Azərbaycan prezidenti 2018-ci ili
Azərbaycan Xalq
Cümhuriyyəti İli elan etmişdir
Şirməmməd HÜSEYNOV
Müsəlman Şərqində ilk
demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı
tarixi şəraitdə və hansı sistem üzərində
qurulmuş, yaradılmışdı? Dövrün
mətbuatında mötəbər şərhləri nəzərdən
keçirək.
(Əvvəli ötən şənbə
sayımızda)
Bir
böyük bayram daha
Rusiya
hürriyyəti özünə sadiq qalaraq tutduğu ali yolunda mətin addımlarla iləriləyor.
Hər gün vaqe olan tazə qərarları ilə
məmləkəti saran istibdad zəncirinin birər həlqəsini
qırıb atmaqla yeni bayramlar törədiyor.
Bir
böyük bayram daha elan olunmuş: Rusiyadakı qeyri-ruslar həqqində
mövcud nə qədər milli, dini və hüquqi təhdidat
və qısıntılar varsa hamısı
götürülmüş; azad Rusiya vətəndaşları
arasında “ögey-doğma yoxdur” əsası elan
olunmuşdur.
Hökuməti-müvəqqətənin bu
xüsusdakı qərarı qismi-məxsusimizdə dərc
olunmuşdur.
Bu tarixi vəsiqə ilə tanış
olan oxucu həqiqətən də məzkur vəsiqə nəşr
olunduğu günün böyük bir bayram olduğunu dərk
edər.
Köhnə Rusiyada ələlümum vətəndaş
yox idi. Ancaq rəiyyətlər vardı. Bütün Rusiya millətləri kor
çarımızın rəiyyəti idisələr,
qeyri-rus denilən millətlər rəiyyətin rəiyyətləri
idi. Qula qul olmaq - iştə köhnə Rusiyada
yaşayan müsəlmanın, yəhudinin, erməni,
gürcü və sair “ögey” millətlərin çəkilməz
faciəsi! Köhnə Rusiya rəiyyəti
arasında ayrıseçkinlik olmaq təbii idi. Çünki rəiyyət olan rəiyyət də
saxlamaq istərdi. Zatən binai-zülm bir
tərəfdən tabe olmaq, digər tərəfdən də
mətbu bulunmaq əsasına bağlıdır. Rusiyada
yaşayan millətlər azad vətəndaş olduqdan sonra, vətəndaşlar
arasında ağ sümüklü, qara
sümüklülər bulunmamalıydı; vətəndə,
mehriban ana olmaq istəyən böyük vətəndə
yuxarı baş, aşağı baş ola bilməzdi. Yazının, sözün, ittifaq və cəmiyyətlərin
azadlığını, şəxsin müqəd-dəs və
hər növ təcavüzdən məsun olduğunu elan edən
bir hökumət şübhəsiz ki, ayrı-ayrı şəxslərdən
təşəkkül edən millətləri əsarətdə
saxlaya bilməzdi. Onlara da hürriyyət
verməlidi. Şəxs azad olunca şəxslərdən
təşəkkül edən ailələrdən əmələ
gələn millətlər - bu şəxsiyyəti-mənəviyyələr
- dəxi azad olmalıdılar. Azadlıq
hökuməti tutduğu yolunda büdrəməyib, elan elədigi
əsaslara sadiq qaldı. Qulları azad
etdikdən sonra qulların qullarını da azad etdi. Bu tazə azadlıq sayəsində rus olmayan
bütün millətlərlə bərabər Rusiya
türk-tatarları, müsəlmanlar böyük bir nemət
qazanmış oluyorlar. Sənələrdən
bəri gözlədigimiz, müqəddəs bir ideal kibi bəslədigimiz
arzular artıqlamasilə verilmiş oluyor. Sənələrdən
bə-ri yalvara-yaxara bir cəmiyyət, bir məktəb
açmaq ixtiyarını ala bilmədigimiz halda, imdi rus
inqilabi-əzimənin cavanmərdanə çizdigi bir qələmlə
milliyyətimizin bəqasını təmin üçün nə
lazımsa hamısını alıyoruz.
Bundan sonra bizi tərəqqidən saxlayacaq,
hissiyyati-milliyyə və diniyyəmizi təhqir edəcək
heç bir nizam və qanun qalmadı. Azadlıq hökuməti
bu xüsusdakı fikrini əsasən ta əvvəlinci gün
nəşr eləmişdi. Edə bilirdi ki,
məsələnin bilfel həll edilməsini sonraya da
atsın. Fəqət atmadı. Atamazdı da. Çünki bir
neçə günlügə olsa da azad Rusiyada ögeylər,
doğmalar qaldığını etiraf eləmək hər
şeydən əvvəl hissi-inqilabı təhqir ediyor və
hürriyyətpərvərlik məntiqinə
sığmıyordu.
Yaşasın
böylə hökumət!
Köhnə Rusiyada millətlər arasındakı nifaq
son dərəcəyə çatmışdı. Bu təbii
idi. Bu nifaq məqami-ali hökumətdən
təbliğ olunuyor və ona ruh veriliyordu. Çünki “hökm etmək istərsən
ayır” Makiavelli düsturu rasputinlər tərbiyəsinə
qadir olan köhnə idarə məhfillərinin ən
doğru sandıqları üsuli-idarə idi. Millətlərin biri-birindən hüquqda fərqli
olduqları və bəzi millətlərin digərlərinə
nisbət daha ziyadə iltifatə məzhər olduqları
onları biri-birilə çaxışdırıyor,
aralarına rəqabət və nifaq salıyordu. Əxlaqi-siyasiyyə və ictimaiyyəyi zəhərliyordu.
Böylə acı və qatil bir zəhərlə
simlənən Rusiya vücudunu sağaltmaq üçün
millətlərin bərabərligini elan etmək və hər
növ hüquqsuzluğu aradan qaldırmaqdan yaxşı bir
padzəhr olamazdı. Millətin etimadına
məzhər olan inqilab hökuməti iştə, bu padzəhri
işlətiyor, millətləri hüquqi qardaş etmək
istiyor. Böylə səmimi bir xahişlə heç
şübhə yoxdur ki, istədiginə müvəffəq
oluyor, millətlər ədavətlərini unutuyor, hər kəs
özünə vaseh meydan və geniş nəfəs almaq
imkanı verildigini gördükdə “məza-ma-məza” deyərək
bağırıyor ki:
Yaşasın
millətlər ittifaqı!
M.Ə.Rəsulzadə
”Açıq
söz”, 26 mart 1917, ¹433
Mətbu
- təbəələri olan, tabe edən
Məza-ma-məza
- ərəbcə “olan oldu, keçən keçdi”
Padzəhr
- zəhərin təsirini məhv edən şey
İki
hökumət
Liberal qəzetələr iki hökumətlilikdən
şikayətə başlamışlardır. Bakı mətbuatından
isə “Baku” bilxassə bu halə qarşı protestolar ediyor və
var qüvvəsi ilə çalışıyor.
Nədir bu iki hökumətlilik?
Oxucularımız bilirlər ki, hal-hazırədə
qanuni bir hökumət var ki, o da Dövlət duması əzasından
qurulmuş olan İcra Komitəsidir. Bu komitənin
başında Dövlət dumasının rəisi Rodziyanko
durmaqdadır. Rodziyanko sədarətindəki
bu komitə məmləkətin səltənəti-aliyəsinə
malik bir növ müvəqqəti hökmdardır. Məclisi-Müəssisan yığılana qədər
millət və məmləkətin müqəddərati onun
hökmünə tabedir. Bu komitə öz
tərəfindən vəzirlər təyin edərək məmləkətin
idarəsini və Məclisi-Müəssisan tərtibatının
hazırlığını onlara mühəvvəl
etmişdir.
Müvəqqəti icra komitəsi ilə bərabər
bir də böyük bir komitə təşkil olunmuşdur
ki, bu da fəhlə və soldat vəkillərinin
şurasıdır. Bu şuranın rəisi sosial-demokrat
Çxeidze, rəisi-naibi yenə sosial-demokrat Skoblevdir. Hər nə qədər rəsmən hökuməti-müvəqqət
icra komitəsində isə də, həqiqətdə iqtidar
Soldat və Fəhlə Vəkilləri Şurasındadır.
Bu bir inqilab komitəsidir. Bir
komitədir ki, həqiqi inqilab komitəsi onun əlindədir.
Fevralın
axırlarında hökumət böhranı
başladığı günlərdə, tərəqqipərvər
blok əksəriyyəti yenə bir növ
müdara siyasətindən əl çəkmək istəmiyor,
fəhlələrlə soldatların tamamilə millət tərəfinə
keçdikləri məlum olmadığı müddətcə
Duma əksəriyyəti inqilab meyda-nına qədəm basmaq
cəsarətini göstərə bilməyib büdrüyor,
titriyordu. Hətta Petroqrad küçələrində
qanlar tökülməgə başladığı son saətlərdə
belə Rodziyanko əndişəli teleqramları ilə Nikolay
Romanova müraciət ediyor, onu “əql və tədbirə” dəvət
ediyordu.
Halbuki böyük bir qüvvət sahibi olaraq təşəkkül
edən Vəkillər Şurası böylə büdrəmələrdən
azad, cəsur bir müəssisə şəklində zühur
edərək Duma liberallarını itələyib inqilab səhnəsinə
sürümüş və çarizm ilə hakimiyyəti-milliyyə
arasındakı ixtilafı ta kökündən qət edib
atmışdı. Vəkillər Şurasının
müdaxilə və israrı olmasa Nikolayın vəkili knyazların
qələbəsinə lazım olan tədbirlər
görülməyəcək və bu gün hər tərəfdə
cümhuriyyəti-ənam tərəfdarlığı ilə
meydana çıxan cəmaət firqələri dəxi
özlərini göstərə bilməyəcəklərdi.
Doğrudur ki, bu gün məmləkətdə iki
qüvvət icrayi-hökm ediyor. Bu qüvvətlərdən
birisi denildi ki, Duma komitəsi, o birisi də Vəkillər
Şurasıdır. Və əlbəttə,
adi zamanlarda bir məmləkətdə iki qüvvənin bərabərcə
icrayi-hökm eləməsinə təhəmmül olunamaz.
Çünki bu nəhayət, hökumətsizligi
mucib olar. Fəqət inqilab zamanı
böylə degildir. İnqilab zamanı bir
növ hərb zamanıdır. Hərb
zamanında necə ki mülki hökumətlərlə bərabər
əskəri hökumətlərə də yer verilər,
öylə də inqilab zamanında inqilab qaillərinin işlərin
mənafei-inqilab ilə davam getməsini gözətməgə
həqləri vardır və bu mətlubdur da. Bu gün
Fəhlə Vəkilləri Şurası olmasa və kəndisinə
məxsus bir əzmlə işə müdaxilə edib də
inqilabi bugünki mətlub dərəcəyə yetirməsə
idi, kim bilir nələr olurdu. Bu gün “iki hökumət” varsa, o zaman bundan daha bədtəri
olan - “çox hökumət”lilik meydana gələrdi. Vəkillər Şurasının bəzi xətalarını
əldə bəhanə edib bar-bar bağıranlar və bu
Şuranın dün etdigi böyük xidməti bu gün
unudanlar burasını nahaq yerə nəzəri-etinadan dür
tutuyorlar. Vəkillər Şurası bu
gün soldatlarla əmələ və fəhlələri birləşdiriyor.
Onların hərəkətinə intizam və
birlik bəxş ediyor. Bu olmasa o zaman bir təşkilatsızlığın,
başsızlığın fəci nəticələrini,
idarə anarxiyasını dadmaqla zəhri-kam olacaqdır ki,
bundan hər halda hürriyyət degil, əsarət istifadə
edəcəkdi.
Keçirdigimiz inqilab liberal burjualarla inqilabçı
solların ittifaqından hasil olmuşdur. Sollar ittifaq
xatirinə və zamanın mənasını, ittifaqın mənafeini
nəzərə alaraq hökuməti əksəriyyətlə
liberallardan təşəkkül edən bir heyətə
vermişlər. Özlərinə isə
bir növ nigəhbanlıq vəzifəsini
götürmüşlərdir. Bu nigəhbanlıq
vəzifəsini görən idarə isə Vəkillər
Şurasıdır. Vəkillər
Şurasının doğrudan-doğruya icraiyyatə
qarışması mətlub olmasa da, hökumət komitə
icraiyyatinə icrai-nüfuz etmək və Duma komitəsi
üstündə nigəhban olmaq borcudur. Bu
borcunun ifasında səhlənkarlıq edəcək olursa, Vəkillər
Şurası böyük bir xətayə
düşmüş olar ki, demokratiya mənafeyi naminə bu xəta
kəndisinə əfv olunmaz.
“Açıq
söz”, 28 mart 1917, ¹435
Müdara
- yubanma, dözmə
Dur - uzaq
Nigəhban
- gözətçi, qarovulçu
Qafqasiya
müsəlman qurultayında siyasi-milli məqsədlər
Bu mövzu Qafqasiya müsəlman qurultayının
ruznameyi-müzakiratında əvvəlinci idi. Qurultay sair məsələlər
kibi bu məsələni də əvvəlcə bilatərəf
mübahisə olunmaq üçün şöbəyə
vermiş idi. Bu məsələyə məşğul
olan birinci şöbəyə üç-dörd cür cərəyana
mənsub müqtədir nümayəndələr daxil
olmuşlardı. Üç gün davam edən
müzakiratdan sonra birinci şöbə naminə Məhəmməd
Əmin Rəsulzadə tərəfindən
aşağıdakı məruzə qurultayın 4-cü
iclasına təqdim edildi:
Millətdaşlar!
Siyasi-milli məqsədlər həqqindəki nəzərlərə
baxmaq üçün seçdiginiz şöbənin
bütün əfradı arasında gələcək Rusiya
üsuli-idarəsinin mütləqa cümhuriyyəti-ənam
olacağında danışıq belə olmadı. Bunun böylə olacağı bir əmri-təbii
idi. Bir adamın keyfi ilə idarə olunan
Rusiyadan hər bir millətdən ziyadə müsəlmanlar
zülm görmüşlərdi. Buna
görə də bunlar cümhuriyyəti-ənamdan başqa
bir idarəyə meyl göstərə bilməzlərdi.
Onlar bilərlərdi ki, məşrutiyyət əsası
üstündə dayansa da, padşah daima cəmaət əleyhinə
hərəkət edən sünufi-məxsusə əlində
olacaq və padşah dərbarı məmləkət həyatını
zəhərləyən bir mənbə olub qalacaq, orada cücərən
mikroblar Rusiya vücudunu təkrar istibdadla azarlamaq təhlükəsinə
sala biləcəkdir. Bu mülahizələr
şöbə əzasını təşkil edən
bütünümüzcə gün kibi aşkar və dəlil
istəməz aydın bir həqiqət olduğu
üçün cümhuriyyəti-ənamdan başqa bir
üsuli-idarə kimsənin xatirindən belə keçmədi.
Bütün
şöbənin ittihadı ilə qəbul olunub
üstündə iki rəy olmayan ikinci bir məsələ də
var idi ki, o da Rusiya böyüklügündə, Bəhri-Mühiti-Şimalidən
tutub İrana, Saxalindən başlayıb Qara dənizə qədər
sərilən və dünyanın altıdan birini təşkil
edib müxtəlif mil-lətlərə malik olan böyük
bir məmləkətin bir nöqtədən, bir mərkəzdən
idarə olunması mümkün olmadığı idi. Hamısı qəbul ediyordu ki, bu məmləkət
gərəkdir ədəmi-mərkəziyyət üsulu ilə
idarə olunsun.
İştə, burada şöbə əzası
arasında iki rəy görülüyor, nəzərlər
ayrılıyordu. Ədəmi-mərkəziyyəti bir qismi
coğrafiya, məişət, ticarət və sənaətcə
bir halda olan vilayətlərə məxsus geniş səlahiyyətli
idareyi-məhəlliyə şəklində başa
düşüyor, digər qismi isə Rusiyayı muxtariyyətlər
(federasiya) üzərinə qurulu müttəfiq bir dövlət
şəklində təsəvvür ediyordu.
Məlumdur ki, muxtariyyət ilə geniş idareyi-məhəlliyə
arasında əsaslı bir fərq vardır. İdareyi-məhəlliyədə
o məhəllin idarəsinə aid olan bəzi məhəll
xozaystvosuna (alış-veriş, şosse yolları, kənd
işləri, sənaət və ticarət xüsusları) məxsus
səlahiyyətlər aşkar olunur. Yerdə
qalan dövləti işlərin hamısı isə mərkəzi
hökumət əlində qalıyor. Halbuki muxtariyyətlər
üzərinə qurulan müttəfiq dövlətlərdə
iş bunun əksinədir. Orada mərkəzi
hökumətin görəcəgi işlər təyin olunub,
o təyin xaricində nə varsa hamısı daxili işlərində
muxtar olan hökumətlərə mühəvvəl olunur.
Məsələn, dava elan eləmək, sülh imzalamaq,
quruda, dənizdəki hərb qüvvətlərini idarə
etmək, gömrük, sövqəlceyş nöqteyi-nəzərindən
çəkilən dəmir -yollar, sikkə, xarici ticarət
qanunları, əmələyə aid qanunlar, müxtəlif
muxtariyyətlər arasında çıxan ixtilafların həlli,
bütün məmləkətdə siyasi azadlıqların təmini,
məmləkət qanuni-əsasiyyəsinin mühafizəsi
kibi ümumi işlər həp bütün muxtariyyətlər
tərəfindən seçilmiş ümumi məclisə və
bu ümumi məclisdən ayrılan ümumi hökumətə
aiddir. Burasını ayrıca qeyd etmək
istiyoruz ki, muxtariyyətlərdən heç birisi ümumi qəvainin-əsasiyyəcə
təyin və təmin olunan azadlıqlardan heç birisini fəsx
və ya ilğa etmək həqqinə malik degildir. Yuxarıda sayılan xüsuslardan əlavə nə
qədər işlər varsa hamısı muxtariyyətlərə
tapşırılır ki, öz aralarından seçdikləri
məclislərində onlar həqqində qanunlar qoyub öz
hökumətləri tərəfindən idarə olunurlar.
Bütün milli, mədəni, məhəlli və
ədli qanunlar muxtariyyətlərin öz əllərində
olur.
Muxtariyyət hanki mənada olsun və məhəlli nə
kibi əlamətlərlə cızılsın üstündə
də qurultayın birinci bölgüsündə (şöbəsində)
iki rəy vardır. Rəylərdən birisi muxtariyyətlərin
hüdudunu milliyyət üzərinə təyin etməyi təklif
edib, o birisi isə bu hüdudun iqtisadi və coğrafi əlamətlərlə
təyinini tələb ediyordu.
Milliyyət zərurətini iləri çəkənlər
diyorlardı ki, mədəni bir dövlət azad fərdlərin
azadlığına vaqe olan ittifaqından əmələ gələr. Dövlət
mədəni bir surətdə birləşə bilmək
üçün vətəndaşlarını tamamilə
müstəqil ediyor, yəni ayırıyor. Bir şəxs həqqində mövcud olan nəzəriyyə,
bir ailə, bir millətə dəxi aiddir. Çünki millət bir şəxsiyyəti-mənəviyyədir.
Rusiya azad və qüvvətli bir dövləti-mədəniyyə
olmaq istərsə birər şəxsiyyəti-mədəniyyə
təşkil edən millətlərin hər növ
hüquqi-bəşəriyyə və siyasiyyəsini təmin
etməlidir. Bu isə yalnız məhəlli
milli prinsip üzərinə qurulan muxtariyyət və bu
muxtariyyətlərin ittifaqından ibarət olan muxtariyyətli
cümhuriyyət əsası ilə hasil olur. Bu nəzəriyyəyi
müdafiə edənlər dünyanın ən mədəni
və mütərəqqi məmləkətlərindən olan
İsveçrə, Amerika və Almaniya dövlətlərinin
haman federasiya əsası üzərinə
qurulduğunu və dünya istiqbalının dəxi bu əsasda
olduğunu iddia ediyorlardı. Onlar hətta
diyorlardı ki, böyük müslihlərin təsvir elədigi
ictimaiyyət, o səadəti-bəşər dəxi bu yol ilə
hasil olacaq və dünya böyük bir səltənət
şəklində qurulacaq. Bu səltənət
mütləqa millət əsası üzərinə
qurulmuş federasyondan ibarət olacaqdır.
Milliyyət məfhumunun mənasına gəlincə yenə
rəylər ayrılırdı. Bir tərəf diyordu
ki, milliyyət dil birligi, tarix, adat və ənənat şərikligi
ilə təyin olunur. Buna görə də
Rusiyada yaşayan müsəlmanlar əksəriyyət etibarilə
türkdürlər. Bu türklük əsası
dəxi iləri tutulmalıdır. Sair
Dağıstan millətləri kibi müsəlman olan xırda
millətlər isə, öz xahişləri ilə olmazsa
mütləqa türk olan müsəlmanların təmsilinə
məruz qalmayıb milliyyətlərini mühafizə etmək
surətilə türk olan müsəlman muxtariyyətləri
cüzinə daxil olurlar. Rusiya
türklügünə gəlincə hər bir xüsusda təbii
yoldan çıxmaq istəməyən bu cərəyan
bütün dünyanın ittihadını ayrılmaq surətilə
birləşməkdə gördügü kibi türklərin
ittihadını da o vasitə ilə təmin etmək istiyordu.
Diyordu ki, türklər bir gün gələcək
müttəhid olacaqlar. Fəqət bu
ittihad müxtəlif şivələri, ayrıca xüsusiyyətləri
boğmaq surətilə olmayacaq. Azərbaycanlı
bir türk Füzulisindən, Nəvaisindən, Mirzə Fətəli
Axundovundan əl çəkə bilməyəcəgi kibi,
tatar da öz mətbuatı, ədəbiyyatı, Abdulla
Tuqayevindən sərf-nəzər edə bilməyəcəkdir.
Öylə də qazax (qırğız)
“Alaşı” ilə “qazax”ını iləri çəkəcəkdir.
Bunları mən etmək nə faidəlidir, nə
də lazım. Qoy, hər kəs öz
şivəsi, öz xüsusiyyəti dairəsində tərəqqi
eləsin. İbtidai məktəblərdə
doğma dilləri və yazıları ilə tərbiyə
olunsunlar. Böylə ayrı bir
xüsusiyyət üzrə tamamilə birləşib mədəni
bir qüvvət təşkil etdikdən sonra türklük
ittihadı bittəbii daha sühulətlə hasil olar. Necə ki alman ittihadı hasil olmuş, necə ki
slavyanlıq ittihadının imkanı o surətlə təsəvvür
edilməkdədir. Bundan ötrü də
türkçülər Azərbaycan ilə Dağıstan,
Türküstan, Qırğızıstan və
Başqırdıstan üçün ayrı muxtariyyətlər
istiyorlardı. Mədəni və milli məsələlərdə
ümumtürkləri birləşdirmək qəsdilə isə
türk muxtariyyətləri arasında ümumi bir türk
şurası təsisini lazım görüyorlardı,
türk ittihadını böylə təsəvvür edən
türkçülər ittihadi-islamı da böylə
anlıyorlar. Onlar diyorlar ki, islamiyyət bir
milliyyət degil, beynəlmiləliyyət vücuda gətiriyor.
İslama daxil olan millətlərə göz
örtüb də hamı millətləri bir şəklə
qoymaq və onları bir milləti-vahidə təsəvvür
eləmək məhaldır. Millətlər ibtidai halda
bulunduqları zaman milliyyətlərini din şəklində
hiss edirlər və bu hiss kəndilərini din ətrafında
birləşdirə bilər. Fəqət bir
millət tərəqqi etdikcə milliyyət hissi də tərəqqi
edər, o zaman din ilə cinsiyyətin ayrı-ayrı qüvvətlər
olduğu anlaşılır. Avropa millətləri
bu halı çoxdan keçirmiş, müsəlmanlar isə
imdi milli duyğularla hislənməgə
başlamışlardır. Hər bir
müsəlman milləti öz dili, tarixi, adat və ənənatı
ilə birləşib, mədəni bir qüvvət təşkil
etməli. Hər bir müsəlman milləti
özü-özlügündə bir milliyyət
“yaşağı” vücuda gətirməli, tainki islamiyyət
“dərz”i asanlıqla bağlana bilsin. İslamiyyət
hər din kibi öz mədə-niyyətlərində bir
növ ümumilik tərbiyə ediyor ki, bu da millət degil,
beynəlmiləliyyətdir. Xristian beynəlmiləliyyəti
olduğu kibi müsəlman beynəlmiləliyyəti var. Fəqət
Almaniya, Fransa və yainki rus millətinə qarşı
qoyulacaq müsəlman milləti, müsəlman dili yoxdur.
lll
Buna cavab
olaraq müsəlmanlığı bir millət kibi tələqqi
edənlər diyorlardı ki, islam başqa
dinlərə bənzəməz. Başqa dinlər
yalnız ibadət qisminə aiddirlər. Halbuki
dini-islam müsəlmanların dini və dünyəvi hər
bir xüsusiyyatını tənzim ediyor. O müamelatə
də, ticarətə də, dünya işlərinə də
qarışıyor, müsəlmanın hər bir hərəkətini
qaidə altına alıyor. Buna görə onda
öylə bir qüvvə vardır ki, müsəlmanlar hanki
milliyyətə mənsub olsalar da onlara bir növ milliyyət
rəngi veriyor. Odur ki, hanki müsəlmana
sorsanız, türkəm degil, müsəlmanam der. Demək ki,
bu tövr müsəlmanlar özlərini bir kütləyə
mənsub olmaq üzrə hiss edirlər. Bu hiss isə
hamımızın bir millət olmasını göstərməgə
kafidir. Bunun üçün də Rusiyada
yaşayan müsəlman millətlərinə ayrı-ayrı
muxtariyyətli idarələr lazım olmayıb bu muxtariyyətlər
ancaq müsəlmanlıq əlaməti üzərinə təyin
olunmalıdır.
Bu iki əsas fikir arasında üçüncü bir
fikir dəxi vardı ki, o da dünyanın tərəqqisini
iki cəhətində görüyordu. Biri milli və
ruhani amildə, digəri də iqtisadi tərəqqiyatda.
Dünyanın iqtisadi tərəqqiyyatını
tezləşdirmək üçün bu cərəyan məmləkətlərin,
muxtariyyətlərin milliyyət hüdudu ilə
ayrılmalarını müvafiq görmüyordu. Çünki 2 parçalanmaların böyük
sinif mübarizəsinə mane olacağını
düşünüyordu. Bunun
üçün muxtariyyətləri geniş idareyi-məhəlliyə
şəklində tələqqi edərək onu milliyyət əlaməti
ilə degil, əhvali-iqtisadiyyə və məişət cəhəti
ilə təyin etmək istiyordu. Milli və
mənəvi cəhətlərin təmini cəhətinə
gəlincə milli şəxs muxtariyyət əsasını
məqbul görüyordu. Şəxsiyyətçilərcə
milliyyət toprağa mərbut degildir. Millət
əfradı hər yanda olursa öz həqqi-milliyyətini təmin
edə bilməlidir. Buna görə
bütün Rusiya müsəlmanlarından ötrü qanun
qoymaq səlahiyyətinə malik bir ümumi məclis əmələ
gətirilməlidir ki, o məclis və o məclisin məhəllərdəki
şöbəsi vasitəsilə bütün Rusiya müsəlmanlarının
milli və ruhani işlərinə baxılsın. Buna qarşı isə milli məhəlli muxtariyyət
istəyənlər diyorlardı ki, milliyyət yalnız mədəni
və ruhani xüsuslarda degil, hüquqi və idari cəhətlərdə
də muxtar olmalıdır. Çünki
bunsuz hakimiyyəti-milliyyə bərqərar olamaz və onsuz
da muxtariyyəti-milliyyə söz olub qalar. Muxtariyyəti-milliyyə sinif mübarizəsinə
mane olur, keyfiyyətə gəlincə Almaniyanı nümunə
göstərərək oradakı yarımmüstəqil
müttəfiq dövlətlərin qətiyyən buna mane
olmadığını, biləks ən mütərəqqi
sinif mübarizəsinin başqa yerdə degil, ancaq orada
olduğunu göstəriyorlardı.
Bunlardan əlavə bir mülahizə dəxi vardır
ki, Qafqasiyaya məxsus bir muxtariyyət tələb olunsun. Qafqasiyaya məxsus
ümumi parlaman olsun. Digər millətlər
öz dairələrində muxtar qalaraq Qafqasiya
federasiyasını təşkil eləsinlər. Rusiya ilə mərbutiyyət isə ancaq
Ümumqafqasiya parlamanına aid olsun.
Muxtariyyətin ruhu, mənası və şəkli həqqində
bu kibi nəzəri ixtilaflar varlığı siyasi komisyonda
cızılmış idi. Fəqət komisyon əzaları
hər nə qədər öz fikirlərində sabit və
bu fikirlərini yeritməkdə cahid idisələr də, bu
mühüm zamanda müsəlmanların, türklərin
birligini pozacaq qərarlardan sakınmağa da o qədər
qeyrət ediyorlardı. Onlar çox
yaxşı biliyorlardı ki, türklük və müsəlmanlıq
həqqində olan əsaslı nəzəriyyələr
Rusiya müsəlmanla-rına aid olunca bir növ elmi mübahisədən
ibarət olub qalıyor. Çünki otuz
milyonluq müsəlman kütləsindən 29 milyonu
türkdür. Yerdə qalan bir milyon da
komisyon danışıqları əsnasında qəti surətdə
aşkar oldu ki, ciddiyyəti-tamamilə türk mədəniyyətinə
qovuşmaq istiyorlar. Çünki kəndi
başlarına müstəqil bir həyati-siyasiyyə yaşayamıyacaqlarına qənaət
ediyorlar. İştə, bu xüsusları nəzərə
alaraq komisyon bütün cərəyanları birləşdirə
biləcək bir əsas üstündə sözünü
bir elədi və muxtariyyətin hanki əsas və hüdud
daxilində olacağı məsələsinin həllini
açıq buraxaraq müsəlman millətlərinin bəqasını
təmin üçün Rusiyadan ötrü ən müvafiq
üsuli-idarənin məhəlli muxtariyyət üzərinə
qurulu cümhuriyyəti-ənamdan ibarət olduğunu
ittihadi-ara ilə qəbul etdi.
Bununla bərabər komisyon bütün Rusiya müsəlmanlarının
mədəni və ruhani işlərini idarə
üçün dəxi qanun qoymaq səlahiyyətinə malik
ümumi bir məclis təsisinə ehtiyac olduğunu dərk
etdi.
Komisyon müzakirənizə təklif elədigi bu mətləbləri
yarından etibarən tətbiq olunacaq bir qərar şəklində
degil, böyük bir arzu və amal surətində tələqqi
olunmasını ayrıca rica edər. Biz Rusiyanın məhəlli
muxtariyyət üzərinə cümhuriyyəti-ənam şəklində
idarə olunması amalındayız. Fəqət
biliyoruz ki, bu arzumuz ancaq Rusiya məmləkətinin əsl
sahibi olan Məclisi-Müəssisanda bəravərd olacaq.
Məclisi-Müəssisan qərarı
olmayınca bittəbii kimsənin əqlindən belə
keçməz ki, qalxıb özbaşına muxtariyyət
elan eləsin. Qoy qəbul edəcəgimiz
bu qərar bizim işıqlı yıldızımızı
təşkil eləsin və bu yıldızı
özümüzə rəhbər ittixaz edərək Məclisi-Müəssisana
o surətlə hazırlaşaq. Oraya
göndərəcəgimiz vəkilləri məhəlli
muxtariyyətli cümhuriyyəti-ənam tələbində
olan şəxslərdən göndərək.
“Açıq
söz”, 25, 26 aprel 1917, ¹457, 458
Dərbar
- padşah sarayı
Mühəvvəl
- həvalə olunmuş; dəyişdirilmiş
İlğa
- ləğv etmə
Bəravərdə
- icra edilmiş, əmələ gəlmiş
Dərz -
qovuşuq, calaq yeri
Müslih
- islah edən
Sühulət
- asanlıq
Məhal
- qeyri-mümkün, çətin
Cahid -
çalışan, cəhd edən
Müamelat
- kommersant
Qəflət
zamanı degil!
Bu gün seçki günü barəsində hər
uçastokda ictimailər olacaq, orada ayın 21-də
uçastok komitələrindən və onların tərzi-təşkil
və intixabından bəhs ediləcəkdir. Vətəndaşlar! Hamınız o ictimailərə gəlməli, dinləməli,
fəqət tamam zehin və fikriniz ilə dinləməlisiniz.
Məsələ xeyli mühüm məsələdir.
Bu ictimailərdə bir çox məsələlərdən
danışılacaqdır.
Müsəlman arvadlarının seçki həqləri
və onların tərz və təşkili barəsində,
seçkilərin nə cür olması barəsində və
digər bir çox məsələlərdən bəhs ediləcəkdir.
Əvvəla, bu seçkilərdə mütləq
arvadlarımızın seçkidə iştirak etmələrini
tələb etməlidir.
Müsəlman arvadlarından ötrü xüsusi bir mənzildə
və yainki kişilərin seçki seçdikləri mənzillərində
kişilərdən iləri və ya sonra seçki
icrasına nəzarət edənlərin də arvad olduqlarını
tələb etməlidir. Bizim imdiki məhəllə seçkisi
üsulu ilə Bakıda əhalinin əksəriyyətini təşkil
etdigimiz halda əqəliyyət də
qalmağımızın qorxusu vardır. Əgər
arvadlarımız da iştirak etməzsə, o zaman səsimiz
heç dərəcəsinə enəcək, bundan sonra həm
məhəllə komitələrində və həm də
şəhər upravasında əksəriyyət degil, əqəliyyətin
ədna dərəcəsində qalacağız. Gələcəkdə əqəliyyətdə
qalmamaq və işimizin ixtiyarı əlimizdən
çıxmamaq üçün bundan sonra ediləcək
seçkilərdə nisbəti gözləməlidir. Yəni hər millət öz sayına görə səs
verməlidir. O zaman bir yerdə yaşayan millətlərin
heç birinin hüququ itməz. Hər kəs
öz miqdarına, öz hesabına görə öz
seçdigi adamlarını verər və heç kəsin də
ürəgi qalmaz və heç kəsin də hüququna təcavüz
edilməz. Bu üsul Avropanın ən demokratik hesab edilən
İsveçrə məmləkətində də icra
ediliyor. Hərgah Rusiya doğrudan da arvadlara
hüquq verəcək əndazə demokrat məmləkəti
cümləsinə girmişsə, cəmi Rusiyada bu demokratik
nisbi (proportsionalnı) seçki qaidəsini icra etməlidir,
ta ki Rusiyada yaşayan hər bir millət ədalət üzrə
özünün payına düşən adamları bundan
sonrakı Rusiyanın dövləti və məhəlli idarələrinə
verə bilsin.
Rusiya kibi
müxtəlif millətli məmləkətdə bu seçki
üsulundan başqa ədalətə və həqqaniyyətə
layiq heç bir seçki üsulu ola bilməz.
Buna görə də biz bugünki seçkilərdə
imdiki məhəllə seçkilərinin nisbi
(proportsionalnı) olmasını və bundan sonra cəmi
Rusiyada seçkinin nisbi olmasını və
arvadlarımız üçün də kişilərdən
ayrı seçkilərdə iştirak etmək həqqini istəməliyiz.
Bu bizim həqqimizdir və bizim bu demokratik həqqimizi
Rusiyanın azad hökumətindən tələb etməlidir. Əgər bu
tələbimizdə ciddiyyət göstərsək, guşəginlik,
boşluq göstərməsək, yəqin edirəm ki, bu həqqi
bizə verərlər və buna məmaniət göstərməzlər.
Vətəndaşlar!
Unutmayınız, sabah ictimailərə
külliyyətlə gəliniz və bu arzularınızı
o ictimailərdə bir tələb surətində bələdiyyə
idarəsinə veriniz.
Bizim milli ehtiyaclarımıza bu iki şey çarə
edə bilər.
Əvvəlincisi seçkilərdə
arvadlarımızın kişilərdən ayrı iştirak
etməsi, ikincisi öz sayımıza nisbət bizə
seçki həqqi verilməsi. Arkadaşlar! Arvad məsələsində
cahilanə təəssüb etməyiniz. Çünki
bu təəssüb nəinki müsəlmançılığımıza
və millətimizə xidmət etməz, bəlkə bizi
seçkidə əqəliyyətdə buraxmaq ilə
ixtiyarımızı əlimizdən alar ki, bu da ki nə
şəriətə və nə də millətə
müavinət degil, zərər yetirər və bu da bizi
şəriət və milliyyətimiz qarşısında məsul
və xəcil edər. Biz də böylə
məsuliyyətli və tarixi zamanda bu məsuliyyəti və
bu xəcaləti öz öhdəmizə götürməməliyiz.
Arvadlı kişili seçkilərdə iştirak etməli
və öz işlərimizin ixtiyarını öz əlimizə
almalıyız.
“Açıq söz”, 12 may 1917, ¹471
Ədna - aşağı, çox az
(Ardı var)
525-ci qəzet.-2018.-24 fevral.-S.20-21.