Mütəfəkkir ədəbiyyatşünas

 

Məsud Əlioğlu-90

 

Nizami CƏFƏROV

 

Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin inkişafında Məsud Əlioğlunun, heç şübhəsiz, müstəsna xidmətləri vardır ki, bu xidmətlərin yalnız miqyası deyil, məzmun-mündərəcəsi, ideya-estetik mükəmməlliyi də həmişə etiraf olunmuş, tənqidçi-ədəbiyyatşünasın keçən əsrin qırxıncı illərinin sonlarından yetmişinci illərinin əvvəllərinə qədər davam edən (və təəssüf ki, çox tez kəsilən) yaradıcılıq axtarışları bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərmişdir.

 

Məsud  Əlioğlu 5 oktyabr 1928-ci ildə  Qubadlının Mahmudlu kəndində görkəmli yazıçı Əli Vəliyevin ailəsində dünyaya gəlmişdir. Yaradıcılığa Azərbaycan (indiki Bakı) Dövlət Universiteti filologiya fakültəsinin tələbəsi olduğu illərdə  (1946-1951) başlamış, təhsilini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat institutunda çalışmış, 1955-ci ildə «Nəsrimizdə vətəndaş müharibəsi mövzusu»nda namizədlik, 1968-ci ildə isə «Azərbaycan sovet nəsrinin inkişaf yolları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

 

Məsud Əlioğlu həyatının ən məhsuldar dövründə – 1973-  ilin iyun ayının 23-də dünyasını dəyişmişdir. Lakin iyirmi beş illik yaradıcılığı ərzində «Şamo» romanı  haqqında» (1951), «Cəlil Məmmədquluzadənin dramaturgiyası» (1954), «Mirzə İbrahimovun dramaturgiyası» (1955),  «S.S.Axundovun həyat və yaradıcılığı» (1956), «Osman Sarıvəlli» (1958), «Rəsul Rza» (1960), «Məfkurə dostları» (1961), «Ədəbiyyatda yeni insan» (1964), «Məslək qardaşları» (1966), «Tənqidçinin düşüncələri» (1968) kitabları, onlarla məqalələri nəşr olunmuş, vəfatından sonra «Ədəbi fraqmentlər» (1974), «Hüseyn Cavidin romantizmi» (1975), «Məhəbbət və qəhrəmanlıq» (1979), «Amal və sənət» (1980) və  iki cildlik «Darıxan adamlar» (2009) kitabları çıxmışdır.

 

Tənqidçi-ədəbiyyatşünas Yəhya Seyidov yazır:

 

«Məsud Əlioğlu təndiqçiliyə müasir ədəbiyyatın görkəmli əsərlərindən başlasa da, tezliklə hiss etmişdir ki, müasir ədəbiyyatın arxalandığı ənənələri, klassiklərin yaradıcılığını dərindən öyrənmədən ədəbi inkişafın istiqamətini müəyyənləşdirən amilləri başa düşmək çətindir».

 

Məsud Əlioğlunun yaradıcılığında üç əsas istiqamət elmi-metodoloji aktuallığı (və enerjisi) ilə seçilir ki, onlardan birincisi  xalq yaradıcılığı, ikincisi klassik, üçüncüsü isə müasir ədəbiyyatdır. İlk tədqiqatlarından başlayaraq maraq dairəsi çox geniş  olan təndiqçi-ədəbiyyatşünas ədəbi növ, janr məhdudiyyəti bilməmiş, həm poeziyadan, həm  nəsrdən, həm də dramaturgiyadan eyni peşəkarlıqla yazmaq təcrübəsinə yiyələnmiş, çox zaman mənbəyini paradokslardan alan yeni ideya-estetik çağırışlarla zəngin dövrün qabaqcıl təhlil (və ümumiləşdirmə) texnologiyalarını dərindən mənimsəyib böyük istedadla (və ustalıqla) tətbiq etmişdir ki, bu, gənc ədəbiyyatşünasın analitik-fəlsəfi təfəkkürə malik olmasından irəli gəlir.

 

Məsud Əlioğlunun, əslində, bir monoqrafiya statusunda olan «Məhəbbət və qəhrəmanlıq» məqalə-essesi «Dədə Qorqud», «Koroğlu» eposlarını, eləcə də həmin eposları yaradan ozan-aşıq yaradıcılığının metafizikasını anlamaq üçün  ciddi metodoloji istinadlar verir...

 

«Dədə Qorqudun həyati idealı düzlükdür! Fəqət, düzlüyün özü də sübuta yetirilməlidir; ziddiyyətlərin düyünündən və münaqişələrin cərəyanından çıxaraq təsdiq olunmalıdır. Qorqud fəlsəfəsinin müdrikliyi və təsir gücü orasındadır ki, real həyatın və varlığın ziddiyyətlərindən keçərək möhkəmlənən, sübuta yetən doğruluğu şübhədən qurtarır və ona qanunauyğunluq haqqı qazandırır. Ağlın, dialektik təfəkkürün əlçatmaz yüksəkliklərini, qəlbin çoxcəhətli, dərin və mürəkkəb xəzinə sərvətlərini fəth etmiş bu fikir bahadırı özündən sonrakı nəsillərə zəngin həyat təcrübəsindən doğan müdrik nəsihətlərini, əxlaq, davranış, tərbiyə və sair psixoloji amillərlə bağlı mülahizələrini böyük ustalıqla, incəliklə təlqin edir».

 

«Dədə Qorqud» «ideologiya»sını a) «igidlik yaşamağa və yaşatmağa qadir olmalıdır», b) «sədaqət düzlükdən keçir» və c) «məhəbbət-qabiliyyətdir» motiv-prinsiplərilə şərh edən müəllif «Koroğlu»ya keçir. Və yazır:

 

«Koroğlu»da xalq ictimai qüvvə olaraq özünü yenidən dərk edir.

 

Koroğlu adiliklə müqayisəyə gəlməz müstəsna bir şəxsiyyətdir; fəqət bu müstəsnalıqda bir adilik də vardır. Adi insanlara məxsus keyfiyyətlər Koroğluya da aiddir. Lakin ən böyük düha xalq, bu adiliklə kifayətlənmir. Çünki adilikdə qəhrəmanlığın vüsət və siqlətini yaratmaq və yaşatmaq mümkün deyildir. Xalq əsrlər boyu həyatı adi gündəlik vəziyyətindən ideal dərəcəyə ucaltmaq məqsədilə fövqəladə əməllər, qeyri-adi işlər, qüdrətli qəhrəmanlar və yenilməz şəxsiyyətlər axtarışındadır. «Koroğlu» dastanı da bu istiqamətdəki axtarışlar əsasında xalqın yaradıcılıq dühasının əldə etdiyi ən böyük kəşfdi».

 

Məsud Əlioğlunun fikrincə, bu kəşfin ən azı üç motivasiyası mövcuddur: 1) «dəlilik» də hünərdir, 2) «gözəllik» -«həya idealı»dır, 3) «məhəbbət – əqillə hissin ahəngdarlığ»ıdır. Və çox maraqlı (və ondan da artıq təbiidir) ki, mənsub olduğu xalqın bu kəşfinin ardınca müəllif Koroğlunun  mütəfəkkirliyini kəşf edir:

 

«...Koroğlu qılıncın kəsəri ilə sözün – fikrin vüsətini, pəhləvanın fiziki qüvvəsi ilə mütəfəkkirin əqli hünərini özünün xarakterində və əməli işində çox incəliklə birləşdirmişdir. Koroğlunun hökmlərinin doğruluğu, fikirlərinin təsir gücü və bu fikirlərin xalq tərəfindən etibarlı tutulması onun nəticəsidir ki, bu hökm və mülahizələr həmişə gerçəkliyə, həqiqətə və reallığa əsaslanır. Bununla yanaşı, gənclik və yetkinlik çağlarında Koroğlunun qəhrəmanlıq əzmi, cəsurluğu, vuruş məharəti və çevikliyi, eləcə də aşıqlıq istedadı, gözəllik duyğusu nə qədər əhatəli, məzmunlu, vüsətli olmuşdursa, ixtiyar vaxtında, qocalığın sükunətli, ağır və təmkinli dövründə o, düşüncənin dərinliklərinə vaqif bir mütəfəkkirin əzəmətini yaşatmışdır».

 

Xalqın ən böyük mütəfəkkiri olaraq «Dədə Qorqud»u, «Koroğlu»nu yaradan təfəkkür sahiblərini – ozan-aşıqları görməsi də təsadüfi deyil:

 

«Azərbaycanda aşıqlıq sənəti və saz üstündə söz demək hünəri xalqda bilavasitə ictimai-milli şüurun oyanışı, ədalət, xeyirxahlıq və insanpərvərliyə dair real təsəvvürün təşəkkülü ilə əlaqədar meydana gəlmişdir. Aşıq – haqqı sevən, həqiqət vurğunu, saz-sitəmli qəlblərin və məftun könüllərin tərcümanı mənasında xalqın mənəvi-psixoloci dünyasına dərindən sirayət etmiş və bədii düşüncə tarixinə həkk olunmuşdur».

 

Və bu da  Məsüd Əlioğlunun bir ədəbiyyatşünas olaraq mütəfəkkirliyidir ki, «məhəbbət və qəhrəmanlığ»ı ümumən insanlıq (və həyat) idealı kimi qəbul edərək xalqının (və onun ədəbi təfəkkürünün) bu idealın formalaşmasında ən mütərəqqi (ən ümumbəşəri!) bir rol oynadığını təsdiq (və təqdir!) edir:

 

«... Məhəbbət və qəhrəmanlıq! Hər iki məfhum xalqa məxsusdur və xalqa yaraşdığı tərzdə də gözəldir, mənalıdır. Məhəbbət və qəhrəmanlıq dastanlarını da xalq yaratmışdır, özü də xalqa layiq olduğu tərzdə qiymətli və hikmətlidir...

 

...Fəqət ən ümdəsi budur ki, məhəbbət və qəhrəmanlıq əslində xalqdır -gözəlliyi sevən və yüksək ideallar uğrunda qəhrəmanlıqla vuruşan müdrik xalq

 

Əlbəttə, Məsud Əlioğlu folkloru bir folklorşünas kimi deyil, tənqidçi-ədəbiyatşünas (və ədəbiyyat filosofu) kimi təhlil edir.bu  təhlil üsulu özünü  ona görə doğruldur ki, müəllif  xalq yaradıcılığına xalqın etnoqrafik təfəkkür enerjisinin təzahürü, dünyagörüşünün, etnokulturoloji varlığının təfsilatı (və təfərrüatı) kimi baxmaqla onu (xalq yaradıcılığını) bir bütöv halında ədəbi-mənəvi ideyalar (və ideallar!) mətni səviyyəsinə yüksəltmiş olur.

 

***

 

Tənqidçi-ədəbiyyatşünas xalq ədəbiyyatının ideyalar (və ideallar!) sisteminə hansı ideya-estetik  səviyyədən  təhlil verirsə, Azərbaycan klassik ədəbiyyatına da həmin səviyyədən yanaşmaqla  Nizami, Füzuli, Vaqif kimi «zəka səltənətinin, könül mülkünün hökmdar»larının hər birini öz miqyasında araşdırıb elə dolğun qənaətlərə gəlir ki, həmin qənaətlər yalnız ədəbiyyat tarixi deyil,  ümumən milli təfəkkür tarixi üçün böyük əhəmiyyət daşıyır.

 

Dahi Nizamidən bəhs edərkən yazır:

 

«Tarixin mürəkkəb və çarpaşıq zamanlarında xalqlara, ölkələrə hökm edən mühit, dövranları sarsıda bilən müqtədir hökmranlar, yenilməz fatehlər, şücaətli qəhrəmanlar çox olmuşdur. Lakin insanlığın ən yüksək həddi olan böyük Təfəkkür Tarixi onların bir çoxunu yaşatmamışdır.

 

Nizami də hökmdardır: zəka səltənətinin, könül mülkünün hökmdarı.

 

Nizami lirikasının məzmun-mündərəcəsi, Nizami qəzəllərində tərənnüm olunan sevginin fəlsəfi mahiyyəti barədə deyir:

 

«Nizami dühasının məna-məzmun siqləti, şairin lirikasında, məhəbbət və gözəllik nəğmələrində də dərin-emosional təsir qüvvəsi ilə ifadə olunmuşdur. Nizami qəzəllərinin mərkəzi mövzusu -məhəbbətdir və bu məhəbbətin mahiyyətinə diqqət yetirdikdə, bir həqiqəti  dərk edirik: Nizami sevir!

 

Sevməyən düşünə bilməz və əgər insan sevməyə qadirdirsə, demək həyatı, yaranışı yaxşılığa və gözəlliyə doğru dəyişdirməyə əsas tapmışdır».

 

Nəticə isə, tamamilə doğru olaraq, bundan ibarətdir ki, «Nizami dahiyanə «Xəmsə»sində olduğu kimi, lirikasında da əzəmətlidir. Fəlsəfi-ictimai fikrin genişliyi, həyat və cəmiyyət xüsusunda əngin məfkurə-məzmun axtarışları, insanlığı nurlu ideallara çağırış motivləri; istibdad, haqsızlıq əleyhinə üsyankar, barışmaz fikirlər axını, bütün bu kimi bəşəri-ictimai problemlər, Nizami lirikasının başlıca fəlsəfi-ideoloji xüsusiyyətləri olaraq meydana çıxmışdır».

 

Nə qədər kədərli, nə qədər üzüntülü olsa da, Füzuli sevgisi də Nizami sevgisi qədər mənalı, humanist və qürurvericidir: «Füzuli, insan şəxsiyyəti ilə fəxr edir, onun mənəvi vüqarı ilə öyünür. Şairin ümumən yaradıcılığında baş qaldıran və uzaq əsrlərin dərinliyindən, tarixin qaranlıqlarından gələcəyə, nurlu bir aləmə doğru boylanan bu qürurun başlıca əlaməti insanın sevməyə və sevilməyə qadir və layiq olmasıdır. İnsan və zaman sarsılmazdır! Məhəbbətə könül verəndə! İnsan nəyə əsasən qüdrətlidir? Sevilmək üçün yaradılmağına

 

Məsud Əlioğlu Füzulinin «insan sevgisi!»nin bütün dərinliyinə (və miqyasına)  vararaq belə bir nəticəyə gəlir ki, dahi şair-mütəfəkkir üçün eşq «insan təbiətinin ülviyyətindən doğan və naqis ehtiraslara qarşı mübarizədə ali xüsusiyyət qazanan qüdrətli keyfiyyət»dir.

 

Və bu mükəmməl ədəbiyyatşünas-mütəfəkkir təfsiri, prinsipi etibarilə, Füzuli eşqinin ilahiliyi barədəki məlum (və məşhur) təsəvvürə nəinki kölgə salır, əksinə,  ona daha intellektual, daha açıq gözlə baxmağın əsaslı idrak təcrübəsindən birini təqdim edir.

 

Təndiqçi-ədəbiyyatşünasın «Füzuli və Üzeyir» məqaləsi onun «Füzuli kədəri»nin  həm ideya-məzmun, həm  də ovqat-intonasiyaca bilavasitə davamıdır...

 

Füzuli poeziyası ilə Üzeyir musiqisinin ahəngdarlığından danışanda Məsud Əlioğlunun nəinki tənqidçi-ədəbiyyatşünas təfəkkürünün, hətta ümumən mütəfəkkir təxəyyülünün hüdudlarını aşıb «xariqüladə bir aləm»in məntiqi ilə mühakimə yürüdür: «Füzuli poeziyasınınmı Üzeyir musiqisinə, bu musiqinin idrakı ənginlik və melodiyasına, avaz və riqqətinə, gözəllik və bəlağətinə təsir etdiyini, Üzeyir musiqisininmi Füzuli şeirinin fəlsəfi dərinlik və lirizminə, çoxtərəfli həyati axtarış qüdrətinə, bəşəri kədər və işıqlı ideallar problemlərinə rövnəq verdiyini və cilalandırdığını söyləməyə mühakimənin iqtidarı çatmaz.

 

Füzuli - fikrin atəşi, hissin təlatümüdür! Üzeyir -gözəlliyin zinəti, eşqin vüsətidir! Fikir hisslə, gözəllik məhəbbətlə bir doğulduqda, vəhdətdə olduqda qüvvətlidir, təravətlidir, yüksəkdir».

 

Və mütəfəkkir ədəbiyyatşünas, Nizami, Füzuli məhəbbətindən nə qədər arifanə danışırsa, Vaqifın «gözəllik tərənnümü»nü də o qədər müdrikliklə şərh edir: «Vaqifin adı, şeir-sənət dünyası xəyalən xatırlandıqda gözəllik və həyat eşqi ilə çırpınan azad bir şair könlü yada düşür. Bu könül sıxıntıdan, məhdudluqdan, yeknəsəqlikdən büsbütün uzaqdır. Orada real varlığın əbədi və sarsılmaz qanunlarına sitayiş edən bir qüvvə hökmfərmandır – həyatsevərlik! Bu, ötəri nəşə sadəcə «günü xoş keçirmək», «fani dünya»dan «arzu-kam» almaq əhvali-ruhiyyəsi deyildir. Vaqif şeirinin can damarını təşkil edən həyatsevrəlik, mənəvi ölgünlüyə, ruh düşgünlüyünə müqavimət sayəsində dərin və düşündürücü mahiyyət kəsb etmişdir».

 

***

 

Məsud Əlioğlunun klassik ədəbiyyat barədəki ideya-estetik  şərhlərinin çox böyük bir hissəsi XIX əsrin sonu,  XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. O dövr ədəbiyyatına ki, həm kəskin realizmi, həm də eyni dərəcədə kəskin romantizmi ilə özü  öz daxilində elə bir cəbhə açmışdır ki, bu günə qədər Azərbaycan ədəbi-ictimai fikri özünün ən barışdırıcı təzahüründə belə, bu ziddiyyəti sonacan həll  etmək iqtidarında deyil. Və bəlkə də, istənilən xalqın ədəbi-ictimai fikrinin tarixində belə həlledilməz (paradoksal) hadisələrin, dövrlərin varlığı elə bir təbii inersiyadır ki, burada söhbət ziddiyyətləri həll etməkdən yox, onların fərqinə daha dərindən varmaqdan getməlidir.

 

«Molla Nəsrəddinin xələfi» dahi Mirzə Cəlil, onun «ölülər və dəlilər» aləmi...

 

«...Cəlil Məmmədquluzadənin humanizmi və demokratizmi, ümumən xalq sənətkarı olaraq mütərəqqi görüşləri onun sadə insanların faciəsini, cəmiyyət tərəfindən incidilən və unudulan məğrur ziyalıların iztirablarını dərin ürək ağrısı ilə, vətəndaş sənətkara məxsus kədərlə duyub dərk etməsindədir. Bu xüsusiyyət isə zahirdə hər şeyə gülə-gülə diqqət yetirən, əslində isə insanlığın əzilib alçaldılması üçün için-için göz yaşı axıdıb kədərlənən Molla Nəsrəddinin insanpərvərlik ideallarını təsdiqə yetirir».

 

Mirzə Cəlillə eyni cəbhədə dayanan «həqiqət nəğməkarı», eyni dərəcədə dahi Sabir...

 

«Çoxcəhətli, dərin və sarsıdıcı həqiqət Sabir  sənətinin mayasına hopmuşdur. Şairin məğrur, müdrik və müqtədir yaradıcılığı yalnız həqiqətin müqəddəs və nurlu mənası qarsısında başını əymişdir. Həqiqəti sevənlər, həqiqəti deməkdən çəkinməyənlər və onu dost tutanlar Sabirin nəzərində şərəfli ömür sürməyə qadir və layiqdirlər. Bununla belə, həqiqəti anlamaq, təbliğ etmək və sevmək asanlıqla başa gəlmirdi. Bunun üçün fədakarlıq tələb olunurdu »...

 

Məsud Əlioğlu Sabiri, sadəcə, soyuq ağılla şərh etmir, onun dünyadan «nə istədiyi»ni hər kəlməsinə, sözünə qədər duyur. Və bu duyğunun mötəbərliyinə heç bir şübhə yoxdur...

 

«Sabir «həqiqət» sözünü «müqəddəs» sözü ilə bərabər tutmuş və yana-yana işlətmişdir. Şair belə hesab etmişdir ki, bu iki söz, bir-birindən ayrı təsəvvür edilməz. Həqiqət o zaman güclü, təsirli və məğlubedilməzdir ki, müqəddəs mənaya və geniş ictimai mənafeyə əsaslanır. Həqiqət o zaman dəyərini itirir  kəsərdən düşür ki, mücərrədə mahiyyət kəsb edir, xırda, fərdi mənafeyə və arzuya tabe olur».

 

Və romantizm...  Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq... Nəhayət, «romantizm dövrü» bitəndən sonra Azərbaycan ədəbiyyatı tarixində yeni bir romantizm dövrü yaratmağa qalxan (və yaradan!) Hüseyn Cavid...

 

Abbas Səhhətdən başlayaq...

 

«... Abbas Səhhət sənətini, məsləkini və vətəndaşlıq əməlləri ilə zəngin mənalı ömrünü öz xalqının, vətəninin taleyi uğrundakı mənəvi mübarizələrdə fədakarlıqla başa vurmuşdur.

 

Fədakarlıq, onun həyat və yaradıcılıq yolunun məna-fikir qaynaqlarını tənzim edən başlıca meyardır»...

 

Məhəmməd Hadiyə keçək:

 

«Yaradıcı mahiyyəti, intellektual səviyyəsi etibarı ilə misilsiz istedad sahibi olan, lakin həyatı əzablar və sarsıntılar içində keçən Hadi, təəssüf ki, fikir və duyğularını aydın və əməli şəkildə istiqamətləndirməkdə çətinlik çəkmişdir. Səbəb?.. Böyük istedada qarşı dayanan "kiçik" mühit, ilahi verginin vüsəti, çılğınlığı müqabilində zaman və şərait darısqallığı. Fikır və düşüncə genişliyinə, yaradıcı təsəvvür zənginliyinə müxalif olan ictimai-siyasi həyat»...

 

Və Abdulla Şaiqin «uşaq qəlbi tək» saf pedaqoji romantikasını qeyd edib Hüseyn Cavidin Sibir sürgünü (və faciəsi!) ilə sona çatan romantizmini yada çalaq...

 

«Hüseyn Cavidin romantizmi» monoqrafiyası təkcə  Məsud Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının (və xüsusən  cavidşünaslığın) ən mükəmməl əsərlərindəndir.   Monoqrafiya müəllifi «öz əsərlərində fəlsəfi müdrikliyi və bədii  kamilliyi müstəsna bir ustalıqla birləşdirən» şairin ideyalar aləmini, mövzularını və bədii idrak vasitələrini ilk dəfə sistemli şəkildə tədqiq etmiş, böyük sənətkar-mütəfəkkir haqqında obyektiv (və ürəkdən!) söz deməyin çətin olduğu illərdə  yazmışdı:

 

«...İnsan qəlbinin ən dərin guşələrində  gizlənmiş, munis və zərif duyğuları həssaslıqla duyan Cavid, hər şeydən əvvəl, sənətkardır və sənətkar Cavidin öyrənilməsinə, araşdırılmasına olan ehtiyac getdikcə daha artıq əhəmiyyət kəsb etməkdədir».

 

Doğrudur, 80-ci, 90-cı illərdə, xüsusilə müstəqillik  dövründə Hüseyn Cavid yaradıcılığı layiq olduğu miqyasda (və keyfiyyətdə) tədqiq edildi, lakin fikrimizcə, Məsud Əlioğlunun  vəfatından iki-üç il sonra başqa bir görkəmli mütəfəkkir ədəbiyyatşünas Yaşar Qarayevin  elmi redaktorluğu ilə nəşr olunmuş «Hüseyn Cavidin romantizmi» bu günə qədər cavidşünaslığın əsas  mənbələrindən biri olaraq qalır. Və bunun bir səbəbi də odur ki,  Cavid yaradıcılığındakı kökü insan idrakının  çox dərin qatlarından gələn  üsyankarlıq, ictimai (və metafizik!) həqiqət axtarışı  ehtirası onun ilk tədqiqatçılarından birinin – Məsud Əlioğlunun ruhunda, təbiətində də  vardı.

 

«Cəmiyyətin saxta və yaramaz qanunları ilə təbiətən barışmayan, təmiz istəklərinin baş tutmadığını yəqin etdikdə tənha bir həyatın ağuşuna çəkilib, özünün uğursuz taleyi və könül həsrətləri ilə tək qalan, öz daxili-mənəvi aləmi ilə dünyada yalqız  görünən səmimi, həssas insanların faciəsi»ni mükəmməl romantik idrak (və üslub) texnologiyaları ilə əks etdirmiş Cavidin yaradıcılığında elə bir  obraz, motiv, stilistik manera yoxdur ki,  Məsud Əlioğlu o barədə söz deməsin, mülahizə yürütməsin və ürəyini boşaltmasın. Və ən  mühümü də budur ki, həmin analitizm, detallara varmaq, onların hər birini araşdırıb semantikasına nüfuz etmək çoxcəhdliliyi müəllif-tədqiqatçının güclü ideya-estetik ümumiləşdirmə məharətini ikinci plana keçirmir. Şairin həm lirikası, həm də dramaturgiyası barədə heç zaman elmi təravətini itirməyəcək fikirlər söyləmiş (və həmin fikirləri özünəməxsus intellektual bir pafosla təqdim eləmiş) Məsud Əlioğlunun cavidşünaslıq araşdırmalarının  spesifik anlayışlar sistemi, səciyyəvi terminologiyası vardır. Və əgər bu gün inamla  deyiriksə cavidşünaslıq elmdir, onu da əlavə etməliyik ki, həmin elmin formalaşmasında  (və dahi şairin bədii mətninin elmi dilə  «tərcümə»sində) görkəmli cavidşünasın həlledici rolu olmuşdur. Ümumiyyətlə, Məsud Əlioğlunu Azərbaycan ədəbiyyatşünaslığında fərqləndirən, ona nüfuz gətirən cəhətlərdən biri elmi dilinin, yazı üslubunun leksik-terminoloji dəqiqliyi, sintaktik genişliyi (və bütövlüyü),  intonativ zənginliyidir. Onun istənilən əsərini oxuyanda dərhal hiss edirsən ki, sözlər, cümlələr vəhylə gəlir...

 

Məlum olduğu kimi, Hüseyn Cavid zaman-zaman mövzularının milli olmamasında, qəhrəmanlarının «gah İrandan, gah da Turandan gəlməsi»ndə ittiham edilmişdir. Bu məsələyə aydınlıq gətirən cavidşünas yazır:

 

«Həqiqi milli və humanist bir sənətkar olan H.Cavid haqqındakı yanlış, əsassız və ədalətsiz bir hökmü – Cavid Azərbaycandan yazmamışdır və xalqdan uzaqdır hökmünü elm artıq çoxdan rədd etmişdir. Öz milliliyi, xəlqiliyi ilə də Cavid bu gün bizə doğmadır.

 

Hər bir xalqın ruhunun təcəssümü – təzahürü olan ədəbiyyat yalnız mənsub olduğu millətin həyatından yazdığı məqamda milli deyildir. Xalqı ictimai bir varlıq kimi özünə  tanıtdıran, xalq ruhunun təcəssümü – təzahürü olan, millətin mənəvi zənginlik və əzəmətini əks etdirən bir ədəbiyyat sözün əsl  mənasında milli və xəlqi ola bilər»...

 

Mübahisə üçün yer qalmır...

 

***

 

Məsud Əlioğlu bir ədəbiyyatşünas-mütəfəkkir olaraq klassik ədəbiyyatı tədqiq (və təhlil) edərkən onun qarşısında həmin ədəbiyyatın bütün ideoloji, estetik paradoksları ilə dayanan sonuncu dövrü də vardı: sovet sosialist  klassikası... Onun ən möhtəşəm nümayəndəsi isə, heç şübhəsiz, Cəfər  Cabbarlı idi... O Cəfər Cabbarlı ki, «ilk şeir və hekayələrində nəzərə çarpan və idealist mahiyyət daşıyan fikirləri onun «insanın qəlbində vicdan və mərhəmət həlledici amil olmalıdır» fəlsəfəsini aydınlaşdırmaq, başa düşmək üçün zəngin təsəvvür yaradır».

 

Cəfər Cabbarlının romantikasını müfəssəl tədqiq edən tənqidçi-ədəbiyyatşünas belə bir doğru qənaətə gəlir ki, «C.Cabbarlı romantizmini şərtləndirən əsas amillərdən biri  təbiətcə romantik insanların ziddiyyətli, mürəkkəb, faciə və məhrumiyyət dolu həyatlarının təsvirindən ibarətdir». Lakin bir məsələ də var ki, «həyat hadisələrinə, insanlara, cəmiyyət məsələlərinə, düşüncə, qəlb,mənəviyyat və sair ruhi-psixoloji  problemlərə münasibətində romantik-idealist mövqe tutan Oqtayın da, Firəngizin də arzu və xəyalları yaşadıqları mühitdə solub getdisə də, onların işgəncə və əziyyətləri,  ölümləri bahasına yaşatdıqları və mənası şeir, gözəllik, musiqi qədər ecazkar olan ideal bir həyata inamlarını zaman və şərait qətiyyən soldura bilmədi».

 

Cəfər Cabbarlı yaradıcılığının sovet dövründən bəhs edərkən Məsud Əlioğlu  xatırladır ki, bu dövrdə «Cabbarlını daha çox maraqlandıran ədəbiyyatda realizmin qüvvətlənməsi ilə canlanan mütərəqqi mündərəcədir».

 

Və əlbəttə, «Cabbarlı, hər şeydən əvvəl, böyük sovet yazıçısı idi»,  lakin bundan da əvvəl böyük yazıçı-dialektik idi...

 

«Cabbarlı mənsub olduğu xalqı misilsiz dərəcədə sevən və eyni halda xalq tərəfindən tükənməz məhəbbətlə sevilən, təqdir olunan müstəsna bir şəxsiyyət idi.

 

Xalqa məhəbbət, ədibin fikrincə, sənətkarın xalq həyatına nə dərəcədə yaxından bələd olması, xalqı bir ictimai qüvvə kimi tanıması, əsaslısı da, xalq mənəviyyatında baş qaldıran və tərəqqiyə xidmət göstərən meyllərin istiqamətini nə dərəcədə dərk etməsi ilə bağlı keyfiyyətdir. Cabbarlı sənətinin fikri-məna dünyası, xalq bədii dühası və ruhunun təmiz, rayihəli havası  ilə nəfəs alırdı və bu saf, ətirli zəminlə daim təmasda idi».

 

Azərbaycan sovet poeziyasının ideoloji konyukturlarına nə qədər uyğunlaşmağa çalışsalar da, yaradıcılıq imkanlarının hüdudları etibarilə daha geniş miqyas sahibləri vardı: Səməd Vurğun, Rəsul Rza... Və Əliağa Vahid...

 

Məsud Əlioğlu yazır:

 

«Səməd Vurğunun poetik irsi, yaradıcılıq ideyaları və sənət aləmində açdığı yol xüsusunda müəyyən tədqiqat işi aparılmış və xeyli yazılmışdır. Bununla belə, Səməd Vurğun elə bir sənətkardır ki, ondan nə qədər danışılsa, əsərləri nə qədər təhlil edilsə, bu günkü ədəbiyyatımız ondan bir o qədər faydalanar».

 

Böyük şairin tükənməz «həyat eşqi» ilə  yanaşı, yaradıcılığının ümumi ruhundakı  «kədər və şikayət dolu motivlər»i də  tədqiqatçı həssaslığı ilə diqqətdən kənarda qoymayan tənqidçi-ədəbiyyatşünas göstərir ki, «S.Vurğun yaradıcılıq aləmində, dünyagörüşündə, həyatı dərk etmə üsulunda ardıcıl və gərgin mübarizə aparmışdır».

 

Məsud Əlioğlu inqilabi pafosu,siyasi kəskinliyi və xəlqiliyi ilə seçilən» Rəsul Rza poeziyasına həsr etdiyi kitabında şairin yaradıcılıq yolunu dərindən araşdırmış, onun ideya-bədii axtarışlarının novator mahiyyətini təqdir edən ilk tədqiqatçılardan olmuşdur.

 

Nizamidən, Füzulidən, Vaqifdən, Mirzə Cəlildən, Sabirdən, Hadidən, Hüseyn Caviddən... yazan Məsud Əlioğlu Azərbaycan «sovet ədəbiyyatı»nın klassikləri barədə də eyni məhəbbətlə yazdı. Və səhv eləmədi... Birincisi, onun ədəbiyyatşünas-mütəfəkkir düşüncəsində Azərbaycan ədəbiyyatı hər hansı sosial-iqtisadi uklad məhdudiyyətinin fövqündə dayanırdı; ikincisi, təqdir etdiyi əsərlər (və onların müəllifləri) ədəbi siqlətinə görə, həqiqətən, təqdirə layiq idilər; üçüncüsü isə, bu, öz həqiqətini hansısa konyuktura görə heç kimlə  bölüşməyən bir söz sahibinin mövqeyi idi.

 

Məsud Əlioğlu ən gözəl məqalələrindən birini, haqqında  ciddi ədəbi-elmi məclislərdə deyil, adətən, «kuluarlar»da danışmağa üstünlük verilən Əliağa Vahidə həsr etmişdi...

 

«O, qəzəl janrında ifadə olunan fikirlərin məna çəkisinə, dəqiq və sərrast deyilişinə sadiq qalmaqla kifayətlənməmiş, bu janrın kütləviləşməsi, geniş oxucu auditoriyalarının, xalqın mənəvi qida, bədii həzz mənbəyinə çevrilməsi üçün böyük islahat aparmışdır. Bu mənada Ə.Vahidin qəzəlləri təmiz və halal ana südü, bərəkətli-müqəddəs vətən torpağı kimi hər bir azərbaycanlı oxucuya doğmadır, əzizdir...»

 

Əliağa Vahidin yaradıcılıq qüdrətini tənqidçi-ədəbiyyatşünas onun mütəvaze olduğu qədər də qürurlu şəxsiyyətində görür:

 

«Xalqının vicdan səsi və cəmiyyətin ədalət carçısı sənətkar heç bir tabeçiliyə, itaətə dözməməlidir. Şair, alçaldılması mümkün olmayan şəxsiyyətin dəyanətini varlığında yaşatmalı və yaradıcılığında doğrultmalıdır

 

Və əlavə edir:

 

«Ə.Vahid şeiri poeziyamızın inkişafı tarixində xüsusi bir cığırdır, ayrıca məktəbdir. Bu məktəbin yaradıcısı da, davamçısı da şairin özüdür. Bədii sözün və obrazlı təfəkkürün əlvanlıq və dəqiqliyindən, üsul və imkanlarından məharətlə faydalanan şair bizə, təravəti solmayan qiymətli bir mirası yadigar vermişdir. Bu dəyərli xəzinəni göz bəbəyi kimi qoruyub saxlamaq, böyük qayğı və həssaslıqla mühafizə etmək azdır. Əsas vəzifə Ə.Vahid poeziyasının sirrini açmaq, onu şərh etmək və şairi, layiq olduğu dərəcədə oxuculara tanıtdırmaqdır. Ə.Vahid gələcəkli sənətkardır».

 

***

 

Şirindil Alışanlı doğru olaraq göstərir ki, «Məsud Əlioğlu ədəbi-tarixi yaddaşı müasirlik müstəvisində qiymətləndirdiyi kimi,çağdaş ədəbi prosesdəki yenilikləri də böyük  həssaslıqla duyur və cəsarətlə müdafiə edirdi.

 

...Ruhuna yaxın olmayan, onun həyat haqqında qənaətlərinə uyuşmayan müəlliflərdən və əsrlərdən yazmazdı».

 

Müasirləri Məsud Əlioğlunun mükəmməl, güclü, nüfuzedici şəxsiyyətindən danışırlar.  Tənqidçi-ədəbiyyatşünas Yəhya Seyidov deyir:

 

«Çox duzlu, mənalı yumorla yoğrulmuş bir nitqi vardı, danışa-danışa öz hisslərini dinləyicilərə aşılamağa, onları da özü ilə bərabər gülməyə, ya kədərlənməyə məcbur etməyi bacarırdı.

 

...Əsas kitablarını hələ yazmamışdı, çap etdirdiklərinə ciddi hazırlıq kimi baxırdı.  Ancaq elə qələmindən çıxanlar da Məsud Əlioğluya Azərbaycan sovet ədəbiyyatşünaslığı və tənqidi tarixində görkəmli xidmətləri olan bir şəxsiyyət mövqeyi qazandırmışdır».

 

Şair-ədəbiyyatşünas Qasım Qasımzadə  Məsud Əlioğlunun tənqidçi-ədəbiyyatşünas şəxsiyyətində üç keyfiyyətin üzvi vəhdətdə olduğunu göstərib yazırdı:

 

«Biz onun simasında ədəbiyyatımızın təkrarolunmaz istedada, temperamentə,  orijinal xarakterə malik vətənpərvər mücahidini tanıyırdıq».

 

Mütəfəkkir ədəbiyyatşünas (və ədəbi təfəkkür mücahidi!) az yaşasa da, Azərbaycan ədəbiyyatının ideya-estetik mahiyyətini dərk etmək üçün elə metodoloji əsaslar (və ruh!)yarada bildi ki, nəticə etibarilə, ümumən yeni (və milli) tənqidçi-ədəbiyyatşünas obrazının formalaşmasına əhəmiyyətli təsir göstərdi. Və bu təsirin uzunömürlülüyünə heç bir şübhə yoxdur...

 

525-ci qəzet.-2018.-24 fevral.-S.16.