Əlif Cahangirli: "Rejissorluq yalnız tamaşa qurmaq deyil, həyat tərzidir"

 

Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli 1992-ci ildə Salyan rayonunda anadan olub. 7-ci sinfə qədər rayonda təhsil aldıqdan sonra Bakıya köçüb.

 

Müsahibəmizdə də onun Salyanda keçirdiyi uşaqlığı, Bakı həyatı, təhsili, karyerası, gələcək planlarından söhbət etmişik.

 

Əlif, həmçinin, fevralın 2-i teatr sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin Gənclər üçün xüsusi mükafatına da layiq görülüb.

 

- Əlif, istərdim söhbətimizə Salyandan Bakıya gəliş səbəbinlə başlayaq.

 

- İncəsənət sahəsinə marağım hələ uşaq yaşlarımdan özünü göstərirdi. Salyanda yaşadığım illərdə muğamla məşğul olurdum. Bunun üçün hər dəfə Salyandan Şirvana gedirdim. Sonra başa düşdüm ki, Bakıya gəlsəm, karyeram üçün lazım olan əhatə və imkanlarım daha da genişlənəcək. Buna görə də 7-ci sinifdə oxuyanda Bakıya köçüb təhsilimi burada davam etdirmək qərarına gəldim. Uzun illər Maştağa qəsəbəsində bibimin yanında qalmışam. Bura gələndən sonra da Musiqi məktəbinin muğam sinfinə daxil oldum. Beş il muğam dərsi ala-ala pianino, balaban kimi alətlərdə ifa etməyi də öyrənirdim.

 

- Deməli, əvvəldən məşğul olduğun sahə musiqi olub. Yəni teatr, aktyorluq, rejissorluq deyil də, məhz musiqi. Bəs, fikrini nə vaxt dəyişdin?

 

- Teatra marağım Maştağada Hacıağa Abbasov adına mədəniyyət evində yarandı. Orada xalq çalğı alətləri ansamblına gedirdim. O ərəfədə bir rejissorla tanış oldum -Ağanəbi müəllim, aktyorlarla tamaşa qururdu. Mən də onları maraqla izləyirdim. Mənə təklif etdi ki, sən də tamaşada oynamaq istəyirsənmi? Mən əvvəl istəmədim. Çünki onun rejissorluğu mənə daha çox maraqlı idi. Aktyorlarla işləməyi, hər epizoda, hər hərəkətə diqqəti marağımı çəkmişdi. Həm də görürdüm ki, o boyda böyük aktyor heyəti onun heç bir sözündən çıxmır, o, oranın bir növ rəhbəri idi. Amma bu rəhbərlik bizim alışdığımız rəhbərlikdən deyildi. Tamamilə sevgi dolu, yaradıcı rəhbərlik idi. Hər kəs onun intellektinə, yaradıcı gözünə, xüsusi baxışına inanır, güvənir. Bütün bunlar diqqətimi çəkdi və məndə teatra qarşı bir həvəs yaratdı. Sonra mən də orada bir-iki rol aldım, az da olsa bu sənət haqqında müəyyən təsəvvürüm formalaşdı.

 

- Bildiyimə görə, rejissorluq sənin ilk ixtisasın deyil. Yəni uiversitetdən öncə peşə məktəbində də təhsil almısan. Oraya yolun necə düşdü?

 

- Bəli, mən eyni zamanda, 12 nömrəli Bakı Peşə Liseyinin məzunuyam. Ora getməyimin əsas səbəbi isə məktəbdəki imtahanlarım oldu (gülür). 8-ci sinifdə oxuyanda qərar çıxdı ki, atesstat almaq üçün səkkiz fəndən imtahan vermək lazımdır. Mən də özümün maraq dairəmdə olan humanitar fənlər heç, amma digər texniki fənlərdən imtahan verə bilməyəcəyimi düşündüm. Əgər atesstat ala bilməsəydim, mənim universitet xəyallarım da puç olacaqdı. Buna görə başladım yollar axtarmağa. Elə həmin ərəfələrdə mənə dedilər ki, əgər peşə liseyinə daxil olsan, orada imtahanlar nisbətən daha rahat olur, həm də əlavə sənət öyrənmiş olarsan. Əməliyyatçı-mühasib ixtisasına daxil oldum. Üç il təhsil aldım. O illərdə də artıq universitetə hazırlaşırdım. Oranı bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum.

 

- Bəs, o sənət üzrə heç işləmədinmi?

 

- İşlədim. Universitetin ikinci kursunda oxuyarkən bir şirkətdə marketinq sahəsində çalışırdım. Qazancım normal olsa da, sənətimə, təhsilimə çox mane olurdu. Məsələn, digər tələbələr dərsdən sonra teatra gedirdilər, tamaşaya baxırdılar, amma mən gedə bilmirdim. Bu da məni darıxdırırdı. Ona görə də çox çəkmədi ki, oradan ayrıldım.

 

- Tələbəlik illərində seriala da çəkilmisən...

 

- Bəli, elə həmin zamanlarda "Cavanlıq" serialına çəkildim. Onu elə "cavanlıq səhvi" də adlandırmaq olar (gülür).

 

- Niyə?

 

- Mühit məsələsi vardı ki, ürəyimcə deyildi. Amma maddi marağa görə məcbur idim. Orada da bəzi xoşagəlməz hallarla qarşılaşdım. Başa düşdüm ki, hər kəs öz mənafeyi üçün və insanları özlərinə tabe etməyə çalışırlar. İndi seriallarda vəziyyət necədir, bilmirəm. Amma o vaxt hiss etdim ki, bəzi sənətdən bixəbər adamlar aktyora kölə kimi yanaşırlar. Ona görə də oradan imtina etdim. Amma yenə də böyük bir praktika keçmiş oldum. İnsanlarla ünsiyyət qurmağı öyrəndim, rejissorların aktyorla davranışını müşahidə etdim. Mənim o dövrdə aktyor kimi fəaliyyətim bu gün rejissor olaraq aktyorlarla ünsiyyət qurmağıma çox təsir edir.

 

- Səncə, rejissor necə olmalıdır?

 

- Rejissorun qurduğu tamaşadan, işindən öncə həyata, dünyaya fərqli, yaradıcı baxışı olmalıdır. O, ən əsası aktyoru inandırmağı bacarmalıdır. Əgər rejissor adi biri olarsa, inanmıram ki, aktyor üçün maraqlı olsun. Bu, həyatda da belədir. Biz adətən nəsə öyrənə biləcəyimiz, ən azından öz dünyagörüşü, fikirləri ilə bizə müsbət, bilmədiyimiz nələrisə aşılaya bilən insanlarla ünsiyyətə can atırıq. O insanla söhbət etmək bizə zövq verir, yorulmuruq. Aktyor da rejissordan qaçdısa, ona inanmadısa, demək ki, o iş birliyi alınmayacaq. Həm də rejissor nələrisə sırf aktyoru inandırmaqdan ötrü etməməlidir. O inam onun təbiiliyindən qaynaqlanmalıdır. Rejissor rejissorluq etməməlidir, rejissor olmalıdır. O, rejissorluq edəndə artist kimi görünür. Rejissorluq yalnız tamaşa qurmaq deyil, bu, bir həyat tərzidir. Aktyor olmasa, teatrın heç bir anlamı qalmaz. Düşünün ki, rejissor da olmasa, aktyorun bir anlamı qalmaz. Rejissor aktyoru tamaşaçıya təqdim edən insandır. O, pyesə elə quruluş verər, aktyoru bir hala salar ki, peşəkar, tanınmış bir aktyorun işi çox zəif görünə bilər. Eləcə də əksinə. Rejissor aktyoru dinləməyi də bacarmalıdır. Əsas məsələ eqodan uzaq durmaqdır. "Mənəm-mənəmlik" hələ heç kimə xeyir gətirməyib. Bütün məsələ səmimiyyətdə bitir.

 

- Hər il Mədəniyyət və İncəsənət Universitetində istər aktyorluq, istərsə də rejissorluq fakültəsində kifayət qədər məzunlar olur. Onların böyük bir qismi isə diplom alandan sonra itib-batır, görünmür. Sən də məzunlardan birisən və çox gənc - 23 yaşından artıq Akademik Milli Dram Teatrı kimi bir teatrda rejissor olaraq fəaliyyət göstərirsən. Bu uğurun səbəbi nədir? Sən o məzunlardan nə ilə fərqləndin ki, gəlib buraya çıxa bildin?

 

- Bu, öncə Allahın yazısıdır. Mən tələbəlik illərimdə heç zaman ön planda olmağa, özümü göstərməyə çalışmamışam. Məsələn, dördüncü kursda tamaşa quranda sadəcə öz ustadım, müəllimim Azər Paşa Nemətovun gəlib tamaşaya baxıb bəyənməsi və mənim dörd illik fəaliyyətimi qiymətləndirməsi mənim üçün çox böyük uğur idi. Bundan başqa heç nə düşünmürdüm. Mənim haqqımda danışılsın, işlərimi çəkib göstərsinlər, müsahibələr alsınlar deyə bir məqsədim heç zaman olmayıb. Həmişə başımı aşağı salıb işimi görmüşəm. Həmişə düşünmüşəm ki, hər kəs lazım olduğu vaxt lazım olduğu yerdə olacaq. Bunu biz seçmirik. Bizim üzərimizə düşən isə özümüzü inkişaf etdirməkdir. Hər kəsdən öncə bütün həqiqət bizim özümüzə məlumdur. İçimizdə kimik, nəyə qadirik özümüzə məlumdur. Mən tələbəlik illərindən Musiqili Teatrda aktyor kimi çalışırdım, "Talelər qovuşanda" tamaşasında rol almışdım. Oraya getməyimdə əsas səbəb də bu idi ki, təhsilimi bitirənə qədər teatrı öyrənim, universitetdən sonra isə rejissor kimi fəaliyyətə başlayım. Zaman elə gətirdi ki, Azər Paşa müəllim Akademik teatra bədii rəhbər təyin olundu və məni də öz yanına dəvət etdi. Təbii ki, bu, mənim üçün çox sevindirici hal idi. Biz, yəni dostum Anar Sadıqovla ustadımızla birgə "Ölülər" tamaşasını işləməyə başladıq. Necə ki, o, universitetdə bizə öz metodikasını öyrətmişdi, artıq teatrda çiyin-çiyinə çalışarkən praktiki olaraq daha möhtəşəm şəkildə öyrəndik.

 

- İndi hansı tamaşanı hazırlayırsan?

 

- Bu yaxınlarda teatrda Abbas Mirzə Şərifzadə adına kiçik səhnə fəaliyyətə başlayacaq. Həmin səhnənin açılışı üçün Azər Paşa müəllimin bədii rəhbərliyi ilə iki pyes üzərində işləyirəm. Səhnənin açılışı Kamal Abdullanın "Bir, iki, bizimki" pyesi ilə olacaq. Sonradan isə yenə də mənim quruluşumda hazırlanan, Miro Hovranın "Arvadımın əri" pyesi göstəriləcək. Hər iki pyes üzərində ciddi məşqlər, hazırlıqlar gedir. Düşünürəm ki, fərqli və gözəl işlər olacaq.

 

- Əlif, 25 yaşın var və səhnələşdirdiyin tamaşaların tələbinə uyğun olaraq özündən yaşda və təcrübədə çox böyük sənətkarlarla işləməlisən, rejissor kimi onları hardasa yönləndirməlisən. Bu məsələdə çətinliklərin olmur ki?

 

- Hazırda "Arvadımın əri" pyesi üzərində Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimovla mən - 25 yaşlı Əlif Cahangirli birgə işləyirik. Bu iki aktyorla məşq prosesində heç bir çətinliklə, narahatlıqla, komplekslə qarşılaşmıram. Deyirlər ki, ruhun yaşı olmur. Bu, məhz həmin söhbətdir. O aktyorlar mənə güvənirlər, inanırlar. Bu, kifayətdir. Elə buna görə də mən onların yanında heç nədən onsuz da sıxılmıram. Bu da onların peşəkarlığından irəli gəlir. Onların bu peşəkarlığı tamaşanın istiqamətinə də, quruluşuna da, işin daha rahat gedişatına da öz müsbət təsirini göstərir. Bəli, düşünülə bilər ki, 25 yaşlı bir uşaq necə 70-80 yaşlı bir insana yol göstərə bilər? Burda təəccüblü heç nə yoxdur. Bizə kənardan baxan göz bizi bizdən daha yaxşı görür. Rejissor da aktyora kənardan baxan gözdür. Vəssalam!

 

- Bu yaxınlarda Gənclər və İdman Nazirliyinin Gənclər üçün ayrılmış xüsusi mükafatına ilin gənc rejissoru nominasiyasında layiq görüldün. Bu mükafat sənin həyatında və yaradıcılığında nə kimi iz qoyacaq?

 

- Mükafatın həyatımda iz qoyması məsələsi bir az mübahisəlidir. Çünki mənim həyatımda hazırda yaşadığım tarix - Akademik Milli Dram Teatrı kimi Azərbaycanın ən ali teatr ocağında qocaman sənətkarlarla çiyin-çiyinə işləməyim özü bir izdir. O iz ki, heç zaman mənim yaddaşımdan, bioqrafiyamdan silinməyəcək. Mən bu yaşımda burada öz zamanlarının çox böyük sənətkarlarıyla birgə çalışıram. Mənim üçün silinməz izlərdən biri isə Azər Paşa Nemətov kimi dövrünün ən böyük rejissorlarından birinin mənə "kolleqa" deməsidir. Onunla birgə tamaşa hazırlamaq həyatımın ən mühüm hadisəsidir və bu hadisə hələ də davam edir. O, hətta bizimlə məsləhət edəndə də, bizdən nəsə öyrənəndə də bizə sanki "master-klass" keçir. Mükafat isə təbii ki, sevindirici haldır, əlavə stimuldur, zəhmətə verilən dəyərdir. Məni buna layiq görən hər kəsə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, bizim məqsədimiz mükafat almaq, hardasa təriflənmək, nələrisə qazanmaq olmamalıdır. Vaxtı çatanda onların hamısı onsuz da olur. Biz sadəcə işləməli, çalışmalı, millətimiz üçün nələrsə etməyə çalışmalıyıq. Onsuz da bu fəaliyyətimizi nə vaxtsa kimlərsə görüb dəyərləndirəcəklər.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 20 fevral.- S.8.