Sehrli əllərdən süzülən
miniatürlər
Şahanə MÜŞFİQ
Fəxrəddinlə Nizami adları birgə ilk dəfə böyük sənətkar, yazıçı,
dramaturq Məmməd Səid Ordubadinin tarixi romanlarının sonuncusu olan "Qılınc və Qələm"də rastıma
çıxıb.
Romanda sərkərdə
Fəxrəddinlə şair,
mütəfəkkir Nizaminin
yaxın dostluğu Azərbaycan xalqının
ən çətin zamanlarında mübarizəyə
səsləyən qüvvəsi,
gələcəyə inamı
kimi təsvir olunub. Mübarizə, müharibə, üsyan
səhnələri hər
yerdə Fəxrəddinin
adı ilə bağlıdırsa, onun əsas məsləhətçisi
Nizamidir.
İllər sonra Fəxrəddinlə Nizami yenidən bir yerdə "görüşür". Ancaq bu dəfə Fəxrəddinin əlindəki
qılınc deyil, fırçadır...
Əməkdar rəssam, qocaman sənətkar Fəxrəddin
Əli ilə Azərbaycan Yazıçılar
Birliyinin Güney Azərbaycan şöbəsində
qarşılaşdıq. Bir gün öncə həmin şöbənin
rəhbəri, şair
Sayman Aruzun televiziyadakı irfan, ədəbiyyatla bağlı
söhbətlərindən təsirlənən sənətkar
səhər Sayman Aruzla tanış olmaq və ona
kitab hədiyyə etmək üçün Yazıçılar Birliyinin
yolunu tutmuşdu. Təsadüf nəticəsində bu görüşdə iştirak etmək, onun maraqlı söhbətlərini dinləmək
mənə də qismət oldu.
Nizami Gəncəvi, onun "Xəmsə"si və
"Sirlər xəzinəsi"
haqqında söhbətləşdikcə
qulağım danışılanlarda,
gözüm Fəxrəddin
Əlinin gətirdiyi kitabda qalmışdı.
Bu nəfis kitabı vərəqlədikcə nəzərlərimdə
və zehnimdə fərqli bir aləm açıldı...
AMEA-nın təşəbbüsü
ilə 2017-ci ildə
"Şərq-Qərb" nəşriyyatında nəfis
tərtibat və yüksək poliqrafik keyfiyyətlə hazırlanan
kitabda dahi Azərbaycan şairi Nizami Gəncəvinin
"Xəmsə"sinin ilk poeması olan "Sirlər xəzinəsi"
və Əməkdar rəssam, miniatürçü
sənətkar Fəxrəddin
Əlinin onun süjetlərinə Şərq
motivləri əsasında
çəkdiyi miniatürləri
toplanıb. Kitaba poemanın mərhum
Xalq şairi Xəlil Rza Ulutürkün tərcüməsində
olan versiyası daxil edilib. Bu əsərdə ölməz sənətkar
N.Gəncəvi müxtəlif
aktual sosial-mənəvi
problemlər qaldırmış,
dövrünün hökmdarlarını
ədalətli olmağa
çağırmış, tənbəlləri, ikiüzlüləri
tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini
bildirib.
Layihənin rəhbəri AMEA-nın
prezidenti, akademik Akif Əlizadə, ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli, redaktoru Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimli, tərtibatçısı Fəxrəddin
Əlidir.
Kitabın ilk səhifəsində Fəxrəddin
Əlinin 1992-ci ildə
toxuduğu Nizami Gəncəvinin portreti əks olunmuş xalçanın şəkli
var. Ondan sonra rəssamın həyat və yaradıcılığı
haqqında qısa bioqrafiyası verilib.
Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə
Zəngəzur mahalının
Mehri rayonun Nüvədi kəndində
sənətkar ailəsində
doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbinibitirdikdən
sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini
davam etdirib. Əmək fəaliyyətinə İmişli
rayonunun Cəfəri kənd orta məktəbində müəllim
kimi başlayıb.
1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı
bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə
institutu bitirən gənc rəssamın
"Babək" qobeleni
diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb.
1970-ci ildə "Həyatın gözəlliyi"
adlı tablo ilə respublika sərgisində iştirak
edib. Onlarla yağlı boya
ilə çəkilmiş
əsərləri respublikada
və xarici ölkələrdə nümayiş
etdirilib. M.Şəhriyarın
"Heydərbabaya salam",
"Dədə Qorqud",
Nizami Gəncəvinin
"Xəmsə"si, Saib
Təbrizinin "Mehr və müştəri",
Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b. sənətkarların əsərlərinə,
Azərbaycan muğamlarına
çəkdiyi miniatürlər,
"Şəhidlər" xalçası, şəxsi
portretlər, Türkiyə
mövzusunda əsər
və bir neçə kitabın müəllifidir. Əsərləri
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu,
eləcə də ölkəmizdə və xaricdə muzeylərdə
saxlanılır.
Akademik İsa Həbibbəyli "Böyük
Azərbaycan şairi Nizami Gəncəvi" adlı ön sözündə şairin
həyat və yaradıcılığına geniş
şəkildə işıq
tutur, onun şəxsiyyətini, poeziyasını
hərtərəfli şəkildə
əks etdirir. "Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən
görkəmli klassikləri
sırasında çəkilir"
- deyən alim onu "Şərqdən doğan ədəbiyyat günəşi" adlandırır.
Akademik məqaləsinin sonunda yazır: "Nizami Gəncəvinin əsərlərində
az qala hər
beyt aforizm kimi səslənir. "Xəmsə" başdan-başa aforizmlər
külliyyatıdır.
Əbədiyyət qazanmış Nizami Gəncəvi bizim müasirimizdir. Bu, böyük
sənətin ölməzliyinin
inkaredilməz gerçəkliyidir.
Dahi şairin vaxtilə özünün
əbədi şöhrəti
haqqında uzaqgörənliklə
bəyan etdiyi aşağıdakı fikirlər
bu gün üçün də, uzaq gələcək üçün də qəbul edilən obyektiv reallığın
ifadəsidir:
Yüz il sonra
sorsan: "Bəs o hardadır?!"
Hər beyti səslənər:
"Burda, burdadır!"
Bəşəriyyətin həmişə Nizami Gəncəvinin böyük
ideallarına ehtiyacı
olacaqdır".
İ.Həbibbəylinin ön sözündən sonra akademik Teymur Kərimlinin "Epik şeirə yeni şivə gətirən sənətkar"
məqaləsi verilib. Akademik məqaləsində
diqqəti əsasən
Nizami şeirinə, poetikasına çəkir.
O, Nizaminin fars dilində yazması və İranın onu dünyaya fars şairi kimi tanıtması məsələsinə toxunaraq
qeyd edir ki, XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri
türk olduqlarına görə başqa məktəblərin şairlərindən
dilcə fərqləndirdilər
və təsadüfi deyil ki, Xaqani
və Nizami haqqında söhbət açan iranlı alimlər onlardan "türk iyi" gəldiyini etiraf edirlər. Sonda müəllif Nizaminin əsərlərinə müxtəlif
illərdə müxtəlif
rəssamlar ətərindən
çəkilmiş miniatürlər,
illüstrasiyalardan söz
açaraq Fəxrəddin
Əlinin miniatürlərinin
bu ənənənin layiqli davamı olduğunu vurğulayır:
"Heç şübhə
etmirik ki, Fəxrəddin Əlinin miniatürləri də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin ölməz
irsinin qlobal miqyasda təbliği yolunda öz üzərinə düşən
vəzifənin öhdəsindən
şərəflə gələcəkdir".
Kitabda Fəxrəddin
Əlinin Nizaminin portreti əks olunmuş iki xalçasının şəkilləri
və 2016-cı ildə
"Sirlər xəzinəsi"ndəki
20 hekayət əsasında
çəkdiyi 20 miniatürü
yer alıb. Rəssam
"Peyğəmbərin meracı",
"Adəmin xilqəti",
"Nuşirəvanla vəziri
və bayquşların
söhbəti", "Süleyman
və qoca əkinçi", "Qarı
və Sultan Səncər
dastanı", "Kərpickəsən
qocanın bir cavanla hekayəti",
"Ovçu və tülkünün hekayəti",
"Firidunla ceyranın
hekayəti", "Oğru
və tülkü",
"Tövbəsini sındıran
zahidin hekayəti",
"İsanın hekayəti",
"İki rəqib alimin hekayəti",
"Hacı və sufi hekayəti", "Zalım şahla düz danışan qocanın hekayəti",
"Şahzadə hekayəti",
"Ağıllı uşağın
hekayəti", "Mürşidlə
müridin hekayəti",
"Cəmşidin cavan
yavərinin hekayəti",
"Harun ər-Rəşidlə
dəlləyin dastanı",
"Bülbül ilə
qızılquşun hekayəti"
rəsm əsərlərində
şairin sözlərlə
ifadə etdiyi mətləbləri rənglərin
və təsvirin sayəsində böyük
ustalıqla əks etdirir.
Onu da qeyd edək
ki, Fəxrəddin Əli təkcə "Sirlər xəzinəsi"nə
deyil, böyük şairin başqa poemalarına da miniatürlər çəkib
və AMEA prezidenti Akif Əlizadə başda olmaqla, Akademiyanın dəstəyilə
həmin kitablar Azərbaycan və ingilis dillərində nəşr olunacaq.
Bizimlə söhbət etdiyi yarım saat ərzində bir neçə dəfə çay təkliflərimizi
qəbul etməyən
rəssamın əlləri
sözünə baxmırdı. Görünür, o da alışıb buna, yarızarafat, yarıtəəssüflə "əgər çay içəsi olsam, stəkan falan saxlaya bilməyəcəm,
dağıdıb pis hala qoyacam buraları.
Əllərim əsir, heç
nə tuta bilmirəm- deyir. Mən isə bütün söhbət boyu gözlərimi onun əllərindən çəkmirəm.
Bircə
stəkanı tutmağa
taqəti olmayan əllər bəs bu qədər böyük əsərlər
yaradan fırçanı
necə tutur, rəngləri kətan üzərinə necə dəqiqliklə həkk edir?! Allahın verdiyi istedad və illərin qazandırdığı təcrübə
budur, sözsüz ki!
525-ci qəzet.-2018.-28 fevral.-S.7.