Dil milli mədəniyyətin
ən böyük nümunəsidir
Hər bir xalq öz dili
ilə tanınır. Dildə xalqın
mənəviyyatı, ruhu
əks olunur. Dil yaranıb formalaşdığı
dövrdən etibarən
cəmiyyət üzvləri
arasında heç bir fərq qoymadan
ünsiyyət vasitəsi
rolunu daşımışdır.
Cəmiyyətdə formalaşan, inkişaf edən dil aid olduğu xalqların keçmişi və tarixidir. Dil mənəviyyatın özüdür. Mənəvi aləmi öyrənmək,
onun nə dərəcədə zəngin
olduğunu araşdırmaq
dilin inkişaf yolu və məqsədidir.
Dil hər bir millətin maddi və mənəvi
irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini
yaxşı bilməli
və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl
təhsil almasında,
öz soydaşları
ilə ünsiyyət
qurmasında mühüm
rol oynayır.
Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə
başqa xalqların mədəni irsi ilə tanış
olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Dil milli mədəniyyətimizin ən
böyük nümunəsidir. Çünki hər hansı bir millətin tarixini, mədəniyyətini
öyrənmək istəyiriksə,
biz ilk növbədə onun
dilinə bələd
olmalıyıq. Hər bir
millət məskunlaşdığı
yerdən asılı
olmayaraq dilini qoruyub saxlamağı bacarmalı və yaşatmalıdır. Çünki vətənsiz millət yaşayar, amma dilsiz yox. Dil həm çoxcəhətli,
həm də mürəkkəb ictimai hadisədir. Dil bilavasitə
mənəviyyatla bağlıdır.
Məlumdur ki, dil daim dəyişir. Dillərin hər biri özü-özlüyündə
zəngin tərkibə,
müxtəlif quruluşa
və geniş ifadə imkanlarına malikdir. Buna görə də
hər bir xalq öz dilinin
bu və ya digər səviyyədə
qoruyur və onun qayğısına qalır.
21 Fevral bütün
dünyada Beynəlxalq
Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı
1999-cu ilin noyabrında
Banqladeş səfirinin
təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə
bir qədər də əvvələ gedir. 21 fevral
1952-ci ildə Pakistanda
benqal dilinin qadağan edilməsinə
etiraz olaraq keçirilən aksiyada
polis və silahlı qüvvələrin müdaxiləsi
nəticəsində 4 nəfər
şəhid olub.
Banqladeş nümayəndələri fevralın
21-ni məhz həmin şəhidlərin xatirəsinə
ehtiram əlaməti kimi Ana dili günü
adlandırılması haqqında
müraciət ediblər.
YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə
bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə
Ana dilinin əhəmiyyəti
ilə bağlı tədbirlər, konfranslar,
seminarlar keçirilsin.
Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək,
onunla qürur duymaq, onu qorumaq,
inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Hər bir milli dəyər,
ələlxüsus da,
ana dili nə qədər xalqın keçmişini,
qədimliyini özündə
əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur
və məişət
dili səddini keçə bilmir, ali məqamlarda
təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə
fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz
hakimiyyətə gəldiyi
elə ilk gündən
ana dilimizə layiq olduğu statusu verdi
və bunu bütün fəaliyyəti
boyu ən yüksək səviyyədə
davam etdirdi. Bəhs etdiyimiz məsələ ilə bağlı bütün dövlət sənədləri elə
bil ki, biri
digərinin davamı oldu. Ana dilinə dövlət
siyasətində bu qədər əhəmiyyət
vermənin, əlbəttə,
öz sirri, öz şərhi, izahı vardır. Çünki dil elə bir sistem,
elə bir varlıqdır ki, bütün dəyərləri
- milli, ənənəvi,
dini, dünyəvi və s. özündə,
öz ruhunda qoruyub saxlayır,
nəsildən-nəslə ötürür. Nəsillər bir-birini məhz dil vasitəsilə məlumatlandırır, tərbiyə
edir, təlimləndirir,
ruhən yetişdirir.
Buna görə də
milləti məhv etmək üçün
ilk növbədə onun
dilini hədəfə götürüb
məhv edirlər, unutdururlar, qarışdırırlar.
Buna görə idi ki, ana dilimizə
həmişə öz
diqqətini əsirgəməyən
ümummilli lider Heydər Əliyev deyirdi: "Bu dil bizi keçmişdə olduğu kimi indi də, gələcəkdə
də birləşdirəcəkdir".
Bizi birləşdirən və
milli birliyimizin təminatçısı olan
ana dilimiz həmişə vətəndaşlarımızla
birgə ana vətən uğrunda mübarizə aparıb, təzyiqlərə, təsirlərə,
diqqətsizliklərə baxmayaraq,
min illərin abidəsi
kimi möhkəm və vüqarla dayanıb. Bir tərəfdən də ümummilli liderimiz ana dilini bu
cür keyfiyyətlərinə
görə sevir və hörmət duyurdu: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz
ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr
edirəm". Ulu
öndərin bilavasitə
uzaqgörən fəaliyyəti
ilə milli dil siyasətini yürüdə biləcək
tarixi əhəmiyyətli dövlət
qərarları verildi.
Bu mənada, dilin
dövlət dili statusu qazanması həqiqətən qürur
gətirən tarixi hadisədir. Azərbaycan dili
bu tarixi hadisəni yaşayıb.
Bu gün dilimizin
dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar
göstərmiş, "Dilimiz
çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən
mən öz ana dilimi çox
sevir və bu dildə danışmağımla
fəxr edirəm" - deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.
Ölkəmizdə Ana dilinin hərtərəfli
inkişafı, işlək
dilə çevrilməsi,
beynəlxalq münasibətlər
sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu
öndər Heydər
Əliyevin dilin qorunmasına yönələn
düşünülmüş siyasətinin nəticəsidir. Heydər Əliyevlə
başlanmış milli
dil siyasətinin uğurları cənab Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirildi. Naxçıvanda və Mingəçevirdə
"Ana dili" abidəsi
qoyulması ana dilimizə milli sevgini təcəssüm etdirir. Bu, sadə, özündə ana dilimizin xəlqiliyi və sadəliyini, saflıq və gözəlliyini, hər bir fərdin bildiyi qədər adiliyini və kütləvi olduğu qədər əbədiliyini
nümayiş etdirən
bu abidə sanki ulu öndərimizin
bu tövsiyələrini hər
bir azərbaycanlıya
diqtə edir ki: "...Öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç
bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən
əziz heç bir şeyi ola bilməz. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. ...Hər bir azərbaycanlı
öz ana dilini bilməlidir, bu dildə səlis
danışmalıdır və
bu dili sevməlidir...
Azərbaycan dilini daha da zənginləşdirmək,
daha da inkişaf
etdirmək sizin ən müqəddəs borcunuzdur".
Azərbaycan dilinin yaranması və bugünkü səviyyəyə qalxması Azərbaycan xalqının tarixi ilə möhkəm bağlıdır və mürəkkəb proseslər nəticəsində millilik xüsusiyyətini qoruyub saxlaya bilmişdir. Hazırda Azərbaycan dili Azərbaycan xalqının milli dili, Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Və biz bu gün bütün ruhumuzla dərin fikirləri incə çalarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dilimizin millilik, xüsusiyyətini qorumalı və yad ünsürlərin dilə təsirinin qarşısını almalıyıq. Çünki Ana dili sadəcə anadan öyrəndiyimiz dil deyil, həm də düşüncələrimizin, duyğularımızın və mənliyimizin dilidir. Buna görə də toplumu millət edən ən böyük amil dildir. Dil millətin varlığını təmin edirsə, onda üzərimizə düşən məsuliyyətin böyüklüyü də aydın olur. Bu məsuliyyəti daşımağın şərəfi də bizimdir. Bu da bizdən dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmağı tələb edir.
Zülfiyyə
İSMAYIL
Filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA
Naxçıvan Bölməsinin aparıcı elmi
işçisi
525-ci qəzet.-2018.-21 fevral.-S.8.