Milli Qəhrəmanlara həsr edilən
sənədli filmlər nümayiş olundu
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə "Nizami"
Kino Mərkəzində müasir
Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan
Xocalı soyqırımının
26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Dövlət rəsmilərinin, tanınmış
mədəniyyət və
incəsənət xadimlərinin
iştirak etdiyi tədbirdə əvvəlcə
Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin
və Azərbaycanın
ərazi bütövlüyü
uğrunda canlarını
fəda etmiş şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev çıxış
edərək erməni
hərbi birləşmələrinin
Xocalıda törətdikləri
soyqırımı haqqında
danışıb, bu qətliamın bəşər
tarixinin ən dəhşətli cinayətlərindən
biri olduğunu qeyd edib.
Nazir müavini bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri
keçmiş SSRİ-nin
Xankəndi şəhərində
yerləşən 366-cı motoatıcı alayının
zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə
günahsız dinc əhaliyə, o cümlədən,
qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Bu faciə tək xocalılılara qarşı
deyil, türk dünyasına, bütün
bəşəriyyətə qarşı yönəldilmiş
vəhşilik aktıdır.
Soyqırımı nəticəsində
613 nəfər, o cümlədən,
106 qadın, 63 uşaq
və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. Girov götürülən 1275 nəfərdən
150-sinin taleyi bu günədək məlum
deyil.
Vurğulayıb ki, Heydər Əliyevin 1993-cü ildə
siyasi hakimiyyətə
qayıdışından sonra
Xocalı soyqırımına
siyasi-hüquqi qiymət
verilib. Milli Məclis tərəfindən
Xocalı faciəsinin
soyqırımı aktı
kimi tanınması barədə qərar qəbul edilib. Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən
"Xocalıya ədalət!"
kampaniyası çərçivəsində
bu qanlı faciə ilə bağlı dünyanın
bir çox ölkəsində tədbirlər
təşkil olunur, sərgilər keçirilir,
həqiqətlər dünya
ictimaiyyətinə çatdırılır.
Tədbirdə Nizami Abbas çıxışında rejissoru
olduğu və "Yaddaş" studiyasında
çəkdiyi "İgid
əsgər" və
"İsgəndərin sorağında"
sənədli filmləri
barədə məlumat
verib. Bildirib ki, "Azərbaycanın
Milli qəhrəmanları"
sənədli filmlər
silsiləsindən olan
həmin ekran əsərləri Milli qəhrəmanlar Yusif Mirzəyev və İsgəndər Aznaurovun
Qarabağ müharibəsində
keçdikləri şərəfli
döyüş yolundan
bəhs edir.
XƏDİCƏ
525-ci qəzet.-2018.-28 fevral.-S.7.