"Gərək yarımçıq qalan ömürləri yaşayım..."
ƏLİAĞA
KÜRÇAYLININ 90 İLLİK YUBİLEYİNƏ
Zemfira MƏHƏRRƏMLİ
Bədii yaradıcılıq daxili
aləmi ilə üz-üzə qalan müəllifin özü
ilə mükaliməsi,
fikir və duyğularını incələməsidir. Yaradıcılıq həm də mənəvi hissdir, sanki təbii borcdur.
Sətirlər, misralar ağ vərəqlərə
töküldükcə yaradıcı
insanın hisslərinin,
təxəyyülünün tərcümanı olan əsərlər ərsəyə
gəlir. Qəlbdə həyəcanlar, təlatümlər yaranmasa,
qələm dilə gəlməz, gözəl
şeirlər də doğulmaz. Şeirlər də cürbəcür
olur. Əsl şeirin hər
misrası qəlblərə
hopur, ürəkləri
riqqətə gətirir.
Şeirin gücü onun
həyatı göstərməsindədir.
Poeziyamıza hələ qırxıncı
illərin ortalarında
şeirləri ilə
təzə söz, təzə nəfəs, yeni ruh gətirmiş
sevimli şairimiz Əliağa Kürçaylı
haqqında bu xatirə yazımda ümumən yaradıcılıq
barədə düşündüklərimi
əbəs yerə xatırlamadım. Hələ 1978-ci
ildə universitetin jurnalistika fakültəsini
bitirib, o dövrdə
populyar olan "Bakı" və
"Baku" axşam qəzetlərində
çalışdığım ilk vaxtlarda bənzərsiz şairimiz, şeirlərini
həvəslə oxuduğum
Ə.Kürçaylı ilə
görüşüb iş
otağında söhbət
edərkən ona ünvanladığım suallardan
biri də yaradıcılıq məqamı,
hisslərin şeirləşdiyi
anlarla bağlı idi. Düz qırx
il əvvəl
doğma qəzetimdə
dərc olunmuş həmin müsahibədə
ustad şairimiz bunu belə açıqlamışdı: "Şair gərək həyata hərtərəfli,
dərindən nüfuz
etməyi bacara. Yaşadığını, duyduğunu qələmə
ala. Başlıcası isə ürəyin
hay-harayını dinləyə,
qəlbin çağırışına
qulaq asa. Onda poeziya da xalq
həyatı, xalq ruhu ilə nəfəs
alar".
Ə.Kürçaylının söz-sənət nəhrinə
bir qəvvastək baş vuranda onun söylədiklərinin
gerçəkliyinə bir
daha yəqinlik hasil olur. Bir daha inanırsan ki, şair ürəyində
yaşatdığı, özünə
doğmalaşdırdığı və qanına hopdurduğunu, məhz bundan sonra qəlbində
şeirə dönən,
poetik duyğuya çevrilənləri qələmə
alıb. Doğma
yurdunu qəlbən sevən və onu poetik rənglərlə
tərənnüm edən
şair üçün
Vətən kəlməsi
müqəddəsdir:
Mən səndən bir yaşıl budaq istədim,
Sən mənə
bəxş etdin zümrüd meşələr.
Mən səndən
kiçik bir otaq istədim.
Sən mənə
bəxş etdin dilbər guşələr.
Bəlkə, buna görə
əzəmətlisən -
Nəyin
var vermisən əsirgəmədən!
Sən bir ana kimi
səxavətlisən,
Anam Azərbaycan, Vətən,
can Vətən!
Bəli, şeir onun üçün ruhun ehtiyacından doğmuşdu. 1928-ci il fevralın 20-də
Salyan rayonunun Kürqaraqaşlı kəndində
dünyaya göz açan Əliağanın
yeniyetməlik çağları
müharibə illərinə
düşmüşdü. Qanlı-qadalı cahan savaşı
bütün yaşıdları
kimi, onun da qəlbini kövrəltmişdi. "Müharibə uşaqları
vaxtından əvvəl
böyüyür" deyən
şair sonralar xatirələrində yazmışdı:
"O qanlı-qadalı günlərdə
yazdıqlarıma, bəlkə
heç şeir demək olmazdı. Bunlar olsa-olsa, hərbin dəhşətlərindən qəzəblənən,
qəlbi düşmənə
nifrətlə dolan bir gəncin ilk qələm təcrübələri
idi. O vaxt mənə elə gəlirdi ki, yazmaya bilmərəm. Ağır günlərində mən
də öz xalqıma nə iləsə kömək etməliyəm. Elə
o zamandan da ömrümün-taleyimin axarı
dəyişdi, poeziya yolunu intixab etdim..."
Böyük Vətən Müharibəsinin
son illərində ədəbiyyata
gələn gənc şairin şeirləri onun köksünə darlıq edib pərvazlanan duyğularından,
həm də ağrılı-acılı yaşantılarından
doğulmuşdu. Həzin, bəzən isə
qəzəbli misralar qələm sahibinin ovqatından, ürək çırpıntılarından xəbər verirdi. Bu dövrün şeirləri
daha çox narahat dünyamızın
dərd-sərindən bəhs
edirdi. Cəbhəyə
doğru uzanan, haçalanan yollar, qoru külləşmiş
ocaqlar, müharibəyə
ər, oğul yola salıb vay soraqlı "qara kağız" alan ailələrin
nisgili, yağı ərimiş ürəklərin
ah-naləsi... Poeziyada
ilk addımlarını atan,
əlinə yenicə
qələm alan
gənc şairi dilə gətirən də elə bunlar idi. O, dünyanı bürüyən
qəhvəyi taun-faşizm
təhlükəsi ilə
üz-üzə qalmış
böyük ölkənin,
həm də Azərbaycan adlı doğma məmləkətin
hərb qovğasından
dolayı qırılmış
cığırlarını bir-birinə calamağa, sozalmış ocaqların
öləziyən işığını
gur alova çevirməyə çalışırdı.
Bu şeirlərdə mübarizə əzmi, döyüş ruhunu yüksəltməyə çağırış
da vardı.
Şair
o illərdə Azərbaycan
Yazıçılar İttifaqının
sədri olan, xalq şairi Səməd Vurğunun gənc yazarlara, həmçinin, ona böyük qayğısı,
kənddən gəlib
şəhərdə fəhləlik
edən bir cavanın təhsil almasına, sənət yollarında püxtələşməsinə
göstərdiyi kömək
barədə minnətdarlıq
hissi ilə söz açırdı.
İllər keçir, Ə.Kürçaylının
şeirləri müasir
Azərbaycan poeziyasını
rövnəqləndirirdi. Həyat gerçəkliklərinin
inikası, torpağına,
yurduna bağlılıq
onun yaradıcılığının
mayası, canıydı,
O, şeirlərində bədii
sözün həyati
gücünə istinad
edir, səsini günün əks-sədasına
qoşurdu.Yaradıcılığının
sonrakı çağlarında
da xalqının şad gününə sevinib, fərəhdən qanad taxıb, çətin günlərində
qəmə batıb Əliağa Kürçaylı.
O, heç vaxt sakit, rahat, kimdənsə
asılı həyat arzulamayıb:
Yedəkdə salamat qalmaqdan xoşdur
Müstəqil qərq olmaq fırtınalarda, - deyirdi
şair.
Hələ uşaqlıq çağlarından
bərkə-boşa düşən,
çətin günlər
yaşayan şairin fikrincə, həyatın əzabli, enişli-yoxuşlu
yollarında büdrəməyib
duruş gətirənlər
hünər sahibləridir:
Kiminə
laləli seyrangah olmuş,
kiminə quyudur, tələdir həyat,
İnsanı üyüdür dəyirman
kimi,
sonra da ələkdə ələdir
həyat.
Bu torpağın şair
oğlunun coşğun,
qaynar təbi, zəngin poetik düşüncələri neçə-neçə
şeirə qol-qanad vermişdi. Qələm sahibinin məhəbbət
şeirləri isə
sevgilisi üçün
keçirdiyi qəlb çırpıntılarıdır:
Hər çiçəyin öz
ətri, hər gülün öz rəngi var,
Hər qəlbin
öz istəyi, öz sözü, ahəngi var.
Hər insan öz ömrünə
dost seçir, həmdəm
seçir,
Mənimsə ürəyimdən qəmli
bir nisgil keçir -
Yadıma
sən düşürsən...
Məhəbbət lirikası Əliağa Kürçaylının qələmində
bir təkrarsızlıq,
zəriflik, sevgi naminə fədakarlıq mücəssəməsi idi. "Turac"
şeirində oxuyuruq:
Çıxdı Kürün qırağında
qarşıma bir bala turac,
Yada düşdü keçən
günlər, kaş
o dəmlər ola, turac,
A Muğanın gözəl
qızı, unutdunmu andımızı?
At işvəni, burax nazı, qon yamaca-yala, turac!
Əliağa Kürçaylı "Arifin bağçası",
"Səfərə çıxıram",
"Cavabsız məktublar",
"Salam, keçmiş günlərim","Nargindən
əsən külək,"
"Durnalar cənuba uçur", "Yollarda
axtar məni",
"Həyatın dolayları",
"Dünya ovcumdadır"
və digər kitabların müəllifidir.
Həmin
əsərlərin böyük
qismi bir çox dillərə tərcümə edilib.
Şairin düşüncələrindən, yaradıcılıq təxəyyülündən
doğulan şeirlərində
Azərbaycan təbiətinin
zəngin rəng çalarları, insanların
nəcib əməlləri,
sevgisi, müxtəlif
ictimai hadisələr
təsvir edilib. Onun
"Qəzəb", "Uşaqlıq", "Sən
kimsən", "Ana", "Cakondanın təbəssümü",
"Məhəbbət" və digər epik-lirik poemalarında müasirlərimizi düşündürən
ictimai-əxlaqi məsələlərə
toxunulur, pisliyə nifrət, nəcib hisslərə, duyğulara
rəğbət aşılanırdı.
"Yazıçı" nəşriyyatının çapdan
buraxdığı "Bütövlük"
adlı kitabına isə şairin 30 il ərzində
yazdığı şeir
və poemalardan seçmələr daxil edilmişdi.
Pərəstişkarlarının yaddaşında həm də nəğməkar şair kimi qalan söz sərrafının şeirləri o qədər həyati və axıcıdır ki, zaman-zaman bəstəkarlarımızın diqqətini cəlb edib, bu poeziya nümunələrinə musiqi yazılıb. Şairin sözlərinə bəstələnmiş "Belə ola həmişə", "Baxışlar", "Sevəcəyəm səni mən", "Heç xəbərin yoxdu sənin", "Məni sənə bağlayan," "Gedək üzü küləyə" və digər mahnılar bu gün də hamı tərəfindən sevilir, saf eşqin, gözəlliyin, sədaqət və vəfanın insanı uçaltdığına dair nəcib duyğular təlqin edir. Tanınmış söz adamı dramaturji fəaliyyətinə də ara vermir, istədiyini şeirlə ifadə etməyəndə başqa janrlara üz tutur, komediya, yaxud pyes yazırdı. "Ləpələr", "Nənəmin şahlıq quşu", "Boşanaq, evlənərik", "Evimizə gəlin gəlir" əsərləri Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, "Qoruqlar", "Mənsiz yaşa" pyesləri isə Gəncə və Ağdam Dövlət dram teatrlarında tamaşaya qoyulmuşdu.
Onu tərcüməçiliyə sövq edən nə idi? Görkəmli şairin dünya və rus klassik ədəbiyyatının respublikamızda təbliği sahəsində xidmətləri də sənətsevərlərə yaxşı məlumdur. O, Dantenin "İlahi komediya"sını, Petrarka, Lermontov, Mayakovskinin əsərlərini dilimizə məharətlə çevirib. Yalnız ruhuna yaxın əsərləri tərcümə edir, çevirdiyi nümunələrin orijinalla uyarlığına çalışırdı. Azərbaycan oxucusunun dünya və rus klassiklərinin ən yaxşı əsərləri ilə daha yaxından tanış olması üçün öz töhfələrini verirdi. Həmin tərcümələr Ə.Kürçaylının bu dünya şöhrətli sənətkarların zəngin irsinə, təkrarsız fikir dünyasına dərindən bələd olmasının göstəricisı idi.
Bəs şairin Sergey Yesenin poeziyasına məhəbbətini necə izah etmək olar? Onu Yesenin yaradıcılığına bağlayan hansı hisslər idi? Qürur hissi keçirirəm ki, əvvəldə söylədiyim kimi, poeziyamızın tanınmış siması ilə tanışlıq, onun yaradıcılıq barədə mülahizələrini eşitmək mənə nəsib olmuşdu. İndiki kimi yadımdadır, Yesenindən söz düşəndə "Onun yaradıcılığının məğzi, idealı həqiqətdir, səmimiyyətdir. O, yalnız ürəyindən keçənləri yazıb. Həqiqəti səmimiyyətlə etiraf edib" demişdi. Yeseninin yaradıcılıq diapazonu, həyat həqiqətlərinə daim sadiq qalması, azad ruhlu olması, əsərlərinin süni bəzək-düzəkdən uzaqlığı, təlqin etdiyi fikri sənət səviyyəsinə qaldıra bilməsi və digər məziyyətlərinə görə bu böyük söz ustasını özünə doğma hesab edirdi. Onun şeirlərini tərcümə edib, 1965-1975-ci illər ərzində üç kitab halında (S.Yesenin."Qadına məktub" və şairin iki toplu şəklində "Şeirlər və poemaları") çap etdirməsi də məhz bununla bağlıydı. Deyirdi ki, yenidən Yeseninə qayıtmaq istəyir, onun daha bir neçə şeirini tərcümə etmək fikrindədir. Gənc Tamaşaçılar Teatrında "Axillesin dabanı" pyesi tamaşaya qoyulacaqdı. Yeni bir dram əsəri yazmaq arzusundaydı. İstəyirdi ki, biganəlikdən bəhs edəcək bu əsərdə insana mənəvi kömək, mənəvi dayaq məsələsinə toxunsun.
Heyhat, yenicə baş qaldıran ağır xəstəlik getdikcə şiddətlənib şairin həyatına son qoydu. 1980-ci il fevralın 11-də nəğməkar şairimiz Ə.Kürçaylı 51 yaşında dünyasını dəyişdi. Amma yurdumuzun şair oğluna, onun həmişəyaşar poeziyasına olan məftunluq, heyranlıq dəyişmədi, sevgi hissi azalmadı. Atasını dünyalar qədər sevən, ilk qələm nümunələri ilə yenicə tanınmağa başlayan Ülkər bu vaxtsız-vədəsiz ölümlə barışmayıb intihar yolunu seçərək həyatına qəsd etdi.
Qısa, fəqət mənalı ömür yaşadı Əliağa Kürçaylı. Daha çox şeir yazmaq istəyirdi. Axı, şeir onun həyatı, ömrü-günüydü. "Mən şeir yaza-yaza ömürlər yaşayıram" deyirdi: "Gərək yarımçıq qalan ömürləri yaşayım..."
525-ci qəzet 2018.- 20 fevral.- S.6.