Polkovnik İsrafil bəyin xatirələri
Azərbaycan Xalq Cümhuriyyəti-100
Vilayət QULİYEV
(Əvvəli ötən şənbə
sayımızda)
1932-ci
ilin payızında özünü “Baş qərargah
polkovniki” kimi təqdim edən azərbaycanlı hərbçi
İsrafil bəy Varşavada Şimali Qafqaz
dağlıları Xalq Partiyasının mətbu orqanına - Azərbaycan-türk
və rus dillərində çap olunan “Kafkasiya
dağlıları - Qortsı Kafkaza” jurnalının
redaksiyasına məktubla müraciət etmişdi.
Əvvəlcə
məhdud partiya maraqlarından çox ümumqafqaz mövqeyində
dayanan “Kafkasiya dağlıları-Qortsı Kavkaza” haqda bir neçə kəlmə....
Jurnalın nəşrinə 1929-cu ildə Parisdə
başlanmışdı. Onun 1-29-cu sayları
Fransa paytaxtında, 30-50-ci sayları isə Varşavada
çıxmışdı. 1934-1939-cu illərdə
“Şimali Kafkasiya-Severnıy Kavkaz” adı ilə çap
olunmuşdu. Beşiyi başında Şimali Qafqaz
dağlılarının knyaz Elmurza Bekoviç-Çerkasski
(adıgey), Barasbi Baytuqan (osetin)
kimi tanınmış ictimai-siyasi xadimlərinin
dayandığı nəşr Azərbaycan siyasi mühacirətinin
Avropadakı irsini və fəaliyyətini öyrənmək
baxımından da mühüm qaynaqlardan biridir. “Bizim
dağlı sıralarımızda türk ünsürü əhəmiyyətli
yer tutur” - etirafında bulunan jurnal öz səhifələrində
Qafqazın aparıcı milli-siyasi qüvvəsi kimi xarakterizə
etdiyi Azərbaycan
mühacirəti nümayəndələrinə
geniş yer ayırırdı.
Görünür, bu amili nəzərə alan
İsrafil bəy də Azərbaycan Cümhuriyyəti ordusu ilə
bağlı qeydlərini ictimailəşdirmək
üçün “Kafkasiya dağlıları-Qortsı Kavkaza”
jurnalını seçmişdi.
Bəs
dörd ordunun (Rusiya imperiyası, Azərbaycan Cümhuriyyəti,
Polşa Respublikası, Hitler Almaniyası) zabiti olmuş
İsrafil bəy
kim idi?
İsrafil
bəy Məhəmmədnəbi oğlu İsrafilov
(İsrafil bəy Məhəmməd, İsrafil bəy
Yadigarov, (polyak hərbi mənbələrində Bey Muchamed
İsrafil, Bey İsrafil Yedigar), İsrafil bəy İsrafilbəyli
kimi də
tanınır) 1924-cü ildə Polşa ordusunda hərbi xidmətə
qəbul edilərkən yazdığı tərcümeyi-halda
göstərdiyinə görə, 1888-ci ildə Tiflisdə
anadan olmuşdu. Rus ordusuna bir neçə
yüksək rütbəli zabit (o cümlədən,
M.F.Axundzadənin dostu, general-leytenant İsrafil bəy Yadigarov,
1815-1885) vermiş məşhur Yadigarovlar nəslinə mənsubluğunu
təxmin etmək mümkündür. Tiflis
kadet korpusunda təhsilini tamamladıqdan sonra 1910-cu ilə
podporuçik rütbəsi ilə hərbi xidmətə
başlamışdı.
Birinci Dünya müharibəsində Varşava
altında avstriyalılara qarşı vuruşmuşdu. 1915-ci ildə
eskadron komandiri kimi Qafqaz cəbhəsinə göndərilmişdi.
Daha sonra döyüş yolu Odessadan, ingilislərlə
çiyin-çiyinə vuruşduğu Fars körfəzindən
keçmişdi. 1916-cı ildə rotmistr
rütbəsi ilə Qafqaz süvari diviziyasının tərkibində
Rumıniya cəbhəsinə göndərilmişdi. 1918-ci ilin baharından yenicə təşəkkül
tapan Azərbaycan ordusunda xidmətə
başlamışdı. Təxminən
eyni vaxtda Gürcüstan Respublikası silahlı qüvvələrində
xidmət keçməsi, hətta 1918-ci ilin dekabrında
gürcü-erməni müharibəsində gürcü tərəfdən
iştirakı haqqında məlumat da mövcuddur. Lakin istər bu, istərsə də guya hərbi xidmətdən
tam uzaqlaşıb doğma kəndinə çəkilməsi
haqqındakı versiyanı (N.Yaqublu) həqiqətəuyğun
saymaq qeyri-mümkündür. Çünki
xatirələrindən də göründüyü kimi, o,
1918-ci ilin ikinci yarısından etibarən qurulmaqda olan Azərbaycan
milli ordusunda aparıcı simalardan biri idi. Bakının erməni-bolşevik
işğalından azad olunması uğrunda mübarizədə
yaxından iştirak etmişdi.
Milli
hökumətin süqutu yüzlərlə silah və əqidə
yoldaşı kimi İsrafil bəyi də dilemma
qarşısında qoymuşdu: ya vətənini işğal
etmiş bolşeviklərin tərəfinə keçməli,
ya da onlara qarşı əks cəbhədə dayanmalı
idi. İsrafil bəy çətinlik və məhrumiyyətlərlə
dolu ikinci yolu seçmişdi. 1924-cü
ildə, böyük məhrumiyyətlərdən sonra tale onu
Polşaya aparıb çıxarmışdı. Burada Polşa ordusunda (Voysko Polskoe) müqavilə əsasında
xidmətə başlamışdı. 1926-1928-ci
illərdə Varşava Ali Hərbi Məktəbində təhsil
almışdı. Əvvəlcə
36-cı piyada alayında xidmət etmişdi. 1939-cu ilin yazında isə artıq Qrodno şəhərində
yerləşən 29-cu piyada diviziyasında qərargah zabiti
idi. Podpolkovnik rütbəsində Polşa ordusunun 11-ci
süvari alayında hərbi xidmət keçməsi haqda da məlumat mövcuddur.
Bolşevik rejiminə sonsuz nifrət keçmiş rus
ordusunun və milli orduların bir sıra zabitlərini Hitler
Almaniyası ilə əməkdaşlıq yoluna çəkmişdi. Polkovnik
İsrafil bəy də belələrinin sırasında idi.
Amma onu hitlerçilərin Avropa
ağalığı xülyasından daha çox vətəni
Azərbaycanın yenidən istiqlalına qovuşması
düşündürürdü. Bu məqsədlə
də 1943-cü ildən Berlində Şərq nazirliyi
yanında fəaliyyət göstərən Azərbaycan komitəsinə
rəhbərlik etmişdi. Eyni zamanda,
türk mənşəli hərbi əsirlərdən ibarət
162-ci Türküstan piyada diviziyasının 314-cü piyada
alayına başçılıq etmişdi. 1944-cü ilin
dekabrından etibarən vaffen ştandartenfürer (rus ordusunda
podpolkovnik) rütbəsində III Reyxin Qafqaz hərbi birliyinin
- “Azərbaycan” döyüş qrupunun komandiri idi. 1945-ci ilin martında Berlindəki Azərbaycan Milli
Komitəsinin hərbi məsələlər üzrə
müşaviri təyin olunmuşdu.
İsrafil bəy müharibənin sonunu Amerikan
işğal zonasında qarşılamışdı. Lakin neytral
zonada olması sovet xüsusi xidmət orqanlarının cəngindən
qurtarmağa imkan verməmişdi. Amerikalılar
azərbaycanlı zabiti SSRİ-yə qaytarmışdılar.
Onu Azərbaycana gətirib Bakı Hərbi Dairəsinin
tribunalında mühakimə etmişdilər. İsrafil bəy özünə qarşı irəli
sürülən “vətənə xəyanət” ittihamı
ilə razılaşmamışdı. Çünki nə
SSRİ-ni, nə də keçmiş Sovet Azərbaycanını həqiqi vətəni
sayırdı. Amma buna baxmayaraq, haqqında
ölüm hökmü çıxarılmışdı - tələsik
hökm eyni tələskənliklə də yerinə
yetirilmişdi. Azərbaycan Cümhuriyyəti ordusunun
qurucularından biri 1945-ci il iyulun 11-də
Bakıda güllələnmişdi.
Azərbaycan ordusunun yaranma prosesi haqda bildiklərini
yazmağı ona 1923-cü ildən siyasi mühacir kimi
İstanbulda yaşayan və mühacir qüvvələri
vahid ideya ətrafında birləşdirməyə
çalışan Məhəmməd Əmin Rəsulzadə
tövsiyə etmişdi. Bu, 1931-ci ildə, hər ikisinin Azərbaycan
davasını Polşada davam etdirdikləri dövrdə
baş vermişdi.
İsrafil
bəy özü xatirələrini “Kafkasiya
dağlıları - Qortsı Kavkaza” redaksiyasına göndərərkən bu barədə jurnalın naşiri
və redaktoru, əski silah yoldaşı knyaz Elmurza
Bekoviç-Çerkasskiyə yazırdı:
“Mərhəmətli cənab redaktor! 1920-ci ildə
Azərbaycan bolşevik işğalına uğrayandan sonra iki
ilə yaxın müddət ərzində İran, Ərəbistan,
Hindistan və Misirdə səfil-sərgərdan gəzib
dolaşandan sonra nəhayət İstanbula gəlib
çıxdım. Burada 1923-cü ilin əvvəllərində
Azərbaycan milli təşkilatının rəhbəri Məhəmməd
Əmin bəy Rəsulzadə mənə müraciət edib
Azərbaycan ordusu haqda xatirələrimi yazmağımı
istədi. Xahişi
yerinə yetirdim; amma görülən işi tam və
dolğun saymaq olmaz, çünki əlimin altında
lazımi material yox idi”.
Polkovnik İsrafil bəy böyük hörmətlə
yanaşdığı M.Ə.Rəsulzadənin təklifini məmnunluq
hissi ilə qəbul edib yerinə yetirmişdi. Nəticədə
Cümhuriyyət dövrü hərb tariximizin diqqətəlayiq
bir sənədi ortaya çıxmışdı.
Azərbaycan
Cümhuriyyətinin və Azərbaycan ordusunun 100 illiyinin
bayram olunduğu ərəfədə sadəcə yaddaşa əsaslanaraq
yazılmış və milli ordumuzun çətin
doğuluş prosesini göz önündə canlandıran
xatirələri rus dilindən tərcümədə
“525-ci qəzet”in oxucularına təqdim edirəm.
Tarix özünü təkrar edir, deyirlər. Polkovnik İsrafil bəyin
müxtəsər hərbi memuarlarının
üçüncü-sonuncu hissəsində milli ordumuzun 1920-ci
ilin aprelində Dağlıq Qarabağa soxulmuş erməni
işğalçılarını darmadağın etməsindən,
Xankəndinə və Şuşaya Azərbaycan bayrağı
sancmasından söz açılır. Artıq yaşı
yüzə çatan ordumuzun da çox da uzaq olmayan gələcəkdə
öz sələfinin bu tarixi hünərini təkrarlayacağına
ümidimiz çox böyükdür...
Yanvar,
2018, Budapeşt
“Azərbaycan
ordusu haqda xatirələr”
İSRAFİL
BƏY
ƏSGƏRAN
ALTINDA DÖYÜŞ
Dağlıq Qarabağ Azərbaycanın digər hissələrindən
sıra dağlarla ayrılır. Onlardan bəzilərinin
hündürlüyü iki verstdən çoxdur.
Qarabağın dağlıq hissəsini Ağdamla birləşdirən
yeganə yol qədim
Əsgəran qalasından keçir. İstər
Əsgəran yolu, istərsə də ondan sağ və sol tərəfdə
yerləşən dağ zirvələri erməni çetelərinin
məşhur təşkilatçısı Dronun şəxsən
rəhbərlik etdiyi üsyançılar tərəfindən
tutulmuşdu. Ordumuzun qarşısında son dərəcə
ağır vəzifə dayanırdı: Əsgəran
qalasını və uca dağ zirvələrini hücumla
tutmalı idik.
Kəşfiyyat bölüyü ilə gücləndirilmiş
dəstəmiz üsyançıların əsas etibarı ilə
qalanın özündə və qaladan şərq tərəfdə
yerləşdirilmiş yüksəkliklərdə
çoxsaylı pulemyotlarının olduğunu aşkara
çıxardı.
Aprelin 2-də hərbi nazir cəbhəyə gəldi. Aprelin 5-də
sübh çağı saat 3.30-da əsgərlərimiz
heç bir artilleriya hazırlığı olmadan Əsgəran
keçidinə və ondan şərq tərəfdəki
yüksəkliyə doğru hücuma atıldılar. Sübh saat 6-da artilleriyamız qalaya və yüksəkliklərdə
yerləşən düşmən mövqelərinə atəş
açmağa başladı. (Operativ əmrdə
hücumla artilleriya hazırlığının eyni vaxtda
aparılması nəzərdə tutulmuşdu, lakin səhər
saat 6-ya qədər ətrafa qatı duman
çökdüyündən topları işə salmaq
mümkün olmamışdı). Komandam
altındakı 5-ci Bakı piyada alayının hücumu
zamanı podpolkovnik Nəbibəyovun artilleriya divizionunun bizə
böyük köməyi dəydi.
Hərbi nazirin iştirakından ruhlanmış əsgər
və zabitlər düşmənin ölüm saçan
pulemyot və tüfəng atəşləri altında sanki
manevrlərdə iştirak edirlərmiş kimi qorxu bilmədən
döyüşə atılırdılar. Hər tərəfdən
ucadan və qətiyyətlə səslənən “İrəli!”
komandası eşidilirdi. Artilleriyamız
ermənilərin möhkəmləndirilmiş mövqelərini
biri-birinin ardınca sıradan çıxarırdı. Lakin onlar yenə də müqavimət göstərməkdə
davam edirdilər. Düşmən də
olsa, həqiqəti demək lazımdır; ermənilər bu
döyüşdə qeyri-adi cəsarət və
dözümlülük göstərirdilər, qanlı
savaş meydanında sona qədər duruş gətirməyə
çalışırdılar.
Yalnız axşama doğru üsyançıların
müqaviməti sındırıldı. Əslən
Dağıstandan olan polkovnik Əfəndiyevin komandası
altındakı 8-ci Ağdam alayı və Parlamentin mühafizə
dəstəsi Əsgəran qalasını azad etdi. Mənim komandiri olduğum 5-ci Bakı piyada alayı
isə qaladan şərq tərəfdəki yüksəkliyi ələ
keçirdi. Həlak olanlar və
yaralananlarla birlikdə itkimiz 40 nəfər idi. Döyüşdə 5-ci batalyonun komandiri podpolkovnik
Kutetaladşe də yara almışdı.
Ermənilər vahimə içərisində
qaçmağa başlamışdılar. Ehtiyatda
saxlanılan 1-ci Tatar süvari alayı onları təqib etmək
istəyirdi. Lakin qaranlığın
düşməsi buna imkan vermədi.
Ağdamda artıq qələbəmizi bayram edirdilər. “Yaşasın!”
şüarı və milli marşın sədaları Əsgəran
qalasına qədər gəlib çatırdı. Düşməndən geri alınmış
mövqelərdə möhkəmlənən əsgər və
zabitlərimiz həmin axşam həyatlarının ən
xoşbəxt, təntənəli dəqiqələrini
yaşayırdılar.
Axşama doğru, artıq Əsgəran qalası ələ
keçiriləndən sonra dəstə rəisi general Səlimov
döyüşçülərin yanına gəldi. O, əsgər və zabitlərə
hərbi nazirin təşəkkürünü
çatdırdı, ordunu qələbə münasibəti ilə
təbrik etdi. Qarabağa göndərilmiş dəstənin qərargah
rəisi polkovnik Zeynalzadə ikilikdə söhbət zamanı
hərbi nazirin Bakıya qayıdarkən vidalaşma zamanı
gözləri yaşararaq dediyi aşağıdakı sözləri
çatdırdı: “Çox şadam ki, həyatımın
son illərini doğma xalqıma xidmətə həsr edə
bildim. Gənc ordumuz ümidlərimi
doğrultdu. Qarşıya qoyulan vəzifənin
öhdəsindən şərəflə gəldi. Zabitlərə
təşəkkürümü çatdırın, əsgərlərə
isə ürəkdən “Sağ ol!” deyin”.
Sübh açılana qədər dəstə artıq
əlimizdə olan mövqelərdə qaldı. Hava
işıqlaşan kimi əsgərlərimiz düşməni
təqib etməyə başladı. Əsgəran
altında pulemyotlarını və demək olar ki, hərbi
karvanını tamamilə itirən üsyançılar
Keşişkəndə doğru geri çəkilirdilər.
Dəstəmiz axşam tərəfi Xankəndini
döyüşsüz tutdu, daha sonra Şuşa
şəhəri istiqamətində irəliləməyə
başladı. Yolda ermənilərin geri çəkilən
hissələri ilə iki döyüşümüz oldu.
Bunlardan biri Daşkənd (erməni mənbələrində
bu kənd Daşeşen adlanır -V.Q.), digəri isə
Şuşikənd altında baş verdi. Nəhayət, dəstə Keşişkəndin həndəvərinə
çatdı. Ətrafda
gördüyümüz mənzərə üsyançı
ermənilərin ciddi müqavimət göstərməyə
hazırlaşdıqlarından xəbər verirdi.
Keşişkəndin yerləşdiyi ərazinin
girintili-çıxıntılı olması düşmənə
belə əlverişli imkan yaratmışdı. Kənd hər
tərəfdən dərin yarğanlar və sal qayalarla əhatə
olunmuşdu. Bu təbii maneələr nəticəsində
ora yalnız piyadaların və yük heyvanlarının
keçə bildiyi bir neçə cığırla yaxınlaşmaq
mümkün idi. Kəndin girişində əlverişli
mövqe tutan on nəfər silahlı adam
bütöv batalyonun hücumunun qarşısını ala bilərdi.
Dəstənin öhdəsindən gəlməli
olduğu vəzifə asan deyildi. Komandanlıq əlavə
qüvvələrin gəlib çatmasını gözləmək
məqsədi ilə hücumu dayandırmaq qərarına gəldi.
Hərbi güclərimiz Şuşa şəhərində
və Daşkənd adlanan kənddə yerləşmişdi. Tezliklə gözlənilən qüvvələr -
1-ci Cavanşir piyada alayı və 2-ci Qarabağ süvari
alayı bura gəldilər.
Aprelin
12-də (1920-ci il) Keşişkənd
üzərinə hücuma keçmək qərara
alındı. 1-ci Tatar süvari alayı, Quba
alayının bir batalyonu, dağ-süvari artilleriya divizionu əvvəlcədən
kəndin ətrafını dolanıb lazımi nöqtələr
tapmaq üçün göndərilmişdi. Gündüz saat 11-də artilleriya
hazırlığı başlandı. Ardınca
isə 5-ci Bakı və 1-ci Cavanşir süvari alayları
hücuma atıldılar. Qanlı savaş
başlandı. Nəticədə
üsyançılar darmadağın edildilər və
Keşişkənd bizim əlimizə keçdi.
Döyüş tapşırığı yerinə
yetirilmişdi.
Dəstə komandiri bu barədə hərbi
nazirə teleqrafla məlumat göndərdi (hərbi nazir
general S.Mehmandar həmin vaxt xəstə idi, onun vəzifəsini
müavini, general Ə.Şıxlinski icra edirdi).
Üsyançılar tərəfdən artıq
heç bir təhlükə gözlənilməsə də,
general Şıxlinskinin cavab teleqramında dəstəyə
xüsusi sərəncam verilənə qədər
Qarabağda qalmaq əmr olunurdu. Bu sərəncam hadisələrin
sonrakı gedişində və Azərbaycanın taleyində
mühüm rol oynadı.
Azərbaycan ordusunun gənc dövlətin daxili
sabitliyini pozan erməni üsyançıları ilə
ölüm-dirim mübarizəsi apardığı dövrdə
bolşeviklər Denikin güclərini darmadağın
etmiş, Qafqaz dağlarında dağlı qüvvələri
ilə amansız döyüşlərdən sonra bizim sərhədlərə
yaxınlaşmışdılar. Geri çəkilən
Denikin qoşunlarının bir hissəsi də Azərbaycanda
sığınacaq tapmışdı. Amma
onlar burada hər şeydən təcrid edilmiş vəziyyətdə
idilər.
Qırmızı ordunun Azərbaycan sərhədlərinə
yaxınlaşdığını görən yerli
bolşeviklər (onlar ölkə parlamentində cüzi sayda
təmsil olunmuşdular) başlarını qaldırdılar. Hakimiyyətin bolşeviklərin
əlinə keçməsi məqsədi ilə fəal gizli
iş aparmağa başladılar. Bununla
müvazi şəkildə qırmızı ordu hissələri
də Azərbaycanın şimal sərhədində cəmləşməkdə
davam edirdilər. Onların
qarşısında yalnız 4-cü Quba və 6-cı
Göyçay piyada alaylarının hər birinin iki batalyonu,
habelə topçu bölüyü dayanmışdı.
Vəziyyət çox təhlükəli şəkil
almışdı. Qarabağa göndərilmiş hərbi
dəstə (üç piyada, üç süvari alayı və
artilleriya divizionu) bolşeviklərə qarşı dayanmaq
üçün dərhal Dağıstan sərhəddinə
yola düşmək əmrini aldı. Döyüşçülərimizin
artıq Yevlaxda vaqonlara mindikləri vaxt general
Şıxlinskinin imzası ilə əvvəlki əmrin ləğv
edildiyi və ordunun Qarabağdakı dislokasiya yerinə
qayıtmalı olduğu barədə yeni əmr
alındı. Sonradan bu ikinci əmri
hökumətdən xəbərsiz şəkildə
bolşevik agentlərinin və “bolşevik cildinə girmiş
siyasi məşhurlar”ın saxtakarlıq yolu ilə
hazırlayıb göndərdikləri aşkara
çıxdı.
Qırmızı ordu böyük kəmiyyət üstünlüyündən istifadə edib Samur çayını keçdi və Azərbaycan ərazisinə daxil oldu. Göyçay və Quba alaylarının əsgərləri onlara amansız müqavimət göstərmişdilər. Lakin sayca az olduqlarından düşmənin irəliyə hərəkətinin qarşısını ala bilməmişdilər. Bunun ardınca dərhal qırmızıların süngüləri üzərində yeni bolşevik hökuməti quruldu. Hərbi-dəniz işləri üzrə yeni komissar İldırım əsgər və zabitlərin öz yerlərində qalmalarını tələb edən sirkulyar məktub imzaladı. Hərbi hissələrdə narazılıq başlandı. Bir çox zabitlər qırmızılarla iş birliyindən imtina edirdilər. General Səlimov ordu üzrə əmrlə hərbi xidmətdən tərxis olundu. Bakıda generallar və qərargah zabitləri arasında həbslər başlandı. Eyni zamanda, milli ruhlu ictimai-siyasi xadimlər həbsə atılır və haqlarında ölüm hökmü çıxarılırdı. Xalq əmlakının talan edilməsi, soyğunçuluq baş alıb gedirdi. Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli sərvəti ilə dolu vaqonlar birbaşa Moskvaya göndərilirdi.
Bu da ona gətirib çıxardı ki tezliklə Azərbaycanın müxtəlif yerlərində üsyanlar baş qaldırdı. Gəncə və Nuxadakı əhali və hərbi qarnizonlar, eləcə də Qarabağdakı hərbi qüvvələr qırmızı ordu hissələrinə qarşı hərəkətə keçdilər. Üsyançılar əvvəlcə ciddi uğur qazandılar. Gəncə altında rusların süvari diviziyası məhv edildi, şəhərin özündə isə 5000 süngüdən ibarət rus qarnizonu tamamilə əsir götürüldü. Amma təəssüf ki, Gəncə üsyanına rəhbərlik edən general Məhəmməd Mirzə Qacarın əsəbləri davam gətirmədi və o, belə parlaq başlanğıcdan sonra, üsyanın üçüncü günü şəhəri tərk etdi. Qarabağda da işğalçılara qarşı hərəkat ilk günlər uğurlarla müşayiət olunmuşdu. Üç gün ərzində bütün Qarabağ bolşeviklərdən azad edilmişdi. Qırmızı ordunun əsgərləri aman diləyərək kütləvi şəkildə ağ bayraq qaldırırdılar. 5-ci Bakı piyada alayının yalnız bir batalyonunun hücumu nəticəsində qırmızıların bütöv bir diviziyası Ağdamı tərk etmişdi. Zaqatala və Nuxa da düşmənlərdən təmizlənmişdi.
Lakin bu xalq coşqunluğu ilk günlərdə gözlənilən nəticələri gətirmədi. Ümumi rəhbərliyin olmaması, üsyançıların ayrı-ayrı hissələri arasında etibarlı əlaqənin qurulmaması, hərbi sursat və ərzağın çatışmaması - bolşeviklərə əvvəlcə Gəncə və Zaqatalada, sonra isə bütün Qarabağda üsyanı yatırtmağa, qan gölündə boğmağa imkan verən əsas səbəblər bunlar idi.
Ancaq Qarabağa göndərilmiş hərbi dəstə silahı yerə qoymadı. Bərdə altındakı sonuncu döyüşdən və parlaq qələbədən sonra Xudafərin körpüsündən adlayıb İrana daxil oldu. Buradan isə bəzi hərbi hissələr Türkiyə ərazisinə keçdilər. Qarabağ dəstəsinin bir çox zabitləri və digər hərbi personalı İran və Türkiyə ordusunda xidmətə qəbul olundular.
lll
Bolşevik işğalına qədər Azərbaycan Avropa hərbi prinsipləri əsasında qurulmuş 30 000 nəfərlik orduya malik idi. Milli orduda 8 piyada, 3 xüsusi piyada alayı, 3 süvari alayı, 3 artilleriya briqadası, 2 zirehli qatar, 6 zirehli avtomobil, 2 hərbi gəmi (“Qars” və “Ərdəhan”), 8 hidroplan vardı. Əgər bu hərbi güclər zamanında tam tərkibdə Dağıstan sərhədində cəmləşdirilə bilsəydi, ölkənin müdafiəsini təmin etmək olardı. Üstəlik də bizim dost və qonşu Gürcüstanla qarşılıqlı müdafiə ittifaqımız vardı. Bu vəziyyətdə XI qırmızı ordunun başıpozuq və qeyri-mütəşəkkil hissələrinin Azərbaycan sərhədlərini keçməsi qeyri-mümkün işə çevrilərdi.
“Qortsı Kavkaza”, 1932, ¹ 35-36, s. 17-19.
Rus dilindən tərcümə: Vilayət Quliyev
525-ci qəzet 2018.- 24 fevral.- S.18-19.