Böyük alim, görkəmli dövlət
xadimi... Və gözəl insan
Nizami CƏFƏROV
Professor Murtuz Ələsgərov mənsub olduğu
xalqın, heç şübhəsiz, böyük bir
intellektualı idi. Və onun kökü çox dərinlərdən
gələn bu təbii intellektuallığı
özünü həm bilavasitə mütəxəssisi
olduğu hüquqşünaslıqda, həm də
bütövlükdə cəmiyyət, ictimai mühitlə
yanaşı, onun hər bir hadisəsinə, fərdinə
münasibətində çox aydın şəkildə
göstərirdi.
Murtuz
müəllim o hüquqşünaslardan idi ki, onun
üçün hüquq polislə, prokurorluqla, məhkəmə
ilə məhdudlaşmırdı; o, həm elmi-nəzəri təfəkkür
səviyyəsində, həm də genişmiqyaslı həyat
təcrübəsində mütəvaze bir istəklə insan
hüququnun miqyasını müəyyənləşdirməyə
çalışırdı... Və elə ki, bu
axtarışları hansısı bir "dalan"a dirənirdi,
onda səmimi, ruhunun çox-çox dərinliklərindən
gələn bir təbəssümlə "çətini
ölənə qədərdi" deyirdi... Sonra da
özü-özünə qarşı çıxan klassik
mütəfəkkirlər kimi bir az bərkdən
gülürdü...
Mən 1994-cü ildə - professor Murtuz Ələsgərov
Bakı Dövlət Universitetinin rektoru olanda filologiya
fakültəsinin dekanı seçilmişəm. Və təbii ki, rektorun
yaratdığı demokratik şərait olmasaydı, belə
bir "fövqəladə hadisə" də mümkün
olmazdı... Xatırlayıram ki, hər dəfə beş-on
namizədin iştirakı ilə keçirilən iki
seçkidən sonra fakültənin
"ağsaqqal"ları dinc durmayıb "filologiya
fakültəsinin dekanı uşaq-muşaq yox, ağsaqqal
olmalıdır" deyib ora-bura "danos"
çatdıranda Murtuz müəllim mənim "qələbə"mə
xeyir-dua verdi, "cavan olanda nə olar, seçilib, qoyun
işləsin" dedi, "kömək eləyək,
bacarmasa, sonra bir tədbir görərik"...
Böyük
şəxsiyyətlərin verdikləri dərs də
böyük olur... Və bu dərsin ən böyük təsiri
səmimiyyətdir, yoxsa adminstrativ basqıların
ağırlığı altında ən yaxşı
işçini də "öldürməy"ə nə
var. Nə təşəbbüs göstərsə, danla; nə
desə, de ki, düz demirsən...
Dekan
olanda indiyə qədər də özümə
bağışlaya bilmədiyim bir təşəbbüs
göstərdim... Fikirləşdim ki, Azərbaycan ədəbiyyatının
ən böyük nümayəndələrini fakültəyə
dəvət edim, son kurs tələbələrinə son dərsdə
hər həftə bir saat mühazirə oxusunlar... Üzüm gələn kimdən xahiş etdimsə,
gələn aya saxladı. Və axırda
Xalq şairi Qabil razılaşdı. Həqiqətən,
tələbələrin də maraqla dinlədikləri
yaxşı bir mühazirə dedi, ancaq müəllim
olmadığına görə ədəbiyyat barədə nə
bilirdisə hamısını yarım saata danışıb
qurtardı... Düşdük dekanlığa.
Qabil müəllimin özünə dost saydığı
fakültə professorlarından iki-üç nəfərə
də əvvəlcədən xəbərdarlıq eləmişdik.
Gəldilər... Qabil müəllimin şərəfinə
bir-iki rumka vurmuşduq ki, xəbər gəldi: rektor tarix
fakültəsindən endi hüquq fakültəsinə, bir
azdan filfaka gələcək... Əhli-məclisə dedim ki, siz işinizdə olun, bir azdan gəlirəm.
Və dəhlizə çıxanda Murtuz müəllimlə
üz-üzə gəldik. Görünür, fakültənin
"ağsaqqallar"ı da dinc durmayıb "lazımi
informasiyaları" vermişdilər... Çox
səmimi görüşdü, "işlər necə gedir?
Nə var, nə yox?" deyə soruşanda dedim ki, "Murtuz
müəllim, xahiş edirəm dekanlığa
buyurasınız, şair Qabil də burdadır..."
Gülümsündü... "Tələsirəm" dedi,
"ancaq Qabil burdadısa, onnan görüşüm,
yaxşı deyil"...
Dekanlıqdakı
xudmani "təmtərağ"ı, köhnə
dostları, xüsusilə Qabil müəllimin artıq "ev
yiyəsi" funksiyasını icra etdiyini görəndən
sonra Murtuz müəllim əyləşməli, məclisdəkilərin
şərəfinə sağlıq deməli və bir-iki rumka
da içməli oldu.
Məclis
ola, Qabil müəllim ola... Ordan
hələm-hələm adamın vaxtından əvvəl
çıxmağı mümkün deyildi. Və birdən
Murtuz müəllim məni işarə ilə yanına
çağırıb soruşdu ki, buralarda viski var?.. Dedim, bu dəqiqə
tapdıraram... Ancaq tapa bilmədik... O vaxt biz ədəbiyyat
adamları araq içirdik, viski barədə, sözün
açığı, elə bir təsəvvürümüz
də yox idi.
Və ilk
dəfə viskini Parisdə içdik... Oteldə, mənim
otağımda...
Murtuz müəllimin rəhbərliyi ilə parlament heyəti
- Musa Quliyev (Urud) və mən Parisə getmişdik. Azərbaycan,
Gürcüstan və Ermənistan parlament sədrlərinin
görüşü idi. Və Fransa Senatının sədri
Panselenin təşəbbüsü ilə keçirilən bu
görüş çox gərgin keçdi... Ümumiyyətlə,
mütərəqqi təsir bağışlayan, çox
nurani görkəmi olan Pansele möhtəşəm Yelisey
sarayında keçirilən görüşlərdə
münaqişələrə son qoyulmasını məsləhət
görürdü. Ancaq bu məsləhət o qədər
amorf və ya didaktik idi ki, heç bir tərəf
üçün vəziyyəti anlatmaq (və müzakirə
predmeti tapmaq) imkanı vermirdi... "Təşəbbüsü"
Nino Burcanadze ələ alıb dedi ki, biz Qərb mədəniyyətinin
varisi olduğumuza görə münaqişənin
münsifliyini edə bilərik. Yaxşı olar ki, bu
missiyanı bizə verəsiniz... Pansele güldü, "azərbaycanlılarla
erməniləri dinləyək" dedi, "ancaq nəzərə
alın ki, biz bura dava eləməyə yox, sülh
yollarını tapmaq üçün
yığışmışıq"...
Sülh
isə mümkün deyildi... Qarşılıqlı ittihamlar
səsləndi... Biz tərəfdən konkret qarşı tərəfdən
"mifoloji"...
Musa Quliyevin statistik məlumatlarla dolu (və alovlu)
çıxışını Pansele yarıda kəsməli
oldu. Və
dedi ki, hər halda barışıq üçün yollar axtarmaq
lazımdır. Musa belə bir yolun
olmadığını sübut etmək istəyəndə
Pansele onun sözünü bir də kəsdi. Dedi ki, mən
fransızam, İkinci Dünya Müharibəsində almanlar
Fransanı işğal etmişdilər, ancaq bu yaxınlarda mənim
nəvəm bir almana ərə getdi...
Və məsələ
böyüdü... Beynəlxalq etiketləri dərindən
bilən Murtuz müəllim ona söz verildikdə təmkinlə
(və təbəssümlə) Panseleyə təşəkkür
elədi, bütün müharibələrin, münaqişələrin
sülhlə nəticələnməsinin həm maraqlı tərəflər,
həm də insanlıq üçün alternativsiz bir istək
olduğunu söylədi. Həm Almaniyanın, həm də
Fransanın yaxın tarixindən misallar gətirib
yığcam şərh verdikdən sonra Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ probleminin mahiyyətini beş-on dəqiqə
ərzində elə izah etdi ki, nəinki Gürcüstanla Ermənistanın
gənc parlament sədrləri, hətta ağsaqqal, müdrik
Pansele də başlarını aşağı əyib Azərbaycan
parlamenti sədrinin sonda nə deyəcəyini gözləməli
oldular...
Və müzakirə bitdi.
Otelə qayıdıb bir-iki saat dincəldikdən sonra
telefon zəng çaldı. Murtuz müəllimin
mühafizəçisi İlqar idi. Dedi ki, Murtuz müəllim
sizlə söhbət eləmək istəyir... Və çox
keçmədi ki, Murtuz müəllim, Musa və mən otaqda
şirin söhbətə başladıq... Daha doğrusu, o
danışır, biz qulaq asırdıq... İlqar
peşə vərdişinə uyğun olaraq gah gəlir, gah
da gedirdi. Birdən söhbətarası
Murtuz müəllim ona nə isə işarə edəndə
İlqar "bu dəqiqə" deyib getdi. Və
çox keçmədi ki, müasir dünyanın siyasi
problemlərini biz artıq qarşımızdakı bir
şüşə keyfiyyətli viskini iri stəkanlara
süzüb qurtum-qurtum içə-içə müzakirə
edirdik... Dünyada Azərbaycandan böyük ölkə, Azərbaycandan
güclü dövlət yox idi...
İlqar
növbəti dəfə içəri girib cib telefonunu Murtuz
müəllimə verəndə Musa ilə mən hiss elədik
ki, məclisin sonudur. Təəssüfləndik.
Çünki bu böyük insanla bir yerdə olmaq, onu üzbəüz
dinləmək, sual verib-cavab almaq, hərdən də elə
bir dəyəri olmayan mövqeyini ona bildirib rəyini öyrənmək
ələ düşən deyildi... Murtuz müəllim
qonşu otaqdakı həyat yoldaşına vəziyyətinin
yaxşı olduğunu, kofe içə-içə söhbət
elədiyimizi dedi. Ancaq görünür,
İlqarın otaqdakı viski şüşəsini
apardığını xanım bilmişdi. Və istəmirdi
ki, Murtuz müəllim "qadağa"ları pozsun...
Mən dekanlıqdakı "məclis"i yada
saldım. Əvvəl şair Qabildən, sonra da ədəbiyyat
adamlarından danışmağa başladıq. Və söhbət bitəndə artıq viski
şüşəsi də tamamilə
boşalmışdı.
Səhərisi gün Fransanın şimalına - Atlantik
okeanının sahillərinə doğru gəzməyə
apardılar. Hava olduqca təmiz idi, bağ-bağçalı,
gül-çiçəkli, bir-iki mərtəbəli həyət
evləri olan qəsəbələrdən keçirdik.
Birində dayandıq, adi yeməkxanada yüngül nahar elədik...
Yenidən yola düşəndə Murtuz müəllim ətrafa
göz gəzdirib "Nizami, nə dissertasiya yazılmalı
yerlərdir..." dedi. Onu başa düşdüm... Çünki elm adamı üçün dissertasiya
yazmaqdan ötrü sakit bir yer tapmaqdan vacib heç nə
olmur. Və elə sonralar da ağlına
ağıllı fikir gələndə belə bir yer
axtarır... Əli qələm tutana qədər...
Murtuz müəllim mənim yaddaşımda, görkəmli
tarixi şəxsiyyət olmaqdan əlavə, son dərəcə
səmimi, ünsiyyətcil, ürəyiaçıq (və
müdrik, təcrübəli, məqsədyönlü) bir
insan kimi qalıb. Onun komandanlığı ilə, necə deyərlər,
hər cür döyüşə getmək olardı...
Türkiyəyə rəsmi səfərə
getmişdik.
Və bu səfərin hər mənalı məqamı mənim
yadımdadır desəm, şübhə etməyin...
Böyük bir nümayəndə heyətinin iştirak etdiyi
bu səfərdə Murtuz müəllim sadəcə heyət
rəhbəri yox, həm də hər sözü, mimikası
ilə hesablaşılan böyük qardaş idi...
Bütün rəsmi görüşlərdə nə o bizə
bir kəlmə söz dedi, nə də biz ona... Bircə
baxış kifayət edirdi... Hərə öz yerini bilirdi...
... Müxalifətin strategiyası ilə taktikası
üst-üstə düşmüşdü.
Çalışırdılar ki, Məclisin sonunda elə bir
qalmaqal qarışdırsınlar ki, heç olmasa balaca bir təskinlik
olsun... Qulamhüseyn Əliyev nə isə az-çox diqqəti
cəlb edəcək bir şey dedi... Söz
Siyavuş Novruzova verildi. Və Siyavuş özünəməxsus
bir təmkinlə Qulamhüseynə məsləhət bildi ki,
gedib M.F.Axundov adına Mərkəzi
Kitabxanadakı kitablardan bir-ikisini oxusun... Qulamhüseyn müəllimi
od götürdü. Dedi ki, Murtuz müəllim,
Siyavuş sizin də tələbəniz olub, mənim də...
İndi necə olur ki, bizi kitab oxumağa göndərir?..
Murtuz
müəllim bu dəfə gülmədi... Hər iki tələbəsinə
baxıb: "Gedin probleminizi kənarda həll edin" deyib Məclisin
bağlandığını elan etdi.
... Həmişə hər yerdə danışan Mikayıl Mirzə Milli Məclisin iclaslarında heç vaxt danışmazdı. Bir dəfə necə oldusa danışmaq fikrinə düşəndə Murtuz müəllim dərhal ona söz verdi. Və Mikayıl Mirzə hərarətli səsi ilə "Murtuz müəllim!" - dedi, "Milli Məclisin sədri kimi deyil, beynəlxalq münasibətlər üzrə mütəxəssis kimi sizə müraciət edirəm... Neçə illərdir danışırıq, bu məclisdə müxtəlif dövlətlərin adı dönə-dönə çəkilir, heç Monqolustanın adı çəkilmir... Niyə?.."
Bir balaca iğtişaş yarandı... Və təbii ki, hamı Murtuz müəllimin nə deyəcəyini gözləyirdi. O, güldü, güldü... Və sonra "ay Mirzə Mikayıl" dedi, "bir rahat, sakit ölkə var dünyada, niyə qoymursan öz işi ilə məşğul olsun? Sənin onunla nə işin var?.."
Murtuz müəllim müalicədən qayıtmışdı. Milli Məclisdə Vaqif Səmədoğlunun təklifi ilə onun yanına getdik... Çox yaxşı, hətta şən görünürdü. Hal-əhvaldan sonra "Vaqif müəllim, sən Allah bağışla" - dedi, - "Xavər xanımın rəhmətə getdiyini eşitdim, ancaq gələ bilmədim. Allah rəhmət eləsin!.." Vaqif Səmədoğlu, adəti üzrə, bir az xəyala dalandan sonra "Murtuz müəllim, narahat olmayın, o boyda kişidən sonra əlli il yaşadı..." deyəndə Murtuz müəllim mənə, mən də ona baxdım... Sükutu yenə dünyagörmüş mütəfəkkir pozdu: "Nizami, nə var, nə yox?" dedi...
O, çox oxumuş, böyük elmi-nəzəri məktəb keçmişdi, ancaq onu ictimai-siyasi həyatda önə çıxaran təkcə bu yox, həm də fitri istedadı, yüksək humanizmi, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideallarına bağlılığı, ehtiramı, sədaqəti idi...
Və bir üstünlüyü də onda idi ki, Milli Məclisin sədri olduğu illərdə də öz müəllimlik missiyasını sona qədər tərk etmədi... Bir dəfə müxalifətçi deputatlardan biri iqtidarı "tənqid" edərkən həddini aşanda Murtuz müəllim ona təəssüflə "sən gərək belə əsassız danışmayasan", dedi, "axı Universitet professorusan"...
Professor Murtuz Ələsgərov, heç şübhəsiz, bütün tərcümeyi-halı ilə bir daha göstərdi ki, intellektuallıq, ziyalılıq, humanistlik nə deməkdir. Və belə şəxsiyyətlər dünyaya əbədi yaşamaq missiyası ilə gəlirlər...
525-ci qəzet.-2018.-21 fevral.-S.4.