Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Qiyamçılar deyirdilər ki, Linkoln prezident seçilsə, Birliyi tərk edəcəklər. Və o, seçildikdən sonra onlar da dediklərini etdilər. Cənubi Karolina Birlikdən çıxdı. Missisipi, Alabama, Corciya, Luiziana və Virciniya da həmçinin.

 

Syuard Linkolna dedi ki, sən bilirsən ki, biz bu pambıq respublikalarından yaxşı qaydada canımızı qurtarmalıyıq? Syuardın bu təklifi, əslində, Birliyin parçalanması ilə razılaşmağını, həm də bu parçalanmanın dinc yolla getməsini nəzərdə tuturdu. Bu, bütünlüklə Birliyi qoruyub saxlamaq qətiyyəti ilə yaşayan Linkolnun mövqeyinə daban-dabana zidd idi. Linkoln, hökumətin imperiya olmasını arzuladığına görə də ona öz iradını bildirdi və əlavə etdi ki, bu hökumət indicə öz vətənində qalxan qiyamçıların qəsb əməliyyatı hesabına ölkədəki hərbi məntəqələrinin yarısını artıq itirmişdir. Sözünə davam edərək dedi ki, dünya bilir ki, mən Kentukkidə doğulmuşam, o da quldarlıqla həmsərhəd olan ştatdır.

 

Syuard dedi ki, mən Nyu-Yorkun qubernatoru olanda Kanadanı əldə etmək üçün hər bir şansdan istifadə etmək istəyirdim. Axı ingiliscə danışan kanadalıların çoxunun (Kanadada Kvibek və Monreal kimi iri şəhərlərin əhalisi də daxil olmaqla, fransızca danışanlar da az deyildi) yaxşıları Birliyə birləşməyə can atırdılar. Lakin cəhdlərimiz fayda vermədi. Birliyi ərazicə böyütmək istəyən adam azacıq təhlükə yaranan kimi ölkənin parçalanması ilə razılaşmaq istəyirdi. Linkoln isə buna tam əks idi. Həm də Syuard da daxil olmaqla Linkolnun digər həmsöhbətləri də yaxşı bilirdilər ki, Eyb (Abraham Linkoln qısaldılmış şəkildə belə adlanırdı), əslində, qərbli deyildir.

 

Syuarda artıq məlum idi ki, o, Linkoln hökumətində Dövlət katibi vəzifəsini tutacaq və güman edirdi ki, həm də geniş fəaliyyət dairəsinə malik olacaqdır, ölkənin real administrasiyasına, yəqin ki, ən məşhur adam və partiyanın milli lideri kimi onun özü başçılıq edəcəkdir. O, əslində, gücsüz monarx olacaq Linkolna qüdrətli baş nazir olacaqdı.

 

“Star” qəzeti Linkolnun hoteldə qəlyanaltı etməsini də yazmışdı. Oxuculardan bəzisi, Linkolnun özünün dediyi kimi, “buraya gəlməsini onun səfehliyi” adlandırırdı. Adamlar bir-birinə deyirdilər: “Onlar onu öldürəcəklər”. “Onu kim öldürəcəkdir?” sualına cavab verirdilər ki, “İstənilən adam. Axı ətrafda vəhşi oğlanlar gəzir”. Belə bir söhbət də gedirdi ki, Vaşinqtonda onu öldürmək üçün qəsd düzəldilibmiş.

 

Birlik parçalanandan sonra Riçmondda - Konfederatın paytaxtında isə deyirdilər ki, mister Devis (Cefferson Devis - Konfederatın prezidenti) bizim prezidentimizdir, o, Vaşinqtonu öz paytaxtı etmək istəyir.

 

Quldarlıq barədə bir neçə il əvvəl böyük müzakirə başlananda Linkoln öz səsini qaldırmış və Stefen Duqlasa ünvanlanan çağırışından sonra yeni Respublikaçılar partiyasının üzvlüyünə qatılmışdı. Partiya güclü yeni siyasətçilərə malik oldu.

 

Bədbəxtlikdən, Linkolna qarşı duran təkcə cənublular deyildi, Şimalın abolyutsionistləri də onun təmkinli siyasətini bəyənmirdilər. Onlar heç vaxt unuda bilmirdilər ki, Linkoln quldarlığın ləğv edilməsinin tərəfdarı olmamışdır. Syuard isə quduz abolyutsionist idi. Linkolnun qayınatası Toddun ailəsi böyük qul sahibi idi. Həm də pis cəhət orasında idi ki, ailə üzvlərindən çoxu ölkənin parçalanması tərəfdarı idi, bu isə hamıdan çox Linkolnun arvadını utandırırdı.

 

Şimal siyasətçilərindən çoxları istəyirdi ki, Linkoln ayrılmış ştatlarda quldarlığı ləğv etsin. Lakin Linkoln hələlik bunu etmək istəmirdi.

 

Linkoln heç də quldarlığa qarşı hansısa bir səlib yürüşünə başçılıq etməli olan adam deyildi, həm də qüdrətli kabinetin köməyinə möhtac idi. Syuard Linkolnun baş nazirliyini arzuladığı halda, prezident seçkilərində Linkolnun rəqibi olmuş Çeyz də özünü Avstriyadakı Metternixə (Klemens Metternix 1821-48-ci illərdə Avstriya imperiyasının qüdrətli kansleri olmuşdu, bundan əvvəlki 12 il ərzində isə xarici işlər naziri olmaqla, əslində, hökumətə başçılıq etmişdi)  bənzər qaydada özünü bir kansler kimi görürdü. Lakin baş verənləri yaxşı başa düşən seçilmiş senator və prezident seçilmək şansını uğursuz sınayan Selmon Çeyz  ağlında öz vəziyyətini b.e.ə. I əsrin əvvəlki rübündə Karfagen xarabalığında oturub fikrə dalan, Sullanın qisasından qorxub buraya qaçmış Roma sərkərdəsi Marininki ilə müqayisə edirdi. (Bu şəhər b.e.ə. 146-cı ildə Roma sərkərdəsi Stsipion Emilian Afrikalı tərəfindən işğal edilib viran qoyulmuşdu, şəhərin yeri şumlanmışdı.) Marinin özü də bu vaxt Karfagenin acı taleyini yaşayırdı.

 

Seçilmiş Prezident quldarlığa münasibət barədə cənubluların birinə belə cavab vermişdi: “Baxın, burada bizim aramızda yalnız bir fərq vardır. Siz düşünürsünüz ki, quldarlıq haqdır və genişlənməyə borcludur. Biz isə düşünürük ki, o, səhvdir və məhdudlaşdırılmağa borcludur. Buna görə də hansısa bir səbəb digəri ilə narazılıqla qarşılanmalıdır”.

 

Artıq 7 ştat Birlikdən ayrılmışdı. Texas Birliyi rəsmi qaydada tərk etməklə, əvvəlki 6 ştata qoşulmuşdu. Axı Cənubi Karolina qubernatoru xeyli əvvəl bəyan etmişdi ki, əgər Linkoln prezident seçilsə, ştat Birlikdən ayrılacaqdır. Belə də oldu, digərləri də onun arxasınca getdi. Beləliklə, qiyamdakı həmin elementlər çox sayda federal mülkiyyəti qəsb etmişdilər. Bunların hamısı bütün Birləşmiş Ştatlar xalqının mülkiyyəti olmaqla, heç də əhalinin hansısa seqmentinə məxsus deyildi. Linkoln oğurlanmış şeylərin geri qaytarılması və neqativ məsələləri bütövlüklə yaddan çıxarmaq barədə yaxşı bir ideyanı irəli sürmək üzərində düşünürdü. Ancaq bu vaxt o, hələ and içməmiş və vəzifəsinin icrasına başlamamışdı.

 

Cənubi Karolina qubernatoru tutduğu Samter Fortuna gedən tacir gəmisini geri qaytara bilərdi. Linkoln Samter Fortuna əlavə qüvvə verməyə cəhd edəcəkdimi? O, Amerika Konfederat Ştatlarının artıq prezidentinə çevrilən Cefferson Devisin çıxışını da oxumuşdu. Onun Konqresdəki köhnə dostu və kolleqası Aleksandr Stefensin isə orada vitse-prezident seçildiyini eşitmişdi. Stefens quldarlıq prinsipinin özünün səhv olduğu barədəki Birliyin Bani-Atası Tomas Ceffersonun mövqeyini qəbul edirdi. Lakin o, həm də deyirdi ki, dəqiq bir prinsip ondan ibarətdir ki, qara adam ağ adamın qulu olmalıdır.

 

İnauqurasiya və ilk prezidentlik günləri

 

1861-ci ilin 4 martında Prezidentin yaxınları artıq sübh tezdən oyanmışdılar ki, sevincli anın şahidi olsunlar. Elələri də var idi ki, bu təntənənin matəmə çevrilməsini arzu edirdi. Onlar Kapitoliyə getməyə hazırlaşırdılar ki, orada Qoca Eybin güllə atəşi ilə qətlə yetirilməsini müşahidə etsinlər. Onlardan biri 19 yaşlı Devid Herold idi, dörd il sonra isə o, Con Uilkis Butun sui-qəsdçilər dəstəsinə qoşulacaqdı.

 

30 milyon amerikalı bu günə xüsusi diqqət verirdi. Şəhər qorxulu şayiələrlə dolu idi. Deyirdiər ki, Prezident Kapitolidə atəş həmləsinə məruz qalacaqdır. Ya da ki, Prezident inauqurasiya balında oğlurlanıb, Virciniyadakı Lonq Bric (Uzun Körpü) ətrafına götürülüb girov saxlanacaqdı. Bu şayiələr həyəcanı gücləndirməyə bilməzdi.

 

Kapitoliyə getməyə hazırlaşan Linkoln yaşlı prezident Byukenenlə görüşdü və hərarətlə onun əlini sıxdı. Byukenen dedi:

 

- Mən buradayam ki, ser, Sizi Kapitoliyə müşayiət edim.

 

- Nəzakətinizə görə Sizə minnətdaram, mister Prezident.

 

Onlar bu vaxt qol-qola tutaraq “Uilyard” hotelinin qarşısında dayanmışdılar.

 

Artıq təntənəli mərasim başlanmışdı. Kapitolinin balkonunda mərasimə başçılıq edən qoca marşal bəyan etdi:

 

- Vətəndaş dostlar! Mən sizə Birləşmiş Ştatların seçilmiş Prezidenti Abraham Linkolnu təqdim edirəm.

 

Seçkidə uduzmuş Demokrat namizəd Stefen Duqlas irəli əyilib Linkolnun şlyapasını aldı, o, minnətdarlıqla gülümsəyərək şlyapasını ona verdi.

 

Linkoln açıq havadakı kütləyə müraciət etdi:

 

- Birləşmiş Ştatların vətəndaş sirdaşları, hökumətin özü kimi köhnə olan adətə müvafiq olaraq, Sizin qarşınızda mən qısaca müraciət edəcəyəm və Birləşmiş Ştatların Konstitusiyasında yazılmış andı Sizin iştirakınızla içəcəyəm.

 

Baş hakim, 83 yaşlı Rocer Taneyin, o, Konstitusiyanın özündən bir neçə yaş böyük idi, yanında dayanan Prezident onun dediklərini təkrar edib and içirdi: “Mən, Abraham Linkoln təntənəli qaydada and içirəm ki, Birləşmiş Ştatların Prezidenti vəzifəsini sədaqətlə və özümün ən yaxşı qabiliyyətimlə icra edəcəyəm”. O, sonra öz bəyanatını dilə gətirdi: “Birləşmiş Ştatların Konstitusiyasını qoruyub saxlayacaq, mühafizə və müdafiə edəcəyəm”. Bunu bəziləri, müharibəyə başlamaq bəyanatı kimi başa düşdü.

 

Prezident və missis Linkoln inauqurasiyadan sonra təşkil edilən balda pavilyonun mərkəzində dayanmışdılar. Onlar yan-yana duranda bir qədər komik cütlük kimi görünürdülər, o, çox uzun, qadın isə çox gödək idi. Ona görə də Meri icazə vermirdi ki, fotoqraflar onları yan-yana çəksinlər. Meri senator Stefen Duqlasla rəqs edirdi, ona vaxtilə evlənməli olan adamın qolları arasında idi. İndiki prezident isə onun əri idi. İnauqurasiya balının səhərisi günü ruh nisbətən aşağı düşdü. Linkolnun Konstitusiyanın sözünü sitat gətirəndə, onun ruhunu yada salmadığına görə ondan narazılıq edənlər də var idi. Həm də bir sual adamları maraqlandırırdı - quldarlığı dəstəkləməkdə onu dəstəkləmək olarmı?

 

Bu vaxt xarici siyasətdə də bəzi problemlər mövcud idi. İspaniyanın Cənubi Amerikadakı, Fransanın isə Meksikadakı təsiri təşviş doğurmaya bilməzdi. Monro doktrinasını (bu Doktrina 1823-cü ildə bəyan edilməklə, onunla çıxış edən prezident Ceyms Monronun adını daşıyırdı) köməyə çağırmaqla və Cənub ştatlarının köməyi ilə quldarlığın yarımkürənin bütün cənub yarısına genişləndirməyin mümkün olduğunu düşünənlər də var idi.

 

Ən ciddi məsələ isə ölkənin parçalanması təhlükəsi idi və bu, artıq reallaşırdı. Prezident vəzifəsini öz üzərinə götürən Linkolnun qarşısında nəticəsi bilinməyən belə bir ağır böhran dayanırdı. Şimalın və Cənubun diqqəti Çarlston limanında yerləşən Fort Samterdə cəmləşdi. Bu fort hələ də qurulurdu, mayor Robert Andersonun başçılığı altında Birləşmiş Ştatlar qoşunlarının qarnizonu hesab olunurdu. Konfederasiya artıq ona iddia edirdi. Narahatlığı irəlicədən görən Linkoln hələ Sprinqfilddə olanda Birləşmiş Ştatlar ordusunun baş komandanı Uinfild Skottdan məxfi qaydada tələb etdi ki, “inauqurasiyadan sonra fortları ya qoruyub saxlamağa, ya da köçürməyə hazır olsun”.

 

İnauqurasiya nitqində o, buna işarə edərək demişdi: “Mənə həvalə edilən vəzifə mülkiyyəti və əraziləri saxlamaq, istifadə etmək və onlara sahib olmaq üçün hökumətə məxsus olan resurslardan və ianələrdən istifadə edəcəyəm”.

 

Nitqinin axırına yaxın orada olmayan cənublulara xitabən müraciət etdi: “Siz özünüzü təcavüzkar etməsəniz, heç bir münaqişəyə malik olmayacaqsınız”.

 

Administrasiyanın, hökumətin tərkibini də vaxt itirmədən həll etmək lazım idi. Uilyam Syuard prezidentin təşkil etdiyi kabinetdə Dövlət katibi, Selmon Çeyz isə maliyyə naziri təyin edildi. Linkoln siyasəti öz əlinə götürdü. Syuard heç bir ay keçməmiş, ona hökumət üçün konturları cızılan memorandum təqdim etdi.  Linkoln dərkənar qoydu ki, əgər bunlar edilməlidirsə, onu etməliyəm. Bu, o demək idi ki, Linkoln prezident səlahiyyətlərini özü icra edəcəkdir, bu vəzifəyə kiminləsə şərik olmasına onun ehtiyacı yoxdur.

 

(Ardı var)

525-ci qəzet  2018.- 24 fevral.- S.22.