"Abşeron
nağılı" Vyanada
Vyanada Azərbaycan
Mədəniyyət Mərkəzində
tanınmış azərbaycanlı
rəssam Anar Hüseynzadənin əsərlərindən
ibarət "Abşeron
nağılı" adlı
sərgi açılıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Leyla Qasımova qonaqlara rəssamın həyat və yaradıcılığı haqqında
məlumat verib.
Qeyd edilib ki, hələ altı yaşından rəssamlığa meyil göstərən A. Hüseynzadə
məktəblilər üçün
dərnəklərdən başlayaraq
rəngkarlıq sənəti
ilə dərindən
məşğul olmağa
başlayıb və təhsilini Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında davam etdirib.
İndiyədək rəssamın əsərlərinin
dünyanın müxtəlif
ölkələrində sərgiləndiyini
və şəxsi kolleksiyalarda saxlandığını
diqqətə çatdıran
L.Qasımova 2014-cü ildə
rəssamın ilk fərdi
sərgisinin də açıldığını söyləyib. Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva tərəfindən 2007-ci ildə
BMT-nin İsveçrə
bölməsində yaradılan
"Azərbaycan otağı"na
rəssamın "Qədim
şəhər" əsəri
təqdim edilib.
Bildirilib ki, A.Hüseynzadənin yaradıcılığında əsas hədəf öncədən təyin
edilmiş sərhəd
və çərçivələrdən
kənara çıxmaq,
Qərb və Azərbaycan arasında rənglərin köməyi
ilə özünəməxsus
məkan yaratmaqdır. Rəssamın əsərlərində Abşeron,
Bakı, İçərişəhər
mövzuları, eləcə
də sadə insanların təsvirlərindən
ibarət portretlər
və fəlsəfi mövzular rənglərin
dili ilə təqdim olunur. Texniki ustalıq, rəng seçimi və istifadə edilən təsviri metodlar rəssamın əsərlərinin
daha da cəzbedici
olmasına şərait
yaradır.
Rəssam Anar Hüseynzadə Avropanın mədəniyyət
paytaxtlarından biri olan Vyana şəhərində
ilk fərdi sərgisinin
açılmasından məmnun
olduğunu bildirib və Azərbaycan Mədəniyyət Mərkəzinə
göstərilən dəstəyə
görə təşəkkür
edib.
Sonra qonaqlar sərgi ilə tanış
olublar
XƏDİCƏ
525-ci qəzet 2018.- 22 fevral.- S.7.