Bir xatirənin işığı

 

"Yaddaş yarpaqları"ndan

 

Aydın TAĞIYEV

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə respublikanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov layiq olduğu "İstiqlal" ordeni ilə təltif olundu.

 

Hörmətli ağsaqqalımız yubileyi ərəfəsində yüksək dövlət mükafatını qəbul edərkən öz minnətdarlıq nitqində xüsusi vurğuladı ki, bugünkü Azərbaycan demək olar ki, Ulu Öndərin yaradıcılıq məhsuludur, şah əsəridir. Bu şah əsəri o yazdı onun əbədiliyi üçün bir yol qoydu.

 

Hörmətli ağsaqqalımızın yubileyi günlərində mənimsə yadıma artıq illərin uzaqlığında qalmış bir xatirə düşdü.

 

Ötən əsrin 90-cı illərinin sonlarında AzTV-nin "Xəbərlər" proqramının şimal bölgəsi üzrə xüsusi müxbiri idim. O illərdə Ümummilii liderimiz Heydər Əliyevin parlaq fəaliyyəti nəticəsində dövlətçiliyimiz daha da möhkəmlənir, "Azərbaycanın müstəqilliyi dönməz əbədi" xarakter alırdı.

 

Demək olar ki, həftədə iki-üç dəfə şimal bölgəsi ilə bağlı efirdə süjetlərim  gedirdi.   Siyəzəndə,  Şabranda  (keçmiş  Dəvəçidə),  Qubada,  Qusarda, Xaçmazda keçirilən müxtəlif ictimai-siyasi tədbirlərə paytaxtdan bu bölgələrdə yerli sakinlərin yaxşı tanıdıqları adlı-sanlı alimlər, sənət adamları, ictimai xadimlər qatılırdı.

 

... 1996-cı ilin gərək ki, payız ayları idi. Quba şəhərində Türk Litseyi üçün müasir tələblərə cavab verən yeni binanın təməlqoyma mərasimi idi.

 

Mərasimdə qardaş ölkənin Bakıdakı Böyükelçiliyinin səfiri əməkdaşları ilə yanaşı, Türk Cümhuriyyətinin o zamankı Mədəniyyət naziri Namik Kamal Zeybək iştirak edirdi.

 

Gələn qonaqlar arasında o illərdə şimal bölgəsində keçirilən bütün ictimai-siyası, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən millət vəkili Fəttah Heydərov da var idi.

 

Təntənəli təməlqoyma mərasimindən sonra rayon icra hakimiyyəti qonaqların şərəfinə Qəçrəşdə ziyafət təşkil etdi.

 

O ziyafətdəki çıxışlarda "bir millət, iki dövlət" arasındakı qarşılıqlı münasibətləri qardaşlıq səviyyəsinə çatdıran Ulu Öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri bir daha vurğulandı, Türkiyənin Cümhurbaşqanı Süleyman Dəmirəli haqqında da xoş sözlər deyildi.

 

Növbəti sağlıq zamanı türkiyəli nazir Namik Kamal Zeybək AzTV-nin biz əməkdaşlarına üzünü tutaraq: - Xahiş edirəm ki, mənim bu sözlərimi lentə  alasınız - deyə bizə müraciət etdi.

 

Namik Kamal Zeybək sözünə uzaqdan başladı:

 

- 1993-cü ildə Naxçıvanda "Ümid körpü"sünün açılışında biz tərəfdən nümayəndə heyətinin tərkibində mən də var idim. Körpünün açılışından sonra Türkiyəyə bizimlə birgə yola düşən Azərbaycanın nümayəndə heyətindən sayın Fəttah bəy uçaqda mənimlə yanaşı oturmuşdu.

 

Uçağımız İstanbula yaxınlaşanda bələdçi qız bir neçə dəqiqədən sonra yerə enəcəyimizi elan etdi. Bu xəbəri eşidən kimi Fəttah bəyin birdən-birə halının dəyişdiyi, bərk həyəcanlandığı diqqətimdən yayınmadı. İlk əvvəl fikirləşdim ki, bəlkə sayın Fəttah bəy ilk dəfədir ki, uçağa minib; axı adətən ilk dəfə uçağa minənlər təyyarə göyə qalxandabireniş vaxtı həyəcanlanırlar. Ancaq uzun illərdən bəri dövlət vəzifələrində çalışan Fəttah bəyin ilk dəfə uçağa minməsi ağlabatan deyildi. Bəs elə isə onun bir anda birdən-birə haldan-hala düşməsinə nə səbəb ola bilərdi? Özümü saxlaya bilmədim: - Olmaya ilk dəfədir ki, uçağa minirsiniz? - deyə ondan xəbər aldım.

 

Fəttah bəy kövrək səslə: - Xeyr, xeyr, əfəndim, - dedi.

 

- Bəs...

 

Fəttah bəy: - Mən Türkiyə torpağına ilk dəfə ayaq basacağam, - dedi. - Elə bil illərdən bəri həsrətində olduğum oğul kimi anamla görüşəcəyəm...

 

Namik Kamal Zeybək sözünü tamamlayıb badəsini yuxarı qaldırdı: - Türk torpaqlarını özlərinə doğma ana qucağı bilənlərin şərəfinə!..

 

525-ci qəzet  2018.- 27 fevral. - S.7.