"Narın düşüncələr"dən
seçmələr
Rahid Uluselin uzun illər üzərində işlədiyi
22-ci kitabı - "Narın
Düşüncələr" "Şərq-Qərb" nəşriyyatında
nəfis şəkildə
çapdan çıxıb.
Kitaba müəllifin
"sayrışlar" adlandırdığı
aforizmləri və lakonizmləri daxil edilib. Kitabın redaktorları fəlsəfə
doktorları Azər Turan və Nərgiz
Cabbarlıdır. "Narın Düşüncələr"in
zərif və titrək işığı
- insanla dünyanı
vəhdətə gətirən
ən qırılmaz telləri daha da möhkəmləndirmək,
həyatımızın məna
bolluğunun dərinliyinə
varmaq enerjisini daşıyır. Onun əsas
məqsədi - yaşadığımız
tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan
ibarətdir. Bu aforizm və lakonizmlər dünyanın
mahiyyətini inteqralında
dərk etməyə çalışan canlı
fikir damlalarıdır.
Kitabın müəllifi fəlsəfə
elmləri doktoru, professor Rahid Ulusel Azərbaycan Milli Elmlər Akademiyasının baş
elmi işçisidir.
Fəlsəfə, estetika, kulturologiya,
filologiya və tənqidin aktual problemlərinə dair sanballı əsərləri
Azərbaycanda və xaricdə çap edilib. Elmi nailiyyətləri sırasında harmoniya fəlsəfəsi, tarixi inkişafın diasinxroniyası,
fəlsəfi poeziya və türk sivilizasiyasının sistemli
tədqiqi, homouniversalizm
konsepsiyası əsas
yer tutur. Azərbaycan Yazıçılar
Birliyinin, AMEA Fəlsəfə
İnstitutunun Dissertasiya
Şurasının, Fəlsəfə
Cəmiyyətlərinin Beynəlxalq
Federasiyasının üzvü,
Biokosmologiya Assosiasiyasının
Yaxın Şərq üzrə vitse-prezidentidir.
Humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdə (ABŞ, İsveç,
Yunanıstan, Koreya və s.) Azərbaycanı təmsil edib.
Kitabdan seçmələri
oxuculara təqdim edirik.
Rahid
ULUSEL
Üçüncü minillik zaman kimi başlayıb, epoxa kimi yox.
lll
Həqiqət körpə uşaq kimidir - yıxıla-yıxıla
böyüyür.
lll
Yeni Çağ onda başlayacaq: İnsan dağıtmadan qurmaq sənətinə yiyələnəndə.
lll
Dünya
- sonuna
çatmaq üçün
deyil, yolu ilə getmək üçündür.
lll
Gələcək - gəlmir, gətirilir.
lll
Vətən yoxdur: vətəndaşlıq
vətənpərvərlikdən aşağıdırsa.
lll
Azadlığın anatomiyası: İnsanlar
öz həyatını
dəyərləndirdikləri dərəcədə onun
uğrunda mübarizə
aparırlar.
lll
Sivilizasiya onu tapdayanları daha çox yadında saxlayıb.
lll
Aforizm - mütəfəkkirin
strategiyasıdır.
lll
Elitar mədəniyyət
ən yüksək səviyyəsinə aforizmdə
çatır.
lll
Alim dünya
ilə danışır. Şair dünyanı
danışdırır.
lll
Pillələrlə kimi hündürlüyə
qalxır, kimi yüksəkliyə.
lll
Özün ol. Özün olmayanda yerinə
başqası dolur.
lll
Bir çox
xalqlar yumruq olmaqdan şəhadət barmağı olmağa keçə bilməyib.
lll
Qafa, adətən,
ölkəsinin ölçülərini
alır.
lll
İnsanların əhliləşdirilməsi: bunu tarix boyu
heyvanlar həyata keçirib.
lll
Mədəniyyətlər öz dilində danışanda, bir-birini daha yaxşı başa düşür.
lll
Miloslu Veneranın
qırılmış qolları
iki min ildir ki, sənətə və gözəlliyə məbəd tikir.
lll
Aralarındakı körpüləri yandıranlar
eyni uçuruma yuvarlanırlar.
lll
İnsanlarla məsafə saxlamasan, onlarla doğmalaşa bilməzsən.
lll
Dünyanın maddi nemətləri nə qədər çox olsa da, həmişə onun qıtlığını
çəkənlər və
içində üzənlər
var.
lll
Atılan, lakin dəyməyən güllələr sonrakı
müharibələrə saxlanılır.
lll
İnsan yalnız sındırılandan
sonra məlum olur ki, o, şüşədən
imiş.
lll
Düz qırmızı
xəttə çatanda,
arxada da, öndə də uçurum olduğunu görürsən.
lll
Vicdanını itirənlər həmişə
onu başqalarının
ayaqları altında tapırlar.
lll
Adamlar kiçildikcə,
hündürləşir aralarındakı
divarlar.
lll
Əsas
funksiyadır: onu icra edən həmişə tapılır.
lll
Paleolit çağında
atılan bumeranq hədəfinə çatmasa,
bəşəriyyəti də
özü ilə birlikdə arxaik zamanlara qaytaracaq.
lll
Bir yerdə
öldürülən həqiqət
min yerdən daha böyük qüvvətlə
fışqırır.
lll
Əl-ayağına dolaşanları qırdıqca,
daha çıxılmaz
tələyə düşəcəksən.
lll
Həyat, gələcəyi keçmişindən
böyük olanda irəliləyə bilir.
lll
Dünyaya öldüyün günün
səhərinin gözü
ilə bax! Nə görürsən, dostum?!
lll
Çoxu diqqətlə qulaq asır - elə başa düşmədiyindən.
lll
Dünyada o qədər absurd var ki, o olmayan yerə
ayağını basanda
boşluğa düşüb
yıxılırsan.
lll
Ölənin nəyinə ağlayırıq...
Bəlkə, həm də ölüncəyədək
onda doğulmayana?!.
lll
İnsan var ki, aldanmağı
və özünü
məharətlə aldadılmış
kimi göstərməyi
ona aldatmağı və aldatmağa məharətlə səy
göstərməyi qədər
ləzzət verir.
lll
Haram - qudurdur,
Halal - doyurur.
lll
Yəqin dünyanın ən mənasız dili - diplomatiyadır. Çünki burada insan yox, tərəf iştirak edir.
lll
Kosmosdan
açıq şəkildə
görünür: ikiüzlülük
- iki üzün ortasında yerləşir.
lll
Dünyanın ən dəqiq snayperi - həqiqət.
lll
Aforizmlər mədəniyyət cəbhəsində
300 spartalı tək döyüşür.
lll
Yuxudakı yox, gerçəkdəki uyqu - yalan.
lll
Qaranlıq - işıq sürətini
yalnız beyinləri fəth edəndə alır.
lll
Özünü tapmayanı Tanrı da axtarmır.
lll
Üfüqlər ona görə hamının dostudur ki, heç kimi sıxmır, hər kəsi özündən daha artıq olduğunun dalınca yürüdür.
lll
İndinin sol qolu - Keçmiş, sağ qolu - Gələcəkdir.
lll
Çağı görmək üçün
gərək onun içindən piyada keçib, sərhədlərini
adlayıb kənarında
dayanasan.
lll
Pəncələrinə təkan verib yuxarı sıçra: görəcəksən
ki, əsl yüksəklikdə hamı
bərabərdir.
lll
Həqiqətlər sərt şəkildə üz-üzə gələndə
də toqquşub bir-birini sıradan çıxarmır, ustalıqla
çevrilib yanaşı
dayanır və birgə irəli baxırlar.
lll
Vicdanın ekoloji böhranı mənəviyyat quraqlığı
yaradır.
lll
Çoxları uzun illər ölü ruhunun meyitini sürüyür diri canında.
lll
Sadəlik - insanın öz təbii keyfiyyətlərini
heç bir rəng qatılmadan tam dolğunluğunda təzahür
etdirmək mədəniyyəti,
qarşısındakını yetərincə dəyərləndirmək
bacarığı, əxlaqın
istedadıdır.
lll
Onlara layiq olan heç bir cəza tapa
bilmirlər - Azadlıq
uğrunda vuruşanlara.
lll
Zamanı idarə etməyin yolu yalnız o halda tapılır ki, əbədiyyətin yaradıcı anlardan ibarət olduğu dərk edilir.
lll
Sən mənə
şübhə ver, mən ondan inam yaradım.
lll
Qənaət - qazancın yarısı, bədxərclik - iflasın
hamısıdır.
lll
Nə qədər
əhəmiyyətli söz
desələr də, dünya təsadüfi adamlara inanmır.
lll
Dilucu salamlaşmalar
- səthi münasibətlərin
status-kvosudur.
lll
Qibtə,
həsəd, paxıllıq:
dərin psixoloji əsaslara malik olmayan toplumlar bunları fərqləndirə
bilmir.
lll
Süzgəc-yaddaş - şüur axınında xilaskar: o, insan xarakterini dəyər münasibətləri
və keyfiyyət meyarları təməlində
möhkəmləndirir.
lll
Doğru sözü dolama deyən kəs təkcə manevr etmir, həm də psixoloji naturalizmin yeni modusunu təqdim edir.
lll
İnsanın qarşısına divarlar,
o - daş olmadığından
çəkilir.
lll
Azadlıq hissini itirənlər - sürü instinkti qazananlardır.
lll
Kəndir iki qulu birləşdirir,
iki bəyi yox.
lll
Sənə sürünürlərsə, - sənə dırmanacaqlar.
lll
Biganəliyimiz begemot tək əsnəyir.
lll
Öz qəlbinin
yolu ilə getməyənlər bu dünyanın çalın-çarpaz
yollarında azırlar.
lll
İnsan başından doğulur ki, yəni sən
ayaqlarınla yox, başınla yeriyəcəksən.
lll
Qəfil
parlayan şöhrət
ikisindən birini kor edir: ya
baxanları, ya baxılanı.
lll
Toz həqiqət
dənəciklərini yer
üzündən süpürəndən
sonra qalxır.
lll
Bütün artıqlarını atandan
sonra nə qədər zəngin olduğunu görəcəksən.
lll
Əsgərlər əks cəbhələrdə
döyüşsələr də, ortada ölürlər.
lll
Sözün doğrusunu bütün kəskinliyi ilə birbaşa deyənləri ağıllı və tədbirli adam saymamaqla cəmiyyət nə qədər aldanır və uduzur.
lll
Mövqelər bir-birini əzəndə də, həqiqətlər bir-birini tapdamır.
lll
Milli özünüdərketmə
- bu dünya
içində bir dünya
olmaq düşüncəsi.
525-ci qəzet.-2018.-28 fevral.-S.8.