Süleyman Ələsgərov yad edildi

 

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orqan musiqi zalında görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib.

 

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova çıxış edərək Süleyman Ələsgərovun musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb. Onun müxtəlif janrlarda bəstələdiyi respublikamızın mədəni həyatında mühüm rol oynayaraq milli bəstəkarlıq sənəti tarixinə parlaq səhifələr yazmış əsərlərindən danışıb. Bildirib ki, 1924-cü il fevralın 22-də Qarabağın dilbər guşəsi Şuşada anadan olan bəstəkarın yaradıcılığı Azərbaycan peşəkar musiqi tarixinin ən parlaq səhifələrini təşkil edir. Azərbaycan Dövlət Konservatoriyasını bitirən S.Ələsgərov Üzeyir Hacıbəylinin qayğısı ilə böyük sənət dünyasında ilk uğurlu addımlarını atıb, ilk musiqi əsərlərini bəstələyib. Onun əsərləri Azərbaycan xalq musiqisinin ən yaxşı ənənələrini özündə əks etdirir.

 

Qeyd edib ki, bəstəkarınYada düşdü”, “Vətənimdir”, “Sərvi Xuramanım mənim”, “Qafqaz”, “Ata”, “Küsmərəm”, “Bilmirəm”, “Neylərəmromansları forma əlvanlığına, ifadə vasitələrinə görə böyük maraq doğurur.

 

Bəstəkar Azərbaycanda operetta janrının inkişafı ilə bağlı çox məhsuldar fəaliyyət göstərərək Ü.Hacıbəylinin ənənələrini davam etdirib. Onun müxtəlif illərdə yaratdığıUlduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Hardasan, ay subaylıq?”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Hərənin öz ulduzu”, “Subaylarınızdan görəsizoperettaları uğurlu yaradıcılıq axtarışlarının nəticəsidir.

 

Sonra tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib. Konsertdə Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestri çıxış edib.

 

XƏDİCƏ

 

525-ci qəzet  2018.- 24 fevral .- S.13.