Elmə həsr olunmuş
ömür
Bir xoş təsadüf nəticəsində 2009-cu ildə
"Qırmızı körpü"
sərhəd gömrük
məntəqəsində tanış olduğumu
indi də xatırlamaqdayam. Səmimi keçən ilkin
söhbətimizdən sonra,
ara-sıra onunla telefonlaşıb bir-birimizin
hal-əhvalını xəbər
alırdıq. Qərib ölkədə
bu, ehtiyaca çevrilir.
Rza Abbasov
1952-ci ildə Gədəbəyin
Samanlıq kəndində
anadan olmuşdur. 1968-ci ildə
Samanlıq kənd orta məktəbinin 8-ci sinfini əla qiymətlərlə başa
vuran Rza Məmmədbağır oğlu,
həmin il qəbul imtahanlarından əla qiymətlər alaraq "1 ¹-li Respublika Fizika-Riyaziyyat təmayüllü internat
məktəbi"nə daxil
olmuşdur. 1970-ci ildə məktəbi qızıl medalla bitirərək Azərbaycan
Dövlət Universitetinin
kimya fakültəsinə
qəbul olmuşdur.
1973-cü ildə fakültənin
üçüncü kursunu
bitirən Rza Abbasovun müvəffəqiyyətini
nəzərə alan Universitet rəhbərliyi, onun M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsində təhsilini
davam etdirməsinə
zəmanət vermişdir.
1976-cı ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmiş, kimyaçı
ixtisasına yiyələnmişdir.
1976-1980-ci illər arası
M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Kimya fakültəsinin aspiranturasında
təhsilini davam etdirmiş, yazdığı
namizədlik dissertasiyasını
uğurla tamamlayaraq Kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
R.M.Abbasov 1981-83-cü illər
arası Özbəkistan
Respublikası Elmlər
Akademiyasının "Polimerlərin
Kimyası və Fizikası Elmi-tətqiqat İnstitutunda" baş elmi işçi vəzifəsində çalışmış,
az bir
zamanda "Kvant kimyası" qrupunu yaradaraq ona rəhbərlik
etmişdir.
Rza müəllim
1983-cü ildə Nizami
yurduna, doğma Gəncə torpağına
qayıtmışdır. 1993-cü ilə qədər taleyini Azərbaycan Texnologiya İnstitutuna bağlamışdır.
Elmi-pedaqoji yaradıcılıq sahəsindəki
fəaliyyətlərini 1993-cü ildən ömrünün
sonunadək qardaş Türkiyə Cümhuriyyətində
davam etdirmiş, Qaradəniz Texniki Universitetinin "Kimya bölümü"ndə çalışmış
və gənc kadrların hazırlanmasında
böyük əmək
sərf etmişdir.
Rza
Abbasov "Kvant kimyası" qrupu yaradaraq ona rəhbərlik
etmiş, ötən dövr ərzində bu elm sahəsində Türkiyədə ad qazanmışdır.
Fəxarətlə qeyd etməliyik
ki, dörd elmlər doktoru və on magistr (yüksək lisans) məhz Rza Abbasovun
rəhbərliyi ilə
elmi dərəcəyə
yüksələ bilmişdir.
2005-ci ildən qurumun professoru olan Rza müəllim "Fiziki kimya kafedrası"nın müdiri vəzifəsində pedaqoji
fəaliyyət göstərməklə,
tələbələrinə və aspirantlarına mütəmadi olaraq fərqli sahələr üzrə mühazirələr
də oxumuşdur.
Rza Abbasov müasir kvant kimyası sahəsində aktual mövzularda bir sıra elmi-nəzəri mahiyyətli əsərlər də yazmışdır. Bir sıra yabançı ölkələrdə yayımlanan məşhur jurnallarda çap olunmuş 70-dən artıq elmi məqalənin müəllifidir. "The Journal of Organic Chemistry" jurnalının hakimlik jürisinin və TÜBİTAK-da (Türkiyə Bilimlər Akademiyasında) projeləri dəyərləndirmə komissiyasının üzvü olan Rza müəllim, "The Journal of Organic Chemistry" jurnalında, dünyanın məşhur kvant kimyaçısı, professor Kendall Houkunun və tanınmış Türk üzvi kimyaçısı, professor Mətin Balçının məqalələrinin nəşri üçün elmi rəy vermişdir. Müxtəlif beynəlxalq simpozium və konqreslərdə kvant kimya elmi ilə əlaqədar problemlərin müzakirəsi zamanı Azərbaycanı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş R.M.Abbasov, Kendall Houku /Amerika/, Eiji Osava /Yaponiya/, Lenoir Dieter /Almanıya/, Mətin Balçı /Türkiyə/ kimi dünyanın adlı-sanlı kvant kimyaçı professorları ilə elmi sahədə olan yaradıcılıq əməkdaşlığını uğurla davam etdirmişdir. Dünya kvant kimyaçıları arasında məxsusi bir yeri olan Rza müəllimin on beş elmi məqaləsi, kvant kimyası sahəsində beynəlxalq miqyasda çap olunmuş, yüksək elmi dəyəri və aktuallığı ilə fərqlənən ən yaxşı məqalələrin siyahısına daxil edilmişdir. Bu nailiyyətlərlə yanaşı, Rza müəllim 2010-cu ildə nəzəri kimya sahəsində "Abbasoğlu qaydası"nı vermiş və bu qayda dünyanın tanınmış alimləri tərəfindən qəbul edilmişdir. "Journal of Molecular Strucrure: THEOCHEM (Kanada, Elsevir, 955, 2010, 13133)" və "Acta Chimica Slovenenica (Sloveniya, 57, 2010, 842-848 və 59, 2012, 109-116)" kimi mötəbər dərgilərdə nəşr olunmuş bu qayda, dünya ədəbiyyatına keçmişdir. Eloğlumuzun nəzəri kimya sahəsində uluslararası arenada qəbul edilmiş önəmli bir qayda verməsi təbii ki, qürurverici hadisədir.
Elm yolunda əzmlə çalışan R.M.Abbasov, "Gərgin quruluşlu alkenlərə xlor və bromun elektrofil birləşmə reaksiyalarının mexanizminin və stereokimyasının kvant - kimyəvi araşdırılması" mövzusunda yazmış olduğu doktorluq dissertasiyasını 2009-cu ildə tamamlayaraq, Bakı Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Qeyd etdiyimiz dissertasiya işi kvant kimyası alanında Azərbaycan dilində yazılmış ilk elmi əsər olduğu üçün, mütəxəssislər Rza müəllimi bu sahədə Azərbaycanın ilk kvant kimyaçılarından biri hesab edirlər.
Yabançı ölkələrin tanınmış elm adamları, həmçinin də Azərbaycanın bir çox görkəmli alimləri Rza Abbasovun elmi məqalələrinə, ələlxüsus da doktorluq dissertasiyasına yüksək qiymət vermişlər.
Bakı Dövlət Universitetinin rektoru, akademik A.M.Məhərrəmov: "Rza müəllim öz əməyi və zəhməti ilə elm müstəvisində müəyyən səviyyəyə gəlmiş və özünəməxsus yeri olan alimdir".
AMEA-nın müxbir üzvü, professor M.S.Salahov: "Rza müəllimin dünya kvant kimyaçılarının arasında özünəməxsus bir elm yoluna sahib olması qürurvericidir".
Təəssüf ki, yaradıcılığının çiçəkləndiyi bir vaxtda qəfil ölüm onu haqladı. Bir neçə gün əvvəl Qaradəniz Texnik Universitetinin Kimya bölümünün qarşısından cənazəsi son mənzilə, Vətənimizə doğru götürülən professor Rza Abbasova yaradandan rəhmətlər diləyirik.
İlqar İMAMVERDİYEV
Sənətşünaslıq
doktoru, professor
Türkiyə
525-ci qəzet 2018.- 20 fevral.- S.8.