"Yaddaş yarpaqları"ndan: Şabranda çəkilən film

 

Aydın TAĞIYEV

 

Ötən əsrin 77-ci ili, yayın ortaları idi. Bizim keçmiş Dəvəçi - indiki Şabran şəhərinə səs düşdü ki, bəs Bakıdan, kinostudiyadan artistlər gəlib, rayonumuzda hansısa bədii filmin çəkilişləri gedəcək.

 

Bu o illərdə əyalətdə yaşayanlar üçün maraqla qarşılanası bir xəbər idi. Axı o vaxta qədər bizim rayonda heç bir film çəkilməmişdi. Əlbəttə, yerli sakinlər onlara tanış yerləri ekranlarda görməkdən çox məmnun olar, qürur duyardılar.

 

Bakıdan gələn yaradıcı qrup şəhərin mərkəzindəki ikimərtəbəli mehmanxanada yerləşmişdi. O zaman mehmanxananın yanında yerli rayon qəzetinin mətbəəsi yerləşirdi mən o zaman "Qurucu" adlanan o qəzetin fəal müxbirlərindən biri kimi redaksiyaya, mətbəəyə tez-tez baş çəkər, otağı mətbəədə olan qəzetin məsul katibi, köhnə dostum Əmirqulu Quliyevlə görüşüb saatlarla ədəbi söhbətlər edərdik. Burasını da deyim ki, Əmirqulu müəllim o illərdə mərkəzi mətbuatda vaxtaşırı şeirləri çap olunan tanınmış rayon ziyalısı idi, yazıqlar ki, dünyadan yaşı heç qırxı haqlamamış köç etdi kitabını da görmədi. Mətbəə ilə mehmanxananın arası beş addım olsa da, Bakıdan gələn aktyorların kimliyini ayıq-sayıq Əmirqulu müəllim bilmirdi, nədən ki, yaradıcı qrup sübh tezdən çəkiliş üçün rayon mərkəzindən xeyli uzaqlardakı buruqlara yollanır, gecədən xeyli keçmiş geri dönürdü.

 

Axır ki, bir axşam filmin çəkilişlərində iştirak edən aktyorlardan ikisi ilə təsadüfən rastlaşdıq. Ekranlardan yaxşı tanıdığımız Rasim Balayevlə Tariyel Qasımov idi.

 

Sevimli aktyorlarımızla ayaqüstü söhbət etdik, sabah axşama görüş vaxtı təyin edib ayrıldıq.

 

Ertəsi gün Əmirqulu müəllim hörmətli qonaqların şərəfinə evində xudmani bir süfrə açdı.

 

Filmin yaradıcı heyəti ilə yerli ziyalıların ilk ünsiyyəti belə başladı. Əlbəttə, tanınmış sənətkarlarımızı evlərində qonaq kimi görmək hər bir şabranlının arzusu idi, onları evlərinə qonaq dəvət etmək üçün az qala növbə yaranmışdı. Axır ki, qonaqları qəbul etmək növbəsi mənə çatdı.

 

Çəkilən filmin quruluşçu rejissorunu - görkəmli sənətkarımız Tofiq İsmayılovu da əziz qonaqların arasında görmək arzum idi, hərçənd ki, onunla hələ heç bir şəxsi tanışlığımız yox idi, lakin o kübar kişi 25 yaşlı bir rayonlu gəncin sözünü yerə salmadı, dəvətimi qəbul etdi. Vaxtı müəyyənləşdirdik. Təbii ki, baş tutan məclislərin daimi iştrakçıları, artıq aramızda səmimi ünsiyyət yaranmış Rasim Balayev, Tariyel Qasımov da var idi.

 

Qonaqları mehmanxanadan evə aparmaq üçün gələndə dostlar məni pərt elədilər, məlum oldu ki, Azərbaycanda böyükdən-kiçiyə hamının yaxşı tanıdığı Leyla Bədirbəyli aktrisa kimi rol aldığı filmdə çəkiliş üçün Bakıdan yenicə gəlib. Tofiq müəllim böyük sənətkarı mehmanxanada tək qoymaq istəmir. Bəlkə yol yorğunluğunu bəhanə etdiyindən Leyla xanım sırf kişi məclisində zərif cinsin yalqız nümayəndəsi kimi iştirakdan imtina edirdi. Məsələ tez ürəyimizdən keçən kimi həll olundu. Tariyel müəllimin məktəbli oğlu Ülvü filmə çəkilirdi Tariyel müəllimin ixtisasca həkim olan xanımı da ana narahatçılığı ilə oğlunu tək buraxmamışdı. Xanımlar qoşalaşdıqlarından dəvət qəbul olundu.

 

Qonaqlar yerbəyer olandan sonra süfrəyə yeməklər gəlməyə başladı. Süfrənin yaraşığı olan dolu şüşələr stolun üstünə düzüləndə Tofiq müəllim ev sahibi kimi qulağıma pıçıldadı:

 

- Bax, ilk sağlığı Leyla xanımın şərəfinə qaldır! Xoş sözlərə xəsislik etmə. Bizə növbə çatar...

 

O məclisdə deyilən sağlıqlar, xoş, şirin söz-söhbətlər aradan illər keçsə , yaddan çıxmır. Ancaq hələ ən çox yadımda qalan Tofiq İsmayılovun Leyla Bədirbəyliyə olan xüsusi diqqət qayğısı idi. Bu, məşhur rejissorun böyük aktrisaya hörmətilə yanaşı, həm sanki canıyanan bir övladın doğma anasına məhəbbətinin ifadəsi kimi diqqətçəkən idi.

 

Filmin çəkilişi ilə bağlı o vaxt Tofiq müəllimdən kiçik bir müsahibə aldım müsahibə əvvəl yerli qəzetdə, sonra isə "Ədəbiyyat incəsənət" qəzetinin 1977-ci il 17 sentyabr tarixli sayında işıq üzü gördü. İndi, aradan uzun illər keçəndən sonra mən unudulmaz Tofiq müəllimin xatirəsinə hörmət kimi bu kiçik müsahibəni yazıma qoşuram.

 

Diqqət, film çəkilir...

 

"Vulkana doğru gedirəm"

 

- Bu, mənim səkkizinci filmimdir. Mərkəzi televiziyanın sifarişi ilə çəkirəm. Ssenarini Çingiz Ələkbərzadə yazıb. Üçseriyalı filmin iki seriyasını operator Rafiq Qəmbərov artıq lentə köçürüb; kadrlar Qazax, Tovuz, İsmayıllı rayonlarında və Qobustanda çəkilib. Gördüyünüz kimi, son seriyanı Dəvəçidə - Qalaaltıda lentə alırıq. Film neftçilərin həyatından, geoloqların çətin və gərgin axtarışlarından söhbət açır. Əsas problemimiz insanın təbiətə münasibəti məsələsidir. Filmin qəhrəmanları "qara qızıl" axtarışında hətta vulkana doğru getməkdən belə, qorxmurlar. Bu axtarışların fonunda onların xarakterini açmağa çalışırıq.

 

- Bəlkə qəhrəmanlar haqqında bir az geniş məlumat verəsiniz?

 

- Onlar kimdir? Nadir (Rasim Balayev) kənd uşağıdır. Atası müharibədən qayıtmayıb. Kənddə püsgürən vulkan onun həyatında mühüm rol oynayır. Kəndə gələn geoloqlara qoşulan Nadir həyat yolunu müəyyənləşdirir - neftçi olmaq fikrinə düşür.

 

Lətifə (Şükufə Yusifova) ilə Nadir elə ilk görüşdən bir-birini sevirlər, bu məhəbbət gündən-günə möhkəmlənir. Filmin sonunda tamaşaçılar onların oğlu Ələkbərlə tanış olurlar. Ələkbər roluna iki uşaq seçmişdik; 6 yaşlı Ülvi Balayevi, bir ikinci sinif şagirdi - Ülvi Qasımovu. Hələlik Ü.Balayevin debütü baş tutmadı. Ələkbər rolunu oynayan Ü.Qasımov isə bundan qabaq da filmə çəkilib.

 

... deyirdim? , geoloqlar qayıdırlar Bakıya. Nadir onlarla. Əvvəlcə instituta girə bilmir. Mədəndə işə düzəlir. Burada usta Rəhmanla (Məmmədrza Şeyxzamanovla) tanış olur. Xeyirxah qocanın Nadirə böyük köməyi dəyir... Nadir institutu bitirir sübuta yetirmək istəyir ki, kəndlərində neft var. "Harda vulkan varsa, orda neft olmalıdır" - deyir. Nadir vulkana doğru gedir, amma o, tək deyil; mühəndis Rüstəm Səfərov da (Tariyel Qasımov) onunladır. Onu da deyim ki, bu sırf istehsalat filmi deyil. Qəhrəmanlar əsasən gənclər olduğundan məhəbbət motivləri ön plandadır.

 

- Adlarını çəkdiyiniz aktyorlardan əlavə daha kimləri görəcəyik?

 

- Həsən Məmmədovu, Şahmar Ələkbərovu, Kamal Xudaverdiyevi, Əfrasiyab Məmmədovu. Respublikanın Xalq artisti Leyla Bədirbəyli Nadirin anası-Gülsənəm qarının rolunda çəkilir. Qeyd edim ki, çəkdiyim filmlərin altısında Leyla xanım ana rolunda oynayıb.

 

Çəkiliş sentyabrda başa çatmalıdır. Musiqisini Nazim Əliverdibəyov bəstələyib, rəssamı Elbəy Rzaquliyevdir.

 

 

525-ci qəzet  2018.- 22 fevral.- S.7.