ci ilin payızında rayonumuzdakı mərkəzi kitabxanaya dərnək üzvü kimi gəlib-gedəndə o, Əliağa idi. Sonralar məşhurlaşıb Əliağa Kürçaylı oldu. Xəyalən qayıdım 1948-ci ilə. O vaxtlar görüşümüzə gəlmiş Zeynal Cabbarzadə ilə şəkil çəkdirmişik.

 

Qiymətli yadigarı son zamanlar özümlə çox gəzdirib, üçsıralı əksimizə dönə-dönə baxaraq yan-yörəmdəki adamlara eşitdirirəm: Bu, Xəlil Rza Ulutürkdür, bu, Əliağa Kürçaylıdır, bu, Ağacavad Əlizadədir, bu...

 

Dağılmış İttifaqda orta ömür guya 70 il imiş. Dünya işığını ilk dəfə Muğanda görən, əsrimizin ikinci yarısında yazıb yaradan sənətkarlarımızın heç biri, təəssüf ki, yaşın yuxarıda göstərilən zirvəsini fəth edə bilmədi. Nəhəng tarixçimiz Əlövsət Nəcəfquluoğlunun dəfnində Əliağa yanıqlı-yanıqlı demişdi: “Kimi tez, kimi gec aparmaq məsələsində qapıları düzgün döymədiyinə görə ölüm yenə də haqsızlığa yol verdi...”

 

Sən demə, həmin sözləri bu sətirlərin müəllifi də Əliağanın özü haqqında təkrarlayacaqmış. Pənah, Əliağa, Xəlil, Ağacavad, Qulu, Bəylər... yubileylərini özləri iştirak etmədən keçirdiyimiz söz, saz, musiqi xadimlərimiz. Elə ay, elə fəsil yoxdur ki, dədə-baba məskənimizə baş çəkməyim və ya bölgəmizin “paytaxt”ındakı Ə.Kürçaylı küçəsindən keçməyim. Hətta tək olmasam da, bu misraları hökmən pıçıldamalıyam:

 

Bir üzün söykənir Kür sahilinə,

Kimin nəfəsidir bu əsən külək?

Kürçaylı küçəsi, əzizsən mənə,

Kürçaylı şerinin son misrasıtək!

 

Bu balaca müqəddimədən sonra başlayım Əliağa ilə bağlı salnaməni vərəqləməyə.

 

Yazıçılar Birliyinin girişində bir bildiriş oxudum: “Kim poeziya almanaxında şeir çap etdirmək istəyir, şair Ə.Kürçaylıya müraciət etsin”. Mən də bir-iki yazımı təqdim edib, səbrlə nəticəsini gözləyirdim. Bir ay keçməmiş məni görən kimi bildirdi:

 

- Bir şeirin daha çox xoşuma gəldi. Göndərdim mətbəəyə.

 

“Bölünməz” adlandırdığım şeirin sonluğu beləydi: “Çörək bölünər, ancaq Vətən bölünməz!” Sən demə, beytdəki fikrim ürəyincə imiş. “Bütövlük”, “Durnalar cənuba uçur” müəllifinin, beş yerə parçalanmış Azərbaycanı vahid görmək istəyən lirik nəğməkarın.

 

Bir gün indiki Füzuli küçəsi ilə piyada gedirdim. Bakı binalarının ağsaqqalı “beşmərtəbə”yə tərəf. Əliağayla rastlaşdım. Dedi: - Moskvada təzə kitabım çıxıb. Birincisini sənə bağışlayıram. Səkidə, ayaq üstə, qara mürəkkəblə avtoqraf yazdı: “Balaca boylu, böyük ürəkli Oqtaya müəllifdən xatirə”.

 

Bilirdim ki, fevralın 20-si Əliağanın doğulduğu gündür, özü də 50 olacaq yaşı. Bu barədə nə mətbuatda, nə də efirdə bir kəlmə söz deyilirdi. Bilirdim ki, qohumum -- tanınmış hüquqşünas Ramazan Rəcəbli Ə.Kürçaylı ilə dostdur. Ramazana zəng etdim:

 

- Bu gün Əliağanın 50 yaşı tamamdır. Gedəkmi təbrikə?

 

Hədiyyələr alıb ikimiz də yollandıq eloğlumuzun Hüsü Hacılı küçəsindəki mənzilinə. Bircə Ülfət yox idi evdə. Əliağa gəlişimizə görə həm heyrətləndi, həm də sevindi. Vəfalı qonşuları Qabili və Salam Qədirzadəni səslədi:

 

- Durun bizə gəlin! Ramazan da, Oqtay da gəlib. Bu gün nə maraqlı imiş.

 

Sevimli qızı Ülkər anası Şəhla xanıma kömək edirdi məclisin təşkilində. Ülkərin jurnal və qəzetlərdə bir neçə yumorlu hekayəsini oxumuşdum. Fürsət tapıb onu da təbrik etdim:

 

- Şairin qızı nə gözəl, dadlı-duzlu hekayələr yazır!

 

O isə utancaqlıqla “sağ olun” dedi.

 

Məclis get-gedə axarına düşürdü. Xoş söhbət, lətifə, epizod, sağlıq bir-birini əvəz edirdi. Birdən Əliağa badəni götürüb dedi:

 

- Diqqətinizə görə minnətdaram. Bu gün mənim 50 yaş bayramımdır. Siz gəlməsəydiniz, süfrəm bu qədər məzmunlu, ləzzətli olmayacaqdı. İçək Oqtayın sağlığına, çünki odur bu gün bizdə toplaşmağınızın təşəbbüsçüsü.

 

“Təşəbbüsçü”lüyümü özü duymuşdu, axı həddindən artıq həssas şəxs idi Əliağa!

 

Aktyor evində şeir axşamına yığışmışdıq. Salon ağzınadək dolu idi, xüsusən gənclərlə, tələbələrlə. Səhnədə səkkiz müəllif əyləşmişdi: - Ə.Kürçaylı, S.Tahir, M.İsmayıl... O.Rza. Mikrofona birinci Əliağa yaxınlaşdı. Çıxışının axırında lap təzə yazdığı “Qızlar belə deyildi biz tələbə olanda” şeirini oxudu. Gurultulu alqışlar üstündə ehmalca səhnədən salona endi və birinci sırada rəfiqələri ilə oturmuş Ülkərin yanında əyləşdi, sanki ata doğma balasına sığındı. Şeirin sonuncu misrası başımda həmişə əks-səda verir: - “Qızlar elə beləymiş biz tələbə olanda”.

 

1983-cü ilədək metronun “Memar Əcəmi” stansiyası yaxınlığındakı birotaqlı mənzilimdə telefonum vardı (Günəşli-Zığ sərhədində məskunlaşandan bəri rabitəsiz qalmışam). Bir gün aparat səhər-səhər səsləndi. Dəstəyi götürdüm. Danışan Əliağa idi. Xoşlayırdı həmsöhbətinə “ay yoldaş” deməyi. Aynur onda hələ bağçaya gedirdi. Əliağa tapşırdı:

 

- Aşıq Pənah öz ansamblı ilə Moskvaya, festivala gedəcək. Onunla mütləq görüş. Belə qərara gəlmişik ki, ssenarini sən yazmalısan. Rayon mədəniyyət şöbəsinin müdiri Fərəc də təklifimlə razıdır.

 

Sözümüz qurtarmamışdı. Əliağa telefonda hiddətləndi:

 

- Biz danışarkən kimdir o sizdə hay-küy salan?

 

Dedim:

 

- Ustad, Aynurdur.

 

Əliağa dərhal:

 

- Aynurdur, Meynurdur, de ki, sakit olsun!

 

Bədahətən tapdığı qafiyə mənasız deyildi. Axı Ömər Xəyyam dövründən bugünlərədək şərab da “işıqlı” nemət sayılır.

 

HAŞİYƏ: Ustad Pənahla tezliklə görüşdüm. Bir saatlıq müsamirənin ssenari mətnini hazırlayıb təhvil verdim. Qüdrətli aşığımız uzaq səfərdən mükafatla qayıdanda mən də fərəhləndim, Əliağa Kürçaylı da.

 

“Yazıçı” nəşriyyatı təzəcə yaranmışdı. Onun ilk baş redaktoru Ə.Kürçaylı hələlik yazarları gah İttifaqda, gah “Azərnəşr”də, gah da indiki AzərTAC-ın binasında qarşılayırdı. Bir gün qəbuluna getdim...    

 

- Əliağa, plana düşmək istəyirəm. Yaşım otuz beşdir, amma cəmi üç kitabım çıxıb.

 

Dedi:

 

- Bilirsən nə var, ay yoldaş Oqtay? Kimsə poeziya yolunda hər şeyi qurban verir, hətta canını da. Sən gedib Sənaye İnstitutunda təhsil alıb, mədəndə neft çıxarıb, nəhayət elmlər namizədi olub, istəmisən ki, yaşıdlarından geridə qalmayasan. Plana düşmək çətindir, ancaq əlimdən gələn köməyi əsirgəmərəm.

 

Baş redaktor vədini əmələ çevirdi. Onun qayğısı sayəsində nəşr olunan toplum “Yasəmən çiçəkləyəndə” adı altında çapdan çıxdı, əfsus ki, dostu, sirdaşı Aşıq Pənah kimi 52 yaşda dünyasını dəyişmiş Ə.Kürçaylının vəfatından sonra.

 

Xəstəxanadan nikbin, cərrahiyyədən uğurlu çıxmışdı. Bir gün Xəlil, Ağacavad və mən gəldik ona, ailəsinə gözaydınlığı verməyə. Soruşduq:

 

- Pəhriz saxlayırsan?

 

Dedi:

 

- Nə pəhriz? Həkim buyurdu ki, ürəyin nə istəyir, ye.

 

Xudahafizləşib ayrılanda məni kənara çəkdi:

 

- Sən professor Şahalı ilə işdə tez-tez görüşürsən. Bir sirr açım, heç kimə söyləmə. Onunla bir ay bir palatada qalmışıq. Həkim mənə dedi ki, sənin vəziyyətin çox yaxşıdır, qonşunun dərdi əlacsızdır, bu haqda heç kimə heç nə demə.

 

HAŞİYƏ: Sən işə bir bax! Həkim bilirmiş ki, Əliağanın sağalmağına qətiyyən ümid yoxdur, bununla belə, ömrünü bəlkə də anlarla, dəqiqələrlə uzatmaqdan ötrü müqəddəs yalandan yapışıb. Açdığım sirri bu yazı dərc olunana qədər heç Şahalı müəllimin özünə də deməmişdim...

 

Bir gün məni yazıçıların idarə heyətinə çağırdılar. Sədr Mirzə İbrahim ciddi surətdə tapşırdı:

 

- Sabah Akademik Dram Teatrında Rəsul Rzanın 60 illiyi ilə əlaqədar yığıncaqda çıxış etməlisən, həm cavan şair, həm də neftçi-alim kimi. Qısa, lakin ədəb dairəsində danışarsan.

 

“Baş üstə” deyib Mirzə müəllimin otağından uzaqlaşdım. “Ədəb dairəsi” ifadəsinə görə izah almağa utandım. Əliağaya zəng vurub ondan məsləhət istədim. Dedi:

 

- Ay yoldaş Oqtay, o elə bilir ki, birdən çıxışında, bəzi əleyhdarların təsirinə uyub, sərbəst şeir yazmağa toxunarsan, bu halı nöqsan sayarsan, təbrikin xətayla nəticələnər. Sən Rəsul Rzanın heca vəznində yazdığı şeirlərdən, məsələn, “Çinar”dan, “İnqaleyso”dan, “Soruş”dan müəyyən parçaları misal göstərərsən.

 

Mən onsuz da yubiley axşamında nə deyəcəyimi düz planlaşdırmışdım. Çünki respublika miqyaslı tədbirlərdə nitqlərimlə az-çox etimad qazanmışdım. Məni əsas “ədəb dairəsi” ifadəsinin arxasında nəyin gizləndiyi maraqlandırırdı.

 

Mən keçmiş APİ-də, çağdaş APU-da onlarla şairin, ədibin, publisistin, ümumiyyətlə, ədəbiyyat və incəsənət nümayəndələrinin görüşünün, yaradıcılıq gecəsinin təşkilatçısı kimi tanınmışam. Bu xeyirxahlığım bəzən bumeranqa dönüb özümə ziyan vururmuş. Yazıçılar İttifaqına üzv qəbul edilməyimin yubadılması yolunda, sən demə, başlıca əngəl elə həmin fəallığım imiş. İçini paxıllıq qurdu yeyən vəzifəli müəlliflərin xətrinə dəyirmiş az tanınan, dayısız, havadarsız və ya kiçik rütbəli qələm adamlarını tələbə-müəllim məclislərinə dəvət etməyim. İndi o illəri xatırlayarkən peşmançılıq hissi keçirmirəm. Nə yaxşı ki, qoynunda 1966-cı ildən çalışdığım təhsil ocağının salonlarında, yaxud Dərnəgüldəki yataqxanalarda dəfələrlə görüşdürmüşəm pərəstişkarları ilə Xəlili, Ağacavadı, Məmmədləri, Gərayı... Əliağanı da!

 

Pedaqoji məbədgahda Kürçaylı axşamını mərhum rektor Haşım Ağa açdı. Tənqidçi-alim İnqilab Kərimli şairin yaradıcılığı barədə ətraflı danışdı. Növbə mənə də çatdı. Özü lap təzə yazdıqlarını oxudu. Artistlər, müğənnilər “Ləpələr” operettasından səhnələri, mahnıları zalda əyləşənlərə ərməğan etdilər.

 

Bir dəfə Əliağa fakültəmizə gəlib məni soruşur. Deyirlər ki, rayonda, ezamiyyətdədir. Kafedra müdirinin otağına daxil olub ona deyir:

 

- Dostumun qızına iki dəfə “2” vermisiniz. Axırıncı göndərişlə gələcək, xahiş edirəm, ona müsbət qiymət yazın ki, institutdan qovulmasın.

 

Kürçaylını yaxşı tanıyan hövsələsiz professor əsəbiləşib ona məntiqsiz, dolaşıq cümlələrlə belə deyib:

 

- Siz mənə rektorun qohumunu tapşırırsınız. Bir milyon adam gəlsə də, o tələbəyə “kafi” də vermərəm. Mən doktoranturanı Moskvada bitirmişəm. Hələ pasportumda indiyədək oranın qeydiyyatındayam.

 

Sanki monoloq dinləyən Kürçaylı, nəhayət: “Mən elə bilirdim siz azərbaycanlısınız”, - deyib kafedranı tərk edir.

 

HAŞİYƏ: Əhvalatı mənə rəhmətlik özü danışıb, eşidənlər də təsdiqləyiblər.

 

Dramaturq (“Ləpələr”, “Nənəmin şahlıq quşu”), tərcüman (“Əl boyda kitab” və s.), bəzən satirik (“Ordan-burdanzadəyə”, “Futbol və Şekspir”...) olan, amma əsasən lirik poeziya nümunələri (irili-xırdalı) yaradan sənətkarın təbəssüm bağışlayan əhvalatları, dialoqları həmişə yadımdadır.

 

Bir dəfə “Azərbaycan” jurnalının redaktorunun otağında oturmuşduq (Yazıçılar Birliyinin binasının üçüncü mərtəbəsində). Əliağa qələmi kağız üzərində gəzdirərək bir daş - baş şəkli çəkdi. Vaqif Musa (o da rəhmətə gedib) dedi ki, Əliağa, sənin rəssamlığın da varmış. Xəlil ərklə baş redaktor Qılman İlkinin siyirməsindən möhürü götürüb karikaturanı “rəsmiləşdirdi”, hər gələndən soruşurdu: “Bu kimin başıdır?” Hərə bir cür ad söyləyirdi. Əsas mətləb orasında idi ki, tez-tez qəhqəhə qopurdu, hətta qaşqabaqlı əməkdaşlar da gülümsəyirdilər...

 

Yetmişinci illərin hadisəsidir. Siyasi Maarif Evində yazıçıların növbəti qurultayı ikinci gün idi ki, davam edirdi. Əliağa və Xəlil Ağacavaddan və məndən bir cərgə irəlidə əyləşmişdi. Çox yavaş danışan bir akademik kürsüyə qalxanda Əliağa bizə pıçıldadı: “İndi yuxulaya bilərəm. O, sözünü tamamlayanda məni oyadarsınız”. Doğrudan da həmin alimin nitqi yarım saat vaxt apardı. “Muğan axşamları”nın, “Şeypur səsləri”nin, “Fillər də ağlayır”ın, neçə-neçə sanballı əsərin müəllifi çiyinlərində dağlardan ağır mənəvi dərd daşıyırdı - həsrət, intizar, ayrılıq, dost itkisi, nakam məhəbbət ağrıları.

 

Yadımdadır, yerlimiz, qəflətən ürəyi dayanmış 42 yaşlı alim-mühəndis-neftçi Mənsur Hilal oğlunu İkinci Fəxri xiyabanda son mənzilə yola salırdıq. Soruşdum:

 

- Əliağa, vida sözü deyəcəksənmi?

 

Yaylığıyla göz yaşını silərək cavab verdi: “Danışa bilmərəm, boğularam. Sən dözümlüsən, bizim adımızdan özün danış, Oqtay”.

 

Respublika sarayında Ümumittifaq ədəbiyyat günlərinin yekun axşamı başlanmazdan qabaq dəhlizdə gəzişirdik. Gördüm ki, Ə.Kürçaylı məşhur balkar şairi Qaysın Qulu ilə bizə sarı gəlir. Əliağa məni Quzey Qafqazın türkdilli nəğməkarına təqdim etdi: “Bu yoldaş həmkarım, ellim Oqtay Rzadır”. Qonaq avtoqraflı kitab bağışlayıb dedi: “Bu ad bizlərdə də var. Oqtay güllə deməkdir”. Mən əlavə etdim: “Bizlərdə isə adımın mənası “ox kimi”, “oxa tay” mənasındadır”. Kürçaylı söhbəti yekunlaşdırdı: “Dillərimiz eyni kökə bağlandığından “güllə” də, “ox” da bir mənalıdır”. O, bu sözləri söyləyəndə özünün “Türk gözəli, xoş gəlmisən Kürçaylının otağına” beyti yadıma düşdü.

 

Boranı kəndinə yollanırdım ki, Muğan ağsaqqalı Aslan Qəhrəmanın oğullarından birinin toyunda iştirak edim. Xeyir işdə gözlənilmədən mənə aparıcılıq məsuliyyəti həvalə olundu. Günorta başlanası şənlik, unudulmaz müğənnimiz Anatollu Qəni gəlib çıxmadığına görə, xeyli yubandı. Onu təcili surətdə başqasıyla əvəz etdilər.

 

Bir neçə aydan sonra Bakının 4-cü mikrorayonunda (Xəlil bəy mikrorayona “zərrəovdan” deyərdi) Anatolluya rast gəldim. Xeyir işə gəlməməyinin səbəbini Quba konsertindən qayıdarkən Şabranda ilişib qalmasıyla əlaqələndirdi: “Qadan alım, bəlkə bizi barışdırasan?” - deyə xahiş etdi. Telefonda xahişimi eşidən Kürçaylı söhbəti belə tamamladı: “Bir də bu barədə söz desən, heç səninlə də ömrüm boyu salamlaşmaram”.

 

...Muğanlı şairlə muğanlı müğənninin ruhları yəqin o dünyada çoxdan barışıb.

 

Təvazökarlıq çərçivəsindən kənara çıxsam da, deməliyəm: xeyir işimə Salyana bir neçə həmkarımla bərabər Əliağa Həsənağa oğlunu da çağırmışdım. Təəssüflə söylədi ki, vacib problemlə əlaqədar toya gələ bilməyəcək. Məclisə rəhbərlik Ağacavad Əlizadəyə tapşırıldı. Şairlərdən Məmməd Araz, Gəray Fəzli, Soltan Abbas, Altay Sultanlı, Balaş Nur... ürək sözlərini söylədilər (Xəlil Rza Daşkəndə getdiyinə görə toyda yox idi).

 

...Əliağa ilə Yazıçılar İttifaqının (indiki birliyin) binasında görüşdüm. Əlimi sıxdı, üzümdən öpdü:

 

- Deyirlər, xeyir işin əla keçib. Səhv buraxmışam, gərək toyuna gələydim, - dedi.

 

HAŞİYƏ: Əliağanın etirafı məni yaman kövrəltdi. Axı o, nadir hallarda güzəştə gedən şəxsiyyət idi...

 

Muğan ağsaqqalı Aslan Qəhrəmanın qardaşı Hafizin ömür-gün sirdaşı Elmira xanım pediatr idi. Üçüncü zərrəovdanda - mikrorayonda poliklinikada işləyirdi. Cocuq Hünəri həyata qaytardı, amma mükafatdan, sovqatdan imtina edib dedi:

 

- Bəlkə Əliağa Kürçaylının “Bütövlük” adlı kitabından bir nüsxə ailəmiz üçün tapasınız?

 

Müəllifə zəng vurdum. And içdi ki, özündəki yeganə nümunədən savayı ehtiyatda heç nə qalmayıb. Məcbur olub, bir vaxt mağazadan aldığım nüsxəni xeyirxah həkimə bağışladım.

 

1928-ci il fevralın 20-də Kürqaraqaşlıda dünya işığını ilk dəfə görən Əliağa Həsənağa oğlunun gözləri 1980-ci il fevralın 11-də əbədi yumuldu.

 

Onu və yeganə, sevimli qızı Ülkəri Bakıdakı köhnə qəbiristanda dəfn etdik.

 

Mirzə İbrahimovun mərasimdə dediyi sözlər yaxşı yadımdadır: “Ülkər ölümüylə atasının nüfuzunu zirvədən-zirvəyə qaldırdı”.

 

Başımda tez-tez gah əsərlərinin adları, gah da misraları səslənir: “Mən olmayanda”, “Kəndimə gəldiyim gün”, “Daşlar silsiləsi”, “Gecələr Ay olmaq istəyirəm mən”, “Kədərin rəngini görmək istəsən...”, “Donun, açılmasın donunuz daha”, “Harda olsan gələrəm”, “Gedək üzü küləyə”, “Səfərə çıxıram”. Kitablarından birinin sərlövhəsi “Salam, gələcək illər”dir. İnanıram ki, saysız-hesabsız gələcək illər də ehtiramla deyəcək: “Xoş gördük, Kürçaylı poeziyası!”

 

525-ci qəzet  2018.- 17 fevral.- S.16;24.