Yaşadılan el sənəti:
xalçaçılıq
XALÇA
İSTEHSALI EMALATXANASININ TİKİNTİSİ İLƏ
BAĞLI VERİLƏN SƏRƏNCAM NAXÇIVANDA BU
QƏDİM EL SƏNƏTİNİN İNKİŞAFI
İSTİQAMƏTİNDƏ ATILAN ƏN MÜHÜM ADDIMDIR
Prezident İlham Əliyev fevralın 15-də Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, tikiləcək
xalça istehsalı
emalatxanasında Naxçıvan
xalçaçıları üçün əlverişli
şərait yaradılacaq,
keçmişdən günümüzə
gələn bu ənənəyə uzunömürlülük
bəxş ediləcəkdir. Belə bir
emalatxananın istifadəyə
verilməsi qadınların
məşğulluğunun təmin
olunması ilə yanaşı, həm də yeni xalçaçılar
nəslinin formalaşmasına
rəvac verəcək.
Ən əsası evlərimizi keyfiyyətli, nəfis Naxçıvan xalçaları
bəzəyəcək.
Ta qədim zamanlardan Naxçıvanda gəlinin
cehizliyini ana-nənələrimizin
toxuduğu qalın, milli ornamentli xalçalar bəzəyib.
Bu gün də
Naxçıvan kəndlərində
evlərdə kifayət
qədər belə xalçalara rast gəlmək olar. Rəngini itirməyən bu xalçalar elə yaşını da gözəl rəng çalarlarında gizləyib.
Nənələrimizin barmaqlarının sığalı, gözlərinin
nuru, ürəklərinin
hərarəti ilə
toxunan bu xalçalar həm də adət-ənənələrimizin
keşikçisi rolunu
oynayıb. Evdən-evə daşınıb, əzizlənib,
qorunub.
Azərbaycan qadınının həm də zəhmətkeşliyinin bir
nümunəsinə çevrilən
xalçalar adətən
təsərrüfat işlərindən
sonra, gecələr lampa işığında
toxunardı. Elə olardı
ki, bəzən səhərə qədər
yatmazdılar. Əsasən də uzun qış
gecələrində hasilə
gələn belə xalçalara azyaşlı
qız uşaqları
da böyük maraq göstərərdilər.
Naxçıvanda qızlar çox
erkən yaşlarından
xalça toxumağa alışdırılırdı. Məhz bu səbəbdəndir
ki, bu gün
də muxtar respublikanın istənilən
bölgəsində xalça
toxumağı bilən
qadınlar, qızlar az deyil.
"İtə ataram,
yada satmaram". Orta məktəbdən
yadımda qalan bu fikir yazıçı
Mir Cəlal Paşayevin
"Bir gəncin manifesti" əsərində
yoxsul, çörək
puluna ehtiyacı olan Sona xanımın
dili ilə deyilir. Bu fikir xalqımızın
xalçaçılığa olan sevgisinin möhürü kimi səslənir sanki. 90-cı illərin ağır zamanlarında sənətkarlığın
digər sahələrində
olduğu kimi, xalçaçılıq sahəsində
də durğunluq yaşandı. Evlərdəki cəhrələr, daraqlar,
hanalar, kirkid və digər toxuculuq alətləri zirzəmilərə daşındı. Belə bir zamanda xalçaçılıq sənətini,
xalçaçılıq məmulatlarımızı, ümumilikdə
Naxçıvanın nəfis
xalçalarını qorumaq,
yaşatmaq, gələcək
nəsillərə ötürmək
məqsədilə müstəqilliyin
ilk illərində yaradılan
muzeylərdən biri Naxçıvan Dövlət
Xalça Muzeyi oldu. Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin
diqqət və qayğısı sayəsində
1998-ci ildə yaradılan
və ildən-ilə
eksponatlarının sayı
artan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni binaya köçürüldü.
Muzeyin üç dildə
internet saytı istifadəyə
verildi. Bu da dünyanın hər yerində muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə
ekspozisiyadakı eksponatlarla
bağlı məlumatlar
almağa, həmçinin,
tarixi keçmişimizi
öyrənməyə imkan
yaradıb. Bu gün
muzeyi ziyarət edən hər kəs Naxçıvan xalçaçılıq məktəbinə
aid nəfis xalçalarla
tanış olur. Xalçanın ibtidai forması olan həsirdən başlamış keçə,
kilim, palaz, cecim, vərni şəddə, zili və digər xovlu və xovsuz
xalça nümunələri,
keçmişdə məişətdə
geniş şəkildə
istifadə olunmuş xurcun, məfrəş, çuval, heybə kimi xalçaçılıq,
kirkid, həvə, cəhrə, daraq, qayçı, hana kimi toxuculuq alətləri Naxçıvanda
xalçaçılığın zəngin tarixindən xəbər verir. Muzeydə mövcud 3429 eksponatın 246
ədədini Naxçıvan
qrupuna aid xalçalar,
180-ədədini isə xalçaçılıq məmulatları
təşkil edir.
"Kültəpə" adlı
qədim yaşayış
yerində aparılan arxeoloji qazıntılar nəticəsində neolit
və eneolit dövrlərinə aid iy və cəhrənin, tunc dövrünə aid sadə toxuculuq dəzgahının tapılması
Naxçıvan diyarında
yaşayan əhalinin toxuculuqla hələ
ibtidai icma quruluşunun son dövrlərindən
məşğul olmasını
sübut edir. Erkən orta əsrlər dövründən müstəqil
fəaliyyət sahəsinə
çevrilən xalçaçılıq
sonrakı dövrlərdə
Azərbaycan qadınlarının
əsas məşğuliyyət
sahələrindən birinə
çevrilmişdir. X-XIII
əsrlərə aid mənbələr
Azərbaycanın bir çox bölgələri
ilə yanaşı, Naxçıvanı da əsas xalçaçılıq
mərkəzi kimi xarakterizə edir.
Naxçıvanda xalça istehsalı XVIII
əsrdən başlayaraq
daha yüksək inkişaf mərhələsinə
qədəm qoymuşdur. Xarici bazarlarda
xalça məmulatına
tələbatın kəskin
şəkildə artması
bu sənət sahəsinin xüsusilə
XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarmışdı. XIX əsrin ortalarına
aid statistik məlumatlardan
aydın olur ki, bu dövrdə
Naxçıvan diyarında
xeyli miqdarda xovlu və xovsuz
xalça məmulatları
istehsal edilmişdi.
Belə ki, 1845-ci ilə aid statistik məlumatda göstərilir
ki, həmin il burada
1050 ədəd xalça,
3000 ədəd at çulu,
2500 ədəd keçə,
5000 ədəd çuval,
460 ədəd məfrəş
toxunmuşdur. Naxçıvan diyarında XVIII-XIX əsrin
əvvəllərində toxunmuş
xeyli sayda xalça məmulatları
nümunəsi dövrümüzə
qədər gəlib çatmışdır. Həmin nümunələrin
bəziləri bu gün Naxçıvan Dövlət Xalça muzeyi ilə yanaşı, Naxçıvan
Dövlət Tarix muzeyinin və bölgələrdəki tarix-diyarşünaslıq
muzeylərinin ekspozisiyalarını
bəzəyir. "Azərxalça"
Açıq Səhmdar
Cəmiyyətinin İdarə
Heyətinin sədri,
professor Vidadi Muradovun rəhbərliyi ilə aparılan çöl tədqiqatları zamanı
Naxçıvan Muxtar
Respublikasının Naxçıvan
şəhəri, Babək,
Culfa, Kəngərli, Sədərək, Ordubad, Şahbuz və Şərur rayonlarında
toxunmuş şəxsi
kolleksiyalarda
saxlanılan yun xovlu xalçalar, "Namazlıqlar", yun xovsuz zililər, duz torbaları, xurcunlar, məfrəş üzü, şəddə
və kilim aşkar edilərək elmi ictimaiyyətə təqdim edilmişdir. Tədqiqat zamanı aydın olmuşdur ki, şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan
qrupuna aid olan ən qədim xovlu xalça 1800-cü ildə Şərur rayonunun Maxta kəndində toxunmuşdur.
Belə faktları kifayət qədər sadalamaq olar ki, bütün
bunlar da Naxçıvanda xalçaçılığın
tarixən uzun bir inkişaf yolu keçdiyini göstərir.
Müstəqillik illərində muxtar respublikada xalçaçılıq
sənətinin qorunması,
yaşadılması naminə
görülən işlər
Xalça muzeyinin istifadəyə verilməsi
ilə məhdudlaşmamış,
Naxçıvan xalçaçılıq
məktəbinin öyrənilməsi
istiqamətində bir
sıra təşkilati
işlər görülmüşdür. Belə ki,
peşə məktəblərində
"Xalçaçılıq" kursları, Naxçıvan
Qızlar Liseyində
"Tikiş, toxuculuq
və xalçaçılıq"
dərnəyi açılmış,
"Naxçıvan Biznes
Mərkəzi" Məhdud
Məsuliyyətli Cəmiyyətinin
xalq yaradıcılığı
emalatxanasında xalça
toxunması təşkil
olunmuşdur. Xalq yaradıcılığı
emalatxanasında, dərnəklərdə
toxunan xalçalar neçə illərdir ki, keçirilən festivalları, milli bayramlarımızla əlaqədar
təşkil olunan şənlikləri bəzəyir.
Həm də bu illər
ərzində öz sənətini sevən xalçaçılar yetişib.
Naxçıvan Dövlət
Universitetində və
Naxçıvan Müəllimlər
İnstitutunda təsviri
incəsənət ixtisası
üzrə təhsil alan tələbələrə
də Naxçıvan
xalçaçılıq məktəbinin ənənələri
öyrədilir. Muxtar respublikanın
şəhər və
rayonlarında "Ənənəni
qoruyaq, evdə xalça toxuyaq" devizi altında evlərdə xalçaların
toxunması işi həyata keçirilir.
Bu qadınların məşğulluğunu təmin
etməklə yanaşı,
həm də xalçaçılıq sənətinin
yaşadılması istiqamətində
atılan ən mühüm addımlardan biri olub.
Ötən dövr ərzində Naxçıvan xalçaçılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılıb. "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Naxçıvan xalçaçıları" kitabının, "Azərbaycan xalçaları - Naxçıvan qrupu" jurnalının çap olunması, "Naxçıvan xalçaları" sənədli filminin hazırlanması Naxçıvan xalçalarının hazırlanması texnikalarının öyrənilməsində, Naxçıvan xalçaçılıq məktəbinin gələcək nəsillərə çatdırılmasında dəyərli nəşrlər və informasiya mənbələridir. 2018-ci ilin yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik" kitabının təqdimat mərasimi keçirilib. "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik" kitabı Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsində ən dəyərli nəşrlərdən biridir. Kitabdakı məlumatların Azərbaycan dili ilə yanaşı, ingilis, rus və ərəb dillərində verilməsi Naxçıvan xalçaçılıq məktəbinin daha geniş oxucu kütləsinə çatdırılması məqsədinə xidmət edir. Kitabda Naxçıvanın ilkin sivilizasiyadan müasir intibaha qədər keçdiyi yol, siyasi və sosial-iqtisadi inkişaf tarixi, bu qədim diyarda xalçaçılıq məktəbi, xalçaçılıq və boyaqçılığın inkişafı elmi əsaslarla araşdırılıb. "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik" kitabı, nəinki muxtar respublika, ümumilikdə, Azərbaycan tarixi və mədəniyyətinə dəyərli töhfədir. Kitabda diqqəti çəkən 254 xalçaçının fotosu və onlar haqqında məlumatların verilməsidir. Naxçıvan xalçaçılığına dair bu dəyərli mənbədən oxuyuruq: "Naxçıvan diyarının müxtəlif bölgələrində istehsal edilmiş xalça məmulatları öz sənətlərinin kamil ustası olan azərbaycanlı qadınlar tərəfindən toxunurdu. Onlardan XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Naxçıvan qəzasının Cəhri kəndində yaşamış İsmayılova Fərəc Darçın qızının, Piriyeva Qumru Cəfər qızının, Kükü kəndində yaşamış Məmmədova Qönçə Heydər qızının, Kolanı kəndində yaşamış Əsmər Hüseynəli qızının, Ordubadın Nüsnüs kəndində yaşamış Ramazanova Xanpəri Musa qızının adları dövrümüzədək gəlib çatmışdır". Kitabda adları qeyd olunan 254 xalçaçı qadın öz zəhmətkeşlikləri ilə, milli dəyərlərimizə bağlılıqları ilə bu qədim el sənətini sevərək günümüzə qədər çatdıra biliblər. Muxtar respublikada xalçaçılığın inkişafı ilə bağlı bu günədək görülən işlər, xüsusilə də ölkə başçısının 15 fevral 2018-ci il tarixli "Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncamı xalçaçılığın bu qədim Nuh yurdunda yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmanət verir.
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
Televiziyasının baş redaktoru
525-ci qəzet 2018.- 20 fevral.- S.4.