Xalq yazıçısı Anar Çexiya və Polşada səfərdə oldu
Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar
Çexiya və Polşada səfərdə
olub.
Səfər zamanı Praqa şəhərində Xocalı
qurbanlarının xatirəsinə
həsr olunmuş, Azərbaycan və İsrail müəllifləri
Günel Anar qızı, Leyla Cəfərova və Yefim Abramovun “Qara qar çiçəkləri
və Qarabağ hekayələri” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə gənc musiqiçi
Eva Aşumovanın ifasında
piano musiqisinin müşayiəti
ilə ilk dəfə
çex dilinə tərcümə olunan novelladan parçalar səsləndirilib.
Tədbirdə fəxri qonaq qismində Azərbaycan Yazıçılar İttifaqının
sədri Anar Rzayev və Lev Spivakın rəhbərliyi
ilə İsraildən
olan nümayəndə
heyəti iştirak edib.
Azərbaycanın Çexiyadakı səfiri
Fərid Şəfiyev
çıxış edərək
qonaqlara Xocalı soyqırımı haqqında
məlumat verib, Xocalı qurbanlarının
xatirəsinin bu şəkildə yad edilməsinin əhəmiyyətini
vurğulayıb.
Anar Rzayev sözügedən kitab sayəsində çex oxucuların Xocalı soyqırımı haqqında
daha geniş məlumat əldə etmək imkanı qazandıqlarını bildirib.
Tədbir ölkəmizin Çexiyadakı
səfirliyinin dəstəyi
ilə Azərbaycan Tələbə Təşkilatı,
“Natəvan” cəmiyyəti
və Azərbaycan-İsrail
təşkilatı tərəfindən
təşkil olunub. Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak
ediblər.
Qeyd edək ki, bu
tədbirdən bir neçə gün sonra Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anarın
və Azərbaycan Yazıçılar Birliyinin
üzvü, yazıçı,
jurnalist Günel Anarqızının Polşaya
səfəri olub. Bu haqda Azərbaycanın
Polşadakı Səfirliyindən
məlumat verilib.
Səfər çərçivəsində Polşa Yazıçılar
Birliyinin Varşava gərargahında görüş
keçirilib. Görüşdə Polşa Yazıçılar
Birliyinin sədri və üzvləri, səfir Həsən Həsənov da iştirak edib.
Görüşü giriş sözü ilə açan Polşa Yazıçılar Birliyinin
sədri Marek Vavjkeviç AYB sədri sədri Anarı və yazıçı, jurnalist Günel Anarqızını Polşada
görməkdən məmnunluq
duyduğunu bildirərək,
Polşa Yazıçılar
Birliyinin fəaliyyəti,
üzvləri və nəşrləri haqqında
məlumat verib. Daha sonra çıxış
edən Polşa Yazıçılar Birliyinin
sədr müavini Qjeqoj Vişnevski yazıçı Anarın
Polşada tanındığını
və bir neçə kitabının
artıq polşalı
oxuculara təqdim edildiyini vurğulayıb.
Gjeqoj Vişnevski səfirliyin təşəbbüsü ilə
nəşr edilən hekayələr toplusunun da tez bir
zamanda oxucuların rəğbətini qazanacağına
inandığını bildirib.
Daha sonra çıxış
edən səfir Həsən Həsənov
Anarın XX-XXI əsr
Azərbaycan ədəbiyyatında
yeri, müəllifi olduğu əsərlərin
aktuallığını itirmədiyini,
Azərbaycan xalqının
milli düşüncəsinin
formalaşmasına təsiri,
eyni zamanda, rejissor və ssenarist kimi fəaliyyətindən geniş
söhbət açıb.
Daha sonra söz alan yazıçı
Anar görüş təşkilatçılarına dərin təşəkkürünü
bildirərək, Azərbaycan
Yazıçılar Birliyinin
fəaliyyəti, keçdiyi
çətin yol və müstəqillik dövründə fəaliyyəti
haqqında məlumat verib. Polşa oxucuları ilə əlaqələrin sıx
olduğunu və artıq dördüncü
kitabının polyak dilində işıq üzü görməsindən
məmnunluq duyduğunu
bildirən yazıçı
Anar, həmçinin,
səfir Həsən Həsənova da göstərdiyi dəstəyə
görə təşəkkürünü
bildirib.
Görüşdə, həmçinin,
Polşa Yazıçılar
Birliyinin rəyasət
heyətinin katibi Yan Çixotski çıxış
edərək Anarın
“Əlaqə” əsərinə
xüsusi diqqət ayırıb. Əsəri oxuduqdan sonra
çox təsirləndiyini,
hətta Tomas Mannın
“Sehrli dağ” romanı ilə paralellər apardığını
vurğulayan Yan Çixotski
yazıçı Anarın
əsərlərinin yüksək
səviyyəli dəyəri
olduğunu qeyd edib. Anarın əsərlərinə, ədəbi zövqünə
valeh olduğunu bildirən Yan Çixotski
belə dahi yazıçının əsərlərinin
tərcüməsi ilə
məşğul olmaqdan
şərəf duyacağını
deyib.
Görüşdə iştirak edən Günel Anarqızı da söz alaraq, belə görüşlərin təcrübə bölgüsünə müsbət təsirini qeyd edib. O, həmçinin, bu yaxınlarda Praqa şəhərində prezentasiyası olan və dünyanın 10 dilinə tərcümə edilən “Qarabağ nəğmələri” adlı kitabı haqqında məlumat verib. Azərbaycanın ən ağrılı tarixi olan Qarabağa həsr olunan və altı hekayədən ibarət olan kitabın gələcəkdə Polşada da təqdimatının keçirilməsi ilə bağlı Polşa Yazıçılar Birliyinin rəhbəri tərəfindən təklif irəli sürülüb. Marek Vavjkeviç, həmçinin, 2018-ci ilin oktyabr ayında Varşavada keçiriləcək “Varşava poetik payızı” adlı festivala da Azərbaycan yazıçılar Birliyindən nümayəndələrin dəvət ediləcəyini qeyd edib.
Görüşün sonunda yazıçı Anar, yazıçı, jurnalist Günel Anarqızı və şair Marek Vavjkeviç Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyini münasibətilə səfirlik tərəfindən təsis edilmiş xatirə nişanları ilə təltif ediliblər.
Səfər zamanı, həmçinin, Varşava Universitetində Azərbaycan dili və mədəniyyəti fənni üzrə təhsil alan polşalı tələbələrlə də görüş keçirilib. Görüşdə Yunus Emre İnstitutunun direktoru, professor Öztürk Əmiroğlu, “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri, Varşava Universitetinin Şəhla Kazımova, səfir Həsən Həsənov və universitet tələbələri iştirak edib. Görüşü giriş sözü ilə açan Şəhla Kazımova qonaqları salamlayaraq, 60-cı illər ədəbiyyatının əfsanəsi, yazıçı Anar haqqında tələbələrinə məlumat verib. Anarın Azərbaycan ədəbiyyatına damğasını vurmuş ədibləridən birini olduğunu qeyd edən Şəhla xanım, həmçinin, Anarın ssenarist olmasını da xüsusi vurğulayaraq, onun ssenarisi əsasında çəkilmiş Dədə Qorqud filminin yaranma tarixi haqqında tələbələrə məlumat verilməsini xahiş edib.
Öz növbəsində, yazıçı Anar tələbələri salamlamış və onların Azərbaycan dili və mədəniyyətinə göstərdikləri marağa sevindiyini bildirib. Dədə Qorqud eposu ilə hələ 14-15 yaşlarında tanış olduğunu, eposu bir neçə dəfə oxuduğunu və hər dəfə də özü üçün yeniliklər əldə etdiyini bildirən Anar, eposu çox yüksək dəyərləndirdiyini deyib. Dədə Qorqudun 1300 illik yubileyi ərəfəsində filmin ssenarisinin hazırlandığını bildirən Anar, o dövrdə həmçinin, Dədə Qorquda həsr edilmiş digər çoxsaylı nəşrlərin işıq üzü gördüyünü vurğulayıb. Anar qeyd edib ki, türk milli düşüncəsini əks edən Dədə Qorqud eposu Azərbaycanın qədim tarixini öyrənmək istəyənlər üçün çox dəyərli bir əsərdir.
Həmçinin, 60-cı illər yaradıcılığından danışan Xalq yazıçısı o vaxt hakimiyyətin tələblərinə əks gedərək adi insanların həyatı, problemləri haqqında yazdığını, insanların gündəlik həyatını öz əsərlərində təsvir etməyə çalışdığını vurğulayıb.
Eyni zamanda, Polşa ədəbiyyatı və filmləri ilə də yaxından tanış olduğunu qeyd edən yazıçı Anar, Tadeuş Rujeviç, Çeslav Miloşun, Adam Mitskeviçin əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu bildirib.
525-ci qəzet 2018.- 24 fevral.- S.13.