"Gül var, Xocalıdan sonra
açılmır..."
ŞAİR
ƏLƏMDAR QULUZADƏNİN "ŞƏHİD
ŞƏHƏR" POEMASI HAQQINDA DÜŞÜNCƏLƏR
Hafiz HACXALİL
Çox qəribədir. İnsan
doğulduğu yurda, torpağa oxşayır. İlk dəfə onu televiziya ekranlarında görəndə
görkəmindən bir ömürə sığmayan həsrətini,
yanğısını hiss etmişdim. Bəlkə
də lal olsaydı, belə onun halını anlamaq mənimçün
elə də çətin olmayacaqdı. Bəzən
insanın dərdi özündən əvvəl
danışır adamla...
Azərbaycanın Əməkdar artisti Məhəbbət
Kazımovun ifasında "İndi məndən küs
görüm" mahnısını dinləyəndən sonra
şair Ələmdar Quluzadənin ürəyinə
yazığım gəldi. Və öz-özümə
pıçıldadım: bəxtəvər o sevginin
başına ki, şair ürəyində özünə yer
eləyir.
Düzü,
ona bəxtəvərlik vermək keçdi
içimdən, amma...
Sükut olub sakitcə yanından ötüşərəm.
Saçı saçından uzun söyüdlə
öpüşərəm.
Nəğməmi
dinləyəndə mən yadına düşərəm,
İndi məndən
küs görüm,
- deyən şairin yaşadıqlarına bircə
gün belə şərik olsaq, sağ qalacağımıza
güman etmirəm. Şair ömrü
yaşamaq ona görə fərqlidir ki, heç nəyə
biganə qala bilmirsən. Gözü kor
olan bulağın, kökü baltalanan ağacın,
yuvasından perik düşən quşun dərdi də yuxunu
ərşə çəkir, onsuz da rahatlıq bilməyən
ömrünün üstünə qanadlarını elə gərir
ki, aldığın hər nəfəsə bu sonuncudur deyirsən.
"İndi məndən küs görüm"ü
şair pıçıltı ilə deyir. Amma misraların alt
qatında yaşananları xatırlamayan uzunsaçlıya
bir üsyan var, bir hayqırtı var...
Bu mahnıya yüz dəfə, min dəfə qulaq assan,
yenə də bezməyəcəksən. Çünki hər
birimizin ürəyindən qayğılarla yüklənəndə,
adamların içində darıxanda bir ömür boyu
qulağımızda səsi və sözü qalan
"İsmi pünhan"a:
Bil
üz-üzə gələndə qəhərlənib
çaşarsan,
Gözümün
qabağında od tutub alışarsan.
Gördüyün
yuxuları qızlara danışarsan,
İndi məndən
küs görüm,
- demək keçir...
Ələmdar Quluzadənin sözü, fikri sanki taleyinin
boyuna biçilib. Həm də onda qəribə bir
uzaqgörənlik var.
Gələcəkdə olanları görürcəsinə
şeirinin hər misrasında yaşaya-yaşaya yanır,
yana-yana yaşayır. Sən demə, bu doğurdan beləymiş: Yaza-yaza hər
adam yaşaya bilmədiyi kimi, hər
yaşayan da yaza bilmir...
Əslində, mətləbi çox uzatmayacaqdım. Ələmdar Quluzadənin
iç dünyasına, könül
pıçıltısına şeirlərinin
ucalığından sizlərlə birlikdə boylanmaq istədim...
Yaşadığı və
yaşadığımız ən böyük faciəyə
həm də bir vətədaş kimi yanaşması Ələmdar
Quluzadəni bir daha gözümüzdə əsl söz
adamı, əsl sözün adamı ucalığına
ucaltdı. Bəli, söhbət şairin "Şəhid
şəhər" poemasından gedir. Məncə,
elə ədəbiyyatımıza da "şəhid şəhər"
ifadəsini Ələmdar Quluzadə gətirib.
"Şəhid şəhər"i Xalq şairi Nəriman
Həsənzadə ədəbi hadisə adlandırır. Yazır ki, od
içində yanan şair ürəyinin qanıyla
naxışlanan, vergülü-nöqtəsi o müqəddəs
qanın damlaları olan bu əsər başdan-başa
özünü, müasirlərini ittihamdır...
Və poemanın ön sözündə onun
bütünlüklə mahiyyəti öz əksini tapır.
"Şair
bütün bunları ürək ağrısı ilə
açıb göstərir, dərslik yazır, oxuyun, öyrənin,- deyir...
Şair
poemanı 1992-ci ilin fevralında erməni və rus hərbi
birləşmələri tərəfindən yerlı-yeksan
edilmiş Xocalıya, xocalılılara, şəhid olmuş
88 yaşlı atasına deyil, həm də o illərdə
başsız, yiyəsiz qalmış xalqımıza həsr
edib. Elə poemanın ilk misralarından həsrət
boylanır, vətənsizlik ağrısı baş
qaldırır.
Bir lələk
düşsə yerə durnanın sırasından,
Bir Qarabağ göyərər gözümün
qarasından.
Çınqılı
dolaşanda daşların arasından
Bir utancaq
bənövşə,
boy
göstərsin, boy deyim.
Şeirin ikinci misrası "Vətən" deyib
ağlamaqdan gözünün qarası gedib ağı
qalanların demək istədiklərinin məcmuudur. Ürəyində
olanı korlara, karlara daha hirslə, daha qəzəblə
hayqıran şair Vətənə üz tutanda
yumşalıb muma dönür və xətrinə dəyməsin
deyə, bu misraları da dərdinin, nisgilinin göynərtisi
kimi qəbul etməyini təmənna edir.
Mən
susanda vulkanam,
od
tutanda kömürəm,
Əllərimi üşüdən səsimi
üşütməyib.
Bir kabab
süfrəsində sənə sağlıq demirəm,
Sənə dediklərimi kitab da eşitməyib.
Ələmdar Quluzadə "Şəhid şəhər"i
heca vəznində qələmə alıb. Amma Xocalı
elə bir dərddir ki, bu dərd əruz, sərbəst vəznlərində
də yazılsa, bədii gücü itməz, bütün
ağrısı ilə ruhumuza hakim kəsilər. Bəlkə
də şair ona görə hecaya üstünlük verib ki,
o, dərdimizə olduğu kimi, onu yazıya alan
qələmimizə daha simsar, onunla həmahəngdir. Onsuz da qələmin yükü ağırdır.
Burda deyiblər ey: "Hər kəsin dərdi özünə
dəvə boydadır".
Dünyanın
baharı qışdan seçilmir,
Çillədə yağan qar nə bitirəcək?
Bu dərdi
bir ölkə daşıya bilmir,
Bu qələm çiyninə nə götürəcək?
Amma
poemanı oxuduqca görürük ki,
Vətənin
çörəyi ucuz tutulsa,
Torpağın
qiyməti bir cibə sığar
- misralarını da, bir ölkənin
daşıya bilmədiyi dərdləri də qələm
yazır, qələm daşıyır.
Ələmdar Quluzadə tarixi unutmur, onu yada salmaqla bir
daha demək istəyir ki, unutqanlıqlar, "məndən
ötdü"lər gələcək, miqyası daha
geniş faciələrə yol açır.
Qarakənddən
üzü bəri,
Neçə yolçu izdən dönüb.
Qara-qara
qutuların
Qara üzü bizdən dönüb.
Və...
Bizi bizdən
ayrı salan,
Çəpərlərmiş, barılarmış.
Xəncər
kimi qalxmayanlar,
Pencər
kimi qırılarmış...
Buyurun,
1991-ci il də daxil olmaqla, ondan sonrakı,
taleyimizin ipdən asıldığı illərin siyasi mənzərəsi
bu misralara köklənib. Qarakənd faciəsi, əsl
həqiqətlərin gizlədilməsi, hələ də
gün işığına çıxmayan qara qutuların səssizliyi.
Bəs, görəsən, bu sükutu kim
pozacaq, kimin buna cəsarəti çatacaq? Məncə,
heç kimin...
20 Yanvar qətliamından sonra Xəzərin sahilində
insan dənizinə dönən xalq imperiyaya meydan oxudu. 1992-ci ilin
fevralında erməni millətçilərinin zülmündən
canını qurtaran, Vətəndən-Vətənə pənah
gətirən insanlar bu dənizə qovuşdu.
Hərdən insana elə gəlir ki, oxuduğumuz,
bildiyimiz, nənələrdən, babalardan yadigar qalan
bayatılar elə onlar kimi tarixə qovuşdu. Demə,
zamanı gələndə hər dövrün, hər
zamanın öz bayatısı, ağısı
yaranırmış. Şair xocası
itkin, tüstülü bacası dağılmış evinə-eşiyinə
dil deyib, ağlayır bu misralarda.
Dərə ağlar, döş mələr.
Daşda qaldı eşmələr.
Bu üzdə
gözümdədir
O üzdəki
çeşmələr.
Əhdi
gümana döndər,
Yolu dumana döndər.
Üzüm yox üzə çıxam.
Üzünü
yana döndər.
Bağışla bizi Xocalı, biz sənin harayına
çatmadıq, səni tək qoyduq. Sən kömək istəyirdin,
burda təkəm deyirdin, Bakıdan isə vəd verirdilər.
Necə ki, poemada haqlı olaraq şair yazır:
Yenə o
yanıqlı səs,
Sızlayır qırıq-qırıq.
Bu sonuncu
nidadır,
Bu sonuncu hıçqırıq.
-Düşmənlər
Xocalını
Yandırıb
çatır daha!
Biz
öldük Vətən üçün,
Siz
batdınız günaha!
Ağdam!
Bakı! Qərərgah!
Bu, xəyanətdir,
anla!
Şuşa,
denən sən niyə,
Susdun cəbbəxananla?
Qoşun
qeybə çəkildi,
Tanklar, toplar qəhətə.
Sərkərdə
nə deyəcək
Sabah yazıq millətə?
Bu
müsibət Vətəni,
Kölgə kimi izləyir.
Bu gecə
bizə olan
Sabah sizi
gözləyir!
Əzizini,
doğmasını, oğlunu, qızını itirsə də,
şair ümidini itirmir, haqqın nahaqq qarşısında əyilməyəcəyinə,
bir gün Xilaskarın gələcəyinə olan
inamını belə ifadə edir:
Sinəmi
yandıran oddu, buz deyil,
Yaram göynəyəndə yada qısılmır.
Bir igid
öldüsə yurd sonsuz deyil,
Bir şəhər öləndə Vətən basılmır.
Və bu misralarda Xocalının da, xocalılıların da əzəməti, vüqarı bir şair dilində belə nəzmə çəkilir.
Harda istəsəniz qəbrimi qazın,
Onsuz da sədaqət, peyman pozulub.
Kənd kimi doğulan Xocalımızın,
Alnına şəhər tək ölmək yazılıb.
Torpağın girovu adamı daha çox yandırır, nəinki insan oğlunun. Çünki insan övladı çəkdiyi əzaba, əziyyətə, zillətə dözməyib nə vaxtsa haqqa qovuşur, yəni canı çəkdiklərindən biryolluq qurtarır. Bəs torpaq? Nə quş olub uça, nə də ki, baş götürüb qaça bilir. Yandıqca yanır içində. Can verə də bilmir, çünki gözləyəni, gözü yolda qalanı var...
Ələmdar Quluzadə də Xocalının bir parçasıdır. Qisas gününü gözləyir, özü də söz-söz, misra-misra.
Dolanda
doluram buludlar kimi,
Qismət boğçasından alacağım kəm.
Axı
Xocalıda itirdiyimi
Bakıda axtarıb tapa bilmirəm.
O
müdhiş gecədən, fevralın 26-dan bugünə kimi
Qurumu
tökülür əsəbin, hirsin,
Xəlbirdən umuruq neçə xəbəri.
Allaha, tanrıya ağır getməsin.
Qibləm
Xocalıdır o vaxtdan bəri,
-deyən soydaşımızın dərdinə şərik, elə qibləsi Xocalı olanlardan biri kimi biz də üzümüzü şair qardaşımıza tutub bunları demək istəyirik: Bu torpağın, bu millətin qısas günü uzaqda deyil. 2016-cı ilin aprelində Xocalının başı üzərində dövrə vuran nigaran ruhları çoxları görməsə də, o torpağın həsrəti ilə yaşayanlar, dönmək ümidini itirməyənlər gördülər. Azərbaycan oğlu, Vətən əsgəri qanına and içdiyi Xocalını, bütün işğal olunmuş torpaqlarımızı qanı ilə, canı ilə düşməndən azad edəcək və arzusunda olduğumuz Azərbaycanı üçrəngli bayrağın altında birləşdirəcək. O gün gələcək, vallah gələcək, Xocalı haqqı gələcək!
525-ci qəzet 2018.- 23 fevral.- S.8.