"Yazıçının vətəni otağıdır..."

 

GÜNEYLİ ƏDİB ÜMİD NƏCCARİ: "BAKIDA QAZANDIĞIM YARADICILIQ İMKANLARINI DÜŞÜNƏNDƏ, DEYİRƏM, YAXŞI Kİ, BURAYA GƏLMİŞƏM"

 

Onu ilk dəfə Dünya Gənc Türk Yazarlar Birliyinin keçirdiyi layihələrdən birində tanımışdım.

 

Türk dünyasının müxtəlif ölkə və muxtariyyətlərindən olan gənclər kimi, o da bir neçə günlük layihə üçün İrandan - Təbrizdən Bakıya gəlmişdi. Ancaq sonra getmədi. Başladı həyatını Bakıda qurmağa, Bakı ədəbi mühitinə qaynayıb-qarışmağa. Hətta sonra burada universitetə də qəbul olduğunu eşitdim.

 

Gənc şair Ümid Nəccari Təbrizdə doğulub-böyüyüb. Artıq üç ildir ki, Bakıda yaşayır, burada ali təhsil alır.

 

Özünün dediyinə görə, gələcəyini də elə Bakıda qurmaq fikrindədir. Ara-sıra Təbrizə də gedir, ədəbi fəaliyyətini orada da davam etdirir. Bir sözlə, gənc dostumuz məhdud imkanları çərçivəsində Təbrizlə Bakı arasında ədəbi körpü olmaq fikrindədir. Yazmaq istedadını kəşf etməsi isə məzəli və maraqlı bir hadisədir.

 

- Biz məktəbdə oxuyanda müəllimimiz müxtəlif mövzularda inşalar yazdırardı. İnşa yazmağı sevirdim, həmişə də özüm yazırdım. Amma nədənsə müəllimimiz heç zaman özüm yazdığıma inanmazdı, elə bilərdi evdə anam kömək edib. Çünki anam özü də şair idi, ədəbiyyatla, yazı-pozu ilə məşğul olurdu. Ancaq mən kitab oxumağı, yazmağı hələ o illərdən çox sevirdim. Doqquz yaşımda müəllim bizə ailəmiz haqqında inşa tapşırdı. Evə gəldim, uşaq ağlımla düşündüm ki, mən gərək elə bir inşa yazım, müəllim bundan təsirlənsin, xoşuna gəlsin. O vaxt "Səfillər"in cizgi film versiyası verilirdi. Bu cizgi filmi məni çox təsirləndirmişdi. Yəqin ki, elə bunun da təsiri ilə başladım öz xəyal dünyamda yaratdıqlarımı yazmağa. Guya ki, atamla anam evdə yola getmirlər, bütün gün dalaşırlar, evdə həmişə qırğın-davadı, anam acıqdan yemək bişirmir, atam evə gəlmir, mən özüm işləyirəm, dərslərimi oxuyuram, bütün günü mübahisə edən valideynlərimin arasında qalmışam. Beləcə, 6-7 səhifəlik bir dramatik səhnə yaratdım (gülür). Müəllimimiz qalın şüşəli eynək taxırdı. Mən bunu oxuyub bitirəndən sonra gördüm ki, eynəyini çıxarıb gözlərini sildi, sinifdəki uşaqlar hamısı şok vəziyyətində qalmışdılar. Müəllim məni müdirin yanına apardı, bir dəfə də ona oxudum, o da belə təsirləndi. Məktəbimizin psixoloqu vardı, məni onun yanına apardılar, üçüncü dəfə də ona oxudum inşamı. Nəhayət, valideynlərimə zəng edib məktəbə çağırdılar. Artıq iş o qədər böyüyüb ki, mən qorxumdan deyə bilmirəm ki, bunlar mənim uydurmalarımdı. Müdir vəziyyəti atamgilə danışdı, yazdıqlarımı göstərdi. Onlar da təbii ki, çox təəccübləndilər, inşada yazılanların yalan olduğunu dedilər. Anam da mənə gözünü ağardırdı ki, yaxşı, evə gedəndə sənə göstərərəm yalan danışmağı. Müdir dedi ki, bu uşaq bütün gün ərzində bu boyda məktəbi bir-birinə vurub, bunu aparıb evdə döyüb eləməyin, uşağın yaradıcı təxəyyülü çox genişdi, bundan nəsə çıxacaq. Beləcə, həmin inşamı qəzetdə çap etdirdilər.

 

- İranda ədəbi fəaliyyətin necə idi?

 

- 2014-cü ildə orada "Quşlar vadisi" adlı şeir kitabım çap olundu. Təbrizdə Elektrotexnikanı oxumuşam. Həm də işləyirdim, yaxşı dolanırdım. Amma sıxıntılar daha çox idi. Ən başda da ana dilimizdən geniş istifadə edə bilməməyimiz idi.

 

- Elə buna görə də Bakıya gəldin?

 

- Sonradan Dünya Gənc Türk Yazarlar Birliyinin, Əkbər Qoşalının vasitəsilə Bakıya gəldik. Mənim də burda oxumaq istəyim olsa da, imkanım yox idi. Hörmətli deputatımız Qənirə xanım Paşayevanın köməyi ilə Avrasiya Universitetinə daxil oldum və hazırda orada Filologiya fakültəsində təhsil alıram. Burada yalnızlıq, bəzi sıxıntılar olsa da, oradan daha yaxşıdır. Ən azından öz dilimizdə rahat danışmaq, yazmaq imkanım var.

 

- İçindəki Azərbaycan eşqi, bu dildə yazmaq həvəsi hardan gəlir?

 

- Mən elə bir ailədə göz açmışam ki, evimizdə həmişə aşıqlar olub. Atam türkçü insan olub. Evimizdəki bütün kitablar türkcə olub. Gözümü açmışam evimizdə Səttarxanın şəkillərini görmüşəm, Şəhriyarı, Səhəndi oxumuşam. Mən şeirə, ədəbiyyata elə Azərbaycan ədəbiyyatı ilə gəlmişəm. Təhsil olaraq fars dilini keçirdik. Amma evlərdə Azərbaycan dilini öyrənirdik. Məsələn, az-çox bu dili bilən insanların evinə 30-40 nəfər yığılıb ondan ana dilimizdə yazıb-oxumağı öyrənmişik. Elə yazılarıma da ana dilimdə başladım. Bu isə özün yazıb, özün oxumaq demək idi. Çünki kimsə Azərbaycan dilində yazan bir şairə maraq göstərmirdi. Mən hələ orda az-çox tanındığım halda 500 tirajla çap olunan kitabımdan bir ildə cəmi 150 ədəd satıldı. Ancaq 18-20 yaşlı fars şairinin kitabları əl-əl gəzir.

 

- Demək ki, o dildə yazsaydın, daha tez tanınacaqdın. Bəs, niyə yazmadın?

 

- Əgər bir millətin varlığını yazıçısı müdafiə etməyəcəksə, onda kim müdafiə edəcək? Orada 45 milyon azərbaycanlı yaşayır. Onların da heç olmasa 30-40 nəfər yazıçısı deməlidir ki, mənim dilim var və mən bu dildə yazıram. Hələ 10-15 ildir ki, orada türk şeir ənənəsi tanınır. O vaxta qədər Azərbaycan şeiri deyəndə bircə Şəhriyarın adı çəkilirdi. İndi isə az-çox orada Azərbaycanın gənc yazarları, müasir şeiri də tanınmaqdadır.

 

- Sonradan Bakıya gəldin və tamam ayrı ədəbi mühitlə qarşılaşdın. Ədəbiyyatlarımızda hansı fərqlər var?

 

- O taydakı ədəbiyyat dünya ədəbiyyatına daha çox bağlıdır. Çünki tərcümələri güclüdür. Tərcümənin sayəsində dünya ədəbiyyatı onlara təsir edə bilir. Buna görə də İran ədəbiyyatı daha çox qabağa gedə bildi. Məsələn, oranın ən böyük şairlərindən hesab olunan Əhməd Şamlı özü etiraf edir ki, Nazim Hikmət olmasaydı, mən yaza bilməzdim. Buradakılar ədəbi dil baxımından çox güclüdürlər. Bu mühitdə də yeni üslublar gördüm ki, onlar orada yoxdur. Ancaq sanki buradakı yazarlar klassik ənənələri, o sentimentalizmi hələ aşa bilməyiblər, oraya nisbətən daha çox çərçivədədirlər. İranda senzura olsa da, şairlər bir çox çərçivələri sındırıblar. Orada həm də düşünürəm ki, sosial şəbəkələrin olmadığından ədəbi mühitdə qruplaşmalar yox idi, daha ciddi ədəbiyyat vardı. Burada isə qruplaşmalar var, yazarlar bəzən çox yersiz ifadələrlə, mənasız işlərlə gündəmə gəlməyə çalışırlar. Bu da onları ciddi ədəbiyyatdan uzaqlaşdıra bilir. Ədəbiyyat kütləni idarə edə bilmir. Bu ikisinin bir-biriylə heç bir əlaqəsi yoxdur. İranda fars dilindəki kitabın satışı buradakından qat-qat çoxdur. Kitab var ki, 15 dəfə təkrar nəşrə gedib. Ancaq burada daha geniş söz azadlığı var ki, bu da mənim üçün ələkeçməz bir nemətdir.

 

- Hər iki ölkənin ədəbi birliklərində hansı fərqləri görürsən?

 

- Tehranda İran Yazıçılar Birliyi var. Güney Azərbaycanın isə özünün rəsmi ədəbi birliyi yoxdur. Burada isə Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüyəm və ikisindən də çox razıyam. Heç bir problemsiz onların mətbu orqanlarında çap oluna bilirəm. Demək olar ki, ayda bir və ya iki dəfə "Ədəbiyyat qəzeti"ndə çap olunuram. "Ulduz" jurnalında da iki dəfə çap olunmuşam. Gənc yazar kimi diqqət və qayğı görürəm.

 

- Sən həm də Təbrizdəki "Sancaq" qəzeti ilə əməkdaşlıq edirsən. Buradakı şairlərin şeirlərini həmin qəzetdə çap etdirirsən. Buna necə nail oldun?

 

- "Sancaq" qəzeti Güney Azərbaycanın ən məşhur qəzetlərindəndir. Bütün şəhərlərində paylanır və oxunur. Yəni kifayət qədər auditoriyası olan qəzetdir. Dörd il öncə mənim yazılarım orada çap olunurdu. Buraya gələndən sonra bir neçə gənc yazarın şeirlərini orada çap olunsun deyə göndərdim. Ondan sonra qəzetin baş redaktoru mənə dedi ki, sən şeirləri göndərirsən, burada çox böyük maraqla qarşılanır. İstəyirsən sənə burada bir bölmə açaq, davamlı göndər. Mən də bu təklifdən çox razı qaldım və beləcə əməkdaşlığımız başladı. Orada azərbaycanlı yazarların əsərləri əski əlifbada, amma Azərbaycan dilində çap olunur. Ancaq orada mətbuatda pul yoxdur. Məsələn, keçən dəfə bir xanım şairə məndən "Sancaq"da onu çap etməyimi istədi və soruşdu ki, qonorar verəcəklər (gülür)?

 

- Orada kimləri çap etmisən?

 

- Çalışıram ki, kimsəni seçməyim, Azərbaycan ədəbiyyatı necə varsa, elə də görünsün, tanınsın. Anar, Ramiz Rövşən, Musa Yaqubdan başlamış, ən gənc yazarlara qədər yüzə yaxın müəllifi çap etdirmişəm. Bu sırada Aqşin Yenisey, Şəhriyar del Gerani də var. Elmlər Akademiyasından çoxlu məqalələri əski əlifbaya çevirib qəzetdə yayımlamışam. Mənə qədər buranın gənc yazarları ilə oranın ədəbi mühiti arasında körpü yox idi. Orada saytlar da yoxdur ki, kimsə burdan orada tanınsın. Birinci dəfə olaraq, mən çalışdım ki, bizim gənclər də orada tanınsın.

 

- Eləcə də Güney ədəbiyyatının burada tanıdılması ilə bağlı bir sıra layihələrdə iştirak edirsən.

 

- Bəli. Elə bir müddət öncə Güney Azərbaycanın yazarların əsərlərindən ibarət hazırladığımız bir antologiya çap olundu. Bundan başqa da fikrimizdə bəzi ideyalar va. Zamanla hamısını həyata keçirəcəyik.

 

- İndi isə sənin öz yaradıcılığından danışaq. Əvvəl şeir yazırdın, səni şair kimi tanıdıq, sonra isə hekayələrinlə görünməyə başladın.

 

- Bəli, əvvəllər şeir yazırdım, nəsri çox yazmırdım, çünki dili yaxşı bilmirdim. Gözləyirdim ki, dili tam öyrənim və başlayım nəsr yazmağa. Çünki düşünürəm ki, şeiri istənilən zaman, istənilən yerdə yazmaq olar. Nəsri isə yazmaq üçün səbr tələb olunur. Artıq bir ildir ki, hekayə yazıram və "Ədəbiyyat qəzeti"ndə çap olunur. Görürəm ki, nəsr şeirdən daha yaxşı alınır. Dostlarım da deyir ki, şeirdən imtina elə, keç nəsrə. Amma düşünürəm ki, şair heç zaman şeirdən imtina edə bilməz.

 

- Yaradıcılığında sanki pessimizm daha güclüdür. Bu əhval nədən qaynaqlanır?

 

- Biz real dünya ilə üz-üzə dayanmışıq. Əslində, mənim yazdıqlarım gündə qarşılaşdıqlarımızın bədiiləşdirilmiş formasıdır. Həyatımız da ağrı-acılardan ibarət deyilmi? Sadəcə çox insan ədəbiyyatı bir sakitləşdirici, ümidverici, hətta bəzən ağrılara qarşı keyidici dərman kimi qəbul edir. Oxuduqları ilə bu həyatı unutmağa çalışır. Amma həqiqət bu deyil. Qərb fəlsəfəsində də deyilir ki, həyatı real şəkildə, necə varsa elə yazmaq lazımdır. Gündəlik həyatımızda qarşılaşdığımız ayaqyalın dilənçi uşaqları, zorakılıqları necə görməzdən gələ bilərik?!

 

- Evini, ailəni, mühitini tərk edib bura gəlməyinə peşmanladığın anlar olurmu?

 

- Ən çox yalnızlıq zamanında elə bir düşüncə dolur içimə. Xəstələnirsən, əlini ağrıyan başına çəkəcək kimsən yoxdur, qarşına isti çay qoyan yoxdur. Bu anlarda insan düşünür ki, heç olmasa gedib onca dəqiqə Təbrizin havasını udaydım. Doğmalarımın yanında olaydım. Vətən hər yerdə vətəndir, amma anan hardadırsa, rahatlığın da, doğmalığın da ordadır. Əslində, yazıçının vətəni otağıdır, bir addım çöldə isə qürbətdir. Peşman olduğum anlar olur, amma sonradan Bakıda qazandığım yaradıcılıq imkanlarını düşünəndə, deyirəm, yaxşı ki, buraya gəlmişəm. Çünki burada sənin milli kimliyinin, dilinin, yazılarının bir dəyəri var. Gələcəkdə də həyatımı burada davam etdirmək istəyirəm. Mənim hədəflərimin ünvanı buradır.

 

- Nədir o hədəflər?

 

- Uzaq hədəflərdən danışmaq istəmirəm. Amma yaxın gələcək üçün planlarımı deyə bilərəm. Bu ilin sonuna kimi bir şeir və bir hekayə kitabı çap etdirməyi düşünürəm. Əslində, şeir kitabım hazırdır, amma özümə, yaradıcılığıma qarşı olan tələbim hələ onu çap etdirməyə imkan vermir. Belə də düşünürəm ki, bəlkə bu, sonuncu şeir kitabım olacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2018.- 22 fevral.- S.7.