Sənət adamları Fədayə
Laçının bağışlanmasını xahiş
edirlər
AZƏRBAYCANIN
BİR QRUP İNCƏSƏNƏT XADİMİ BU
XAHİŞLƏ PREZİDENT İLHAM ƏLİYEVƏ VƏ
BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN
ƏLİYEVAYA MÜRACİƏT ÜNVANLAYIBLAR
Ötən
il barəsində həbs qətimkan tədbiri
seçilən tanınmış müğənni Fədayə
Məmmədova (Laçın) ilə bağlı məlum
cinayət işi üzrə istintaq prosesi davam edir.
Artıq 4 aydır ki, istintaq təcridxanasında cəza
çəkən müğənninin ailəsi,
yaxınları və həmkarları ölkə rəhbərliyindən
növbəti dəfə humanist addım gözləyirlər. Xalq artistləri Arif Babayev,
Alim Qasımov, Mənsum İbrahimov, Aftandil İsrafilov, Zaur
Rzayev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, Səkinə
İsmayılova, Əməkdar artist İlqar Muradov Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
Əliyevaya müraciət ünvanlayaraq F.Laçının
sənət adamı kimi xidmətlərinin nəzərə
alınıb bağışlanılması istəyiblər.
Məktubda
qeyd olunur: "Hörmətli cənab Prezident! Hörmətli
Mehriban xanım! Sizin Azərbaycan incəsənətinə,
sənət adamlarına daimi qayğınız hamıya məlumdur.
Biz həmişə bu qayğını hiss etmişik. Hər
bir incəsənət adamı dövlət rəhbərliyinin
himayəsini hiss edir, ona arxalanır. Dar
günümüzdə bilirik ki, Siz həmişə bizə
köməksiniz, heç vaxt himayənizi əsirgəmirsiniz.
Sizə müraciət etməyimizin səbəbi Fədayə
Laçın - Məmmədova Fədayə Baris
qızının düşdüyü vəziyyətlə
bağlıdır. Səmimi insan, istedadlı sənət adamı olan Fədayə
hazırda həbsdədir… Əlbəttə, biz
hüquqşünas deyilik və istintaqın işinə
qarışmaq fikrimiz də yoxdur. Biz
hüquq mühafizə orqanlarının obyektivliyinə
şübhə etmirik. Lakin sənət
yoldaşımızın taleyinə, acınacaqlı vəziyyətinə
biganə qala bilmirik. Fədayə çətin
həyat yolu keçib, məcburi köçkündür,
yaxşı insan, qayğıkeş anadır. Onun Sizin mərhəmətinizə ehtiyacı var.
Sizdən onun barəsində qayğınızı əsirgəməməyinizi,
həmişə nümayiş etdirdiyiniz humanizmlə ona
yanaşmağınızı, kömək etməyinizi
xahiş edirik".
Xüsusilə, Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi ərəfəsində dövlət səviyyəsində
böyük əfv üçün hazırlıqların
getməsi bütün məhbus yolu gözləyən ailələr
kimi, F.Laçının doğmalarının da ümidlərini
artırıb.
Həbsdə olan müğənni əfv edilməsi
üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri
Komissiyasına müraciət ünvanlasa da, barəsində məhkəmə
hökümün hələ çıxarılmaması,
istintaq prosesinin davam etməsi onun yenidən
azadlığına qovuşması üçün
qarşıda duran başlıca əngəl, maneədir.
Çünki komissiya üzvü, hüquqşünas Əliməmməd
Nuriyevin də mətbuata açıqlamasında qeyd etdiyi
kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi,
eləcə də komissiyanın Nizamnaməsinə əsasən,
məhkəmə hökmü çıxarılmadan hər
hansı bir qanun pozuntusunda, cinayət əməlində təqsirləndirilən
şəxsin əfv üçün müraciəti müsbət
cavablandırıla bilməz: "Əfv yalnız o şəxslərə
aid edilir ki, onların barəsində məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü olur. Fədayə Laçın barəsində cinayət
işinin davam etdiyi təqdirdə, onun əfv olunması
qeyri-mümkündür. Barəsində
özü və ya vəkili tərəfindən yalnız həbs
qətimkan tədbirinin dəyişdirilməsi ilə
bağlı vəsatət verilə bilər. Bura həmin
şəxsin zaminə buraxılması, ev
dustaqlığı və həbslə əlaqədar olmayan qətimkan
tədbirləri daxildir. İstintaq bunun nə dərəcədə
məqsədə müvafiq olduğunu, onun şəxsiyyətini,
cinayət işinin təhqiqatı posesinə mane
olub-olmamasını və digər məsələləri nəzərə
alaraq həbs qətimkan tədbiri ilə bağlı müsbət
və ya mənfi cavab verə bilər. Hazırkı
şəraitdə onun əfvlə bağlı müraciəti
baxılmamış saxlanılacaq. Barəsində
istintaq aparılan, cinayət işi qaldırılan şəxslər
barəsində əfv verilə bilməz".
F.Laçının
vəkili Türkel Süleymanlı isə bildirib ki, Fədayə
xanım özü birbaşa təcridxanadan yazılı
şəkildə komissiyaya müraciət edib: "Hər
halda qanun əfv ərizəsi yazmağı qadağan
etmir".
Hüquq müdafiəçisi Əsabəli Mustafayev də
məsələ ilə bağlı mətbuata
açıqlama verib. O qeyd edib ki, apellyasiya məhkəməsinin qərarı
qüvvəyə mindikdən sonra şəxs barədə əfv
sərəncamı verilə bilər: "Düzdür, təcrübədə
olub ki, apellyasiya məhkəməsi davam edən bir neçə
nəfər əfvə düşüb. Amma tam
hökm çıxmamış Fədayə Laçın əfvə
düşə bilməz. Əfv imzalanana qədər
hökm çıxarsa, o zaman əfvə düşmək
ehtimalı yaranır".
Ona görə də, müğəninin ailə üzvləri,
yaxınları ölkə rəhbərliyi, müvafiq dövlət
qurumları, hüquq mühafizə orqanları tərəfindən
müsbət cavab gözləyirlər.
F.Laçının
böyük bacısı, tanınmış müğənni
İlahə Fəda "525"ə bildirib ki, Fədayə
istintaq müddətində xüsusi nəzarətə
alınıb: "İstintaq bitəndən sonra
bacımın bu cinayət işində təqsirinin
olub-olmadığı məlum olacaq. Son
sözü hüquq, ədalət məhkəməsi deyəcək".
İ.Fədaya
görə, bu məsələdə Fədayənin qəlbinin
saflığından istifadə ediblər: "O, çox
peşmandır. Fədayə sənət
adamıdır, onun necə sədalövh, saf insan olduğunu
hər kəs bilir. Məcburi
köçkün düşəndən sonra bütün bu təbəqədən
olan insanlar kimi doğma el-obadan uzaqda qayğılı, çətin
həyat yaşamışıq. Atasız
böyümüşük. Fədayə mənim
əlimdə böyüyüb, ona yaxşı bələdəm.
Bilirəm ki, o, heç vaxt dövlətinə
zərər verə biləcək addımlar atmaz. Əksinə, Fədayə daim ölkə, xalq
üçün çalışıb, dəfələrlə
dövlət konsertlərində iştirak edib, hərbi hissələrdə
vətənin keşiyində duran əsgərlərimiz
qarşısında çıxışlar edib".
Müğəninin
ailəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyevanın humanizminə sığınaraq Fədayənin
musiqiçi kimi vətəninə xidmətlərinin, ailə
vəziyyətinin nəzərə alınaraq
bağışlanmasını, cəzasının
yüngülləşdirilməsini istəyirlər: "Mən
demirəm ki, Fədayənin heç bir səhvi yoxdur. Sadəcə, bacım aldadılıb. Əgər təqsiri varsa, hər kəs kimi o da cəza
alacaq. Lakin inanıram ki, dəfələrlə humanist
addımları ilə minlərlə ailənin sevincinə səbəb
olan ölkə başçısı İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyeva xalq artistlərinin,
görkəmli sənətkarların xahiş və müraciətlərini
nəzərə alaraq xalqına, dövlətinə,
prezidentinə bağlı olan bir musiqiçi, həm də məcburi
köçkün ailəsinin sevincinə səbəb olacaq, Fədayəni
ailəsinə qovuşduracaq".
Bugünədək
ailəni Fədayənin dolandırdığını deyən
İ.Fəda qeyd edib ki, indi həm mənəvi, həm də
maddi sıxıntılarla üz-üzədirlər: "Xəstə
anamın gözü yoldadır. Artıq ona qəbul
etdiyi dərmanlar da kömək etmir. Möhtərəm
prezidentimiz onu bu qoca anasına, yeganə övladına, ailəsinə
bağışlasın".
F.Laçının sənət yoldaşları da
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevanın növbəti dəfə humanist addım
ataraq daha bir sənətkar ailəsini sevindirəcəklərinə
inanırlar.
Xalq
artisti Aftandil İsrafilov qəzetimizə bildirib ki, Fədayə
çox xoşxasiyyət, ürəyitəmiz xanımdır:
"Təkcə mən deyil, Azərbaycanın bütün sənət
adamları onun qəlbinin təmizliyinə, insanlarla səmimi
rəftarına yaxşı bələddirlər". A.İsrafilov F.Laçının müsbət
xarakterik keyfiyyətləriylə yanaşı, həm də
ifaçı kimi özünü sübut etdiyi
üçün xalq tərəfindən sevildiyini diqqətə
çatdırıb. O, F.Laçının tez bir zamanda
azadlığa qovuşmasını, ailəsi, sənət
yoldaşları ilə yenidən bir arada olmasını, əvvəlkitək
konsert proqramlarında çıxışlar etməsini
arzuladığını deyib.
Xalq artisi
Mənsum İbrahimov qeyd edib ki, əhalinin bütün təbəqələrindən
olan insanlara, o cümlədən, sənət adamlarına
daima diqqət və qayğı göstərən, onların
problemlərinə olduqca həssaslıqla yanaşan Prezident
İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya müraciət etmələrində məqsəd
dövlət səviyyəsində həyata keçirilən
ardıcıl humanist siyasətə uyğun olaraq həmkarları
F.Laçınla bağlı məsələyə
baxılması, imkan daxilində ona köməklik edilməsidir:
"Azərbaycanın xanım sənətkarlarından biri
kimi Fədayə Laçının azadlıqda
olmasını arzu edirik. Əlbəttə, əfv
yalnız Prezident İlham Əliyevin səlahiyyət dairəsində
olan məsələdir. Ona görə də,
dövlət başçısının növbəti dəfə
humanist addım atacağına ümidliyik. İnanırıq ki, Prezidentimiz bizim müraciətimizi
müsbət cavablandıracaq".
Əməkdar
artist İlqar Muradov isə qeyd edib ki, sənət adamı
kimi həmkarı F.Laçınla bağlı göstərilən
təşəbbüsə dəstək verib və onun ölkə
qanunvericiliyin imkanları daxilində cəzasının
yüngülləşdirilməsini,
bağışlanmasını istəyir: "Bu məqsədlə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya müraciət ünvanladıq. Şübhəsiz ki, son sözü ölkə rəhbərliyi
deyəcək. Əgər qanunla
mümkündürsə, inanırıq ki, Prezidentimizin sayəsində
F.Laçını tez bir zamanda azadlıqda görmək bizə
nəsib olacaq".
Törətdiyi qanunazidd əməllərdən islah
olunan hər bir insanın azadlığa qovuşmasını
arzuladığını deyən İ.Muradov qeyd edib ki, Allah
hər kəsin, o cümlədən, Fədayə
Laçının qapısını açsın.
Xalq artistləri Zeynəb Xanlarova, Flora Kərimova,
Brilliant Dadaşova və digərləri də müğənni
F.Laçın düşdüyü bu vəziyyətə
görə üzüntülərini ifadə ediblər. Hətta
B.Dadaşova bununla bağlı Birinci vitse-prezident Mehriban
Əliyevaya fərdi şəkildə müraciət
ünvanlayıb. O, Mehriban Əliyevaya həbsdə olan
bir anaya dəstək olmasını xahiş edib:
"Əzizimiz, sevimli Mehriban xanım! Sizin
sonsuz dərəcədə mehriban və qayğıkeş
insan olduğunuzu bilirik. Bu səbəbdən
Sizə müraciət edib, istedadlı müğənni, gənc
qadın, ən əsası bir övlad anası Fədayə
Laçına dəstək olmanızı xahiş edirik.
Mən onu şəxsən tanımıram.
Yalnız sizin ədalətli, xeyirxah bir insan
olduğunuzu, heç kəsin dərdinə biganə
qalmadığınızı bildiyim üçün Fədayə
Laçına dəstək olacağınıza ümid edirəm".
Xatırladaq
ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların
qaçması faktı ilə bağlı Baş
Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər
üzrə İstintaq İdarəsində başlanan cinayət
işi üzrə F.Laçın təqsirləndirilən
şəxs qismində məsuliyyətə cəlb olunaraq Nəsimi
Rayon Məhkəməsinin qərarı ilə barəsində
həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbsin müddəti 3 ay da artırılıb.
Ceyhun ABASOV
525-ci qəzet.-2018.-28 fevral.-S.5.