Bir gecənin nağıl möcüzəsi

 

Şahanə MÜŞFİQ

 

Deyirlər, insan inamsız yaşaya bilməz. Mütləq nəyəsə, kiməsə inanmalısan. Yoxsa bu ucsuz-bucaqsız kainatda, insan selinin arasında baş çıxarmaq mümkünsüz olar.

 

Fərqi yoxdur nəyə inanırsan. Allaha, dinə, təbiətə, özünə, valideynlərinə, sevdiyin şəxsə, maddiyata, ya da lap elə möcüzələrə. Görəsən, bu boyda Yer kürəsində, hər dəqiqə dəyişən, inkişaf edən, texnoloji kəşflərin sayəsində durmadan robotlaşan bu dünyada möcüzələrə saf qəlblə, həqiqətən inanan neçə nəfər var? Yəqin bunu öyrənmək heç zaman mümkün olmayacaq. Bəs, neçə nəfər gözlədiyi, inandığı o möcüzəyə qovuşub? Heç bu sualın da cavabını tam bilməsəm , elə insanlardan birini tanımağa müvəffəq oldum o gecə...

 

Sevgi, eşq, məhəbbət... Dünyanın özü boyda yaşı olan, yüzillər boyunca yazılan, haqqında danışılan, sirri çözülməyə çalışılan, filosofların dincliyini, şairlərin yuxusunu, aşiqlərin qəlb rahatlığını əlindən alan möcüzə...

 

Fevralın 18-də "Səda" Tədris Teatrının səhnəsində gənc aktrisa Günay Əhmədin canlandırdığı o məsum qızcığaz da saf sevginin yaradacağı möcüzəyə inanırdı. Ömrü boyunca ailəsinin buyruğu altında yaşayan, onların razı qalacağı bir övlad olmaq üçün hər istəklərinə boyun əyən qız sidq ürəkdən inandığı möcüzəsinə toxunulanda dözmür, o möcüzəni kimsəyə verməmək üçün evdən qaçır. Bəlkə möcüzəsinin izinə düşüb gəlir o gecə həyatının nağılını yaşayacağı parka...

 

Gəlin lap əvvəldən başlayaq...

 

İki gün öncənin bazar səhəri bəlkə bu ilin ən narahat, ən qarışıq səhərlərindən biri idi. Səhərdən başlayan yağış ara vermədən, nəfəs almadan yağmaqda, yağıb küçələri, yolları suya qərq etməkdə qərarlı idi, deyəsən. Elə bil kimsə göylərin qəlbinə dəymişdi. O da ovunmaq bilməyən körpə kimi elə hey gözlərinin yaşını tökürdü, tökürdü...

 

O yağışa rəğmən bir nağılın izi ilə "Səda" Tədris Teatrının yolunu tutdum. Saat 18:00-da "M-Teatr"ın ("Mənim Teatrım") Rövşən Ağayevin "Bir gecənin nağılı" pyesi əsasında Əməkdar artist Vidadi Həsənovun quruluşunda səhnələşdirdiyi tamaşa göstəriləcəkdi. Yol boyunca içimdə o küskün göyləri yamanlayırdım, küsməyə vaxtmı tapdınız, bu sel suyun içində tamaşaya neçə nəfər gələ biləcək ki?

 

Teatra çatanda isə gözlərimə inanmadım. Foye adamla dolu idi. Deyəsən, bu inadkar yağışın belə, mənim kimi başqalarının da bir gecənin nağılına şahidlik etmək həvəsini qırmağa gücü çatmamışdı.

 

Teatrın qaranlıq zalına daxil olub yerlərimizi tapmağa çalışırdıq ki, salamsız-kəlamsız səhnədən musiqi səsini eşidirik:

 

"Bu dünyada nağıl çoxdu,

Hamısı da belə başlar:

biri vardı, biri yoxdu.

Nağıllarda şəhər çoxdu,

İstəyirəm danışım mən,

Bir dənizin sahilində

Nağıl olan şəhərimdən".

 

Sözləri Kəmalə Abıyevaya, musiqisi isə Aygün Səmədzadəyə aid hamımıza çox gözəl tanış olan bu mahnını lirik səsli aktyor Vüqar Hacıyev ifa edirdi. Həzin mahnının sədaları altında hamılıqla qaranlıq tamaşa zalını tərk edib nağıllar aləminə səyahətə çıxırıq. Bizi yenidən zala qaytaran isə görünməz səsin tamaşa öncəsi xəbərdarlığı olur. Deməli, nağıl gecə başlayır...

 

Ta dünya yaranandan nağıl olub. Adəm Həvvadan başlamış qəhrəmanlarımız olan qızla oğlanın tanış olduqları gecəyə kimi...

 

Qız ailəsinin güclə verdiyi oğlanla nişanlanmamaq üçün evdən qaçıb. Bakının bir tənha parkına ümid gətirib. İstəyi isə qarşısına çıxan ilk oğlanla ailə qurmaqdır. Hələ özünə haqq qazandırmağa səbəbi var: "Valideynlərimin verdiyi üzünü belə görmədiyim insana ərə getməkdənsə, qarşıma çıxan ilk oğlanla evlənərəm. Heç olmasa onun üzünü görmüş olaram".

 

Qarşısına isə bəxtindən sözün əsl mənasında "ana uşağı" çıxır...

 

Həmin gecə Bakının gözdən uzaq o parkının bir qonağı da vardı: həmin o mağmın oğlan. Gecə vaxtı çiynindəki böyük çanta ilə evinə qayıdan oğlan parkda tək-tənha oturub qəribə sözlər danışan qıza belə demək mümkünsə "ilişir". Qız birdən, birə qarşısına çıxıb ona evlənmək təklif edir. Oğlan isə elə hey anasının narahat olacağından qorxub qızdan can qurtarmağa, evə getməyə çalışır. Gənc alim olduğunu, doktorluq dissertasiyasını müdafiə etmədən evlənmək istəmədiyini deyən oğlanın bu fikirlərinin əslində valideynlərinin istəyi olduğu gün kimi aydındır. Qız isə fikrindən dönmək istəmir, oğlanı getməyə qoymur. Müxtəlif sözlərlə, cilvələrlə, göz yaşlarıyla nəhayət, sirrini açaraq onu fikrindən daşındırmağı bacarır.

 

Əvvəlcə qızdan can qurtarmağa çalışan oğlan getmək zamanında gənc bir qızı parkın ortasında tək-tənha qoyub getməyi özünə sığışdırmır. Buna cəhd eləsə , qıza qarşı marağının yarandığı onu qoyub getmək istəmədiyi görünür. Gah nömrəsini qıza verir, gah skamyanın yanındakı kötükdə oturub kitab oxuyur, gah qızı dilə tutmağa çalışır, amma yenə getmir ki, getmir. Beləcə, anasının narahat qalacağı qorxusunu belə unudaraq gecənin gec saatına qədər təzəcə tanış olduğu qəribə qızın yanında qalır.

 

İlk dəfə gecə vaxtı evə getmədiyinin fərqinə varan oğlan hiss etdiyi azadlıqdan xoşhallanır, sevinir. Özünü, nəhayət, özü kimi hiss edir. İki gənc həmin gecə o parkda ilk dəfə azadlığı dadırlar. Onların söhbətindən aydın olur ki, bu zamana qədər hələ heç biri sevməyib, sevginin, qadın-kişi münasibətinin olduğunu belə bilmirlər. Bu barədə heç bir fikri olmayan oğlandan fərqli olaraq, qız ilk sevgi etirafında, ilk toxunuşda göylərin guruldayacağını, yağışın yağacağını düşünür. Axı o, möcüzələrə inanır...

 

Nəhayət, iki gəncin qarşılaşdığı gecə onların bir-birinə aşiq olmağına, oğlanın qıza eşq elan etməyinə səbəb olur. Qız isə ailəsinin razılığı ilə olsa belə nişanlı olduğunu, artıq saatın gec olduğunu, evə getməli olduqlarını deyərək oğlanın sevgisini rədd edir. Bayaqdan qızdan yaxa qurtarmağa çalışan, indi isə ona aşiq olduğunu deyən oğlan qızın birdən-birə niyə belə dəyişdiyini anlamır. Bu dəfə inad edən, dönə-dönə evlilik təklifi edən tərəf oğlan olur. Qız isə rədd edir. Səbəb də həmin an göyün guruldamamağı, yağışın yağmamağıdır. Axı, o, möcüzələrə inanır...

 

Qızın onu rədd etdiyini görən, əli hər yerdən üzülən oğlan onu hər gecə bu parkda gözləyəcəyini, bu sevgidən dönməyəcəyini deyir və qız gedir. Elə bu an kimsənin gözləmədiyi, yalnız qızın saf ürəklə inandığı o möcüzə baş verir: göy guruldayır, yağış başlayır. Beləcə, iki gənc öncə azadlıqlarına, sonra isə sevgilərinə qovuşurlar.

 

Bir hissəli melodrama mövzusurejissor işindən əlavə, səmimi və dinamik aktyor ifası, maraqlı səhnə dekorasiyası, mövzu ilə uyğunluq təşkil edən musiqi seçimi ilə də yadda qalır. "M-Teatr"ın gənc və istedadlı aktrisası Günay Əhmədlə Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, istedadlı aktyor Ziya Ağa öz oyunları, bir-biri ilə harmoniya təşkil edən hərəkətləri, obrazları tamaşaçıya təqdim etmək bacarıqları ilə heç də təcrübəli aktyorlardan geri qalmırdılar. Əməkdar artist, tamaşanın quruluşçu rejissoru Vidadi Həsənovun incə ştrixləri isə pyesi daha dinamik, axıcı və maraqlı etmişdi. Səhnədə iki nəfərin olmasından asılı olmayaraq, tamaşaçı darıxmır, yorulmurdu. Tamaşaya fon musiqisi kimi seçilən müğənni Miri Yusifin "Qubernator bağı" mahnısı isə mövzu ilə ahəng təşkil edirdi: "Bu şəhərdə tənhayam tənhalar parkında..."

 

Tamaşadan sonra təəssüratlarımızın bir qismini kirpiklərimizin ucuna, qalanını isə ürəyimizə yığıb çölə çıxırıq. Yağış isə hələ də yağmaqdadır. Elə bil göylər yağışı bəhanə edib yeri öpür, öpür, amma hələ də doymur. Kirpiklərimin ucundakı təəssüratlarımı isladan yağışa baxıb düşünürəm: görəsən, bu yağış hansı qızın məhəbbət möcüzəsidir?!

 

525-ci qəzet.-2018.-20 fevral.-S.6.