Yaxşı yazmaq
SONA
VƏLİYEVANIN “İŞIĞA GEDƏN YOL” ROMANI HAQQINDA
DÜŞÜNCƏLƏR
Cəlil
Məmmədquluzadə Mirzə Fətəli Axundov haqqında
məqaləsində yazırdı: “Mirzə Fətəli
Axundov barəsində ya çox yazmaq lazımdır, ya da
heç yazmamaq lazımdır. Mirzə Fətəli
Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya
heç yazmamaq lazımdır” (C.Məmmədquluzadə.
Əsərləri. 6 cilddə.
6-cı cild. Bakı, “Azərnəşr”,
1985, səh.82).
Bu fikir böyük şəxsiyyətlərin
hamısına aiddir. Belə şəxsiyyətlərdən
biri də Həsən bəy Zərdabidir. Demək olmaz ki, onun haqqında yazılmayıb.
SSRİ dövründə akademik Feyzulla Qasımzadədən
başlamış sovet ideologiyasının imkan verdiyi qədər
Həsən bəy Zərdabi haqqında yazılıb, ancaq
“çox və yaxşı” yazılmayıb...
Tarixi şəxsiyyətlər haqqında nə qədər
çox və yaxşı yazılsa, o qədər
yaxşıdır.
Yazıçı üçün, ümumən qələm
adamı üçün nədən yazmaq əsas şərtdir. Nədən
yazmaq insanın dünyagörüşünü, hadisələrə
baxışını, nələr haqqında
düşündüyünü, özünün daxili
dünyasını müəyyən edir. Sonra
necə yazmaq gəlir. Necə yazmaq deyəndə mən
təkcə üslubu nəzərdə tutmuram...
Tarixi
şəxsiyyətlər haqqında yazmaq həmişə çətindir:
tarixi, hadisələri təhrif etməməlisən, bədiiliyi
heç nə üstələməməlidir, mükəmməl
obraz yaratmalısan...
Nisbətən
yaxın keçmiş haqqında yazmaq daha çətindir -
kifayət qədər material var, onları araşdırmaq,
öyrənmək, saf-çürük etmək, həqiqəti
yalandan ayırmaq, sistemləşdirmək, tarixi sənədlərin,
məlumatların, faktların... içərisindən böyük şəxsiyyət(ləri)in
həqiqi obrazını yaratmaq...
lll
Böyük yazıçımız Anarın elmi dərəcəsi
yoxdur, ancaq Əlabbas yazıb ki, mən Anar kimi
yazıçını yüz alimə dəyişmərəm
(Əlabbas. “Mən Qarateli sevirdim”. Publisistika.
Bakı, “Adiloğlu”, 2008, səh.65). Düz də yazıb...
Anarın onlarla yazısını,
araşdırmalarını, “Nəsrin fəzası”nı,
“Anlamaq dərdi”ni, “Dədə Qorqud dünyası”nı, “Min
beş yüz ilin oğuz şeiri”ni... yada salmaq kifayətdir...
Böyük yazıçımız Elçin - Anarla
Elçin nəsrimizin qoşa qanadıdır - həm də
filologiya elmləri doktorudur. Məncə,
Elçinin alimliyi - tədqiqatçılığı onun bədii
yaradıcılığını çox gözəl
tamamlayır. Elçinin bir çox
yazılarını, araşdırmalarını, “Ölüm
hökmü”nü, “Baş” romanını xatırlayaq.
“Baş” romanında ən azı 200 ilin Azərbaycan,
Türkiyə, İran, Rusiya, Avropa... tarixinin son dərəcə
dəqiq panoramı və təhlili verilir... “Baş” romanı
mənə mərhum Ziya Bünyadovun tədqiqatlarını
xatırladır: hər cümlənin arxasında onlarla dəqiq
mənbə, dəqiq faktlar...
Şairlərin nəsrə üz tutması ənənə
- gələnək halını alıb. Siyahını
uzatmadan o şairlərdən birini qeyd edəcəm - Sabir
Rüstəmxanlı. 2002-ci ildə “Atamın ruhu” nəsr
əsərləri toplanmış kitabından sonra Sabir bəy
müntəzəm, çoxu tarixi mövzuda olmaqla dəyərli
nəsr örnəkləri yaradıb... Görünür, elə
məsələlər var ki, onları ancaq nəsrin geniş
imkanları ilə ifadə etmək olur... Sabir bəyin də
alimliyi şairliyini, yazıçılığını
tamamlayır...
Bu sıraya daha bir ad əlavə olundu - Sona xanım Vəliyeva. Sadəcə əlavə
olunmadı, Sona xanım Həsən bəy Zərdabini Azərbaycan
xalqına qaytardı. Həsən bəyə elə bir
möhtəşəm söz abidəsi ucaltdı ki, Həsən
bəyi yenidən tanıdıq... Romanı diqqətlə
oxuyan hər kəs mənim bu fikrimə etiraz etməz...
Sona Vəliyeva şairdir, publisistdir,
araşdırıcı alimdir - filologiya elmləri namizədidir
(nədənsə, bu fəlsəfə doktoru birləşməsi
mənə heç doğma gəlmir), bir elmi tədqiqat
institutunun görəcəyi işləri görüb və
görür.
Onun da alimliyi
yazıçılığını tamamlayır, başqa
sözlə, birinci yerdə bədii təfəkkür gəlir.
“İşığa gedən yol” romanının hər
cümləsinin arxasında dəqiq mənbə və faktlar
dayanır...
lll
“İşığa gedən yol” romanını və
Sona Vəliyevanın daha bir neçə kitabını mənə
Əlabbas göndərib (Yeri gəlmişkən, mənə
kitabları Əli Rza Xələfli, Əlabbas, Nəriman
Əbdülrəhmanlı və Ələddin Bəşirov
göndərir. Əvvəlki üç nəfər
söz adamıdır, ancaq Ələddin Bəşirov
kitabları tapmaq üçün xeyli əziyyət çəkməli
olur. Bu insanların hamısına minnətdaram...).
Sona Vəliyevanın
bu romanı mənimçün (təkcə mənimçün?!)
bir xeyli məsələnin necə verilməsi
baxımından da çox maraqlı idi...
Təbliğat həmişə məqsədlidir. SSRİ
dövrünün yaxşı və pis cəhətləri
var idi. Bu pis cəhətlərdən
birincisi, xalqların keçmişi ilə - mədəniyyəti,
tarixi ilə bağlı idi. Özü də
tarixlə bağlı bu münasibət təkcə SSRİ
dövlətinin ideoloqları ilə məhdudlaşmırdı.
Türkə münasibətdə Avropa da, ABŞ da SSRİ
(oxu: Rusiya) ilə eyni mövqedə idi. Bu mövqe isə belə
idi: nə yolla olur-olsun, xalqları - təbii ki, ilk növbədə
türkdilli xalqları öz kökündən -
keçmişindən uzaq tutmaq, öz tarixindən xəbərsiz
qalmasına çalışmaq, ya da tarixi təhrif etmək -
özlərinə yarayan formada təqdim etmək. Bu haqda bir qədər
sonra...
Əsas
odur ki, “İşığa gedən yol” təkcə bu
böyük tarixi şəxsiyyəti Azərbaycan xalqına
qaytarmadı, bir çox məsələlərə
aydınlıq gətirdi, həm yeni elmi araşdırmalar
üçün, həm də yeni bədii əsərlər
üçün çox sayda ideya, mövzu verdi...
lll
Özləri
tarix yaradan şəxsiyyətlərin qəribəlikləri,
fərqlilikləri ilə yanaşı, oxşarlıqları
da az olmur: bunlardan biri də onların
kiçik yaşlarında qeyri-adi maraqları, qeyri-adi hərəkətləri,
o yaşa uyğun olmayan qeyri-adi sualları və sairədir. Həsən
bəy Zərdabi də istisna deyil və Sona Vəliyeva
bunları dəqiq epizodlar, detallarla təsvir edir: balaca Həsənin
sualları Molla Sadığı çaşdırsa da, onun
ağlına, cəsarətinə, natiqliyinə heyran qalmaya
bilmir.
Şamaxıda
oxuyarkən şagirdlərə hansı peşənin sahibi
olacaqları haqqında inşa yazdırılırdı və
Həsən gələcəkdə müəllim
olacağını, Zərdabdan Şamaxıya qədər
bütün kəndlərdə məktəb
açacağını bildirərək yazırdı:
“Bizim ailənin malik olduğu var-dövlətlə bunu
etməyə çalışacağam. Var-dövlət içində
yaşayan və ya təhsilli olan adam əksəriyyəti
kasıb, cahil və savadsız olan bir məmləkətdə
xoşbəxt ola bilməz. Odur ki, mən mənə
məxsus nə varsa, gələcəkdə təhsilə, məktəbə
xərcləməyə söz verirəm”.
Həsən
bəy Zərdabi bu amala sonadək sadiq qalır...
Məncə, ziyalılığın birinci şərti
fədakarlıqdır. H.Zərdabi bu fədakarlığı
ömrünün sonunacan edir. Həsən bəyin son
sözləri də oxucunu riqqətə gətirir: “...Mənə
ehsan verməyin. Yasa çəkiləcək xərcləri
kimsəsiz uşaqların təhsil haqqına ödəyin”.
Bu
sözləri ömrünü xalqının yolunda
sözün əsl mənasında şam kimi əritmiş
bir insan deyə bilərdi...
lll
Şəxsiyyətin
formalaşması çox mürəkkəb prosesdir və
bununla bağlı müxtəlif nəzəriyyələrin
olması da təbiidir: irsiyyət, mühit, tərbiyə,
“qoşa qanad” nəzəriyyəsi və s. Bu amillər
bir-biri ilə bağlıdır və onların arasından
“Çin səddi” çəkmək olmaz, ancaq heç
şübhəsiz ki, ilk təməl ailədir, ailə tərbiyəsidir.
Həsən bəy həm ata, həm də ana tərəfdən
tanınmış nəslin övladı idi. Atası Səlim bəy, babası Rəhim bəy,
anası Mənzər xanım. Mənzər
xanım da bəy qızı idi və Rəhim bəy sevinir,
həm də fəxarət duyur ki, gəlini nəvəsinə
- Həsənə Ömər Xəyyamdan, Nizamidən
şeirlər oxuyur. Mənzər
xanımın özünün də boş vaxtlarında kitab
əlindən düşmür. Xüsusən,
baba ilə nəvə arasına xüsusi bir münasibət
var idi. Rəhim bəy nəvəsinin
qeyri-adi uşaq olduğunu hamıdan əvvəl duymuşdu.
Rəhim bəy kimi bir kişinin nəvəsi Həsən
kimi olmalı idi ki, bu tanınmış, adlı-sanlı nəslin
davamçısı olsun. Həsənin ata tərəfi
də, ana tərəfi də bir bölgədə
tanınırdı, ancaq Həsən bəy o qədər məşhur
oldu ki, onu təkcə Azərbaycanda tanımadılar...
Sonra Həsənin həyatının Şamaxı,
Tiflis, Moskva dövrü gəlir. Məşhur tarixçi, universitetin
rektoru Solovyov, Pleşşeyevin dərnəyi (Həsən bəy
Vera ilə də bu dərnəkdə tanış
olmuşdu), fransız maarifçilərinin, rus
inqilabçı demokratlarının fikirləri ilə
tanışlıq... Həsən bəy
“xatalı” dərnəklərə meyllənmir, o,
bütün əldə etdiyi nəzəri bilikləri, təcrübəsini
yalnız və yalnız xalqının maariflənməsinə
sərf edəcəyini qərarlaşdırmışdı.
Həsən bəy “Rusiyanın tarixi” çoxcildliyinin müəllifi
Solovyovla söhbət edərkən onun nüfuzundan çəkinmir,
rektorun nəzərinə çatdırır ki, Şah
ismayıl Xətai fars dövlətinin yox, Azərbaycan Səfəvi
dövlətinin banisi idi. Osmanlı dövləti də, Səfəvi
dövləti də siyasi oyunların qurbanı idi... Solovyov isə
bu qənaətində haqlı idi: “Gərək bu
oğlanı qoruyaq. Özü də
qorxu-hürkü bilmədən hər şeyə birbaşa
münasibət bildirir. Onu gərək
Moskvanın “Xatalı” dərnəklərindən çəkindirək.
Bu əqidə və arzu ilə o,
özünü dünyanı dəyişdirə biləcək
gücdə hiss edir. Amma içindəki
azad fikirliliyi, heç nədən çəkinməməyi
ona həmişə müəyyən çətinliklər
yaradacaq. Mənim ona çox heyfim gəlir...”
Solovyovun proqnozu düz çıxır. Həsən bəy
həmişə haqqın yanında idi, haqqı müdafiə
etmək isə həmişə çətindir, insana
görünən və görünməyən əngəllər
yaradır. Həsən bəy Rusiya kimi nəhəng bir
imperiyanın məmurları tərəfindən
süründürülən, alçaldılan, aldadılan
kasıb insanların tərəfində idi - onların
haqqını müdafiə edirdi - “Mejevaya palata”da, Bakı Qəza
İdarəsində, Quba qəzasında işləyərkən
Həsən bəyə qarşı təhdidlər, təzyiqlər,
hədələr ara vermirdi. Maraqlı fakt odur
ki, Həsən bəy bu nəhəng imperiyanın məmurlarına
qarşı elə bu imperiyanın öz qanunları ilə
mübarizə aparırdı, qanunlara istinad edib mübarizə
aparmaq çətindir, üzücüdür, ancaq
düzgün yoldur. Həsən bəy bu məhkəmə
çəkişmələrindən qalib
çıxırdı, sadə-kasıb insanların
haqqını bərpa edirdi; qanuni yollarla hərəkət
etdiyindən imperiyanın məmurları onu cəzalandıra
bilmirdilər - Həsən bəy onlara bəhanə vermirdi.
lll
Rəhim bəy nəvəsi Həsənə kiçik
qılıncını bağışlayanda demişdi ki, bu
qılınc mənə babamdan yadigardır, mən də onu
sənə bağışlayıram. Kəsib-doğramaq üçün
yox, qoy, bu qılınc haqq-ədalət yolunda gücünə,
qüvvətinə çevrilsin, dualarımla birgə həmişə
səni qorusun! Nəqqaşa da qılıncın üsündə
yazdırmışdı: “Tanrıdan sənə ağlının
və dilinin qılıncdan iti olmasını diləyirəm”.
Yaradan Rəhim bəyin duasını eşitmişdi. Həsənə
qılıncdan iti ağıl və dil vermişdi, Həsən
bəy də ağlını da, dilini də ancaq haqq-ədalət
yolunda, xalqı üçün işlətmişdi...
lll
Yuxu bədii əsərdə ideyanın açılmasına,
aydınlaşmasına yardım edən vasitələrdəndir. “İşığa
gedən yol” romanında da yuxu motivi uğurla seçilib.
Eyni yuxu davamlı olaraq təkrarlanır. Bu təkrarolma ömrün müxtəlif
yaşlarında, mühüm hadisələr ərəfəsində,
qəti qərarlar qəbul ediləcək günlərdə baş
verir. Həsən bəy lap uşaqlıqdan xarakteri
etibarilə tez ruhdan düşən, qorxan, müqavimətlə
rastlaşanda geri çəkilən, bədbinliyə
qapılan adam deyildi, yaxşı mənada
inadcıl idi, ancaq düşündüyü işlər
alınmayanda, qaydası ilə getməyəndə, dilxor
olduğu vaxtlar çox olurdu. Yuxu o məqamlarda Həsən bəyin
sözün həqiqi mənasında köməyinə gəlirdi
- ona mənəvi rahatlıq gətirirdi, görəcəyi
işin uğurlu olacağına işarə olurdu, onu səfərbər
edirdi... Bu təkrarlanan yuxu Həsən bəyin bütün həyatını
əhatə edirdi...
Rəhim bəy
də Həsən hələ anadan olmamış yuxu
görmüşdü: həyətdə bitən armud
ağacı, ağacın bir tərəfi gümüş,
bir tərəfi qızıl meyvə gətirən
budaqları, əsən külək, yerə
tökülüb həyət boyu hər tərəfə
işıq saçan, yüzlərlə yeni tingə
çevrilən meyvələr... Rəhim bəy yuxusunu
özü yozmuşdu: ağac da, meyvə də
övladdır... Bu yuxudan bir ay sonra isə Həsən
dünyaya gəlir...
Dünyadakı əbədi şeylərdən biri
işıq, biri yoldur. Bəzən işıq da əlçatmaz olur, uzaq olur,
yol da uzun və keşməkeşli olur, ancaq hər ikisində
ümid, inam çaları daha çox olur...
lll
Əvvəldə
qeyd etmişdim ki, sovet ideologiyası xalqların, xüsusən,
türkdilli xalqların tarixini qəsdən təhrif edirdi:
xalqın keçmişini, hadisələri, şəxsiyyətlərin
fəaliyyətini... Romanda bəhs edilən
dövrdə də belə şəxsiyyətlər çox idi.
Bunlardan biri də Hacı Zeynalabdin
Tağıyev idi. Ümumən varlılara,
milyonçulara, din xadimlərinə mənfi (oxu: düşmən)
münasibət formalaşdırılırdı...
Dünyanın hər yerində varlı təbəqə
“nəzarətdə” saxlanılır ki, lap çox varlananda
“qırmızı xətti” keçməsin - hakimiyyətə
gəlmək iddiasına düşməsin. Hədsiz var-dövlət hər
iki tərəf üçün təhlükədir... Ancaq bəzi təbəqələrə qarşı
ardıcıl, düşmən münasibət SSRİ
dövlətinin “atributuna” çevrilmişdi. Hətta adamlar dünyasını dəyişəndən
sonra da ondan əl çəkmirdilər. Hacı
Zeynalabdin Tağıyev 1924-cü ildə vəfat etmişdi.
Ancaq 20-ci əsrin 60-80-ci illərində də bir çox tədqiqatçılar
Azərbaycan tarixində çox mühüm işlər
görmüş H.Z.Tağıyevdən və bir çox
ziyalılardan danışanda onları hədəfə
alırdılar: qaniçən kapitalist, xalqın
qanını sovuran burjuaziya nümayəndəsi, satqın
ziyalılar, pulla ələ alınmışlar və s. və
i.a... O nəslin tədqiqatçıları yaşlı nəslin
nümayəndələri idi və həqiqəti də
çox gözəl bilirdilər (bilməyənlər
sonrakı nəsillərdən ola bilərdi...).
Bilirdilər, ancaq yenə davam edirdilər...
1906-cı ildə Zaqafqaziya Müsəlman Müəllimlərinin
Birinci Qurultayı oldu. Qurultay adından Qafqaz canişinliyinə
teleqram hazırlanarkən bir sözün üstündə
(“qurultay xahiş edir”, yoxsa “qurultay tələb edir”)
mübahisə yaranır. Qurultay Nəriman Nərimanovun
təklifini səs çoxluğu ilə qəbul etsə də,
növbəti gün H.Z.Tağıyev hadisəyə
müdaxilə edir...
N.Nərimanovun da, H.Z.Tağıyevin də
çıxışları məlumdur. Olsun ki,
H.Z.Tağıyevin çıxışı sərt idi,
emosional idi, rəqibini - hərçənd ki, onlar şəxsi
mənada rəqib deyildilər - susdurmaq cəhdi var idi. Ancaq o zaman H.Z.Tağıyevin 83, N.Nərimanovun 36
yaşı var idi. H.Z.Tağıyev həyatın hər
üzünü görmüş, dünyanın
gedişatını bilən, təcrübəli adam kimi çıxış edirdi. Bu məsələdə
H.Z.Tağıyev də, H.Zərdabi də haqsız deyildilər...
O zaman N.Nərimanov
H.Z.Tağıyevin timsalında milyonçuları ideya
düşməni, sinfi düşmən hesab edirdi. Təbii
ki, Tağıyevə bu yanaşma yanlış idi...
N.Nərimanov həqiqi kommunist (bolşevik) idi və
axıra qədər də öz əqidəsinə sadiq
qaldı.
Lakin çox sonralar N.Nərimanov da
aldadıldığını başa düşdü, hakimiyyətdə
olan bolşeviklərin əsl üzünü gördü və
oğluna məktubunda yazdı: “...hakimiyyət dalınca
qaçma, çünki o, adamı korlayır”, “onlar (yəni
bolşeviklər - S.B.) nəhəng bir dövlətin müqəddəratını
öz əllərinə almaq və diktator olmaq qərarına
gəldilər...” Ancaq bu etiraf çox gec idi və
heç nəyi dəyişmirdi. Bu böyük şəxsiyyət
də bolşeviklərin qurbanı oldu...
Zaman
H.Z.Tağıyevin də, H.Zərdabinin də haqlı
olduğunu sübut etdi...
“İşığa gedən yol” romanında bu tarixi
hadisə də geniş və düzgün təsvir olunub. Ən əsası,
Sona Vəliyeva oxucunu inandıra bilir. Məsələyə
düzgün yanaşır. H.Z.Tağıyevin dediyi kimi:
“vurdum, dağıtdım...” yanaşması ilə məqsədə
çatmaq olmurdu...
Böyük məqsədlərə çatmaq
üçün kiçik güzəştlərə getmək
olar. Elə
güzəştlər ki, onlar böyük məqsədin
müqabilində çox əhəmiyyətsizdir və məqsədin
böyüklüyünə xələl gətirmir...
Rusiyanın imperiya siyasəti (bu, tək Rusiyaya xas
deyildi) “parçala, hökm sür!” siyasəti idi. Ziyalılar
arasında, ziyalılarla maarifpərvər, xeyriyyəçi
insanlar arasında (H.Z.Tağıyev kimi) narazılıqlar,
intriqalar yaradıb bunu barışmaz ziddiyyətlərə
çevirirdilər ki, bu, imperiya siyasətinin başlıca məqsədlərindən
idi. (Bu siyasət bir qədər başqa formada bu gün
də böyük dövlətlər tərəfindən -
supergüclər - davam etdirilir...)
H.Z.Tağıyev də, H.Zərdabi də, N.Nərimanov
da, başqa ziyalılar da öz xalqının xilasını
təhsildə, elmdə, maarifdə görürdülər. O ziyalılar nə qədər
olsalar da, çoxluq təşkil etmirdilər, M.F.Axundov da
daxil, təkbaşına (yaxud 2-3 nəfərlə -
azlıqda) mübarizə aparırdılar. Belə adamlar
çar Rusiyasının düşmənləri idi...
Xalqı
üçün H.Z.Tağıyev kimi böyük işlər
görən adam sinfi düşmən ola
bilməzdi... H.Z.Tağıyev haqqında N.Nərimanov kitab da
yazmışdı (1900-cü ildə): “Hacı Zeynalabdin
Tağıyevin 50 illik məişəti və cəmaətə
xidmətləri”...
lll
“İşığa gedən yol” romanının parlaq
obrazlarından biri Hacı Zeynalabdin Tağıyevdir - o, hər
bir epizodda hörmətlə xatırlanır. Sanki Sona Vəliyeva illərlə
onun haqqında yalnız mənfi rəy
formalaşdıranların adından üzrxahlıq edir... H.Z.Tağıyev bir çoxlarından fərqli
var-dövlətini başqa ölkələrdə, başqa
şəhərlərdə xərcləmirdi, xalqı
üçün etdiklərinə görə hörmətə
layiq idi. H.Z.Tağıyev də nə qədər
“ilk”lərə imza atmış, nə qədər
böyük işlər görmüşdü?! Onun xalq
üçün etdikləri tanınmış,
ömrünü xalqı üçün fəda etmiş
ziyalılardan az deyildi və heç də
asanlıqla başa gəlmirdi. Təkcə Rus-Müsəlman
Qız Məktəbinin açılışı
üçün H.Z.Tağıyevin necə əngəllərlə
üzləşdiyini yada salmaq yetərlidir: dildə peyğəmbərin
“beşikdən qəbr evinə qədər” oxumasının
vacibliyini deyənlər əməldə “abır-həya” tərəfdarları
ilə eyni sırada olurdular. H.Z.Tağıyev bir sıra din
xadimlərinə pul verib müsəlman dünyasının məşhur
şəhərlərinə (Məkkə, Mədinə, Kərbəla,
Dəməşq) göndərir və o şəhərlərdən
möhürlü sənədlər gətirdir ki, oxumaq
qadınlar üçün də vacibdir... Dəfələrlə
II Nikolaydan qız məktəbinin açılması
üçün xahiş edir, çarın həyat
yoldaşına qiymətli hədiyyələr göndərir.
Bu işinə görə hətta onu öldürmək də
istəyirlər... Nəhayət, Tağıyev məqsədinə
çatır...
Romanda təsvir
olunur ki, Həsən bəy Zərdabi yaşca
H.Z.Tağıyevdən kiçik olmasına baxmayaraq (Həsən
bəy Tağıyevdən 19 yaş kiçik idi),
Tağıyev daim onunla məsləhətləşir, təkliflərini,
fikirlərini qiymətləndirir və qəbul edir. Onların münasibəti qarşılıqlı
hörmətə əsaslanır. Ümumiyyətlə, qeyd etmək
lazımdır ki, Həsən bəyin bütün insanlara
münasibəti hörmətə əsaslanırdı... Bu da Həsən bəyin müdrikliyi,
böyüklüyü idi. Hətta onu izləyən, ona
yamanlıq edən insanlara qarşı da
dözümlülüyü ilə adamı təəccübləndirir...
lll
“İşığa gedən yol” romanında onlarla tarixi
şəxsiyyətin mükəmməl obrazı
yaradılıb. Bu tarixi şəxsiyyətlərin bəziləri
haqqında (M.F.Axundov, S.Ə.Şirvani və b.) bədii əsərlər
yazılıb. Bu romanda onların da elə xarakterik cəhətlərindən
söhbət açılır ki, digər bədii əsərlərdə
bu cəhətlər ya yoxdur, ya da çox az
məlumat var: məsələn, böyük
yazıçı, filosof, Azərbaycan dramaturgiyasının
banisi M.F.Axundov həm də mənalı lətifələri
ilə də yadda qalır...
“İşığa
gedən yol” romanında o qədər tarixi şəxsiyyət
haqqında danışılır ki, ədəbiyyatımızda
həmin dövrdən bəhs edən ikinci elə bir əsər
yoxdur: ya o tarixi şəxsiyyət haqqında məlumat
verilir, ya da onun obrazı yaradılır.
Heç şübhəsiz ki, Həsən bəy Zərdabidən
sonra mükəmməl obrazı yaradılan Hənifə
xanımdır. Həsən bəy ömrü boyu
yüzlərlə insanla qarşılaşır. Hətta
Rusiya imperiyasının şovinist məmurları və daimi
araqarışdıran, satqın xislətlərinə sadiq
qalan ermənilərin hərəkətlərindən belə
özü üçün müsbət nəticələr
çıxarır (ermənilərin 30-40 il
əvvəl xeyriyyə cəmiyyəti yaradıb pul
köçürmələri). Həsən bəyin həyatında
onu əhatə edən insanların - doğmaların,
yaxınların, şəxsiyyətlərin (M.F.Axundov,
S.Ə.Şirvani, N.Z.Tağıyev...) çox mühüm
yerləri var. Onlardan biri də Həsən bəyin
dayısı, rus ordusunun generalı, çox geniş əlaqələri,
dostları olan, Həsən bəyin himayədarı Fərəc bəy Ağayevdir. Fərəc bəyin təcrübəsi, tövsiyələri,
o cümlədən, ailə qurmaq haqqındakı fikirləri
Həsən bəyin düzgün seçim etməsinə
çox yardımçı olur. Fərəc bəy
deyir: “...Mən həyatımda bir səhv buraxmışam, istəmirəm,
sən də belə gənclik səhvini təkrarlayasan. İstəyirəm, gələcək seçimində
öz dəyərlərinə, ruhuna uyğun bir xanımla,
öz məmləkətimizdən olan birisi ilə ailə
qurasan. Bunu unutma! Ailəni kişi
qurur, lakin qadın yaşadır və qoruyur. Övladları
cəmiyyət üçün ilk növbədə analar
hazırlayır... ...Əgər həyat yoldaşını səninlə
birgə dəyərlər, eyni amal, əqidə, məslək
silahdaşlığı birləşdirməyəcəksə,
bugünkü sevgi gələcək ailədəki, cəmiyyətdəki,
ictimai həyatdakı uğurların təməlində
dayanmayacaqsa, həyatın müxtəlif sınaqlarından
uğurla çıxmağa, uğur qazanmağa əsas
yaratmayacaqsa, onda o ailə, o evlilik
peşmançılığa səbəb olacaq.
İndi sən yaraşıqlı, zəkalı,
varlı bir gəncsən. Səni ələ almaq
üçün çoxları çalışacaq - səhv
buraxmamaq üçün sənə yanaşanlarla, səni ələ
almaq istəyənlərlə ehtiyatla, ağılla
davranmalısan...”
Romanda Həsən bəy iki qızla
qarşılaşdırılır, Həsən bəy onlara
qarşı biganə də deyil, ancaq onlar (Vera və
Taclıbəyim) Həsən bəyin arzularını həyata
keçirəcək qızlar da deyil. Halbuki Vera
dünyagörüşü, intellekti etibarı ilə də
fərqlənir, lakin Həsən bəy dayısının
dediklərini yaddan çıxarmır... Əsərdə
onlara həsr olunmuş hissələr romanın təsirli səhifələrindəndir.
Yeri gəlmişkən, H.Z.Tağıyevin başqa ölkələrə
oxumağa göndərdiyi gənclərin qarşısında
qoyduğu tələblərdən biri də “qeyri-türk ilə
evlənməmək” tələbi idi... Maraqlıdır
ki, mərhum prezident Heydər Əliyev də Azərbaycanda
birinci katib işlədiyi vaxt, keçmiş SSRİ-nin
müxtəlif şəhərlərinə göndərilən
tələbə-gənclərə münasibəti belə
idi. Çox sonralar - müstəqillik dövründə
vaxtilə təhsil alıb gələn, müxtəlif vəzifələrdə
işləyənlərdən soruşurdu: “Kimlə evlənmisən?..”
Həsən bəy “yarısını” tapır -
“Müqəddəs Nina” gimnaziyasının məzunu Hənifə
xanımla evlənir. Maraqlıdır ki, Həsən bəy
“Bakinskiy listok” qəzetində qızlar gimnaziyasını
bitirən məzunların siyahısını və şəkillərini
görür. Bir ad və şəkil diqqətini cəlb
edir: Hənifə Abayeva. Deməli, türk və
müsəlman - dayısı Fərəc bəyin dediyi, Həsən
bəyin “axtardığı”. Həsən
bəy qərarını verir Tiflisə - buraxılış
gecəsinə gedəcəyini. Çox qəribədir
ki, faytonda mürgüləyərkən yenə eyni sehrli
yuxunu görür: Kürün üstü ilə sehrli bir
işığa doğru uzanan yol və bu dəfə yuxunun fərqli
sonluğu...
Hənifə
xanım təkcə ömür-gün yoldaşı yox (əslində,
insanın ləyaqətli ömür-gün yoldaşı
olması bir ailənin xoşbəxt olması
üçün yetərlidir - xoşbəxtlik
anlayışı nə qədər nisbi olsa da...), məslək-əqidə
yoldaşı, həmfikir, arxa-dayaq, hər zaman onun yanında
olan, onu qoruyan, hər işində ona kömək edən,
fikirlərini bölüşən, onu duyan... dost tapır. Hər
adama dost deyilməz. Dost insanın dərdini bölüşə
biləcəyi, etibar edə biləcəyi adamdır...
Hənifə
xanımın timsalında mükəmməl Ana obrazı
yaradılmışdır...
Mübaliğəsiz demək olar ki, Hənifə
xanım olmasaydı, Həsən bəy bu böyük
missiyanı həyata keçirməkdə tamamilə tək
qala bilərdi.
Həsən bəyin millət sevgisi və iradəsini Hənifə
xanımın səbri, dözümü, fədakarlığı,
hər an onun yanında olması tamamlayırdı...
lll
Həsən bəy Zərdabinin amalı xalqının
savadlanması, maariflənməsi, qaranlıqdan
çıxması - işığa gedən yola
çıxması, tərəqqi etmiş millətlər kimi
olması idi.
Bu yolda o, olmazın əziyyətlərə
qatlaşırdı. Xeyriyyə cəmiyyəti
yaratmaq üçün bütün Azərbaycanı
(Şimali Azərbaycanı) gəzib varlı, imkanlı
adamları bu işə cəlb etmə cəhdi bunun
üçün idi.
“İşığa gedən yol” romanının bir məziyyəti
də odur ki, Həsən bəy Azərbaycanın hansı
bölgəsinə gedirsə, o bölgənin tarixi
haqqında müfəssəl məlumat verilir. Müfəssəl
olmasına baxmayaraq, bu məlumatlarda hər şey əksini
tapıb və ən “kiçik” etnoqrafik detal belə unudulmur.
Sona Vəliyeva Azərbaycanın demək olar ki, bütün
bölgələrini böyük sevgi ilə təsvir edir...
Həsən bəyin bu böyük missiyası, müqəddəs
arzusu onun istədiyi kimi alınmadı - varlılar hər
vasitə ilə maddi yardım etməkdən boyun
qaçırdılar. Bu “daş qəlbli insanlar” M.F.Axundov, S.Ə.Şirvani
kimi Həsən bəy Zərdabini də, sonralar - cəmi 4 il sonra Mirzə Ələkbər Sabiri də
öz laqeydlikləri ilə öldürdülər. Öldürmək sözünün həqiqi mənasında.
Dünyalarını dəyişəndə M.F.Axundovun 66,
S.Ə.Şirvanin 53, H.Zərdabinin 65, M.Ə.Sabirin 49
yaşı vardı...
İyirminci
əsrin 30-cu illərindən isə “repressiya taunu” ən
gözəl ziyalılarımızı apardı...
lll
Həsən bəy Zərdabi 22 iyul 1875-ci ildə
“Əkinçi” qəzetini nəşr etməklə Azərbaycan
milli mətbuatının bünövrəsini qoydu. Xalqın doğma dilində
- Azərbaycan dilində çıxan bu qəzetə H.Zərdabinin
ömrünün 7 ili sərf olunur... Qəzetin bütün ağırlığı onun
çiynində idi, hətta daimi erməni fitnəsi ilə
üz-üzə korrektorluğu da özü edirdi.
“Əkinçi”nin 56 nömrəsi
çıxdı, ancaq gördüyü işlərin
miqyası o qədər böyük idi ki, bunun əhəmiyyətini,
dəyərini ifadə edən söz tapmaq çətindir...
“Əkinçi” və ondan sonra nəşr
olunan qəzet və jurnallar bir neçə işin təməlini
qoydu. Mətbuat ətrafına ciddi söz
sahiblərini, milli ruhlu ziyalıları topladı. Bu milli ruhlu ziyalılar ilk növbədə
maarifçiliyi, demokratik, dünyəvi dəyərləri təbliğ
etdikcə maarifçilik milli azadlıq hərəkatına,
milli oyanışa, özünüdərkə xidmət etməyə
başladı.
H.Zərdabi
sevimli tələbələri Nəcəf bəy Vəzirov və
Əsgər bəy Adıgözəlovun (Gorani)
iştirakıyla - M.F.Axundovun komediyası ilə - Azərbaycan
milli teatrının əsasını qoyur...
H.Zərdabi xeyriyyə cəmiyyəti yaratmaqla (hərçənd
ki, başlanğıcda uğursuzluqla nəticələnir)
kasıb, imkansız ailələrdən olan uşaqları təhsilə
cəlb etmək istəyir. Həsən bəy deyirdi: “Maarifdən,
elmdən məhrum bir xalq işıqdan məhrumdur”. Həsən
bəyin bütün həyatı işığa gedən yol
idi...
H.Zərdabi
65 il yaşayıb. 23
yaşında işə başlayan Həsən bəy bu 42
ildə yüz illərin işini görüb. Məcburən Zərdabda yaşadığı illəri
necə adlandırmaq olar?! Hərçənd ki, Həsən
bəy tutduğu yoldan dönmədi - çoxdan arzusunda
olduğu məktəbin açılmasına nail oldu (məncə,
ən böyük mənəvi rahatlıq bu idi), bütün
bölgədə ehticayı olanlara kömək etdi,
onların haqqını müdafiə etdi, həmişə
xalqın tərəfində oldu, Qafqaz kənd təsərrüfatı
sərgisində iştirak etdi və mükafat da aldı. Ancaq
H.Zərdabi kimi bir şəxsiyyətin Bakıda
gördüyü və görəcəyi işlər daha
böyük idi...
lll
Həsən bəy Tiflis gimnaziyasını
gümüş medalla bitirdiyinə görə Moskva
Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq
bölməsinə imtahansız qəbul edilmişdi. Universitet tarixində
görünməmiş qərar qəbul edilmişdi: dekan
Davıdovun təklifilə onun diplom işinə elmlər
namizədi alimlik dərəcəsi verilmişdi... Həsən
bəy görkəmli alim idi, fəlsəfi görüşləri
etibarilə materialist filosof idi...
Həsən bəy gözəl pedaqoq idi. İşlədiyi,
yaşadığı hər yerdə adamların
hüquqlarını məhkəmələrdə müdafiə
etməklə qalmadı, həm də adamların
hüquqlarını başa salırdı. Ona görə də çar hökuməti onun
bütün fəaliyyətində dövlət
üçün təhlükə görürdü və bu
məqamda səhv etmirdilər. Həsən bəyin “əkinçiliyi”
daha çox mənəvi sahəyə aid idi - onun “əkdiyi
toxumlar” cücərirdi və çoxalırdı, bu isə
xalqı qaranlıqda, cəhalətdə saxlamaq istəyən
imperiyaya qətiyyən sərf etmirdi...
Həsən bəy görkəmli ictimai-siyasi xadim idi. O, Bakı şəhər
dövlət dumasının üzvü olduğu illərdə
H.Z.Tağıyev, Ə.Topçubaşovla birgə çox
böyük və əvəzsiz işlər gördü...
lll
“İşığa gedən yol” romanında H.Zərdabinin
6 yaşından vəfatına qədər olan dövr əhatə
olunub. Bu illər kiçik başlıqlar altında
verildiyindən həcmcə 767 səhifəlik roman çox
asanlıqla oxunur. Bədii əsər
üçün dil faktorunun necə önəmli olduğunun
sübuta ehtiyacı yoxdur. Tarixi mövzular, tarixi şəxsiyyətlərdən
bəhs edən əsərlərdə dövrün “dilini”,
leksikonunu saxlamaq, həm də çağdaş dövr
üçün anlaşıqlı, sadə yazmaq
yazıçıdan istedad tələb edir. İstər
tarixi şəxsiyyətlərin, istərsə də bədii
obrazların dili həm də yazıçı təxəyyülünün
məhsuludur. Burada
yazıçının istedadı həm də ondadır ki,
məsələn, Həsən bəyin
dili-danışığı onun
yaradıcılığı, əsərlərinin dilidir, digər
yaradıcı şəxsiyyətlər də onun kimi.
Əsərdə
obrazların dilində və müəllif mətnində nə
qədər aforizmlər var ki, bu da bir araşdırma
mövzusudur...
Əsərdə
həm də üslub rəngarəngliyi, bir üslubdan digərinə
keçid məharətlə verilib... Bu roman Sona Vəliyevanın
ilk nəsr əsəri olmasına baxmayaraq, yazı
texnikası və cilalanmış dili ilə də ciddi şəkildə
fərqlənir...
Romanın
dili nə 60-cıların, nə də 80-cilərin dili
deyil...
lll
80-cilər
ədəbi nəslinin istedadlı nümayəndəsi,
tanınmış nasir Əlabbasın bir fikriylə tam
razıyam: “...müəllifin məhəbbətlə
yaratdığı Hənifə xanım obrazında Sona
xanımın öz xarakter və xeyirxah əməllərinə
uyğun nə qədər oxşar məqamlar tapmaq
mümkündür! Elə Həsən bəy də onu
deyirdi: “Əsl təmizlik ruhun və qəlbin bakirəliyidi”.
lll
“İşığa
gedən yol” romanında o qədər məsələlər,
şəxsiyyətlər, hadisələr var ki, bu yazıda
onların çox cüzi bir hissəsinə toxunuldu...
Zərdabi
və M.F.Axundov, Zərdabi və S.Ə.Şirvani, Zərdabi və
XIX əsrin ikinci yarısındakı ədəbi məclislər
və bu məclislərin aparıcı üzvləri: Zərdabinin
Qubadakı fəaliyyəti və Muxtar bəy, Zərdabinin
Tiflis dövrü, Zərdabinin Bakı Realnı
Gimnaziyadakı fəaliyyəti, Zərdabinin din xadimləri ilə
görüşü - Axund Mirzə Əbu Turab, Axund Mirzə
Məhəmməd Kərim, Axund Molla Ruhulla (bu üç
şəxsi H.Z.Tağıyev Həsən bəylə
tanış edəndə onları ziyalı kimi təqdim
edir), İsmayıl bəy Qaspıralı, Mirzə Hüseyn
Əfəndi, Ünsizadə qardaşları, Əhməd bəy
Ağayev, Məhəmmədağa Şahtaxtlı, Əlimərdan
bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Zərdabinin
Maksim Qorki və F.İ.Şalyapinlə görüşü, əsərdə
yeganə mənəviyyatlı məmur Dmitri Semyonoviç
Staroselskinin Həsən bəylə münasibəti (Həsən
bəy bu məmuru “xilaskar dost” adlandırır), Həsən
bəyin Vera və Taclıbəyim və... burada qeyd olunmayan
digər onlarla adamla münasibəti - ünsiyyəti, onlarla
hadisədən, xüsusən, Hənifə xanımın
ictimai fəaliyyətindən, Zərdabi və
H.Z.Tağıyev dostluğundan... danışa bilmədik...
lll
Sona Vəliyeva azərbaycançılığı
milli ideologiya kimi araşdıran alimlərimizdəndir. Azərbaycançılığın
ən gözəl əməli örnəyi elə
“İşığa gedən yol” romanıdır ki, o, bu tarixi
romanda onlarla tarixi şəxsiyyətlə yanaşı, Həsən
bəy Zərdabi kimi nəhəng düşüncə sahibinin
həyatından, işığa gedən yoldakı fəaliyyətindən,
çətin, məhrumiyyətlərlə dolu mübarizəsindən
bu həcmdə dəyərli bir əsər yarada bilib.
Əvvəldə qeyd etmişdim ki, romanın hər
cümləsinin arxasında dəqiq mənbələr, faktlar
dayanır. Roman Azərbaycan tarixinin hər mənada çox zəngin,
təxminən 60 ilə yaxın bir dövründən bəhs
edir. Bu roman da ilkdir. Arzu edək ki, bu
dövrə dərindən bələd olan yazıçı
(həm də tədqiqatçı) kimi “İşığa
gedən yol” romanı Sona Vəliyevanın uğurlu nəsr
yaradıcılığının davamlı başlanğıcı
olsun...
Sabir
BƏŞİROV
Fəlsəfə
elmləri namizədi
525-ci qəzet.-2018.-24
fevral.-S.10;11,12