Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov

 

Xalq Cümhuriyyəti-100

 

GÖRKƏMLİ HƏRB XADİMİNİN ÖMÜR VƏ FƏALİYYƏT YOLU İLƏ BAĞLI QEYDLƏR

 

 (Əvvəli ötən sayımızda)

 

Səməd bəy Mehmandarovun müstəqil respublikanın hərbi naziri kimi genişmiqyaslı fəaliyyətinə və göstərdiyi tarixi xidmətlərə şahidlik edən yüzlərlə arxiv sənədi, zəmanəsinin görkəmli şəxsiyyətlərinin onun haqqında yazdığı xatirələr və başqa materiallar var.

 

Yəqin ki, bütün bunlar barəsində gələcək tədqiqatçılar daha ətraflı söhbət açacaq, onun nəsillərə nümunə olan həyatı və əməllərini doğma xalqına hərtərəfli çatdıracaqlar. Əlbəttə, 1920-ci ilin aprel işğalı ilə Azərbaycanın müstəqil dövlətinə qəsd edilməsəydi Səməd, bəyin cəmi il yarım çəkmiş nazirlik fəaliyyəti davam edər, o, güclü və mütəşəkkil ordu yaratmaq sahəsindəki planlarını daha dolğun şəkildə reallaşdıra bilərdi. Aprel işğalı nəinki onun və dostu Əliağa Şıxlinski kimi hərbi dühaların, həmçinin, gənc dövlətin özü kimi gənc sərkərdələrinin də arzularını yarımçıq qoydu. Aralarında xarici ölkələrə mühacirət edənlər, bolşevik gülləsinə tuş gələnlər və repressiyanın başqa formalarına məruz qalanlar oldu. O və dostu Əliağa Şıxlinski üçüncü qrupa düşdülər. Hər ikisi bir müddət həbs edilərək, bolşevik çekasının cəza üsullarının "ləzzətini" gördülər.

 

Səməd bəy Mehmandarov 1920-ci il iyun ayının 3-də həbs edildi. Ancaq bu gözlənilən aksiyanın reallaşdırılması üçün işğaldan ötən müddət ərzində bir neçə hazırlıq tədbiri görülmüşdü. Bunlardan biri 11-ci ordunun 5-ci Bakı alayının hərbi komissarının 11-ci ordu hərbi şöbəsinin rəisinə yazdığı məlumat idi. Həmin məlumatda deyilirdi: "Məruzə edirəm ki, 1 iyun 1920-ci ildə mənim tərəfimdən alayın məxfi kağızlar yeşiyi açılmış və həmin kağızların arasından hələlik 399, 88, 96 saylı kağızlar tapılmışdır. Onları sizin sərəncama göndərirəm".

 

Bu sənədlər 5-ci alayın hərbi rəhbərliyin tapşırığı ilə bolşevik təhlükəsinə qarşı hansı tədbirlər gördüyünü, yaxud görməyi planlaşdırıldığını sübuta yetirirdi. Artıq yeni hökumətin utanmadan əksinqilab adlandırdığı bu hərəkətlərin arxasında əslində, müstəqil dövlətin özünü təxribat xarakterli təbliğatlardan qorumaq kimi tam qanuni tələbi dayandığına açıq-aydın göz yumulurdu. Çekanın "bolşeviklər təqib ediliblər, deməli, qatı cinayətə yol verilib" məntiqi istənilən şəxs barəsində istənilən hökmün çıxarılmasına əsas verirdi.

 

İkinci bu tipli sənəd yeni hökumətin hərbi dəniz komissarı Çingiz İldırım tərəfindən 11-ci ordunun xüsusi şöbə rəisi Pankratova göndərilib. Özü də birincidən fərqli olaraq, burada keçmiş hərbi xadimlərin ciddi cəzalandırılmasına açıq təhrik ifadə edilib:

 

"Yol. Pankratova. Mənim teleqramlarıma və məlumatlarıma baxmayaraq, keçmiş hərbi nazir Mehmandarov və Bakı komissarının köməkçisi Azad Vəzirov hələ də azadlıqdadırlar. Yuxarıda göstərilən şəxsləri təcili həbs etmək, keçmiş polis Mirzəyevin qohumu qatı müsavatçı Axundov İbrahimi "Axundzadə"ni tutub saxlamaq barədə tədbir görün. Hərbi Dəniz komissarı İldırım".

 

Artıq heç bir qüvvə Səməd bəyi həbs olunmaqdan qurtara bilməzdi. Nə Qarnizon rəisinin 18 may 1920-ci il 10 saylı əmri ilə verilmiş şəhadətnamə: "Bu sənədi təqdim edən vətəndaş Mehmandarova 27139 ¹-li "Naqan" tapançasını saxlamağa və üstündə daşımağa icazə verilir. Əsas: Qarnizon rəisinin 18 may 1920-ci il 10 saylı əmri", nə də onun Bakı şəhər komendantından 22 may 1920-ci ildə aldığı vəsiqə: "... vətəndaş Mehmandarov mənim tabeliyimdə olan idarədə 232 ¹-li qeydiyyat kitabçasında qeydiyyatdadır. Bakı şəhəri və onun rayonlarının komendantı hərbi komissar".

 

Artıq daha yüksək məqamdan başqa tələb irəli sürülmüşdü və komissarın bu tələbi Azərbaycan SSR Fövqəladə Komissiyası tərəfindən məmnuniyyətlə yerinə yetirildi. 226 saylı orderlə 3 iyun 1920-ci ildə: "Komissar Vekeşpevə Mehmandarovun mənzilinin axtarışı və həbs edilməsi həvalə olundu".

 

Sənədin arxasında həmin komissarın qeydi var: "Məhbusu qəbul etdim".

 

4 iyun 1920-ci ildə Kains Vekeşpev tərəfindən həbs edilmiş 64 yaşlı Azərbaycanın hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov həbsxanada Safronov tərəfindən qəbul edilir və Az.SSR FK-nın 953 saylı həbs kağızı təqdim olunur.

 

Elə həmin gün 226 saylı order əsasında Orlovsk küçəsi 116 ¹-li evdə yaşayan Mehmandarovun mənzilində "yol. Kamyatina və Feoktistovun iştirakı ilə" axtarış aparılıb və axtarış zamanı aşağıdakılar aşkarlanaraq FK-ya aparılıb: "Brauninq" tapançası ¹19294, "Naqan" ¹27139, yeddi ədəd güllə ilə birlikdə müxtəlif cür sənədlər və yazışmalar, foto kartoçkası və paqonlar".

 

Bu gün DTX arxivində saxlanılan Səməd bəy Mehmandarov haqqında istintaq işində belə bir qeyd var: "Azərbaycanın keçmiş hərbi naziri Mehmandarov Səməd Sadıq oğlunun işi ¹ 485, 11-ci ordunun Hərbi İnqilabi Şurası yanında xüsusi şöbə. 4 iyun 1920-ci il. 30 iyul 1920-ci il".

 

Başqa sənədlərdən isə aydın olur ki, istintaq işi həbs aksiyasından 14 gün sonra, 17 iyun 1920-ci ildə Az.SSR FK-nın 577 saylı işi kimi başlamış, 18 avqust 1920-ci ildə isə indiki sayla qeydə alınaraq, davam etdirilmişdir.

 

Əslində, Səməd bəyin və keçmiş hökumətdə yüksək vəzifə postu tutmuş bir neçə başqa görkəmli hərbi və siyasi xadimin həbsində təəccüblü heç nə yox idi. Bu, hakimiyyət dəyişikliyi ilə əlaqələndirilməkdən başqa həmin ərəfədə baş vermiş çox mühüm bir hadisə - Gəncə üsyanı ilə də bağlı ola bilərdi. 1920-ci ilin may ayının sonlarında olmuş həmin üsyanda bolşeviklər on min nəfərə yaxın itki vermişdilər və sonrakı ərəfədə belə kütləvi çıxışların başqa ərazilərdə gözlənilməsi barədəki məlumatlar həbs tədbirlərini tam əsaslandırırdı. İstintaqın başlıca məqsədi Səməd bəyin və başqalarının bu üsyanla nə dərəcədə əlaqəli olduqlarını aydınlaşdırmaqdan və ən kiçik əlaqə ehtimalı aşkarlandığı halda onu istənilən vasitə ilə sübuta yetirməkdən ibarət idi. Əlbəttə, bu ehtimal doğrulmadığı təqdirdə ehtiyatda kifayət qədər başqa ittihamlar vardı və hökumətin hərbi naziri olmuş bir şəxsin nədəsə günahkar olduğunu aşkarlamaq üçün rəsmi sənədləri bir-iki gün araşdırmaq yetərli idi. Təkcə orduda bolşevik təhlükəsinə qarşı tədbirlər görülməsinə aid belə sənədlər isə onlarla idi və onlardan bir neçəsini oxucunun diqqətinə çatdırmışıq. Yeni faktlara, yaxud şahid ifadələrinə gəlincə isə, FK heç bir korluq çəkmirdi. Müstəqil Azərbaycanın dövlət adamlarını ittiham etməyə istənilən qədər erməni, rus şahidi həvəslə ifadə verirdi. Əlbəttə, bu prosesdən əksəriyyəti bolşevik təbliğatına uymuş, yaxud da şəxsi-qərəzlik prinsipi ilə intiqam aldığını düşünən bəzi azərbaycanlılar da kənarda qalmırdılar. Ancaq nədənsə, Səməd bəylə bağlı bu, üsullardan çox cüzi istifadə olunub. Bəlkə də bu generalın müəyyən müddətdən sonra Moskvaya aparılaraq, azadlığa buraxılması ilə əlaqədar olub. Yaxud inandırıcı olmasa da, belə yüksək səviyyəli bir hərbçiyə qarşı primitiv üsullarla ittiham irəli sürməkdən çəkiniblər.

 

S. Mehmandarovun daha çox Gəncə üsyanı ilə bağlılığının dəqiqləşdirilməsi məqsədilə həbs edildiyini iki fakt da sübuta yetirir. Bunlardan birincisi və təkzibedilməzi N.Nərimanovun Leninə 1 avqust 1920-ci ildə yazdığı 2 səhifəlik şəxsi məktubudur. Surəti işdə saxlanılan bu məktub 20.09.1956-cı ildə Az.KP MK-nın katibi Əfəndiyevin göstərişi ilə DTK sədri vəzifəsini icra edən Səmədov tərəfindən ona göndərilmişdir: "Əziz Vladimir İliç! Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdı. Bu məktubu Sizə təqdim edən məşhur general Mehmandarov və Şıxlinski də onların içərisində idi. Diqqətli yoxlama nəticəsində məlum oldu ki, generalların üsyanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə qədər və ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik ki, generalları qərargahda işləmək üçün Sizin sərancamınıza göndərək, çünki onlar hərbi mütəxəssislər olmaq etibarı ilə əvəzsizdirlər. Onlardan biri Şıxlinski Nikolay ordusunda "artilleriyanın Allahı" sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy, onlar Moskvada işləsinlər, sonra Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsəniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır. Kommunist salamı ilə N. Nərimanov".

 

Göründüyü kimi, məktubda Azərbaycanın hər iki generalı Gəncə üsyanında iştiraklarının olub-olmadıqlarının müəyyənləşdirilməsi məqsədilə həbs edildikləri göstərilir.

 

İkincisi, istintaq işində saxlanılan Azərbaycan 1-ci piyada diviziyasının (general Cavan Şıxlinskinin komandanlığı altında) Qərargah rəisi Vasili Nikolayeviç Sokolovun istintaq işidir. Onun həbsi ilə bağlı bağlı qərarda deyilir:

 

"Mən 11-ci ordunun xüsusi şöbəsinin baş müstəntiqi Qubin 20-ci atıcı diviziyanın Qərargah rəisi Könüllü Ordunun generalı ilə əlaqəyə girməkdə günahlandırılan V.N.Sokolovun istintaq işinə baxaraq müəyyən etdim: Baş qərargahın polkovniki Sokolov bütün vətəndaş müharibəsi ərzində daim Gəncə üsyanını təşkil və ona rəhbərlik edən Cavan Şıxlinskinin başçılıq etdiyi Azərbaycan ordusu 1-ci piyada diviziyasının qərargah rəisi olub. Gürcüstandan general İrmanovun Əliağa Şıxlinski və Mehmandarova ünvanladığı məktub I-ci piyada diviziyasının qərargahına daxil olub, burada gerbli, sürquçlu, möhürlə məxfi xidməti məktub şəklinə salınmış və bu şəkildə ünvanına göndərilmişdir. Bu işdə möhürün yalnız onda saxlandığı nəzərə alınmaqla Sokolovun iştirakı şübhəsizdir. Ona görə də Sokolova qarşı irəli sürülən ittihamı qüvvədə saxlamağı düzgün sayıram. Müttəhim Sokolovun ÜFK XŞ-  göndərilən Mehmandarovun və Şıxlinskinin fəaliyyəti ilə tanışlığını və hərbi işi bildiyi halda 11-ci orduda və Azərbaycan qırmızı hissələrində xidmət göstərmək istəmədiyini nəzərə alaraq, qərara gəldim: Vasili Nikolayeviç Sokolov 575 ¹-li işlə birlikdə UFK-nın sərəncamına göndərilsin". Sənədin üstündə 11-ci ordu xüsusi şöbəsinin rəisi Pankratovun razılaşdığını bildirən qeydi var.

 

Müstəntiq Qubinin 1920-ci il 29 iyun tarixində casusluqla bağlı ittiham olunan Şahtaxtinski İlyas Əliqulu oğlunu dindirərək tərtib etdiyi protokolda belə bir qeyd var: "Hərbi nazir Mehmandarov haqqında deyə bilərəm ki, o da bolşeviklərə və sovet hökumətinə pis münasibət bəsləyirdi. Mən bunu onunla bağlı deyirəm ki, mən bolşevikləri Mehmandarovun şəxsi əmri ilə həbs etmişəm və onları tək çörəklə suyun ümidinə qoymuşam. Həmçinin, Mehmandarovun əmri vardı ki, bolşevik fəaliyyəti ilə azacıq əlaqəsi olanları həbs edib ciddi rejim altında saxlamaq..."

 

Bütün bunlardan sonra əlində kifayət qədər dəlil-sübut topladığını güman edən müstəntiqi Qubin iyul ayının 29-da 11-ci ordu xüsusi şöbəsinin istintaq materialları əsasında qərar verir: "Mən keçmiş Azərbaycan Respublikası hərbi naziri, tam artilleriya generalı 64 yaşlı Səməd Sadıq oğlu Mehmandarovun işinə baxaraq müəyyən etdim: yuxarıda adı çəkilən vətəndaş Mehmandarov əksinqilabi Müsavat partiyasının vəzifəyə qoyduğu adamdır və 399 ¹-li əmrdən göründüyü kimi, onu müdafiə etməklə, orduda bolşevizmin aradan qaldırılması üçün həmin partiyanın qarşısında duran vəzifələri həyata keçirmişdir. Mehmandarovun əksinqilabi fəaliyyəti, yaxud Azərbaycanda sovet hakimiyyətinin devirilməsi məqsədilə törədilən hadisələrə aidiyyatı barədə digər məlumatlar yoxdur. Bunu nəzərə alaraq qərar gəldim: vətəndaş Səməd Sadıq oğlu Mehmandarov keçmiş hərbi nazir kimi ÜFK xüsusi şöbəsinin sərəncamına göndərilsin".

 

Sənədin üstündə Pankratovun qeydi var: "Qərar təsdiq olunur, əksinqilabi hökumətin naziri kimi göndərilir".

 

Moskvaya göndərilən Mehmandarov doldurduğu Sorğu vərəqində 1914-cü il müharibəsinə qədər nə ilə məşğul olub sualına cavabda: "21-ci piyada diviziyasının rəisi olduğunu", müharibədən fevral inqilabına qədər "2-ci Qafqaz korpusunun komandiri və dəfələrlə birləşmiş korpuslar komandiri olduğunu", 1917-ci ilin avqustundan 1918-ci ilin yanvarın 1-nə qədər Alekesandrovski yaralılar komitəsinin üzvü olduğunu" göstərir, gedişinin səbəbi kimi "Az.SSR hərbi komissarı tərəfindən RSFSR İnqilab Şurasına ezam olunduğunu" bildirir və bütün bunlardan sonra isə yazırdı: "Sənədlərim Xüsusi Şöbədədir".

 

Əlavə şərhə ehtiyac yoxdur.

 

Moskvaya göndərilərkən Səməd bəyə və ailə üzvlərinə İnqilabi Komitənin müvafiq vəsiqələri təqdim edilir. Çünki ən qısa müddət ərzində bolşeviklər ölkədə elə sərt tədbirlər görmüşdülər ki, vətəndaşlar əllərində pasportları, başqa sənədləri olduğu halda, bu komitə tərəfindən şəxsiyyətini təsdiqləyən vəsiqələr olmadan daimi yaşayış yerini dəyişə, başqa yerə gedə bilməzdilər. Artıq o qədər də uzaq olmayan gələcəkdə dünyanın 6-da birində tətbiq ediləcək əhalinin ümumi nəzarət altında saxlanılması, kütləvi izlənilməsi kimi repressiv metodlar həyata ilk vəsiqəsini almaqda idi.

 

S.Mehmandarov ÜFK Xüsusi İdarəsi komendantlığı tərəfindən 18 avqust 1920-ci ildə qəbul edilib və bu vaxt onun üstündən hansı əşyaların çıxdığı barədə qeyddə "qızıl qolbağı ilə birlikdə, qızıl saat" olduğu göstərilib.

 

1 oktyabr 1920-ci ilə aid 346 saylı agentura qeydindən isə aydın olur ki, hər iki general Moskvaya hərbi müşayiətlə deyil, sərbəst gəlmişlər. "Alınmış arayışlara görə, vətəndaşlar Mehmandarov və Şıxlinski Moskvaya gələn kimi həbs edilib, Butırsk türməsinə göndərilmişlər. Hazırda onların harada olduqları bilinmir."

 

Onlar isə ÜFK Xüsusi Şöbəsində saxlanılırdılar və bunu 10 oktyabr 1920-ci ildə həmin şöbəyə Az.SSR-in fövqəladə nümayəndəsi tərəfindən göndərilən məktub da sübut edir: "Xahiş edirəm, mənim katibim Şahbazova hərbi işin mütəxəssisi kimi Bakıdan Moskvaya göndərilən Az.SSR vətəndaşları Əliağa Şıxlinski və Səməd Mehmandarovun işlərinin vəziyyəti barədə məlumat verməkdən imtina etməyəsiniz. Fövqəladə Səlahiyyətli nümayəndə B.Şahtaxtinski".

 

Haşiyə çıxıb qeyd edək ki, bir diplomat kimi tanınmış Behbud ağa Şahtaxtinski 1881-ci ildə məşhur Şahtaxtı kəndində anadan olmuşdur. 1917-18-ci illərdə Bakı soveti İcraiyyə Komitəsinin, Bakı XDS fövqəladə komissiyasının üzvü, "Hümmət" təşkilatı mərkəzi komitəsinin sədri olmuş, sovetləşmədən sonra Xalq ədliyyə komissarı, eyni zamanda, Azərbaycanın RSFSR-dəki fövqəladə səlahiyyətli nümayəndəsi işləmişdir. Daha sonra isə Türkiyədə Azprbaycanın səlahiyyətli nümayəndəsi və Sovet-Türkiyə danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1920-ci il sentyabrın 30-da RSFSR və Azərbaycan arasında hərbi iqtisadi ittifaq haqqında müqaviləni Leninlə birgə B.Şahtaxtinski imzalamışdır.

 

Bəli, başqa cür də ola bilməzdi. Azərbaycan milli hökumətində hərbi nazir və onun müavini işləmiş şəxslərə onların ordu quruculuğunda istər nəzəri, istər təcrübi baxımdan əvəzsiz hərbi dühalar olduqları etiraf edilsə belə, səviyyələrindən qat-qat aşağı vəzifələrin etibarı mümkün deyildi. Səməd bəy Mchmandarov həbsxanada saxlanılarkən guya ona hörmət əlaməti olaraq mundirinin və ordenlərinin gətirilməsinə, xalça verilməsinə mane olmamağı tapşırmaqla bu şəxsiyyətin böyüklüyü qarşısında nə qədər cılız göründüklərini başa düşürdülər. Ancaq Azərbaycanın müstəqilliyi yolundakı tarixi xidmətləri barədə düşünəndə, yeni hakimiyyətin nəzərində Səməd bəyin bolşevik düşməni olduğunu dəlil-sübutsuz təsdiqləyən bu faktı yada salanda onu nəinki vəzifələrə yaxın buraxmaq istəmir, hətta əllərində imkan olsa, ən ağır cəzaya layiq görmək istəyirdilər. Elə bunun nəticəsi idi Səməd bəy dünyasını dəyişdikdən xeyli sonra da onun yeganə oğlu İqoru incidir, sanki atasının intiqamını almaqlarından həzz duyuldular. Halbuki Azərbaycan milli dövləti çar ordusunda xidmət göstərmiş generala etibar edib, ölkənin müdafiəsi sahəsində ən məsul postu ona tapşırmışdı.

 

3-cü Sibir korpusunda artilleriya rəisi təyin edilidiyi 1908-ci ilin 18 noyabrında oğlunun dünyaya gəlməsindən hədsiz şad olan S Mehmnandarov onun adını Pir qoyub, sonra isə bu ad dəyişdirilərək İqor edilib. Səməd bəy 1915-ci ildə 2-ci Qafqaz korpusunun komandanı təyin ediləndə İqorun yeddi yaşı, Azərbaycanın ikinci hökumətində nazir olanda 10, həbs olunanda isə cəmi 12 yaşı vardı və təbii ki, bu yaşda uşağın atasının fəaliyyətində hansı şəkildəsə iştirakı qeyri-mümkün idi. Ancaq çeka, "NKVD" cəlladları üçün bütün bunların heç bir əhəmiyyəti yox idi, əhəmiyyətli olansa, onun kimin oğlu olması, yeri gəlsə, hətta əsli-köküydü.

 

Pirin xatirələrindən: "Atamdan sonra tez-tez anamı və məni çekaya çağırırdılar. Min cür hədələyici suallar verirdilər. Suallara düzgün cavab versək də, verməsək də, bizi döyüb incidirdilər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı məni niyə döyürsünüz? Verdiyiniz sualların cavabını mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir?

 

- Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməmisiniz".

 

Butırsk həbsxanasının rəisinə 3 noyabr 1920-ci ildə 1512 saylı talon göndərən ÜFK-nın xüsusi şöbəsi "bu sənədi alan kimi Səməd bəy Mehmandarovu təcili həbsdən azad edəsiniz" tapşırığı verir. Həbsdən buraxılan keçmiş hərbi nazir 1921-ci ilin payızında Moskvadan Bakıya qayıdır. Elə həmin il Səməd bəy Mehmandarov Azərbaycan SSR hərbi-dəniz komissarlığında məsləhətçi vəzifəsində işləmiş, 1924-cü ildən 1927-ci ilin axırına qədər isə Azərbaycan hərbi məktəbində və Zaqafqaziya hərbi-piyada məktəbində dərs demiş, həmçinin, Bakı Zabitlər evində fəaliyyət göstərən "Hərbi-elmi cəmiyyət"in sədri olmuşdur. 1928-ci ildə istefaya buraxılan Azərbaycanın ilk və son ordu generalı, dalbadal dörd hökumətdə hərbi nazir postunu tutmuş Səməd bəy Mehmandarov 1931-ci ilin fevral ayında Bakıda vəfat etmişdir.

 

Xalqımız qarşısında müstəsna xidmətlər göstərmiş, hərb tariximizə parlaq səhifələr yazmış Səməd bəy Mehmandarovun 160 illik yubileyi 2015-ci ildə dövlət səviyyəsində qeyd olunmuşdur.

 

Lətif ŞÜKÜROĞLU

 

525-ci qəzet  2018.- 23 fevral.- S.6.