"İçəri şəhər"
filmi dəyərlərimizin təbliğatçısı
kimi
Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
PƏRVİN Nurəliyeva
Zamanla "İçəri şəhər"
keçmişin simvoluna çevrilib. O dar küçələri
addımlayıb keçdikcə adama elə gəlir ki, bura
bütün dünyadan təcrid olunmuş bir məkandı.
Ən müasir şirkətlərin ofislərinin
yanından ötürsən, yastı-yapalaq köhnə evlərə
tamaşa edirsən, tarixin izlərini hər daşın, hər
binanın üstündə görürsən və birdən
elə bil zamanın dayandığını duyursan. Bax o müasir ofislərdə
ən qızğın iş gedir, orda çalışan
insanlar da nə tarixin, nə məkanın fərqindədirlər.
Amma bununla belə, tarix, keçmiş
İçəri şəhərin simasındadır. Cəmisi beş-on dəqiqəyə ən müasir
şəhərə, yeni Bakıya, avropalıların belə
heyrət içində tamaşa etdiyi müasir meqapolisə
çıxa bilərsən. Amma nədənsə
İçəri şəhərdə olanda insan
özünü çağdaş zamandan və dünyadan
xeyli kilometrlərlə uzaq bilir. Həm
İçəri şəhərə, həm də içinə
qapanmış hiss edir özünü.
İlqar Safatın "İçəri şəhər"
filminə baxdıqca məhz bu süjet üçün
İçəri şəhərin məkan, ideya olaraq
seçilməsinin təsadüfi olmadığını
görürük. Çünki bu film çağdaş
qanunlarla yaşamaq istəməyən, öz içində və
hisslərinin əhatəsində ömür sürməyi
üstün tutan insanlar haqqındadır.
Psixoloji
dram janrında olan filmin ideya müəllifi Təhminə
Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və
İlqar Safat, quruluşçu rejissoru İlqar Safat,
quruluşçu operatoru Luca Coassin (İtaliya),
quruluşçu rəssamı Bütünay Haqverdiyev,
icraçı prodüseri Ülvi Qasımov, prodüseri
Müşfiq Hətəmovdur. Gənc qızın - Arzunun
Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs
edən filmdə baş rolları Təhminə Rafaella, əməkdar
artistlər Firdovsi Atakişiyev, Mehriban Zəki və Xalq
artisti Elmira Şabanova canlandırıblar.
Baş rolun ifaçısı Təhminə Rafaella
Amerikada aktyorluq kursları keçib, incəsənət təhsili
alıb. Amma kinoda ilk işi olduğu üçün müəyyən
təcrübəsizliyi ilə yanaşı, cəsarəti də
nəzərə çarpır. Həmçinin,
peşəkar aktyor Firdovsi Atakişiyevlə, təcrübəli
aktrisa Mehriban Zəki ilə tərəf müqabili
olmağın özü də gənc aktrisanı xeyli
sığortalayıb. Filmdə insanın öz iç
aləmində yaşaması, cəmiyyətdən təcrid
olunması problemləri qabardılıb. Eyni
zamanda, nəsillər arasındakı konflikt də
tamaşaçıya orijinal şəkildə təqdim olunub.
Filmin qəhrəmanı Arzu ayrı maraqları,
düşüncə tərzi, həyata fərqli
baxışı olduğu üçün yaşıdları
ilə qaynayıb-qarışa bilmir. Anası həkim olsa
da, onun da bu peşəni seçməsini arzulasa da, Arzu musiqiyə
meyl edir. Hər axşam İçəri
şəhərin dolanbaclarını keçib musiqi müəlliminin
evinə, fərdi dərslərə gedir. Sevilən
aktrisamız Elmira Şabanovanın canlandırdığı
musiqi müəllimi bütün geyim tərzi,
danışığı, baxışları ilə dəqiqdir.
Bu məqamda Elmira Şabanovanın Elçin
Musaoğlunun "40-cı qapı" filmindəki Fatma xala
obrazını necə ustalıqla canlandırmasını
xüsusi qeyd etmək istərdim. Hər
gün böyük həyəcanla zəng gözləyən
qonşularını bəzən aldatması, ümidlərini
itirməyə qoymaması, amma eyni zamanda, hüzn, ağrı
dolu gözlərlə, günahkar sima ilə onlarla
danışması son dərəcə təsirlidir.
"İçəri şəhər"də isə
yaşlı, yorğun bir adam olan bu
xanım müharibə veteranı oğlunun taleyindən
narahatdı, ona görə Arzunu oğlu ilə tanış
etmək, dostlaşdırmaq istəyir. Və Arzu sanki öz
iç dünyasına, içəri şəhərinə
buraxa biləcəyi insanı tapmış olur. Bütün
problemlər də burdan başlanır!
Filmin məziyyətlərindən söz açanda
Mehriban Zəkinin oyununu xüsusi vurğulamaq yerinə
düşər. Əslində, süjet xəttinə
görə ikinci dərəcəli olan bu obraz aktrisanın
peşəkarlığı, narahat ana qorxularını,
düşüncələrini dəqiq ifası nəticəsində
önə çıxıb. Filmin qala gecəsində
Mehriban Zəki qısaca belə ifadə etmişdi fikirlərini: “Azərbaycan psixologiyasına
çox yaxın və bu gün üçün çox
aktual olan bir mövzudur. "İçəri
Şəhər" filmi ruhumuzun iç şəhəri,
içimizdə qalan şəhər haqqındadır". Məsələ
burasındadır ki, film təkcə gənc qızın qəribə,
qeyri-adi iç dünyasını yox, həm də sadəcə
bir valideynin keçirdiyi təbəddülatları əks
etdirir. Və bu təzadları Mehriban Zəki
öz oyunu vasitəsiylə qabarıq şəkildə
çatdırır. O məqamda ki, musiqi müəllimi
vəfat edir və gənc ana qızının özündən
xeyli yaşlı, müharibədə kontuziya almış
adama sarılıb təsəlli verdiyini görür... Bütün narahatlıqlar onda başlayır. Mehriban xanım gənc və iddialı qadınla
ürəyi övladından ötrü həyəcanla
çırpınan ana obrazını birləşdirə
bilib. Bu mənada onun Rafaelin (Firdovsi
Atakişiyev) evinə gəldiyi, açıq söhbət
etdiyi səhnə xeyli qarışıq hisslər yaradır.
Həm qızını qorumaq istəyən ana, həm də
qarşısındakı kişini hökmü ilə əzməyə
çalışan qadın... Bütün xəstəliklərin
sonunun necə olacağını dəqiq bilən həkim.
Bütün bu çalarlar Mehriban Zəkinin
canlandırdığı qadının xarakterini
çoxqatlı edir.
Filmin rejissoru İlqar Safat simvollardan istifadə edib. Məsələn,
müharibədə gülləyə tuş gələn əsgərin
qanının Qorbaçovun portretinə sıçraması
həm tarixə, həm də bu insanın bəlalarımızdakı
"roluna" işarədir. Həmçinin,
musiqi müəlliməsi öləndən sonra yun, isti
şalını Arzu öz çiyninə salır. Əslində, bu günə qədər Rafaelin yeganə
hamisi, hayanı, təsəllisi anası idisə, bundan sonra həmin
"vəzifə" Arzuya keçir. Və
görünür, elə buna görə Arzu evdən
çıxıb onunla yaşamağa başlayır. Amma burada qəribə olan odur ki, müəlliflər
böyük sevgini, mübarizəyə hazır eşqi yox,
sadəcə bir-birini başa düşən, söhbətləri
tutan, dünyaya baxışları eyni olan iki insanın
duyğularını qabardıblar. Həm
də Arzu ilə Rafaelin dialoqlarında dünya musiqisi, klassik ədəbiyyatımız,
qədim mədəniyyətimiz haqqında fikirlər də təbliğat
üçün vasitədir.
Arzunun xarakterindəki qeyri-adiliyi, onun hamıdan biri
olmadığını göstərmək üçün
müəlliflər "alternativ" üsula əl
atıblar. Rafaellə eyni vaxtda başqa bir daha gənc və
yaraşıqlı oğlan ona aşiq olur. Doğrusu, bu "eyhamlar" hədsiz birbaşa,
açıq olsa da, hər halda Arzunun xasiyyətini ifadə
edir. O, Şuberti tanımayan, İçəri şəhəri
duymayan adamla bağlaya bilməz həyatını. Ona görə hamıdan qaçıb onun, Rafaelin
yanına tələsir. Bir yandan Qarabağ
dərdini, bir tərəfdən xəstəliyini, digər tərəfdən
də tənhalığını yaşayan Rafael
üçün isə bu gəliş hava-su kimi vacibdir.
Amma o, ictimai qınağı da yaxşı
başa düşür. Firdovsi Atakişiyev filmin qala gecəsində
bütün bunları belə şərh etmişdi: "Qəlbdən,
hissdən, insan duyğularından, bakirə hisslərdən bəhs
edən filmdir. Amma bizim qəhrəmanlarımız
qınaq qurbanı olurlar. Qınaq isə cəmiyyətdə
yayılmış bir xəstəlikdi və təəssüflər
olsun ki, bundan heç vaxt qaça bilmirik".
Daha öncə filmin niyyətinin böyük məhəbbət
olmadığını vurğuladım. Həqiqətən
burada kiçik və qadağan olunmuş eşq
nağılının fonunda İçəri şəhər,
tariximiz, mədəniyyətimiz əks etdirilir. Eyni zamanda, sevgi üçün münbit olmayan
reallıq göstərilir. Elə ona
görə də Rafael uzağa, əyalətə, Arzu isə
evinə, anasının yanına qayıdır.
Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə "Azərbaycanfilm"də istehsal olunmuş "İçəri şəhər" filmi bir çox xarici ölkə festivallarında Azərbaycan kinosunu təmsil edib. Bunlardan bir neçəsini xüsusi qeyd etmək istərdim.
"İçəri şəhər" ekranlara çıxar-çıxmaz 20-ci Tallin "Qaranlıq gecələr" Beynəlxalq Film Festivalına dəvət aldı. Həmin festival Estoniyanın paytaxtı Tallində keçirildi. "İçəri şəhər" festivalın ən uğurlu filmlərindən biri elan olundu. Həmçinin , Hindistanın Mumbay şəhərində keçirilən 7-ci "Yaşvant" beynəlxalq film festivalında nümayiş etdirildi. Bundan başqa, Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının "Dünya kinosu" proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində tamaşaçılara təqdim olundu.
Filmin ABŞ-ın Texas ştatında 50-ci "Worldfest Houston" Beynəlxalq Film Festivalında "Dram" nominasiyasında "Qızıl remi" mükafatına layiq görülməsi isə xüsusi əlamətdar hadisə idi. Elə həmin festivalda Təhminə Rafaella "Ən yaxşı qadın rolu", Firdovsi Atakişiyev isə "Ən yaxşı ikinci plan kişi rolu" mükafatlarına nominant elan olundular. Bundan dərhal sonra "İçəri şəhər" ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalının (SEEfest) əsas müsabiqə proqramına dəvət aldı. Bu festivalda da "Ən yaxşı bədii film", "Ən yaxşı operator işi" və "Tamaşaçı rəğbəti" mükafatlarına nominant oldu.
Gənc və istedadlı aktrisa Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci "Van gölü" Beynəlxalq Film Festivalının "Ən yaxşı aktrisa" mükafatına layiq görüldü. Və nəhayət ötən ilin sonunda Mirbala Səlimlinin "Qırmızı bağ" filmi ilə bərabər "İçəri şəhər" də Çində keçirilən 4-cü İPƏK YOLU (SİLK ROAD) Beynəlxalq Film Festivalında nümayiş olundu. Festivalda iştirak edən rejissor İlqar Safat və əməkdar artist Mehriban Zəki mətbuata açıqlamalarında festival tamaşaçılarının filmə böyük maraq göstərdiklərini qeyd etdilər.
Filmin festivallarda qazandığı uğurları sadalamağım təsadüfi deyil. Müasir dünyada təbliğatın, həqiqətləri dünyaya çatdırmağın çoxlu üsulları var. Azad cəmiyyətlərdə küçələrə çıxıb qışqırmaqdan tutmuş sakit etirazlara kimi, müasir fleş-moblardan müsahibələrə qədər hamısı, bütün metodlar keçərlidir. Lakin gerçək sənət, xüsusən kino sənəti vasitəsiylə təbliğat bu üsullardan ən yaxşısıdır. Bu mənada "İçəri şəhər" sadəcə iki insanın eşq hekayəsini ifadə etmir, həm də milli-mənəvi dəyərlərimizin, tariximizin təbliğatçısı missiyasını daşıyır.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
525-ci qəzet 2018.- 23 fevral.- S.7.