Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov

 

Xalq Cümhuriyyəti – 100

 

GÖRKƏMLİ HƏRB XADİMİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU İLƏ BAĞLI QEYDLƏR

 

 (Əvvəli ötən sayımızda)

 

Səməd bəy Mehmandarovu bu gün millətin həqiqi iftixarına çevirən xidmətlərin böyük əksəriyyəti onun ilk müstəqil dövlətimizin hərbi nazirliyində göstərdiyi fəaliyyətlə bağlıdır.

 

Həmin fəaliyyətin nə dərəcədə səmərəli olduğunu isə təkcə bir fakt - 1918-ci ilin iyununda bütün hərbi qüvvəsi bir alaydan ibarət olan Azərbaycanın 1920-ci ilin aprelində 40 min nəfər nizami orduya malik olması aydın göstərir. Səməd bəy Azərbaycan dövlətinin müdafiəsi ilə məşğul olacaq müvafiq hərbi strukturların formalaşdırılması, Silahlı Qüvvələrin imkan daxilində hərtərəfli təşkili, bir sıra digər sahələrdə də çox böyük işlər görmüş, zəngin biliyini və əvəzsiz təcrübəsini doğma xalqının naminə əsirgəməmişdi.

 

Ömrünün 40 ildən artıq bir dövrünü çar ordusunda xidmətdə keçirmiş, yüksək peşəkarlığı və sədaqəti nəticəsində Rusiya dövlətinin ən nüfuzlu hərbçi-generallarından birinə çevrilmiş, hakimiyyət tərəfindən dəfələrlə mükafatlandırılmış, bir-birindən qiymətli hədiyyələr almış Səməd bəy Mehmandarovun Cümhuriyyət dövründə ən məsul vəzifələrdən birinə təyin olunması nə dərəcədə ölçülüb-biçilmiş addım idi? Əlbəttə, indi tamamilə yersiz və əsassız görünən bu sualın o vaxt Azərbaycana rəhbərlik edən, gənc respublikanın taleyi üçün cavabdehlik daşıyan şəxslər tərəfindən verilməsi qətiyyən məntiqsiz səslənmirdi və regionda yaranmış son dərəcə mürəkkəb vəziyyətdə başqa cür ola da bilməzdi. Müstəqil dövlət kimi ilk addımlarını atan bir ölkədə peşəkarlığın, sədaqət və vətənpərvərlik kimi keyfiyyətlərlə bir sırada dayanması tamamilə qanunauyğun, təbii hal idi və əlimdə heç bir tarixi sənəd və fakt olmasa da, mən bu qənaətdəyəm ki, Səməd bəy hərbi nazirlikdə yüksək vəzifəyə gətirilməzdən qabaq onun keçmişi, hazırkı mövqeyi ilə bağlı kifayət qədər götür-qoy edilmişdi.

 

7 noyabr 1918-ci il. Həmin gün Nazirlər Şurasının qərarı ilə "Azərbaycan Respublikasında hərbi nazirlik yaradılması" qərara alınmış, "hərbi nazir vəzifəsi Nazirlər Şurasının sədri F.Xoyskiyə həvalə olunmuş, onun müavini isə general Səməd bəy Mehmandarov təyin edilmişdir". Eyni gündə "Azərbaycan" qəzeti hərbi nazirin müavini S.Mehmandarovun qeyd edilən təyinatla əlaqədar hərbi dəftərxana üzrə əmrinin mətnini dərc etmişdir:

 

"Nazirlər Şurasının qərarı ilə mən hərbi nazirin müavini təyin edilmişəm. Mən öz vəzifə borcumun yerinə yetirilməsinə başlayaraq görməli olduğum nəhəng işin bütün ciddiliyini, mürəkkəbliyini və çətinliyini gizlətmədən, hərbi nazirliyin bütün rütbəli şəxslərinin işə birgə, dostcasına və vicdanlı münasibəti ilə onun öhdəsindən gəlməyin tamamilə mümkün olduğunu bildirirəm. Döyüşə qadir ordu yaradılması işinin uğuru bütünlüklə bu işin düzgün qoyuluşundan asılıdır. Hamını birgə, yoldaşcasına işləməyə çağırmaqla, mən bütün səviyyələrdəki rəislərdən qoşunun təlim-tərbiyəsi, öyrədilməsi və möhkəm nizam-intizam yaradılması işinə tam ciddi diqqət yetirmələrini, xidməti işə, qayda-qanuna, vəzifə borcuna məhəbbətlə yanaşmalarını, tabeliyində olanlara qayğıkeş münasibət göstərmələrini istərdim".

 

Bu, elə bir dövr idi ki, Qafqaz İslam ordusunun getməsi ilə kifayət qədər hərbi qüvvəsi olmayan, özünümüdafiə imkanından faktiki surətdə məhrum edilmiş Azərbaycan daxildə bolşeviklər və daşnaklarla, xaricdə Rusiya və Ermənistanla üz-üzə dayanmışdı. Bıı təhlükələrdən əlavə onu Çar Rusiyasını xilas etməyə çalışan general Denikinin Könüllü Ordusu, Bakıya tərəf irəliləmək fikrini gizlətməyən Biçeraxovun qüvvələri və başqa təhlükələr də təhdid edirdi.

 

Arxiv sənədləri belə bir mürəkkəb və gərgin vəziyyətdə faktiki olaraq hərbi quruma rəhbərlik edən şəxsin hansı tədbirləri gördüyünü və hansı məsələlərə xüsusi diqqət yetirdiyini tam aydınlığı ilə göstərir. Yəqin ki, Səməd bəyin Azərbaycan dövlətçiliyinə sonsuz sədaqətlə xidmət etdiyini sübuta yetirmək üçün bu gün həmin arxiv sənədlərindən daha etibarlı bir mənbə tapmaq çətindir.

 

Hərbi nazirlikdən 21 aprel 1919-cu ildə Gəncə şəhərindən şəxsən Nazirlər Kabinetinin sədri N.Yusifbəyliyə (Nəsib bəy eyni zamanda daxili işlər naziri idi) çatdırılmalı olan 1663 saylı məxfi raport göndərilir: "Bu il aprelin 15-dəki 1631 saylı raportla mən bolşeviklər tərəfindən orduda təbliğata başlamağa hazırlıq barədə  məlumat vermişdim. Bakıda öz işini başa çatdıran həmkarlar ittifaqları qurultayı belə bir bəyannamə qəbul etmişdir: "İttifaqın məqsədi Zaqafqaziya hüdudunda sovet hakimiyyəti qurulmasının həyata keçirilməsi üçün hərtərəfli siyasi cəhd göstərməkdən ibarət olmalıdır". Bu bəyannamə yerli bolşeviklərin Azərbaycanın müstəqilliyini məhv edib, onu Sovet Rusiyası ilə birləşdirmək cəhdləri ilə artıq şübhə doğurmur. Bəyannamə nəzərə alınaraq, Hökumətin fəaliyyətinin əsasında Azərbaycanın müstəqilliyinin müdafiəsi durmalıdır və mən şübhə etmirəm ki, bolşeviklərin dağıdıcı cəhdlərinə qarşı zəruri tədbirlər görüləcəkdir. Mən Bakı qarnizonunun qoşunlanna bolşeviklərin təsir göstərəcəklərindən ehtiyat edirəm, çünki Bakı hazırda Zaqafqaziya bolşeviklərinin fəaliyyət mərkəzidir. Buna görə, xahiş edirəm Bakı xəfiyyə bölməsi qarnizon qoşunlarında zərərli təbliğata yol verilməməsi üçün öz nəzarətini gücləndirsin və bu sahədə rəhbər şəxslərə hərtərəfli köməklik göstərsin.

 

Mənim tərəfimdən, həmçinin, qoşunlarda daxili nizam-intizama nəzarəti gücləndirmək tələb edilmişdir. Bu barədə ona görə xahiş edirəm ki, hərbi nazirlik Bakıda kəşfiyyat işini təşkil etmək və həyata keçirmək üçün kifayət qədər hazırlıqlı, yerli şəraitə bələd olan agentlərə malik deyil.

 

Ümid edirəm ki, ordunu və bununla da Azərbaycanın müstəqilliyini saxlamaq uğrundakı ümumi mübarizə işində Hərbi nazirlik Daxili İşlər nazirliyindən ancaq Bakıda deyil, respublika ərazisinin hər yerində, hərtərəfli dostluq köməyi görəcəkdir. Bunun üçün mən Zati Alilərinizdən general-qubernatorlara və qubernatorlara müvafiq əmrlə bildirməyinizi xahiş edərdim. Tam artilleriya generalı Mehmandarov, Baş Qərargah rəisi general-leytenant Sulkeviç" (ARDA, f.894, s.7, iş.5, v.50).

 

Hökumətin gördüyü tədbirlərə baxmayaraq, bolşeviklər hər vasitə ilə öz işlərini davam etdirməyə, orduda anarxiya yaratmaqla, onun hakimiyyəti müdafiə etmək əzmini sarsıtmağa və öz tərəflərinə çəkməyə çalışırdılar. Bunu 11 may 1919-cu ildə Tam artilleriya generalı S.Mehmandarovun daxili işlər naziri N.Yusifbəyliyə məruzəsi də aydın sübuta yetirir: "Mənim tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda müsəlmanlardan ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara daxil olmağa, təbliğatla ordunun əsaslarını sarsıtmağa və bolşevik ideyalarını aşılamağa can atırlar" (ARDA, f.894, s 10, iş.96, v.30).

 

Yenə də arxiv materiallarına istinadən demək olar ki, müstəqil Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində artıq 1919-cu ilin ikinci yarısına doğru yeni hakimiyyət respublikanın bütün ərazisində möhkəmlənmiş, mərkəzlə yanaşı yerlərdə də idarəetmə orqanlarının tam formalaşdırılmasına başlanmışdı. Ancaq bu proseslərin getməsində qətiyyən maraqlı olmayan, əksinə, həm daxili, həm də xarici təsirlərdən istifadə ilə hər cür maneçilik göstərməyə cəhd edən qüvvələr də fəallaşmışdılar. Necə deyərlər, məsələ hər iki tərəf üçün tam aydın idi: artıq dünyanın aparıcı xarici dövlətləri tərəfindən tanınmaq ərəfəsində olun müstəqil Azərbaycan Cümhuriyyətinin sonrakı inkişafının qarşısına sədd çəkilməsə, onu öz yolundan sapdırmaq mümkün olmayacaqdı. Buna görə də, düşmən qüvvələr də hədsiz quduzlaşmış, görünməmiş fəallıqla öz qara niyyətlərini reallaşdırmağa girişmişdilər. Onlar indi daha ciddi-cəhdlə əhali asında, xüsusilə hərbi hissələrdə təbliğat aparmağa, fəhlə-kəndli hökuməti qurmaq vədləri ilə özlərinə yeni tərəfdarlar toplamağa çalışırdılar.

 

Bunun qarşısının alınması üçün nazir Mehmandarov və yeni Baş Qərargah rəisi general-mayor Səlimovun imzası ilə 2-ci piyada diviziyasının rəisinə Azərbaycan  Respublikasının hərbi nazirinin 18 noyabr 1919-cu il tarixli 399 saylı tam məxfi əmri göndərilir: "Alınmış məlumatlara görə, son vaxtlar, əsgərlər arasında, xüsusilə onların getdiyi fəhlə klublarında bolşevik təbliğatı xeyli güclənmişdir. Hissələrdə bolşevik təbliğatının yayılmasının bütün məsuliyyətini yüksək vəzifəli rəislərin, xüsusilə komandirlərin üzərinə qoyaraq bu təbliğatın qarşısının alınması üçün aşağıdakı tədbirlərin görülməsini əmr edirəm: 1. Adamlara bu təbliğatın bütün fəlakəti izah edilsin. 2. Bütün bolşevik təbliğatçılarının Azərbaycanın qatı düşmənləri olduqları izah edilsin. 3. Bütün kazarmalara güclü nəzarət edilsin və bolşevik təbliğatı aparan şəxslər dərhal həbs olunsunlar. 4. Kazarmaların yerləşdiyi ərazilərdə heç bir kənar şəxsin oraya girə bilməməsi üçün etibarlı növbətçilər olsunlar. 5. Hissələrin bütün rütbəli şəxslərinə elan olunsun ki, bolşevizmə uyan şəxslər şəhərdən kənarlaşdırılacaq və qanunla ciddi cəzalandırılacaqlar".

 

Bu əmr əsasında elə həmin gün 2-ci piyada diviziyası komandirinin və podpolkovnik Zeynalovun imzası ilə 5-ci piyada Bakı alayının komandirinə belə bir əmr göndərilmişdi: "Hərbi nazirə məlumat çatmışdır ki, əsgərlərin bir çoxu fəhlə klublarına və digər yerlərə gedir və burada siyasi və hökumət əleyhinə bolşevik təbliğatının təsiri altına düşürlər. Belə halı siyasətdən və partiyalılıqdan kənarda dayanmalı olan orduda yolverilməz sayaraq, Zati Aliləri fəhlə klublarına və digər partiya dərnəklərinə getməyi tamamilə qadağan etmək, Bakı şəhər sakini olan əsgərlərə xüsusi diqqət yetirmək əmri vermişdir. Bu əmrin yerinə yetirilməsində günahkar olan əsgərlər məhkəmə qarşısında ciddi məsuliyyət daşımaqla yanaşı, aşkar edilən kimi uzaq məsafələrə göndəriləcəklər. Rəis şəxslər tabeçiliklərində olanlara daimi ciddi nəzarət etsinlər. Axşam yoxlamalarından sonra rota və komandalarda növbətçilər əsgərlərin hamısının yerində olmalarına nəzarət etməli, alay üzrə növbətçilər və onların köməkçiləri isə tez-tez rota və komandaları gəzib şəxsi heyətin sayını yoxlamalıdırlar. Xəbərdarlıq edirəm, mənim tələblərmi yerinə yetirməyənlər vəzifədən kənarlaşdırılacaq və əmri yerinə yetirmədiyinə görə məsuliyyətə cəlb olunacaqdır. Diviziyanın müvəqqəti komandiri, qərargah rəisi podpolkovnik Zeynalov".

 

Cümhuriyyət tarixinin ən unudulmaz hadisələrindən biri olan Lənkəran qəzasının müxtəlif antiazərbaycan qüvvələrindən təmizlənərək, idarəçiliyin Azərbaycan hökumətinə tabe etdirilməsində Səməd bəyin müstəsna xidmətləri vardır. Dünyaya göz açdığı bu dilbər diyarın özünü "Muğan respublikası" adlandıran xəyanətkar qüvvələrin və onlara bu işdə havadarlıq edənlərin fəaliyyəti nəticəsində 1919-cu ilin iyun ayına qədər müstəqil respublikanın hüdudlarından kənarda qalması onu, Azərbaycanın bütövlüyü yolunda xidmət göstərməyi ən müqəddəs vəzifə borcu sayan  Səməd bəyi ciddi narahat edirdi. O, Lənkəranı bolşeviklərin də daxil olduğu qaragüruhun əlindən xilas etmək üçün bu gün əyninə general mundiri geyinib qayıtmışdı. O, bu gün 40 ıl əvvəl onun kimi türk balaları üçün əlçatmaz sayılan hərbi şöhrət və şücaətin ən yüksək zirvəsində dayanmışdı. Ancaq onun bütün bunlar barəsində düşünməyə nə vaxtı, nə də həvəsi vardı. Ölkənin taleyi üçün hər günün deyil, hər saatın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda başqa cür də ola bilməzdi.

 

"Azərbaycan Respublikası hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına vətəndaş müharibəsini birdəfəlik kəsmək, qayda-qanun yaratmaq, yerli əhalini zalımlardan və qatillərdən qurtarmaq üçün dəstə göndərirəm. Azərbaycan qoşunları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu yerin bütün millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin müdafiəçisi kimi gəlir. Silahlı Qüvvələrin himayəsi altında ölkənin bütün sahələrinin idarəçiliyində təxirəsalınmadan mülki idarəçilik tətbiq ediləcəkdir... Bununla yanaşı, xəbərdar edirəm ki, hər hansı komitə, yaxud "Muğan respublikası" şəklində heç bir özbaşına təşkilatın olmasına yol verilməyəcəkdir. Lənkəran qəzasında yalnız Azərbaycan Respublikasının hakimiyyəti tanınacaqdır və onun sərəncamlarını yerinə yetirməyənlər qiyamçı kimi hərbi dövrün qanunlarına uyğun məsuliyyət daşıyacaqlar. Xəbərdarlıq edirəm ki, rus əhalisinə qarşı heç bir qarətə və zorakılığa yol verilməməlidir, çünki onlar da qəzanın digər millətlərinin nümayəndələri ilə bərabərhüquqlu Azərbaycan Respublikasının vətəndaşlarıdır... Öz növbəmdə mən dəstə rəisinə qoşunların əhaliyə heç bir zərər verməməsi və mülki əhaliyə qarşı hər cür zorakılıq edənləri ciddi cəzalandırmağı əmr etmişəm". Bunlar, hərbi nazir S.Mehmandarovun Lənkəran qəzasının əhalisinə 4 iyun 1919-cu il tarixli müraciətindən götürülmüşdür (ARDA, f.894, s.10, iş. 124, v. 15-16).

 

Birinci müstəqillik dövründə də gənc respublikanın ən çox narahatlıq doğuran bölgələrindən biri Qarabağ bölgəsi idi. O zaman da ərazi iddiaları ilə Azərbaycanı müharibəyə cəlb etməyə çalışan ermənilər İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarabağda kütləvi qırğınlar törədir, həmin ərazilərdəki kəndlərin yerli türk, müsəlman əhalisini öz dədə-baba yurdlarını tərk etmək məcburiyyəti qarşısında qoyurdular. Görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım aksiyalarında nəinki Andronik kimi qaniçən cəlladlar, həmçinin, Ermənistan hökumətinin tabeliyində olan hərbi qüvvələrin bir çox nümayəndələri də iştirak edir, qədim türk yurdlarının talanmasında xüsusi canfəşanlıq göstərirdilər. Ocaqları söndürülmüş yerli əhalinin Azərbaycanın içərilərinə axışmaqdan başqa çarəsi qalmırdı.

 

Tiflisdən general Sulkeviçin adına göndərilən 18 aprel 1919-cu il tarixli teleqram göstərir ki, həmin illərdə ermənilər nəinki qədim Azərbaycan torpaqlarına, hətta Türkiyə ərazilərinə göz dikmişdilər: "Soçi istiqamətində irəliləyən gürcülər zabitlərdən ibarət könüllülər alayını əsir alıblar. Mənim tərəfimdən Aleksandropolsk dəstəsinin rəisi general Ospyantsın əmri ələ keçirilmişdir. Bu əmrdə əhaliyə Qars vilayətinin Ermənistanın tərkibinə bir hissə kimi daxil olduğu elan edilir. Hökumətin və müttəfiqlərin sərəncamına uyğun olaraq, erməni hökumətinin iradəsi qanunsuz sayılmışdır. Şayiələrə görə, ingilislər ultimativ qaydada naxçıvanlılara Ermənistan hakimiyyətini tanımağı təklif etmişlər. Naxçıvan əhalisinin etirazı ilə əlaqədar ingilis zirehli maşını və erməni qoşunları hərəkətə başlamışdır ¹1548. Əliyev".

 

Məhz belə ağır bir dövrdə Azərbaycan hökumətinin Qarabağda həyata keçirdiyi tədbirlərin operativliyi və səmərəliliyindən çox şey asılı idi. Bununla əhalidə dövlətin onları müdafiə elmək qüdrəti və qüvvəsinə malik olduğu inamı yaradıla, torpaqlarımızın boşaldılmasının qarşısı alınardı. Əlbəttə, gənc hökumət qeyd edilən sahədə az iş görməmişdi və bu işdə Qarabağın general-qubernatoru Xosrov Paşa Sultanovun da kifayət qədər böyük xidmətləri olmuşdur. Yalnız oxucuların diqqətini Qarabağa hökumət adamlarımız tərəfindən necə böyük diqqət yetirildiyini göstərən bir fakta cəlb etməklə kifayətlənirik.

 

Baş nazir N.Yusifbəylinin və hərbi nazir S.Mehmandarovun Qarabağa gəlmələri haqqında məlumat verən "Azərbaycan" qəzeti 3 avqust 1919-cu il sayında yazırdı: "Qarabağın həyatında daha əlamətdar bir hadisə - bu 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını - Gəncə qubernatoru Rəfibəyovun müşayiət etdiyi Baş Nazir N.Yusifbəylini və hərbi nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş Nazir N.Yusifbəyli qəbul etdi... İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandı. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söyləndi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq, qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil".

 

İndisə Nəsib bəyin, Səməd bəyin nitq söylədiyi gözəl Şuşa torpağı erməni tapdağı altında öz xilaskarını gözləyə-gözləyə inləyir. Ancaq qəvi düşmən də yaxşı bilir kı, Şuşanın və başqa işğal edilmiş ərazilərimizi, XX əsrin əvvəllərində Azərbaycandan qopardığı torpaqlara qata bilməyəcək, tez-gec o yerlər azad ediləcək.

 

Bu günə qədər Səməd bəy haqqında yazan müəlliflər (Ə.Şıxlinski "Xatirələrim", SSRİ EA 1944, Hacıağa İbrahimbəyli (Səməd bəyi yaxından tanıyan bir şəxs olub və mayor rütbəsindək yüksəlib) "Səməd bəy Mehmandarov" 1946-cı il, onun ümumxalq, ümumdövlət işinə necə məsuliyyətlə yanaşdığını, hətta bu məsələlər ən yaxın, ən doğma adamlanna aid olduqda belə heç bir güzəştə getmədiyini dəfələrlə qeyd ediblər. Belə məqamlardan biri haqqında Azərbaycanda ilk müstəqil xüsusi xidmət orqanı - "Əksinqilab ilə mübarizə təşkilatı"nın sədri Nağı bəy Şıxzamanlı Türkiyədə mühacirətdə olduğu zaman qələmə aldığı xatirələrində söhbət açıb. Bakıda tutulan general Denikinin agenti kapitan Starkov onda tapılan hərbi sənədləri guya general S.Mehmandarovun nəvəsinin mürəbbiyəsi vasitəsilə əldə etdiyini bildirir. Bunun həqiqiliyini yoxlayan Nağı bəy vəzifəsini yerinə yetirərək, Müdafiə Komitəsinə raport təqdim edir və məsələ barəsində hökumət rəhbərliyinə müvafiq məlumat çatdırır:

 

"Komitəyə verdiyim raport oxunduqda general Mehmandarlı çox əsəbiləşdi. Ertəsi gün idarədə kabinetimin pəncərəsindən baxarkən general Mehmandarlının avtomobilinin idarəmizin önündə durduğunu gördüm. Onu dərhal qapıda qarşıladım. Çox əsəbi görünürdü. Oturmaq istəmədi. Məndən "Nağı bəy, siz bu alçağın məlumatına inanırsınızmı?" deyə soruşdu. Mən də "Paşam, sənədi verəni gizlətmək üçün yüzbaşı Starkov mürəbbiyə məsələsini uydurmuşdur. İcazənizlə iki günə qədər məsələni tamamilə aydınlaşdıracam. Ancaq qərargah zabitlərindən istədiyimi nəzarət altına ala bilmək üçün indidən icazənizi istəyirəm" - cavabını verdim. General Mehmandarlı: "Bu, milli və istiqlalımızla bağlı bir işdir. Kimi istəyirsiniz, onu da nəzarət altına ala bilərsiniz. Bir də məndən icazə istəməyin. Ancaq mən bu alçağı görmək istəyirəm" - dedi. Starkov içəri gəldi və generalı görən kimi diz çöküb ona yalvarmağa başladı. General bu mənzərə qarşısında: "Alçaq, qorxaq, cəzan ölümdür. Sənin kimi şərəfsiz və qorxaq bir yüzbaşını rus ordusunda ilk dəfə görürəm" dedi və mənimlə vidalaşıb getdi. Yüzbaşı isə hələ də diz çökmüş vəziyyətdə qalırdı".

 

(Ardı var)

 

525-ci qəzet  2018.- 22 fevral.- S.6.