Azərbaycanın ilk Ordu generalı:
Səməd bəy Mehmandarov
Xalq
Cümhuriyyəti-100
GÖRKƏMLİ
HƏRB XADİMİNİN ÖMÜR VƏ
FƏALİYYƏT YOLU İLƏ BAĞLI QEYDLƏR
Tanrı qisməti, alın yazısı. Tanrıdan
qeyri kimsə bu qismətdən kimin payına nə
düşdüyünü müəyyənləşdirə
bilərmi? Bəlkə də insanı min illərlə
qədərin hökmünə boyun əyməyə vadar edən
ən böyük hikmətlərdən biri elə budur: insan
heç vaxt öz taleyinin nə ilə bitəcəyindən
xəbərdar olmayıb.
Bir də
xalqın, millətin qismətinə düşən, yeri kimsəylə
əvəzedilməyəcək, alnına bir parçası
olduğu Vətənin taleyində müstəsna rol oynamaq
qisməti yazılmış nadir insanlar var. Nə
yaxşı ki, Azərbaycanın taleyində belə insanlar az olmayıb. Türk ellərində
həmişə qüdrətli söz, sənət
adamları, bir də ən böyük orduları çəkib
ardınca aparmağa, ən qəvi düşmənə qalib
gəlməyə qabil sərkərdələr olub.
Səməd bəy Mehmandarov bu millətin yetirdiyi
qüdrətli sərkərdələrdən biridir. Tanrı ondan
qabaq və sonra da türklərə neçə qüdrətli
sərkərdə bəxş edib. Ancaq Səməd
bəy bu neçələrin arasında adi sıra nəfəri
deyil, onların ən uca mərtəbədə
dayananlarından, adı ən ehtiramla çəkilməyə
layiq olanlarından biridir. Səməd bəy Azərbaycanın
taleyində çox böyük rol oynamış, ilk müstəqil
respublikanın 40 min nəfərlik ordusunu yaratmış və
bununla da yüz illərdən sonra xalqın əzəli
haqlarından biri sayılan özünümüdafiə
imkanlarını yenidən özünə qaytarmış bir
şəxsiyyətdir. Səməd bəy bənzərsiz,
iftixar olunmağa layiq, ancaq eyni zamanda, son dərəcə
mürəkkəb və zəngin bir ömür
yaşamış insandır. Əsla təsadüfi
deyil ki, onun haqqında yazan bütün müəlliflər bu
fikirdə olublar və onların hamısının eyni fikrə
gəlməsində qəribə heç nə yoxdur. Çünki Səməd bəy sadəcə olaraq
on minlərlə, yüz minlərlə adi
yaradılmışlardan biri deyildi, o, tanrı tərəfindən
bu Vətənin taleyində mühüm rol oynamaq
üçün seçilmiş bir şəxs idi və
özünün istəyi ilə onun adi bir insan ömrü
yaşaması əslində mümkünsüzdü.
Səməd
bəy Mehmandarov 1855-ci il oktyabr
ayının 16-da Lənkəran quberniyasın Lənkəran
şəhərində anadan olmuşdur. Quberniya
katibi işləyən atası Sadıqbəy Qarabağdan
köçüb gəlmiş zadəgan idi və onun öz
oğluna istənilən səviyyədə təhsil verməyə
imkanı çatırdı. Buna görə də ilk təhsilini
Bakı realnı məktəbində alan Səməd
bəyin biliklərə kifayət qədər yiyələndiyi
təqdirdə, Qərbin istənilən ali məktəbində
oxuması mümkün idi. O isə doğrudan da, hərtərəfli
bilik qazanmaq üçün ciddi səy göstərmiş,
realnı məktəbin proqramı çərçivəsində
öyrədilənləri tam mənimsəmiş, gələcəkdə
əldə edəcəyi mükəmməl elmi biliklərin
ilkin təməlini yaratmışdı. Ancaq atasının və
atasının əmisi oğlu Xanı bəy kimi yaxın
qohumlarının tövsiyələrinə baxmayaraq, 16
yaşlı Səməd mülki təhsil ardınca getmək,
sonra quberniya idarələrindən birində hansısa vəzifə
tutmaq fikrində deyildi. Bəlkə də məhz
bu yolu seçmiş atasının yolunu davam etdirməsi ona
daha sakit və uzaqmənzilli bir həyat bəxş edə bilərdi.
O isə bunu istəmirdi, ona görə də bu sayaq təkliflərə
eyni, konkret cavabı verirdi, "yox". Damarlarında
qanı qaynayan bu coşğun gəncin məqsədi tamam
başqa idi. O, hərbçi olmaq, millətini əsgəri
xidmətə belə layiq görməyən bir dövlətdə
rütbələr almaq, çiyinlərində fərqləndirici
zabit ulduzu gəzdirmək istəyirdi. Yalnız
şöhrət xatirinəmi, yaxud hərbçi geyiminin
Qafqazın bir parçası olan Azərbaycan kimi "milli
ucqar" sayılan bir məmləkətdə xarici
görünüşcə cəlbedici olmaq
üçünmü? Bəlkə bu sənətin
arxasınca düşməsində yaşına uyğun bir
macəraçılıq həvəsi vardı, yoxsa gənclik
romantikası idimi onu çəkən? Bütün bu
sualların da bir cavabı vardı: xeyr. Tək
özünə məlum idi ki, bu yolu təsadüfi seçməyib,
hələlik axıradək izah edə bilməyəcəyi
hisslər, onu ani istiqamətiəndirən güclü daxili
istək məhz bu addımı atacağına qəti inam
yaratmışdı. Özü də bu qəti
fikrindən onu kimsə döndərə bilməzdi,
çünki bu yol tanrı qisməti ilə
cızılmışdı, hərbçi ömrü
yaşamaq onun alın yazısı idi.
Seçimində qəti israr edən Səməd 16
yaşında ikən Peterburqda yerləşən ikinci
Konstantinovka artilleriya məktəbinə daxil olur və 1875-ci
ildə təhsilini uğurla başa vurur. Qarşıda
isə ən uzun və ağır hərbi xidmət illəri
gözləyirdi. Bu illərin çox
böyük bir hissəsini o qanlı müharibələrdə,
ölüm-dirim savaşlarında keçirəcək, Vətəndən
xeyli uzaqlarda olacaq və ən başlıcası təmsil elədiyi
millətin adını həmişə ucaldacaqdı. Hələlik
isə 1875-ci il idi və Peterburqda yunkerlər
məktəbini yenicə bitirmiş Səməd bəy ilk təyinat
yerinə göndərilirdi. Ancaq ilk addımdan
özünü nizam-intizamlı və bacarıqlı kadr kimi
göstərən Səməd bəyin podpyamçik rütbəsi
alması üçün o qədər də müddət
lazım gəlmir.
Elə həmin ilin dekabr ayında ona bu rütbəni
verirlər. Bir neçə müddətdən sonra isə xidmətdə
xüsusi fərqləndiyinə görə, o,
üçüncü dərəcəli "Müqəddəs
Stanislav" ordeni ilə təltif edilir.
"Odlar
yurdu" qəzetinin 13 iyul 1989-cu il tarixli
13-cü sayında böyük sərkərdənin həyatının
bundan bir qədər sonrakı dövrü, daha konkret desək,
15 il keçəndən sonrakı xidmət illəri
haqqında yazan M.Əliyev aşağıdakı məlumatları
çatdırırdı: "Səməd bəy 1890-cı
ildə kapitan rütbəsi almış, 1891-ci ildə isə
ikinci dərəcəli "Müqəddəs Stanislav"
ordeninə layiq görülmüşdür. 1894-cü
ildə Səməd bəy hərbi komandanlığın əmri
ilə Varşava hərbi dairəsinin sərancamına
göndərilmşdir. 1896-cı ildə
o, ikinci dərəcəli "Müqəddəs Anna"
ordeni ilə təltif edilmişdir. 1898-ci ildə
podpolkovnik rütbəsi alan Səməd bəy
Mehmandarov Zabaykalye artilleriya diviziyasının komandiri təyin
edilmişdir. O illərdə diviziya Mancuriyada yerləşirdi.
1900-1901-ci illərdə Çində
antiimperialist hərəkatının yatırılmasında Səməd
bəy Mehmandarovun komandir olduğu diviziya da iştirak
etmişdir. Lakin Səməd bəy Mehmandarov
silahsız Çin əsgərlərinə atəş
açmağa razı olmamışdır. 1901-ci ildə
S.Mehmandarov polkovnik rütbəsi və üçüncü
dərəcəli "Müqəddəs Vladimir" ordeni,
habelə üstündə "Qəhrəmancasına fərqlənməyə
görə" sözləri yazılmış qızıl
qılınc almışdır. Rus-yapon müharibəsi
zamanı Port-Artur şəhərini qəhrəmancasına
müdafiə edən Səməd bəy Mehmandarov 1904-cü il oktyabr ayının 22-də general-mayor
rütbəsinə və dördüncü dərəcəli
"Müqəddəs Georgi" ordeninə layiq
görülmüşdür. 1907-1910-cu illərdə
Səməd bəy Mehmandarov 3-cü Sibir ordusunda artilleriya rəisi
işləmişdir. 1908-ci il iyulun
13-də hərbi xidmətlərinə görə ona
general-leytenant rütbəsi verilmişdir.
Birinci Dünya Müharibəsində Səməd bəy
Mehmandarov Varşava əməliyyatı istiqamətində
olmuş və payızda burada rus qoşunları almanlar üzərində
tam qələbə çalmışdılar. Bu və başqa cəbhələrdə
göstərdiyi sərkərdəlik məharətinə
görə Səməd bəy Mehmandarova 1915-ci il
martın 22-də artilleriya üzrə tam general rütbəsi
verilmişdir (bu, müasir Silahlı Qüvvələr
sistemində Ordu generalı rütbəsinə bərabərdir
- L.Ş). 1917-ci ilin aprel ayında o, istefaya
çıxmışdır. Bu zaman o, Rusiyanın
"Stanislav", "Anna", "Vladimir" və "Georgi"
ordenlərinin bütün dərəcələrinə layiq
görülmüş, İngiltərə, Fransa, Rumıniya və
İranın ordenlərini almışdı. İstefaya
çıxdıqdan sonra Vladiqafqaz şəhərindəki
öz sakit mənzilində yaşayan Səməd bəy
Mehmandarov 1918-ci ilin sentyabrında Bakıya gəlmiş, 1918-ci
ilin oktyabrından hərbi nazirlikdə işləməyə
başlamış və həmin il
noyabrın 7-də hərbi nazirin müavini, dekabrın 15-də
isə hərbi nazir təyin edilmişdir.
Birinci Dünya müharibəsindən qayıdan 15 minə
yaxın azərbaycanlı Səməd bəy Mehmandarovun ətrafına
toplaşmış, döyüşkən Azərbaycan
generaliteti yaranmışdır. Ordu üçün
1918-ci ilin iyul ayında Gəncədə
açılmış praporşik məktəbi 1919-cu ilin əvvəllərində
Bakıya köçürülmüş, onun əsasında
Azərbaycan ilk hərbi məktəbi təşkil
edilmişdir. Bakıda istehkamçı və
hərbi feldşer məktəbləri də təşkil
edilmişdir. Gəncədə isə hərbiləşdirilmiş
dəmiryolu məktəbi fəaliyyətə
başlamışdır. 1920-ci ilin
yanvarında bu məktəblərə müdavim hazırlayan
xüsusi hərbi təmayüllü kadet korpusu təşkil
olunmuşdur".
Əlbəttə, Səməd bəyin Azərbaycanın sovetləşməsinə qədərki həyatının çox böyük və hərbi xidməti ilə bağlı ən başlıca dövrünü əhatə edən bu tarixlərin arasında onun 1903-cü ilin əvvəllərində Jitomirli Yelizaveta Nikolayevna Teslavla ailə qurması, elə həmin il yeddi aylıq topçu zabitləri məktəbində təhsil alması, Port-Arturda qalanın xəyanətkarcasına təslim edilməsindən sonra rus-yapon mülıaribəsində əsir düşərək 1904-1906-cı illərdə Yaponiyaya aparılıb və buradan Portsmut müqaviləsi bağlandıqdan sonra qayıtması və bir sıra digər mühüm faktlar öz əksini tapmayıb.
(Ardı var)
Lətif
ŞÜKÜROĞLU
525-ci qəzet.-2018.-21 fevral.-S.6.