Qarabağ fəryadı
Azərbaycan
kinosu-120
PƏRVİN
Tarixi hadisələrin sənətdə əks
olunması, bədii ədəbiyyata, kinoya çevrilməsi
üçün vaxt lazımdı. Ən azı ona
görə ki, zaman bir çox şeylərə daha ayıq,
sakit, soyuqqanlı baxmağa kömək olur.
Eyni zamanda, tarixin ədaləti də hər şeyi yerbəyer
edincə, bir çox həqiqətlər üzə
çıxır, bu həqiqətlərin sənət dili ilə
deyilməsi, ifadəsi yerinə düşür. Tarixi faciələrin
sənətdə əksisə daha çətindir.
Çünki elə hadisələr var, onların üzərindən
neçə il keçir keçsin, yenə
ağrıdır, yenə sızıldadır, bəzən bu
duyğular, emosiyalar gerçək sənətin yaranmasına
mane olur.
Bəzən
yazıçılarımızı, şairlərimizi, kino
xadimlərimizi Qarabağ mövzusunda kifayət qədər
iş görmədiklərinə görə qınayırlar.
Xatırlayıram, bir dəfə qardaş
Türkiyədə belə, mötəbər tədbirdə
çıxış edən məmur indi Azərbaycan sənət
adamlarının Qarabağdan savayı mövzusu
olmamalıdı – demişdi. Bəlkə də... Bəlkə dərinə gedəndə, doğrudan
da belədir. Qarabağ boyda dərdimiz
varsa, eşqdən, sevgidən, gündəlik həyatdan, məişətdən
yazmaq, danışmaq, hələ üstəlik səhər-axşam
TV ekranında çalıb-oynamaq ciddi qüsurdu. Amma məsələ burasındadır ki, ürəklə
yazmaq, o faciəni bütün tərəfləri ilə ifadə
etmək üçün qələbə lazımdı,
tarixi qələbə. Nə qədər
pafoslu səslənsə də, ədalət zəfər
çalmalıdı. Yalnız o zaman onsuz
da emosional, həssas olan sənət adamları hadisələrə
sakit baxıb yaza, yarada bilərlər bu mövzuda. Bu mənada, Qarabağ mövzusunun kifayət qədər
yazılmamasına, çəkilməməsinə ciddi səbəb
çıxılmazlıqdı. Əlbəttə, sənət
ağrıdan yaranır, amma uduzmuş adam
kompleksi hər zaman mane olur. Amma bununla belə özündə
güc, iradə tapıb faciələrimizə daha sakit,
ayıq gözlə baxmağa çalışan, bu
mövzuda təsirli əsərlər yazıb-yaradan sənətkarlarımız
da var. İstər Azərbaycan ədəbiyyatında, istərsə
də kinosunda bir neçə bu cür əsərin
adını çəkmək olar. Son illərdəsə
kinomuzda Qarabağ problemi ən fərqli yönlərdən
çəkilib, göstərilib.
“FƏRYAD”
Azərbaycan kinosu tarixində müharibə haqqında
çəkilmiş ən təsirli filmlərdən biri, bəlkə
də elə birincisi Ceyhun Mirzəyevin “Fəryad”ıdır. 1993-cü ildə,
müharibənin davam etdiyi, hər gün cəbhədən bəd
xəbərlərin gəldiyi, torpaqları ardıcıl
itirdiyimiz zamanda ekranlaşdırılıb “Fəryad”. Ssenari müəllifi Vaqif Mustafayev olan film bu iki sənətkarın
(Vaqif Mustafayev Ceyhun Mirzəyev) növbəti uğurlu
işidir. Hələ 1985-ci ildə Mövlud
Süleymanlının ssenarisi əsasında “Bəyin
oğurlanması” filmini birgə
ekranlaşdırmışdılar. Və elə
o zamandan bu iki insanın yumoru, ironiyası filmi
tamaşaçıların sevimlisinə çevirmişdi.
“Fəryad”ın isə mövzusu ayrı,
ağrısı dərindir. Amma yenə də
həm Vaqif Mustafayev, həm də Ceyhun Mirzəyev
ironiyası, yumoru filmə ayrı intonasiya gətirib.
“Fəryad” qanlı-qadalı zamanda çəkilməsinə
baxmayaraq ümidlə, işıqla dolu filmdir. Həmçinin
bu əsər real Azərbaycanlı və erməni xarakterini dəqiq
ifadə etməsi baxımından fərqlidir. “Ögey ana” filmindən yaxşı
tanıdığımız İsmayıl böyüyüb,
vuran-tutan, dəliqanlı kişidir. Və
indi vətəni faciəylə üz-üzə durduğu bir
vaxtda ön cəbhədədir. Bəli, “Fəryad”ın
qəhrəmanı İsmayıl həmin o
gül-çiçəyə qoşulub “Kəndimiz” deyə
oxuyan, amma həm də bacısından ötrü dağlara
itburnu çiçəyi yığmağa gedib həyatını
təhlükəyə atan adamdır. Bəlkə
müəlliflərin ən uğurlu tapıntısı elə
budur. O uşaq, ipə-sapa yatmayan, ərköyün, amma
həm də saf ürəkli İsmayıl məhz belə
adama, “Fəryad”da qız uşağına işgəncə
verdiyi üçün erməninin üstünə qorxmadan
şığıyan, qisasını almadan dincəlməyən
qeyrətli kişiyə çevrilməliydi.
Bütün bu sənət elementləri,
tapıntılarıyla bərabər daha təsirli olan, əlbəttə,
reallıqdır. Filmdə Xocalı soyqrımı, orda
iştirak edən real insanlar, canını götürüb
qaçan adamların danışdıqları əks olunub.
Ümumiyyətlə, Xocalı haqda faktları
araşdıranda, mərhum Milli qəhrəman Çingiz
Mustafayevin çəkdiyi kadrlara baxanda adama elə gəlir ki,
bunlar heç bir sənətin, heç bir fantastik təxəyyülün,
yaxud dəhşət filmləri müəlliflərinin
düşünə, uydura bilməyəcəyi tükürpədici
olaylardır.
Qarabağ qazisi mərhum Mehman Hüseynov filmdəki
İsmayılın prototipi olub. Mehman da eynən
İsmayıl kimi son ana qədər müqavimət göstərib,
gülləsi bitəndən sonra yaralı vəziyyətdə
əsir düşüb. Amma bunlar
hamısı zahiri faktlardır. Film isə
daha dərin və əslində tarixi məsələləri
göstərir.
“Fəryad”ın məziyyətlərindən biri də
hadisələrə, daha doğrusu ermənilərə ironiya
ilə yanaşmasıdır. Dünyanın
yaxşı tanıdığı erməni xarakteri filmdə
bütün çalarları ilə əks olunub. Bu mənada,
məktəb müəlliməsinin uşaqları əsir
türkə - İsmayıla baxmağa gətirməsi, Məlik
Dadaşovun canlandırdığı Armen Xaçaturyanın
körpə uşağı dizinin üstünə qoyub, “bu
türkdü, bizim düşmənimizdi” deməsi, avtomatdan atəş
açmağı barmaqları ilə imitasiya etməsi, yaxud
da erməninin Azərbaycan mahnısını öz xalq
mahnısı kimi oxuması və s. detallar xeyli dəqiq
işlənib. Erməni xarakterinin bir az da
şişirdilərək ironiya edildiyi məqamlar da
gülüş doğurur. Müəllimin
uşaqlara erməni şairəsi Silva Kaputikyanın əsərindən
gətirdiyi fikirləri absurdluğu ilə gülməlidir; sən
demə, Kolumb Amerika sahillərinə yanaşanda onun
yanında erməni də varmış və səyyahlar yerli əhaliylə
həm də qədim erməni dilində danışıblar.
Bu cür elementlər ermənilərin sadəcə
dünya tarixində yerlərinə aid iddialarının yox, həm
də Qarabağın onlara məxsus olması haqda əfsanələrinin
puçluğunu göstərir.
Amma bütün bu puç əfsanələrdə,
absurdluğu ilə dəhşətə gətirən
iddialarda o qədər “ardıcıldırlar” ki, bu qonşularımız. Bir müddət
internetdə araşdırmalar aparıb erməni ədəbiyyatı,
kinosu haqqında bilgilər almağa
çalışırdım. Yəni doğrudanmı bu
millət bütün zamanını, sənətini,
istedadını yalnız bir ideyaya, özünü qədim və
zəngin xalq kimi “sübut” etməyə, “Böyük Ermənistan”ın
xülya olmadığını anlatmağa sərf edib?! Qəribədi ki, bir neçə istisnanı
çıxmaq şərtiylə bütün erməni ədəbiyyatının,
sənətinin, kinosunun təbliğat vasitəsi olduğunu
gördüm. Hətta son illərdə, müasir texniki
effektlərlə çəkilmiş 1988-ci il
Ermənistanda baş verən təbii fəlakətdən bəhs
edən “Zəlzələ” adlı filmdə də insanı
pis mənada heyrətləndirən bir səhnə var; zəlzələdən
sonrakı dağıntıların altından zorla
çıxıb canlarını qurtaran qoca ər-arvad evlərinin-eşiklərinin
yerlə yeksan olduğunu görüb kədərlənirlər.
Qadın kişidən “bəs necə
yaşayacağıq, evimiz dağılıb?” – deyə soruşanda kişi gülümsünərək
cavab verir: “Min illər necə yaşamışıqsa, o
cür...” Bu kiçik səhnə bir daha təsdiq
edir ki, erməni sənəti, beyni, yaddaşı,
düşüncəsi yalnız bir şeyə - yalanın sübutuna,
ən fərqli şəkildə ifadəsinə həsr
olunub.
Bu mənada, “Fəryad” düşmənə çox
sakit, ayıq, həm də ironik baxış ortaya qoyur. Amma daha
uğurlu olan odur ki, filmdə “baxın biz necə
yaxşıyıq, onlar isə pisdirlər” mesajı yoxdur.
Armenin qardaşı qızının “faşistlər də əsirlərə
yemək verirdilər” deyib, İsmayıla yemək gətirməsi,
yaxud Bakı ermənisi olan həkimin nostalji duyğulara
qapılıb, Bakını xatırlaması, xoş sözlər
deməsi, İsmayıla mərhəmət göstərməsi
filmin, ümumiyyətlə, hadisənin pafosunu yox edir. Hər
xalqın pis də var, yaxşısı da... İntəhası pislərin,
yaxud yaxşıların çox, ya az
olması, millətin hansı dalğada tərbiyə edilməsi
ayrı mövzudu.
Bu düşmənçiliyin tarixi qədimdi. Hələ
Mirzə Cəlil “Kamança”sında danışırdı
bundan. Elə “Fəryad”da
İsmayılın evi yandırmaması, körpəyə
yazığı gəlməsi Mirzə Cəlil ideyasının
davamıdır. Və ermənilərin sadəcə
şok, heyrət içində ona tamaşa etməsi çox
şey deyir. Erməni bunu heç cür
başa düşə, anlaya bilməz. Ona görə
fasiləsiz suallar verir: “Axı sən evi niyə
yandırmadın, düşmənin evini yandırmalı
idin...” İsmayıl “Körpə uşağa
qıymağa necə bəraət qazandırmaq olar axı?”
– deyəndə erməni arvadlarının
gözü heyrətdən bərəlir. Bəli, bu,
qadına, uşağa, yaşlıya, cavana baxmayıb vəhşiliyindən
qalmayan erməni üçün inanılmaz olaydı...
Sonda müəlliflər kiçik bir simvolla ermənilərin
mahiyyətini, “dəyərini” göstərirlər. Film boyu
yuxusuna gah başsız, gah əlsiz, gah ayaqsız girib
“Qarabağ, dərdim mənim” deyən Xorendən
danışan erməni qadın İsmayılın dəyişdirilməsini
istəyir. Armen isə “Sən elə bilirsən
ki, Xoreni buna dəyişərlər?” deyə aşağılayır
İsmayılı. Amma sonda bizimkilər tək
bir İsmayıla görə onlarla ermənini əsirlikdən
buraxır, dəyişirlər. O səhnə,
körpünün üstündə qara-qura, kifir ermənilərlə
üzündən nur yağan İsmayılın dəyişdirildiyi
səhnə çox şey deyir, həmçinin uzaqlardan gələn
səs, İsmayıl deyə çağıran
qadının hayqırtısı da müəlliflərin
ismarışıdır.
“Fəryad” filminin məziyyətləri sırasında
aktyor oyununu xüsusi qeyd etməliyəm. Ceyhun Mirzəyev
bu filmin çəkilişləri zamanı o qədər həyəcan
keçirib, bu ağrıları o qədər ürəyinə
salıb ki, infarkt olub. Bir il sonra da bu
əfsanəvi insan dünyasını dəyişib. Çəkiliş
zamanı hər şeyin təbii olması üçün tərəf
müqabillərindən onu doğrudan da vurmalarını
xahiş edirmiş... Kim bilir, bəlkə əslində
içini sızladan mənəvi ağrılarını belə
fiziki işgəncələrlə keyidirmiş. Həmçinin, əsir düşməmək
üçün son gülləsini başına çaxan
Hacı İsmayılovun da oyunu xeyli təsirlidir. Və
Məlik Dadaşovun Armen Xaçaturyanı... Hər
dəfə filmə baxanda uşaqlığımız yada
düşür. Məlik Dadaşov rolunu o qədər məharətlə,
dəqiq oynamışdı ki, biz – o zamanın uşaqları
bu “erməni”yə, hər dəfə torpaqlar alınanda
“Laçını aldıq”, “Şuşa bizimdi” deyib,
atılıb-düşən “düşmənə” nifrət
edirdik. Bütün qəlbimizlə nifrət edirdik ona... Amma boya-başa çatdıq və başa
düşdük ki, bu hisslərimiz onun sənətinin,
istedadından böyüklüyündən imiş.
“Fəryad” ifadə etdiyi bütün faciə ilə,
ağrı ilə bərabər həm də
işıqlı hislər, ümid oyadır insanda. Ən azından o filmdən
sonra məşhurlaşan, məktəblilərin dilindən
düşməyən, bəstəkar Cavanşir Quliyevin “Azərbaycan
əsgəri” marşı bu gün də qələbə
marşı kimi səslənir...
“XOCA”
Anarın “Otel otağı” povesti əsasında rejissor
Rasim Ocağovun ekranlaşdırdığı eyniadlı
filmdə unudulmaz bir səhnə var. Gecəyarısı
qapını döyən tanınmaz hala düşmüş
qohumu Lətifə (Mehriban Zəki) Kərim Əsgəroğlunu
(Fəxrəddin Manafov) sarsıdır. Xocalıda ailəsinin,
özünün başına gələnlərdən
danışır, amma həm də bütün siması ilə
bu dəhşəti ifadə edir:
“Ermənilər dörd gün vaxt verdilər ki, hamı
Xocalıdan çıxıb getsin. Aldatdılar bizi.
İki-üç saatdan sonra atışma
başladı. Özümüzkülər
də aldatdı bizi. Arvadlar söz qoyduq
ki, mina tarlasına gedək, özümüz partlayaq,
tanklarımız üçün yol açaq. Qoymadılar. Aldatdılar bizi.
Kamal dedi ki, sən qonşu Bilqeyis arvadla çıx kənddən.
Biz burda qalacağıq. Axıracan
vuruşacağıq. Razı olmadım.
Balacanı – Səmayəni, qızımı deyirəm –
Bilqeyis arvada tapşırdım,
özüm qaldım. Əvvəlcə Adili vurdular, sonra
Kamalı… Eşitdim ki, meşədə Bilqeyis
arvadı da vurublar, amma uşağa güllə dəyməyib.
Düşdüm meşələrə, iki
gün gecə-gündüz axtardım Səmayəni, axır
tapdım meyitini. Güllə dəyməmişdi.
Donub ölmüşdü. Qarın
içində iməkləyib, iməkləyib tifil, sonra donub
ölüb. Balaca əlləri eyzən
tikan içində idi. Tikanların
hamısını bircə-bircə çıxartdım, qəbir
qazıb basdırdım balamı”.
Bədii ədəbiyyatda gerçək həyatı
birbaşa axtarmağın əleyhinə olan Anar müəllim
söhbətlərimizin birində bu səhnə haqqında
sualıma cavabında etiraf etdi ki, məhz bu yerdə heç
nəyi uydurmayıb. Doğrudan da belə qadın
varmış, donub ölmüş balasının balaca əllərini
tikanlardan təmizləyib dəfn edən “iztirabın heykəli”
Lətifə yazıçı təxəyyülünün
yox, erməni vəhşiliyinin məhsuludur.
Vahid Mustafayevin də “Xoca” filmi məhz bu cür real,
olmuş hadisələri əks etdiriyi üçün
dözülməzdir. Bundan əvvəl Qarabağ mövzusunda “Bulaqıstan”,
“Seçilən”, “Yaddaş” filmlərini çəkən
rejissor “Xoca”da Xocalı faciəsinin həm görünən,
həm də görünməyən, “pərdəarxası” məqamlarını
incəliklərinə kimi göstərib. Müsahibələrindən
birində Vahid Mustafayev real hadisələri toplamaq
üçün xeyli əziyyət çəkdiyini
demişdi: “Filmlə bağlı azı 27 adamdan müsahibə
götürmüşəm. Bu hekayələri
onlar danışıblar. Bu filmdə bir dənə
də Xocalıda olmayan hadisə yoxdur. Bundan
da çox hadisələr olub, mən hamısını filmə
sala bilməmişəm”. Bəli,
Xocalı bir ekran əsərinə sığmayacaq qədər
“miqyaslıdır”. Amma bununla belə “Xoca”
filmi bütün o mühit, o zamanki hökumət və faciənin
özü haqqında dolğun təsəvvür yaradır.
Axı, o hadisələrin üstündən elə də
çox vaxt keçməyib! Bizlər o zaman
uşaq olsaq da, valideynlərimizin televiziyada o sənədli
kadrlara baxıb ağladıqlarını
görmüşük. Hələ pafoslu bəyanatlar
verən rəhbərlər də, yalandan
qara-qışqırıq salıb əslində öz kefində
olan “siyasi” fiqurlar da yaxşı yadımızdadı. “Xoca” təkcə Xocalının özündə
yox, ondan kilometrlərlə uzaqda, mərkəzdə baş verən
faciələri də gözlərimiz önündə
canlandırır.
Film iki gəncin sevgisindən bəhs edir. Şəhərli
qızı Günellə (Nigar Bahadırqızı)
Xocalıdan olan Ələkbər (İlqar Musayev) toya
hazırlaşırlar. Günelin atası
vəzifəli biri, yuxarılara yaltaqlanmaq üçün
fürsəti əldən verməyən Ayaz (Telman Əliyev)
qızının toyundan belə, istifadə edir. Kimlərisə toya dəvət edib, münasibətlər
qurur. Amma elə bu vaxtda Ələkbər
və onun kimi bir çox dostları, Xocalı sakinləri
düşmən gülləsinin qabağında, odun-alovun
içərisindədirlər. Müəllif
Xocalıdakı qətliamla eyni vaxtda Bakıda yeyib-içən,
Qarabağın şərəfinə sağlıqlar deyən
“yuxarıları” göstərir.
Arxadan, ancaq daz başı görünən dövlət məmuru
Qarabağın təhlükə altında olması söhbətlərinin
hamısını inkar edir: “Şaiyədir, sakitlikdir,
Xocalı getsə, başıma güllə çaxacam!” Nə
qədər tanış sözlərdi,
deyilmi? Və dönə-dönə təkrar edirəm ki,
axı, bütün bunlar həm də keçmişimizdir! Bu
gündən baxanda isə o keçmiş daha ağır gəlir
adama...
“Xoca” bir yanda
eyş-işrət içində yaşayıb vətən
hayında olmayanları da göstərir, amma, eyni zamanda, son nəfəsinədək
mübarizə aparan, təslim bayrağı qaldırmayan,
axırıncı gülləsinədək vuruşan əsl
vətənsevərləri də diqqətdən kənar
qoymur. Bu mənada ov tüfəngi ilə Ələkbərin
yanından çəkilməyib mövqeyi müdafiə edən
qoca kişi filmin ən təsirli
personajıdır. O məqamda ki, Ələkbər onun
öldüyünü görür, “daha bu vətəni
heç kəs sənin əlindən ala bilməz” – deyir. Elə bu yerdə müharibənin, torpaq uğrunda
döyüşün fəlsəfəsi haqqında
düşünür insan. Görəsən
hansı yaxşıdı döyüşüb, yurdunun,
yuvanın dağılmasını, vətəninin məğlub
vəziyyətini görmədən ölmək, yoxsa sağ
qalıb, gələcəyə ümidlərlə
yaşamaq?! Bilmirəm! Əslində hər
ikisi ağırdı. Yaxşı olan yalnız
sülhdü... Amma! Nə etməli ki, min-min illərdir,
dünya dəyişir, inkişaf edir, daha sivil olur guya, amma
insan nəfsinə, hərisliyinə qalib gələ bilmir!
“Xoca” filminin başlıca məziyyəti vəhşiliyi
göstərməməsidir. Əlbəttə,
müasir texniki imkanlar Xocalıda törədilən vəhşilikləri
ən real şəkildə təqdim etməyə imkan verərdi,
amma müəllifin niyyəti bu deyil. Faciənin
həm ayrı-ayrı insanların taleyinə təsirini, həm
də ümumiyyətlə, millətin xarakterində
buraxdığı izləri göstərməkdi məqsəd.
Məsələn, ermənilər tərəfindən
vuruşan ruslarla bərabər poçtda işləyən
Mehribana (Mina Sovetski) aşiq olan Yura (Azər Aydəmir) da var
filmdə. Əvvəlcə yüngülməcaz
görünən Mehribanın döyüş anında tamam
başqa qoçaqlığı, mərdliyi,
insanlığı üzə çıxır. Yaxud həmişə
ermənilərin tərəfkeşi kimi görünən
rusların içərisində Yura kimisi də
varmış... Bütün bu detallar müharibənin,
ümumiyyətlə, ekstremal vəziyyətlərin insan xislətini
necə üzə çıxarmasını göstərir.
Həm də müəllif “dünya yaxşı
insanlardan xali deyil” ideyasını verir. Həmçinin
“xoca” adlı üzüyün Günelə ötürülməsi
yenə də ümidin, işıqlı gələcəyə,
ədalətin yerini tutacağına inamın simvoludur.
“DOLU”
Qarabağ mövzusunda çəkilən filmlərin bir
çoxu yarımçıq, ya da sürreal sonluqlu
görünür adama. Bu mövzuya müraciət sənətkarlar
ümidi, gerçəkləşməmiş arzuları, bəzən
də öləziyən inamı ifadə etmək
üçün müxtəlif üsullara əl atmalı
olurlar. Bu mənada, Aqil Abbasın
eyniadlı romanı əsasında rejissor Elxan Cəfərovun
çəkdiyi “Dolu” filmi müxtəlif janrların,
ovqatların sintezini təcəssüm etdirir. Filmin elə
ilk kadrlarından iri-iri dolular yağır göydən...
Əslində göydən od yağan bir
dövr, məkandı filmdə təsvir olunan, amma hər
şey odun-alovun yox, dolunun yağmasıyla başlayır. Məmməd
Səfa – komandir bir az ağır, bir az iti
addımlarıyla gedir, qarşısına çıxana
ötkəm tapşırıqlar verir. Elə bu
həyəcanlı, narahat söhbətlərdə də
müharibə, təhlükə ab-havası duyulmağa
başlayır.
Qarabağ mühitini, koloritini yaxşı bilən,
bölgənin folklorundan tutmuş lətifələrinə
kimi bir çox özəlliklərini əsərlərinə,
ədəbiyyata gətirən Aqil Abbas “Dolu”da da Qarabağ
ab-havasını yaradıb. Həmçinin,
müharibə zamanı eşitdiyi, bildiyi, şəxsən
müşahidə etdiyi bir çox real hadisələri önə
çəkib, o çətin şəraitdə və vəziyyətdə
yerlilərin son anadək mübarizəsini göstərməyə
çalışıb.
O
dövrün tariximizə vurduğu ən böyük
yaralardan biri də “qaçqın” mövzusu oldu. Bir qayda olaraq böyük faciələr zamanı həmişə
hər kəs günahkarı axtarmağa
çalışır. Və nədənsə
bu hadisələrin, itikilərimizin səbəblərindən
danışanda siyasi başısoyuqluğu yox, yerli əhalinin
qaçmasını, torpağı müdafiə etməməsini
qabardanlar daha çox idi. Bəlkə sadəcə
çoxlarına bu, sərf edirdi, ona görə. “Dolu” filmində bütün bu məqamlar ayrı tərəfdən
göstərilir, ev-eşiyini tərk gedib gedənlərdən
daha çox qalanların, canını qurban edənlərin
duyğuları iri planda göstərilir.
“Dolu” filmi
döyüş səhnələrinin
canlılığına, Drakon (Rza Rzayev), Pələng (Elvin
Əhmədov) kimi yeni qəhrəman xarakterlərinə
görə başqa filmlərimizdən fərqlənir. Amma eyni zamanda burda təmkinli bir ana obrazı,
Gülzar Qurbanovanın canlandırdığı qəhrəman
da Azərbaycan qadınının mətanətini göstərir.
Gülzar Qurbanovanın oğlu ilə
yarıqaranlıq otaqda qısa, kəsik dialoqu müharibəni
tamam ayrı estetikada əks etdirir. Bu mənada
müharibənin sadəcə döyüş kadrlarından
yox, həm də insanların üzündən yağan
hüzndən, qorxudan, kədərdən duyulması rejissorun
uğurudur. Üstəgəl, filmin bəstəkarı
Polad Bülbüloğlunun da musiqiləri bütün bu
ovqatları, hadisələri bir az da təsirli
edir.
Qarabağ müharibəsindən bəhs edən bir
çox filmlərdə, həmçinin, elə “Xoca”da,
“Dolu”da köməksizlik bir ideya olaraq göstərilir. “Xoca”da komandir durmadan
Ağdamla əlaqə saxlayıb kömək istəyir, az qala yalvarır ki, silah-sursat göndərsinlər.
“Dolu”da Fuad Poladovun canlandırdığı katib elə hey
telefonla danışır, silaha, köməyə ehtiyac
olduğunu deyir, yalvarır, qışqırır, tələb
edir... Həm “Xoca”, həm də “Dolu” müəllifləri o
zamanki mövcud durumu əks etdiriblər bu detallarla. Amma
üstündən illər keçsə də, nəticə
bəlli olsa da, məğlubiyyətdən daha çox o
köməksizlik, əli heç hara çatmayan insanların
telefon dəstəyinə qışqırdığı
sözlər yandırır insanı...
Bir
neçə il öncə “Ruhlar şəhəri” kitabının
müəllifi Vahid Qazi ilə söhbət edəndə
Ağdama mütləq qayıdacağımızı, həm
də xəyalların Ağdamını yenidən yarada, tikə
biləcəyimizi söyləmişdi. “Dolu” filmində də
sonda ruhlar o dəmir səddi, yalançı sərhəddi
keçib, Ağdama qayıdırlar... Ruhlar şəhərinə
çevrilir Ağdam...
“YOLLAR
UZANAN GÜN”
Bugünlərdə yazıçı Novruz Nəcəfoğlunun
povestləri əsasında ekranlaşdırılan, rejissor
Ceyhun Şüküroğlunun “Yollar uzanan gün” filmi
tamaşaçılara təqdim olundu. Yazıçının
“Yollar uzanan gün” və “Ağ qayadan atılan güllə” əsərləri
əsasında çəkilən film bir insanın,
yoldaşını itirmiş, balalarını başına
yığıb, ömrünü sürən tənha bir
kişinin ağrısını təsvir edir.
Qızının toyuna hazırlaşan Rəhman kişi (Təvəkkül Əhmədov)
oğlunu itirir, amma bunu ailəsindən gizli tutub, xeyir işi
saxlamır. Filmdə bayağılaşan zəmanə,
insanların yadlaşması, bir-birini duymaması və
bütün bu dəyişən dünyanın içində
köhnənin adamı olan Rəhmanın
yalqızlığı göstərilir. Müəlliflər
gəlinlik paltarına düşən ləkə kimi müxtəlif
açıq, yaxud mətnaltı simvolların vasitəsilə
faciənin qaçılmaz olduğunu deyirlər. Qədərdən, taledən qaçmaq olmaz, əlbəttə.
Amma müharibənin çoxdan bitdiyi, atəşkəsin
elan olunduğu bir zamanda nə faciə?!
“Yollar uzanan gün”ün ötürdüyü mesaj odur
ki, müharibə bitsə də, o ağrı keçməyib. Və
Qarabağ qayıtmasa, keçməyəcək. Elə Rəhman kişinin evinin
açarlarını qoruyub saxlaması, bir oğlunu itirsə
də, yenə kiçik oğluna açarları verib, bəlkə
evimizə yolun düşə - deməsi ümidlə
qarışıq gözləntinin göstəricisidir.
Filmin
sonunda Rəhman kişi əzabını,
təkliyini leysan yağışın alında ovudur, ürəyini
yağışa açır. Bu da Novruz Nəcəfoğlu
əsərlərindəki başqa bir ideyanın, insanın təbiətlə
vəhdətdə olmasının, təbiətin
parçası kimi qavranmasının ifadəsidir.
“Yollar uzanan gün”
müharibədən daha çox ermənilərin bu gün
törətdiklərinin, daha doğrusu davam etdirdikləri faciələri
qabardır. Əlbəttə, Fikrət Qoca
haqlıdı, “Ağlamaq üçün ən gizlin yer
leysan yağışın altıdı...” Amma film sadəcə
gizlində ağlamağa yox, həm də açıqda
döyüşməyə çağırır!
Daha öncə Qarabağ mövzusunda filmlərin daha
çox simvolik, sürreal sonluqlarla bitdiyini vurğuladım. Fikirlərimi
ümumiləşdirib, təkrar da olsa sadalamaq istəyirəm.
“Fəryad”da qadının İsmayıl deyə,
çağırışı, yaxud “Xoca”da sadəcə
“xoca” adlı üzüyün qorunub saxlanılması, “Dolu”da
ruhların sərhədsiz filansız Ağdama keçib getməsi,
Rüfət Əsədovun “Arxada qalmış gələcək”
filmində balaca oğlanın qaçqın vaqonlarını
hərəkətə gətirməsi ümidin simvoludur.
P.S. Amma
biz Qarabağ mövzusunun, Qarabağ adlı filmin real
sonluğunu gözləyirik. Heç bir sənət
meyarlarına sığmayacaq ən pafoslu, ən
hündürdən deyilmiş “QƏLƏBƏ”
mesajını!
525-ci qəzet 2018.- 24 fevral.- S.14-15.