Bizim Himalay müəllim...
PƏRVİN
21 fevral dəyərli alim, filologiya üzrə fəlsəfə
doktoru, professor Himalay Qasımovun doğum günüdür.
Əslində, ömrünün böyük
hissəsini elmə, ədəbiyyata həsr etmiş adam
haqqında, hələ
üstəlik həmişə,
hər yerdə ustadım adlandırdığım
əziz müəllimim
barəsində məqalə
yazmağın çətinliyini
başa düşürəm.
Himalay müəllimin hər əsəri, hər kitabı, hər məqaləsi ayrıca bir tədqiqat mövzusudur. Amma doğrusu, bu günün işığında,
ocaq bildiyimiz "Azərbaycan və dünya ədəbiyyatı"
kafedrasında keçirilən
tədbirdən sonrakı
ovqatımda dəyərli
alimin cild-cild əsərlərindən, sayı
yüzü ötən
məqalələrindən daha çox bizlərin, hamımızın
həyatında, karyerasında
oynadığı roldan
söz açmaq istərdim.
Səhər tezdən kafedramızın
baş laborantı Ətrabə xanım zəng edib iclasa çağırdı
hamımızı. Amma sən demə, bu toplantının ayrı, xoş bir səbəbi varmış: kafedra müdirimizin doğum günü. Onu deyim ki,
Himalay müəllimin
kafedramızda yaratdığı
ab-hava hamıya örnək ola
bilər. Hər kəsə münasibətində
diqqəti, heç vaxt ayrı-seçkilik salmaması, hamının
uğuruna sevinib, kədərinə hüzünlənməsi,
qayğısını, köməyini
əsirgəməməsi göz
önündədir. Bütün bu
münasibəti, insanlara
qarşı xeyirxahlığı
ətrafındakı adamlara
da sirayət edib. Kiçicik bir gərginlik, anlaşılmazlıq Himalay
müəllimi günlərlə
narahat edə bilər və o problem həllini
tapmayınca ürəyi
sakit olmaz.
Kafedramızın əməkdaşı, professor
Mahmud Allahmanlı bir neçə il
öncə Himalay müəllimin "Sənət
və sənətkarlıq
məsələləri yeni
düşüncə müstəvisində"
kitabı haqqında məqaləsində yazırdı:
"Yadıma keçən
əsrin yetmişinci illərinin sonu, səksəninci illərinin
əvvəllərindəki tələbəlik vaxtlarım
düşdü. Birinci kursa
təzəcə daxil
olmuşduq. "Ədəbiyyatşünaslığın əsasları" fənnindən
mühazirə idi.
Himalay müəllim içəri daxil oldu və özünəməxsus
təmkin, ədəb-ərkanla
bizə uğurlar dilədi, tövsiyələrini
verdi. Həmin vaxtlar
biz ondan və digər müəllimlərimizdən
təkcə elmin sirlərini öyrənmədik,
həm də o böyük ədəb-ərkanı,
mənəviyyat zənginliyini
öyrənməyə çalışdıq.
Bütün öyrəndiklərim üçün özümü
ilk növbədə onlara
borclu bilirəm.
Platon xüsusi olaraq vurğulayırdı ki,
"elm sahiblərini elmlərinin
çoxluğu ilə
deyil, əməllərinin
faydalılığı, əxlaqlarının
saflığı və
özlərinin xeyirxahlığı
ilə sınaqdan keçirt". Tale elə gətirdi ki, qarşıma həmişə elmlərinin
çoxluğu, əməllərinin
faydalılığı ilə
seçilən, ürəyi
xeyirxahlıqlarla dolu olan insanlar çıxdı.
Həmin
seçilmişlərdən biri də professor Himalay Ənvəroğlu oldu. Və bu gün də onun böyüklüyündən,
xeyirxahlığından, qayğısından
yararlanmaqdayam. Onu da əlavə edim ki, bu təkcə
mənim yox, bütünlükdə tələbə
yoldaşlarımın, o illərdə
mənimlə birgə
oxuyanların qənaətləridi".
Hörmətli müəllimim Mahmud Allahmanlının 70-ci illəri
yada salaraq söylədiyi məqamları
2000-ci illərin əvvəllərində
təhsil alan
bizlər də təsdiqləyə bilərik.
Mənim
də o gün, Himalay müəllimin şax, qürurlu yerişi ilə auditoriyaya girməsi, tələbələrlə alışmadığımız
təmkinlə, nəzakətlə
danışması yaxşı
yadımdadı. Hətta imkansız
tələbələrə "ehtiyac varsa, sizə yardım edə bilərəm"
- deməsi də o vaxt hamımıza qəribə gəlmişdi.
Sonralar öyrəndik ki, bütün bu davranışı, gənclərə
xeyirxah münasibəti
haqqında əfsanələr
dolaşır. Və
Himalay müəllim özü bunları təvazökarlıqla, çox
sadə izah edir: "Axı mən o cür alimlərdən, Feyzulla Qasımzadə kimi insandan dərs almışam, mən müəllim keçəndə
Feyzulla Qasımzadə
sevindiyindən ağlayırdı.
Biz də o yolu
davam etdirməliyik"
- deyir. Əlbəttə, Himalay müəllim
dəqiq bilir ki, o böyük alimlərin, böyük insanların yoluna xilaf çıxan, ya da o yolu
"əksinə gedənlərin"
sayı-hesabı yoxdu.
Bununla belə, öz varlığında, insanlara,
xüsusən gənclərə
münasibətində işıqlı
ənənələri qorumağa
çalışır. Himalay müəllimin elmə, ədəbiyyata münasibəti
də həm ənənələrin davamıdır,
həm də öz şəxsi düşüncələrinin, orijinal yanaşmalarının
təcəssümü. Təsadüfi deyil ki, çağdaş ədəbiyyatşünaslıq
elmində öz sözü, yeri olan bir çox
alimlər Himalay müəllimi məktəb
adlandırırlar. Professor Yavuz Axundlu "Şeirimizin poetikası haqqında dəyərli araşdırma" adlı
məqaləsində yazırdı:
"Himalay müəllimin
tədqiqatlarında mərhələ
və ədəbi növ məhdudiyyəti yoxdur. Görkəmli alim o tay-bu taylı
Azərbaycan ədəbiyyatının
həm klassik, həm də müasir yaradıcılarının
əsərlərini eyni
professionallıqla təhlil
predmetinə çevirdiyi
kimi, poeziyadan da, nəsrdən də, dramaturgiyadan da, ədəbiyyatşünaslıq
və ədəbi tənqid məsələlərindən
də eyni vəcd və səriştə ilə söz açaraq mükəmməl elmi-ədəbi
qənaətlər irəli
sürür. O, orta əsrlər ədəbiyyatımızın İ. Nəsimi,
M. Füzuli kimi ustadlarından yazanda da, XX yüzilliyin əvvəlləri romantik
poeziya və dramaturgiyamızın böyük
nümayəndəsi Hüseyn
Cavidin ecazkar sənətini araşdırmaya
cəlb edəndə də, S. Vurğun, İ.Əfəndiyev, Anar kimi ədiblərdən söz açıb mötəbər elmi fikirlər söyləyəndə
də, Azərbaycan romanının poetikasını
çoxplanlı aspektdə
incələyəndə də
unikallıq, universallıq
və professionallıq
nümayiş etdirir. Mükəmməl nəzəri hazırlığı,
geniş mütaliəsi,
dərin elmi erudisiyası Himalay Ənvəroğlunun əsərlərinin
başlıca siqlətini
şərtləndirən əsas
faktordur, təyinedici məziyyətdir".
Həqiqətən, dəyərli alim Yavuz Axundlunun da qeyd etdiyi
kimi, Himalay müəllimin şərhində,
izahında, təhlilində
bütün bu sənətkarlar tamam ayrı yöndən görünür, qavranır. Onun "Ədəbiyyat
nəzəriyyəsindən mühazirələr", "Bədiiliyin
meyarı", "Müasir
Azərbaycan romanı:
janrın poetika və tipologiyası",
"Müasir Azərbaycan
romanının qaynaqları",
"Müasir Azərbaycan
ədəbiyyatında yaradıcılıq
meylləri", "Azərbaycan
ədəbiyyatının yaradıcılıq
problemləri", "Şəhriyarın
lirikası və etiqadı", "Hüseyn
Cavidin lirikası və dramaturgiyası"
kimi əsərləri
ədəbiyyatşünaslıq elmimizi xeyli zənginləşdirib.
Himalay Ənvəroğlu böyük sözün, böyük ədəbiyyatın təbliğatçısıdır. Dəfələrlə Himalay müəllimin dediyi mühazirələrdə şairlərimizi, yazıçılarımızı tamam ayrı yöndən, daha doğrusu, müasir gənclərə maraqlı ola biləcək tərzdə izah etdiyinin şahidi olmuşam. Bu gün gənc nəslin birmənalı qarşılamadığı bir çox mövzular məhz Himalay müəllimin izahlarından, təhlillərindən sonra başqa cür qəbul olunub. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli dəfərlərlə çıxışlarında professor Himalay Qasımovu elmin zirvələrindən biri adlandırır, ayrıca bir məktəb olduğunu xüsusi qeyd edir. Bugünkü kafedra yığıncağımızda da universitetimizin rektoru, professor Cəfər Cəfərovun xəbərsiz gəlişi, Himalay müəllimə göstərdiyi ehtiram, səsləndirdiyi fikirlər son dərəcə mühümdü. Cəfər müəllim kiçik və səmimi təbrikində Himalay müəllimin ömrünün yarısından çoxunu Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etdiyini vurğuladı: "Universitet 100 yaşına yaxınlaşır. Bu yüz ilin yarısından çoxunu - 60 ilini Himalay müəllim bura ilə bağlı olub. O, böyük ziyalılarla birgə buranın təməlini möhkəmləndirib. ADPU-nun inkişafı, böyüməsi məhz Himalay müəllim kimi alimlərimizin adı ilə bağlıdır. Pedaqoji Universitetin bir çox alimlərini kənardan, qiyabi tanımışam. Amma burda işləməyə başlayanda şəxsən, yaxından tanış ola bildim. Sevinirəm ki, sizin kimi insanlarla birgə çalışıram. Himalay müəllimin gənclərə münasibətini, gənc alimlər yetişdirməsini, bu yolda xidmətlərini son dərəcə yüksək qiymətləndirirəm. İnsan cəmiyyətdə işi ilə, əməli ilə tanınır. Bu gün Himalay müəllimin ölkədə bu qədər sayılıb-seçilən alim, sevilən bir insan olması onun gözəl əməllərinin, yüksək səviyyəli əsərlərinin sayəsindədir".
Cəfər müəllim səmimi sözlərindən sonra təhsillə bağlı məsələlərdən də danışdı, ədəbiyyatımızın, tariximizin təbliğatında yeni metodlara, yanaşmalara, beynəlxalq təcrübəni öyrənməyə ehtiyac olduğunu dilə gətirdi. Bütün müzakirələrin, söhbətlərin tək bir hədəfi, səbəbi var: gənc nəsli milli ruhda yetişdirmək, onların dünyagörüşünü daha da artırmaq. Bunlar kafedramızda hər zaman qaldırılan söhbətlərin, etdiyimiz müzakirələrin davamıdı əslində.
Professor
Elman Quliyev Himalay müəllimi xoşbəxt
adam adlandırdı.
Və mən bütün müzakirələrə,
dost təbriklərinə qulaq
asdıqca, bu "xoşbəxt adam"
ifadəsinin dərinliyinə
getdikcə düşünürdüm
ki, xoşbəxtlik elə budur. Paxıllığı, kini, nifrəti
özünə yaxın
buraxmayan insan, alim Himalay Qasımov
bəlli bir yaşa, sağlam, rahat, sevənlərinin əhatəsində gəlib
çatıb. Ömrünü ləyaqətlə yaşayır,
taleyin qismətindən
artıq heç nə ummur, gözləmir, istəmir.
İnsanları sevindirməkdən,
yaxşılıq etməkdən
məmnundur...
Gələn il Himalay müəllimin yubileyidir. Neçə yaşı olduğunu
demək niyyətim yoxdur. Sadəcə onu deyə bilərəm ki, Himalay müəllim hər yaşda, hər səviyyədə,
hər vəzifədə
insanların əhatəsində
öz ucalığında
durmağı bacarır.
Yəqin
elə bu da onu başqalarından
fərqləndirir.
Ad gününüz mübarək,
əziz müəllimim!
525-ci qəzet 2018.-22 fevral.- S.4.