"O təyyarəçi həyatımda
dönüş etdi, əlilliyimlə
barışdım"
Bir uğurun
tarixçəsi
Uşaq və gənclərin fiziki
və mənəvi inkişafı
"1991-ci il, martın
1-i idi. Kənddə toy vardı. 11-ci sinifdə oxuyurdum.
Müəllimdən icazə aldım
ki, toya gedəcəm. Evə gəldim,
məni gözləməyib
gediblər. Stress keçirdim.
Və birdən... Sanki kürəyimə bıçaq sancdılar.
Ağrıdan yerimdən tərpənə
bilmədim. Ağrı kürəyimdən
ayağıma, qollarıma
doğru yayıldı
və ötüb keçdi. Anamgil toydan qayıdanda
etiraz əlaməti olaraq qarşılarına
çıxmadım, yerimə
uzandım. Guya xəstələnmişəm.
Əslində, ağrı-filan yoxuydu. Bir qədər sonra
yerimdən qalxmaq istəyəndə, gördüm
ayağımın altını
hiss etmirəm. Narahat oldum,
sakitcə təkrar yerimə uzandım. Axşama doğru hiss etdim ki, yox,
ayağımı hiss etmirəm.
Xalam oğlu həkim idi. Onun yanına apardılar.
Həmin
gün xəstəsi çox olduğundan məni qəbul etmədi. Beləcə,
üç gün kənddə ev
şəraitində qaldım.
Üçüncü gün
təkrar həkimə
aparanda artıq qurşağa qədər
bədənimi hiss etmirdim".
Bunu Azərbaycan
Milli Paralimpiya Komitəsinin ilk qadın idmançısı Zinyət
Səyyad qızı Vəliyeva deyir. Z. Vəliyeva
1974-cü ildə Şəmkirin
Keçili kəndində
çoxuşaqlı ailədə
dünyaya gəlib. O,
həm Azərbaycanda,
həm də MDB ölkələri arasında
kamandan oxatma idman növündə ilk lisenziyanı qazanıb. Ardını
Zinyətin özü
danışır.
- Həkimlər yaşayıb-yaşamayacağımın
sual altında olduğunu dedilər. 10 gün sonra
həyati təhlükəm
keçdi. Bir ay rayon xəstəxanasında
qaldıqdan sonra Bakıya göndərdilər.
Həkimlər onurğa sütunumun
iflic olduğunu, tam müalicə üçün
gecikdiyimizi dedilər.
Vaxtında gətirsəydilər, bəlkə də sağalardım.
Şəfa axtara-axtara Moskvaya qədər gedib çıxır. Uzun illər xəstəxanalarda,
bərpa mərkəzlərində
müalicə alır.
5 illik müalicə
və iradəsi sayəsində əlil arabasından qoltuq ağacına keçməyi
bacarır.
- Bir neçə il əvvəl
həmin o toyu olan qızın övladının toyu oldu. Bəzən dönüb o günlərə
baxanda özümdən
soruşuram, dəyərdimi?
Bilirsən, bacımın biri
mənə görə
ümumiyyətlə ailə
qurmadı. O, öz
gələcəyini mənə
fəda etdi. 2 qardaş, 8 bacıyıq.
Atam rəhmətə gedəndə
10 yaşım vardı.
Anam evdar qadın idi. Min bir
əziyyətlə bizi
böyüdüb. Mən ailənin
9-cu övladıyam. Anam yaşlı
idi, mənə qulluq etmək, xəstəxanada yanımda
qalmaq lazımıydı.
Evimizin
son beşiyini isə mənə görə sevmədiyi birinə ərə verdilər.
Çünki oğlan mənim
müalicəyə gedəcəyim
şəhərdə, Krımda
yaşayırdı. Və
orda mənim yanımda qalmağa adam lazım
idi (kövrəlir)...
Yaşıdları məktəbdə "Son zəng"lərini qeyd edərkən Zinyət Bakıda hərbi hospitalda yatırdı.
- Ağlamaq istəyirdim. Anamı üzməyim deyə heç vaxt onun yanında ağlamazdım. Bir təhər əlil arabasıyla hospitalın dəhlizinə çıxdım. Pəncərənin qarşısına keçib hönkürtü ilə ağladım. Bu vaxt şöbə müdiri məni gördü. Yəhudi idi. Rusca soruşdu, nə olub, səni kim incidib? Rusca bilmirdim. Bir azərbaycanlı çağırdı. Bu gün son zəngim olduğunu dedim. Çox duyğulu adam idi. Mənə qoşulub ağladı. Dedi, bunu əvvəldən bilsəydim, sənin üçün burda bir zəng çaldırardım ki... Bu söz məni lap pis tutdu, daha bərk hönkürdüm. Hospitaldakı əsgərlər mənə təsəlli verməyə çalışırdılar. O vaxt Bakıda məzunlar son zəngi bulvarda keçirirdi. Çox israr etdilər ki, gəl səni qucağımızda ora aparaq. Razılaşmadım. Onların əlindən qaçıb televizor otağında gizləndim. Tək qalmaq istəyirdim. Televizoru açan kimi də xəbərlərdə hansısa bir məktəbin son zəngini göstərirdilər. Bir oğlan balaca bir qızı boynuna alıb zəngi çalırdı. Hönkür-hönkür ağladım. Əsgərlər məni burda da tapdılar. Kimisinin əlində qızıl gül vardı, kimisi iydə ağacından bir budaq, kimisi yasəmən gətirmişdi. Qucağımı güllərlə doldurdular. Otağımı qərənfillərlə bəzəmişdilər. 27 il keçməsinə baxmayaraq, o gülləri hələ də kitablarımın arasında saxlayıram.
5 ildən sonra attestat alır. Ailəsi və qohumlarının etirazına baxmayaraq, sənədlərini ali məktəbə verir. Uşaqlıqdan bağça müəlliməsi olmaq arzusunda olsa da, oturaq iş görə biləcəyi ixtisas seçir və Azərbaycan Neft Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olur.
- Bakıda qalmalıydım. Qohumlar isə məni evlərində saxlamaq istəmədi. Kirayə ev tapmalıydım. Telefonla zəng edirəm, deyirlər, ev var. Evə baxmağa gedirəm, əlil olduğumu görüb imtina edirlər. Çətinliklə ev tapdım. Gecə-gündüz çalışdım, diplomumu aldım. Qayıtdım rayona ki, öz kəndimdə çalışım, rayonuma xeyir verim. Əlil olduğuma görə işə götürmədilər. 2 ildən sonra tələbə yoldaşım Bakıya toyuna dəvət etdi. Elə o çıxan, çıxdım rayondan, başladım Bakıda özümə iş axtarmağa. Vaxtı ilə kömək etdiyim bir insan öz şirkətində iş verdi. İlk maşımı alanda sevincimin həddi-hüdudu yoxuydu. İndiki pulla 66 manat! O vaxt üçün az pul deyildi. 2012-ci ildən isə ADA Universitetində işləyirəm. Əvvəl Təhlükəsizlik Şöbəsində çalışırdım, indi Tələbə Qəbulu və Qeydiyyat Şöbəsindəyəm.
Orta məktəbdən idmanı sevən Zinyət 1998-ci ildə Marina Borisovna Selikovskayanın rəhbərliyi altında kamandan ox atmaqla məşğul olmağa başlayır. Beləliklə, o, Azərbaycanda atıcılıq üzrə ilk qadın paralimpiyaçımız olur. Respublika çempionudur. Dünya çempionatında 9-cu, Avropa çempionatında 5-ci, Londonda keçirilən beynəlxalq turnirdə 4-cü yeri qazanıb. 2016-cı ildə Milli Paralimpiya Komitəsinin yaranmasının 10 illiyində prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
- Xəstəxanada olanda həkimim mənə kitab vermişdi. Səhv etmirəmsə, adı ya "Dəmir adam"ıydı, ya "Polad adam". Əsərin qəhrəmanı olan təyyarəçi qəzada iki ayağını itirir. Uzun sürən əzablardan sonra o, yenə təyyarəsini göylərə uçurmağı bacarır. Bax, bu kitab və o təyyarəçi mənim həyatımda dönüş etdi, əlilliyimlə barışdım. Mənə yaşamaq, mübarizə aparmaq üçün stimul verdi. Daim xəyallar qurardım. Onlar bir az zəif alınanda, dağıdıb başqa xəyallara dalardım. Bu gün illər əvvəl qurduğum xəyalları gerçəkləşdirmişəm. Ali təhsil almaq istəyirdim, aldım. İdmançı olmaq istəyirdim, oldum. Maşın sürmək istəyirdim, sürdüm. Və nəhayət ailə qurmaq, evimin qadını, anası olmaq istəyirdim,...
Beləliklə, Bakı kimi böyük şəhərdə öz gücünə ayaqda durmağı bacarır. Çox əziyyət çəksə də, yolundan dönmür, bezmir. Və nəhayət...
- 2013-cü il, oktyabrın 22-də ailə həyatı qurdum. 4 yaşında oğlumuz var. Həsən. İllər əvvəl mənə ailə qurmaq barədə məsləhət edənlərə əsəbiləşirdim. 15 yaşımdan qapımızı yağır edən elçilərin suyu əlil olandan sonra qurumuşdu. Anlayırdım ki, heç kimsə əlil qızla evlənmək istəməz. Kimsə mənə sevgisini etiraf edəndə, ürəyimdə deyirdim ki, yox, onun sənə sadəcə yazığı gəlir. Onların sevgilərini görməməzlikdən gəlirdim. Ta Qalibi tanıyana qədər. Özümü tam idmana bağladığım vaxt o qarşıma çıxdı. Əslində, onunla tanışlığımız 1998-ci ildən başlayır. O vaxt mən Əlillərin Protez Ortopedik Reabilitasiya Mərkəzində müalicə alırdım. Qalib Qarabağ müharibəsində bir ayağını itirib, o da həmin mərkəzdə müalicə alırdı. İllər sonra, 2010-da Bakıda yenidən qarşılaşdıq. Masaja getmişdim, orda rastlaşdıq, salamlaşdıq, belə-belə aramızda münasibət yarandı. Mənə evlilik təklif etdi, evləndik. Ailə həyatı tamam başqa həyatdır. Ailə qurmaq, ailəni qoruyub saxlamaq çətindir. Ailədə qadının rolu böyükdür. Ailəni qorumaq üçün qadınlar çox güclü və fədakar olmalıdırlar.
Qalib Əliyev Qarabağ müharibəsi əlilidir. Paralimpiyaçıdır. Qılınc oynatmaq, bir də alpinizmlə məşğul olur. O, yeganə əlildir ki, bir ayağı ilə on yeddi metr hündürlüyündə süni dağa dırmaşır. Ötən ilin oktyabr ayında Qalib "Heydər Əliyev" zirvəsinə yürüş edib. 3245 metr qalxdıqdan sonra zirvəyə 500 metr qala ortopedik protezi sındığı üçün bələdçilərin və həkimin məsləhəti ilə yürüşü yarımçıq dayandırmalı olub. Qalib Heydər Əliyev zirvəsinə yürüş etmiş ilk əlilliyi olan idmançıdır.
- 2014-cü ildə Cenevrəyə dəvət aldım. Əllərin Beynəlxalq Müdafiəsi bağlı konvensiyanın hazırlanmasında iştirak etdim. Əlillər haqqında konvensiyaya baxsanız, görərsiniz ki, əlillərlə bağlı gözəl qanunlarımız var. Sadəcə, bu qanunları icra etmək lazımdı. Cəmiyyətdəki əlillərə olan münasibəti dəyişmək lazımdı. Bunun üçün də məktəbdən, bir də səhiyyədən başlanmalıdır. Bizə yazığı gəlmək yox, dəstək olmaq lazımdı! Siz küçələrdə çox nadir halda əlil görərsiniz. Amma bu o demək deyil ki, bizdə əlil azdı. Hamısı evlərdədir, bayıra çıxmırlar. Bəs niyə? Elə əlil var beş mərtəbəli binanın beşinci mərtəbəsində yaşayır. Lift də yoxdur. Bir dəfə qardaşı, bir dəfə atası onu qucağında həyətə düşürür. Düzdür, mədəniyyətin beşiyi şərq hesab edilsə də, bizdə əlillərə qarşı başqa yanaşma var. Onlar bilməlidirlər ki, bizim nailiyyətlərimizi görəndə, təəccüblənmək lazım deyil. Bir dəfə jurnalist əlil qadının qucağında uşaq görüb hisslərini belə ifadə etmişdi: "Mən dəhşətə gəldim!" Axı burda dəhşətə gələsi nə var?! Qadındırsa, dünyaya uşaq gətirə bilər. Bir vaxt insanlar sözə baxmayan uşaqlarını əlillərlə qorxudurdular. Əlilə dilənçi kimi baxırdılar. Sevindiricidir ki, bu gün bu baxış, bu yanaşma qismən dəyişib. "Əlillik etikası" adlı kitab var. Çox istəyərdim, bunu hamı oxusun. Əlil insana yaxınlaşıb kömək istəyəndə belə, ondan icazə alınmalıdır. İnfrastruktur əlillərə uyğun qurulmalıdır. 90-cı illərə baxanda Bakıda xeyli inkişaf var. İnanıram ki, yaxın gələcəkdə şəhərimizdə infrastruktur daha da təkmilləşəcək. Əvvəl əlillər üçün ictimai nəqliyyat yox idisə, bu gün "London" taksiləri, "BakuBus" avtobusları var. Yollara panduslar düzülür. Cenevrədə olanda köməksiz hərəkət edirdim. Çünki hər yerdə əlil arabaları üçün xüsusi qurğular vardı. İlk dəfə Bakıya 1989-cu ildə gəlmişdim. Onda metroya minmişdim. Çox xoşuma gəlmişdi. Bir də 23 il sonra Londonda metroya minə bildim. Oğlum o gün bağçaya getmək istəmirdi. Həvəsləndirmək üçün dedim Həsən, bağçaya getsən, səni yelləncəyə aparacağam. Oğlum mənə inanmadı. Dedi, sən yalançısan. Söz verirsən, amma aparmırsan. Çox istəyərdim ki, bizdə də ictimai nəqliyyat elə qurulsun ki, əlil arabasında oğlumla birgə gəzməyə gedə bilək. Uşağıyla gəzən analar görəndə həsədlə baxıram. ADA Universitetinin rektoru Hafiz Paşayev sağ olsun, Universitetimizdə əlillərin sərbəst hərəkət etməsi üçün bütün şərait yaradılıb. Nahar fasiləsində çəliklərimi də götürüb həyətə düşürəm. Dərhal ürəyimdən keçir, kaş Həsən yanımda olaydı...
Hazırda Zinyət 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək Yay Olimpiadasına hazırlaşır.
- Kamandan oxatma klassik idman növüdür deyə bu sahədə məşqçilərimiz yox səviyyəsindədir. Bu idman növü üzrə ən güclü idmançılar Koreya və Yaponiyadan çıxır. Onların arasında nəticə qazanmaq asan deyil. Yarışlardan məğlub qayıdanda, fikir verirəm, adama qəribə baxırlar. İdmanı sevirəm. Birinci ona görə ki, bu, sağlamlıqdı. Uddun, ya udmadın, sən ölkəni təmsil edirsən, bayrağın bayraqlar arasında dalğalanır. Orda Zinyət yox, Azərbaycanın adı səslənir. Vaxt vardı beynəlxalq yarışlara çıxanda Azərbaycanı tanımırdılar. Avropa Oyunlarından sonra Azərbaycan deyən kimi soruşurlar Bakıdansan? Bu, çox qürurvericidir...
lll
Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, ölkəmizdə 57 qadın paralimpiyaçı var. Onlardan 10-u cüdo, 2-si üzgüçülük, 25-i Boccia, 2-si qılıncoynatma, 1-i ağırlıq qaldırma, 4-ü masaüstü tennis, 2-si kamandan oxatma, 5-i əlil arabasında rəqs, 2-si atletika, 3-ü parataekvando idman növü üzrə məşğul olurlar...
Bu gün biz onlardan sadəcə biri ilə tanış olduq.
Ləman MUSTAFAQIZI
Lent.az saytının
müxbiri
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim edilir.
525-ci qəzet.-2018.-21 fevral.-S.8.