Mirzə Bala Məhəmmədzadə irsinə
dair dəyərli araşdırma
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə
institutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə
üzrə fəlsəfə doktoru, fövqəladə və
səlahiyyətli səfir
XX əsrin
son on illiyində bərpa edilmiş müstəqil dövlətçiliyimizin
memarı, on il mübarizəli və keşməkeşli
keçid dövründə ölkəmizə rəhbərlik
etmiş ulu öndər Heydər Əliyev 1918-ci il mayın
28-də qurulmuş ilk
Cümhuriyyətimizin şanlı tarixindən bəhs edərkən
demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması, İstiqlal Bəyannaməsinin elan olunması
böyük zəka, uzaqgörənlik, cəsarət, iradə,
qəhrəmanlıq tələb edirdi...
Azərbaycanın istiqlaliyyətini elan edənlər,
Xalq Cümhuriyyətini qurub-yaradanlar və ona sona qədər
sadiq olan insanlar Azərbaycanın ən mötəbər, ən
görkəmli insanlarıdır. Xalq Cümhuriyyətinin rəhbərləri
Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy
Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli,
onların silahdaşları və o illərdə müstəqillik
uğrunda mübarizə aparan və hakimiyyət
orqanlarında fəaliyyət göstərən insanlar Azərbaycan
xalqı tərəfindən heç vaxt unudulmayacaqlar. Onlar Azərbaycan xalqının tarixinə
böyük və dəyərli şəxsiyyətlər kimi
daxil olmuşlar.
Hər
zaman varislik ənənəsinə sadiq olan və əməli
fəaliyyətində bu mühüm cəhəti nəzərə
alan Heydər Əliyev 27 may 2003-cü il tarixində Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 85 illiyi
münasibətilə Azərbaycan xalqına müraciətində tövsiyə
edirdi ki, biz bu gün də Cümhuriyyətin tarixini, onun
görkəmli şəxsiyyətlərinin fəaliyyətini
dərindən öyrənməli, ideyalarını təbliğ
etməli, təcrübəsindən bəhrələnməliyik.
Ulu öndərin siyasi vəsiyyətlərinin, onun Azərbaycan
dövlətçiliyinin azərbaycançılıq milli
ideologiyası əsasında durmadan inkişaf etdirilib gücləndirilməsi
siyasətinin
yüksək siyasi ustalıq və
ardıcıllıqla həyata keçirilməsinin bariz göstəricisi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci
il tarixində imzaladığı sərəncamdır. Burada
qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə
götürdüyü çətin tarixi vəzifəni
imkanlarının ən son həddində
çalışaraq şərəflə yerinə yetirdi...
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz
qaldığı üçün qarşıya qoyduğu məqsədlərə
tam müvəffəq ola bilmədən
süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi
müstəqillik ideyası unudulmadı. Qeyd
edilməlidir ki, Sərəncamda vurğulanan müstəqillik
ideyasının yaşadılması və nəsildən-nəsilə
ötürülməsi birbaşa kommunist irticasından nicat
tapmış Cumhuriyyət xadimlərinin fədakar fəaliyyətləri
sayəsində mümkün olmuşdur.
Vurğulamaq
lazımdır ki, bu milli mübarizə yollarında həm
Cümhuriyyət dövründə Azərbaycanda, həm də
uzun, keşməkeşli mühacirətdə Məhəmməd Əmin Rəsulzadə
ilə çiyin-çiyinə çalışan fədakar
mübarizlərdən və fikir sahiblərindən biri Mirzə
Bala Məhəmmədzadə
(Mirzə Bala) olmuşdur. Təəssüf
ki, bu mübariz Cümhuriyyət xadimimizin zəngin irsi
lazımınca öyrənilməmişdi. Bu mənada "Azərbaycan milli-demokratik
dövlətçilik məfkurəsi:
türkçülük, islamçılıq,
müasirlik", "Azərbaycan dövlətçilik fəlsəfəsi",
"Seyid Əzim Şirvaninin fəlsəfi görüşləri", "Mirzə Kazımbəyin ictimai
fikirləri" əsərləri ilə ölkəmizin elmi
ictimaiyyətinə tanış olan fəlsəfə üzrə
elmlər doktoru, professor Rəfail Əhmədlinin 2017-ci ilin
sonlarında AMEA-nın Fəlsəfə institutunun elmi
şurasında müzakirə edilib yekdilliklə nəşrinə
qərar verilən "Mirzə
Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri"
əsəri cümhuriyyətşünaslığımıza dəyərli töhfədir.
Çünki Mirzə Bala Azərbaycan Xalq Cumhuriyyəti
hökumətində yüksək vəzifələr tutmasa
da, o, Cümhuriyyət işinə əvəzsiz ideoloji xidmət
göstərmiş, həm Cümhuriyyətə qədərki
və Cümhuriyyət dövründə, həm də ondan
sonra hər zaman istiqlal mücadiləsi aparmış, eynən
M.Ə.Rəsulzadə kimi, Azərbaycan türk millətçiliyi,
cümhuriyyətçi dövlətçilik və azərbaycançılıq
ideyasını, onun tarixi köklərini və inkişaf
yollarını ölkəmizdə və onun
hüdudlarından kənarda yaşatmaq, yaymaq və gələcək
nəsillərə ötürmək üçün var
gücü ilə çalışmışdır. R.
Əhmədli bu azadlıq aşiqi və istiqlal mücahidinin
həmVətənimizdə, həm də dünyanın
müxtəlif ölkələrində: İran, Tükiyə,
Polşa və Almaniyada geniş
və əhatəli elmi, nəzəri, publisistik fəaliyyətini,
ictimai-siyasi görüşlərini, tarix və mədəniyyət
sahəsindəki tədqiqatlarını, inqilabi və təbliğatçı
fəaliyyətlərini əhatəli və
ardıcıllıqla araşdırmış, onun zəngin və
maraqlı həyat yolunun bütün mərhələlərini
sistemli təhlilə cəlb edərək, dəyərli fəlsəfi
ümumiləşdirmələr etmişdir.
XIX əsrin ikinci yarısında ölkəmizdə
başlayan maarifçi hərəkat, bu hərəkatın
ideya və zəka qaynağı olan Azərbaycan
ziyalıları artıq XX əsrin əvvəllərində
demokratik hərəkatlarda, azadlıq uğrunda mübarizələrdə
fədakarlıqla çalışırdılar. Qəzet və
jurnallarda, cəmiyyət və dərnəklərdə
başladılan bu hərəkat get-gedə mütəşəkkil
təşkilatlanma, siyasi partiyaların təşəkkülü,
milli və sinfi mübarizə meydanlarında fəal
iştirakla Azərbaycan cəmiyyətini qarşıdakı
müstəqillik illərinə hazırlayırdı.
Milli müstəqillik hərəkatının böyük nəzəriyyəçisi
və ideoloqu, milli zəmin üzərində qurulan
"Müsavat" partiyasının sədri M.Ə. Rəsulzadə
və Müsavat ideyalarını bölüşən digər
siyasi partiyaların, bitərəflərin görkəmli liderləri
Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy
Topçubaşov, Fətəli Xan Xoyski və
başqalarının müştərək fəaliyyətləri
sayəsində özəyini müsavatçıların təşkil
etdiyi Milli Şura Azərbaycanın istiqlalını elan
etmişdi. Bu fəaliyyətlərdə M.Ə. Rəsulzadənin
ən yaxın ideya silahdaşlarından biri gənc Mirzə Bala olmuşdur.
R. Əhmədli
Cümhuriyyətə gələn siyasi təkamül yolunu
ardıcıllıqla izləyərək sosialist yönlü
"Hümmət" partiyasının (1904), Əhməd bəy
Ağaoğlunun yaratdığı "Difai"
partiyasının (1905), Əlimərdan bəy
Topçubaşovun rəhbərlik etdiyi "Rusiya Müsəlmanları
İttifaqı" partiyasının (1906), 1913-cü ildən
M.Ə. Rəsulzadənin rəhbərlik etdiyi
"Müsavat" partiyasının (1911), Gəncədə
Nəsib bəy Yusifbəyli tərəfindən yaradılan
"Türk Ədəmi-Mərkəziyyət" partiyasının
(1917) fəaliyyətlərini təhlil etmiş, ədəbi-bədii-siyasi
maarifçiliyin və bu istiqmaətdə ardıcıl iş
aparan mətbu orqanların fəaliyyətini
işıqlandırmışdır. Müəllif
vurğulayır ki, Azərbaycan ziyalıları,
burjuaziyası və mətbuatı keçmiş
düşüncələrdən uzaqlaşaraq müasir milliyətçi
ideologiyaya yiyələnmiş və yeni milli kimlik ətrafında
birləşərək milləti də vahid düşüncə
ətrafında birləşdirməyə
çalışmışdılar. Əli
bəy Hüseynzadənin "Türkləşmək,
islamlaşmaq, müasirləşmək" ideoloji formulu ilə
xalqa xidmət edən fədakar mübariz şəxsiyyətlərdən
biri də Mirzə Bala olmuşdur.
Müəllif
yazır ki, Mirzə Bala 24 may 1898-ci il tarixində Abşeronun
Zirə kəndində doğulmuş, Bakıda yeddinci rus-tatar
məktəbini bitirmiş, Bakı Politexnik texnikumunda təhsilini
davam etdirmiş və 1916-cı ildən etibarən yaxın
dostu Cəfər Cabbarlı ilə birlikdə siyasi fəaliyyətə
qoşulmuş, mətbuatda və xalq
yığıncaqlarında tez-tez çıxış
etmişdir. Mirzə Bala M.Ə.Rəsulzadənin tövsiyəsi
ilə onun nəşr etdiyi "Açıq söz" qəzetində
və digər mütərəqqi mətbuat orqanlarında
mütəmadi yazıları ilə diqqəti cəlb
etmiş, 1917-ci ilin fevral inqilabından sonra Bakıda Azərbaycan
gənclərinin lideri kimi tezliklə Müsavat
partiyasının tanınmış aparıcı üzvlərindən
birinə çevrilmişdi. 1918-ci ilin əvvəllərində
o, Tiflisdə, Zaqafqaziya Seyminin qurulması və fəaliyyəti
ilə əlaqədar məqalələr yazır, Seymin Azərbaycan
deputatlarına yaxından köməklik göstərirdi.
Mirzə Bala bu
illərdə yazdığı "İki inqilab
arasında" əsərində Azərbaycan türklərinin
millət olaraq var olmasını davam etdirmək
üçün vahid ideologiya ətrafında birləşməsini
ən ümdə vəzifə kimi görürdü. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra
"Gənclər yurdu" jurnalına redaktorluq etmiş,
qızğın jurnalistik fəaliyyətinə
başlamışdır. 21 yaşlı bu
gənc bütün həyatını Cümhuriyyət
işinə həsr etmişdi. 7 dekabr 1918-ci ildən
etibarən Azərbaycan parlamentində yaxın dostu Cəfər
Cabbarlı ilə bərabər stenoqrafçı kimi
çalışan, bütün çıxışları,
məruzələri, görüşləri, qərarları,
qanunları qələmə alan Mirzə Bala eyni zamanda, Azərbaycan
Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan"
qəzetinin də yayın müdiri kimi o illərdə hərtərəfli
siyasi fəaliyyət göstərmişdir.1919-cu il
sentyabrın 17-də Mirzə Balanın "Bakı uğrunda
mübarizə" pyesini Azərbaycan Dövlət Teatrı
tamaşaya qoymuşdu. O, eyni zamanda, Müsavatın Bakı
Komitəsinin fəal üzvlərindən idi.
R. Əhmədlinin
qeyd etdiyi kimi, 28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin
bolşevik
Rusiyası tərəfindən işğalından
sonra Mirzə Balanın siyasi həyat və fəaliyyətinin
yeni dövrü başlayır. Cəfər Cabbarlının
Çənbərəkənddəki evində
keçirilmiş gizli iclasda M.Ə.Rəsulzadənin təlimatı
ilə gizli "Milli müqavimət komitəsi"
yaradılmış, Mirzə Bala onun başqanı,
Əbdülvahab Yurdsevər başqan müavini, Cəfər
Cabbarlı isə baş katibi seçilmişdi. O zamanlar gizli mətbəədə
"İstiqlal" qəzeti nəşr edilirdi. 1922-ci ildə Bakıda Mirzə Balanın "Azərbaycan
türk mətbuatı" adlı kitabçası çap
edildi. 1923-cü ildə Komitə üzvləri
və qəzetin işçiləri həbs edildilər, amma
Mirzə Bala Zirədən yük gəmisi ilə
İranın Ənzəli şəhərinə
qaçmağa nail oldu. Oradan Tehrana, sonra isə Təbrizə
gəlmiş, şosse yolunda mühəndis-texnik olaraq
çalışmışdı, eyni zamanda, M.Ə.Rəsuladənin
İstanbulda nəşr etdirdiyi "Yeni Qafqaziya", "Azəri
Türk", "Odlu yurd" jurnallarına Cənubi Azərbaycandan
məqalələr yazırdı.
Cənubi Azərbaycanda mühacirətdə
qaldığı 1924-1927-ci illərdə Mirzə Bala "Ermənilər
və İran", "Vətən qaldı",
"Muğan xan" əsərlərini yazmışdır. Bu əsərlərində
Rza şah rejiminin "paniranizm" və
"ariyaçılıq" siyasətini, Azərbaycan Cümhuriyyətinin
süqutundan sonra qaçıb canını qurtaran azərbaycanlı mühacirlərlə rejimin amansız rəftarını,
tez-tez törədilən erməni təxribatlarını ətraflı
qələmə almışdır. Xüsusən də, İrəvandan
köçüb Təbrizdə yerləşən
Daşnaksütyun partiyasının buranı erməni hərəkatının
ən mühüm mərkəzlərindən birinə
çevirməsini ətraflı təhlil etmiş, erməni
terrorizminin qanlı əməllərini anlatmışdır.
1927-ci ildə
İstanbula gələn Mirzə Bala İstanbul Universitetinin
Hüquq fakultəsinə daxil olaraq orada mükəmməl təhsil
almışdır. Mirzə Bala 1927-ci ildə
M.Ə. Rəsulzadənin təklifi ilə "Azərbaycan
Misaki-Millisi" (Milli Azərbaycan Xartiyası) adlı əsər
yazıb İstanbulda nəşr etdirmişdir.
1931-ci ildə SSRİ-nin təkidi ilə digər
antisovet mühacirlərlə birlikdə İstanbulu tərk
etməyə məcbur edilən Mirzə Bala 1939-cu ilədək
Polşada yaşamışdı. Bu illərdə onun
Berlində nəşr olunan "Qurtuluş"
jurnalının mətbəəsində "Milli Azərbaycan
hərəkatı" adlı əhatəli kitabı
çap edilmişdi. Mirzə Bala 1936-cı ildə
Varşavada "Milli Azərbaycan Müsavat Xalq Firqəsi"nin III qurultayında iştirak etmiş, 1939-cu
ildə İstanbula dönərək "Milliyət" və
"Cümhuriyyət" qəzetlərində Sovet
İttifaqında yaşayan türklərin acınacaqlı həyatına
dair məqalələr yazmışdı. Onun
"Türk Ansiklopedisi" və "İslam
Ansiklopedisi"ndə Azərbaycan tarixinə dair sanballı məqalələrinin
hər biri çox dəyərli tədqiqat əsəri
sayıla bilər. Mirzə Bala 1949-cu ildə
Ankarada qurulan "Azərbaycan Kültür Dərnəyi"ndə
yaxından iştirak etmiş, dərnəyin "Azərbaycan"
jurnalında xalqımızın tarixi, mədəniyyəti ilə
bağlı bir sıra məqalələr yazmışdı.
R. Əhmədli
yazır ki, Mirzə Balanın Qərb
yönlü yeniləşmə və milliyyətçi
görüşlərinin formalaşmasında M.Ə.Rəsulzadənin və onun
nəşr etdiyi "Açıq söz" qəzetinin əhəmiyyətli
rolu olmuşdur. Sonralar "Milli Azərbaycan hərəkatı"
əsərində Mirzə Bala yazmışdı: "Şüurlu
bir türk milliyyətçisi sifətilə hərəkət
edən böyük Füzulinin dühası Azərbaycanın
ədəbi varlığı üzərində XIX əsrin
sonuna qədər dörd əsr öz təsirini göstərmişdir.
Axundzadə Mirzə Fətəli ilə Həsən
bəy Zərdabi və Krımlı İsmayıl bəydən
başlamış Əlibəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadəyə
qədər hər kəsin Azərbaycan milli hərəkatında
bir iştirak payı vardır. Yalnız bir fərqlə
ki, Məhəmməd Əmin Rəsulzadə ictimai bir cərəyan
şəklinə girən və büllurlaşaraq milli-ictimai
bir ideologiya mahiyyəti kəsb edən milliyyətçiliyimizi
formalaşdıraraq bir sistemə salmış, bir proqram
halına gətirmiş, onu dövlət təşkilatı
halında əbədiləşdirmək üçün
ümumiləşdirmiş, onu İstiqlal Bəyannaməsi ilə
dövlət təşkilatının təməli
etmişdir". Qeyd edilməlidir ki, bu dolğun
dəyərləndirmədə Mirzə Balanın
özünün nə qədər dərin fəlsəfi
dünyagörüşə malik olduğunu aydın
görünür.
Müxtəlif
ölkələrdəki dövri mətbuat materiallarına və
tarixi qaynaqlara əsaslanan R.Əhmədli yazır ki, Azərbaycan
siyasi tarixində M.Ə. Rəsulzadə ilə Mirzə Bala
kimi bir-birinə bu qədər dərindən bağlanan və
bir-birilərini tamamlayan digər şəxsiyyətlərə
az rast gəlinir.
Mirzə
Balanın 1929-cu ildə yazdığı "Bolşeviklər
və daşnaqlar" əsərini, həmçinin,
Türkiyə mətbuatındakı bir sıra məqalələrini
təhlil edən R. Əhmədli onun hər zaman milli mübarizənin
önündə getdiyini vurğulamışdır. R. Əhmədli yazır ki, SSRİ-nin təzyiqi ilə
Türkiyədən çıxarılan Azərbaycan
mühacirətinin keşməkeşli həyatını Mirzə
Bala da yaşamışdır. 1926-1936-cı illərdə
Parisdə, sonra Polşada fəaliyyət göstərən
"Promotey" təşkilatında (Sovet
İttifaqını çökdürmək vəzifəsinə
xidmət edirdi) yaxından iştirak edən Mirzə Balaya
1936-cı ildə Varşavada keçirilən
"Müsavat" partiyasının 3-cü qurultayında
"Milli Azərbaycan hərəkatı" adlı əsər
yazmaq həvalə edilmişdi.
Əsərdə R. Əhmədli almanların Polşanı işğalından sonra Mirzə Balanın Türkiyəyə qayıtdığını, "Türkiyyat Araşdırmaları İnstitutu"nda çalışdığını, coşqun elmi-publisistik fəaliyyətlə məşğul olduğunu hərtərəfli təhlil etmiş, xüsusilə onun "Kommunizm və millətlərin müqəddəratı" məqaləsində kommunist rejiminin qeyri-rus xalqları necə assimiliasiya etdiyinə dair obyektiv və uzaqgörən baxışlarına qiymət vermişdir. Əsərdə qeyd edilir ki, Mirzə Bala 1955-ci ildə Almaniyaya getmiş, Münhendə "Sovetlər Birliyini Öyrənmə İnstitutunda" çalışmış, bir sıra dəyərli tarixi-siyasi məqalələrini, o cümlədən, "Rəsulzadə Mehmet Emin Bəy", "Azərbaycanda Sovet kolonizasiya siyasəti" əsərlərini orada yazmışdır.
Tədqiqatçı R. Əhmədli əsərdə Mirzə Balanın 1951-ci ildə Ankarada nəşr edilən "Azərbaycan tarixində Türk Albaniya" əsərinin təhlilinə də geniş yer vermiş, müəllifin tarixi dəlillərə əsaslanaraq Albaniyanı bir Türk məmləkəti kimi tədqiq etməsinin konseptual-elmi əhəmiyyətinin bu gün üçün də çox gərəkli olduğunu vurğulamışdır. R.Əhmədli, həmçinin, İslam Ensiklopediyasında Mirzə Balanın "Qarabağ" adlı əhatəli məqaləsinin, xüsusən də əzəli Azərbaycan torpağı olan Qarabağın bütün tarixini elmi surətdə ətraflı şərh etməsini yüksək dəyərləndirmişdir.
Mirzə Bala 1954-1955-ci illərdə Münhendə yerləşən SSRİ-ni Öyrənmə İnstitutunun rəhbərliyində məsul vəzifədə çalışmış, İnstitutun Azərbaycan türkcəsində buraxdığı "Dərgi" adlanan siyasi jurnalın baş redaktoru olmuşdur. 6 mart 1955-ci ildə Azərbaycan istiqlalının qurucusu və ideoloqu Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Azərbaycan milli azadlıq hərəkatına və Müsavat partiyasına Mirzə Bala rəhbərlik etmişdir. Vətən həsrətli Mirzə Bala 1959-cu ilin mart ayının 8-də İstanbulda vəfat etmiş, Qaraca Əhməd qəbiristanlığında dəfn olunmuşdur.
Sonda qeyd edilməlidir ki, professor R. Əhmədlinin adıçəkilən əsəri yalnızca Mirzə Bala Məhəmmədzadənin deyil, bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularının və müstəqillik uğrunda şəhid olmuş fədailərinin haqqında dəyərli tədqiqat əsəri kimi şanlı Cümhuriyyətimizin qarşıdakı 100 illiyinə dəyərli töhfədir.
525-ci qəzet 2018.-27 fevral.- S.4.