Səssizlikdəki daxma

 

Nurullah Muhammed Raufhan 14 fevral 1955-ci ildə Özbəkistanın Fərqanə vilayətinin Ayimça kəndində doğulub. Daşkənd Dövlət Universitetini bitirib.

 

Ədəbi-bədii jurnallarda, nəşriyyatda çalışıb. Bir neçə kitabın müəllifidir. Əsərləri bir neçə dilə tərcümə olunub. Özbəkistanda kifayət qədər tanınır. Daşkənddə yaşayır. Hekayə İstanbulda, Türkiyə türkcəsində yayımlanan kitabından götürülüb.

 

Nurullah Muhammed Raufhan

 

(Özbəkistan)

 

Kənddə sakitliyi pozan qəribə bir dəli peyda oldu. Yüksək səslə, dayanmadan qəribə sözlər deməyə başladı. Arabir əyri-üyrü küçələrin hər iki tərəfindəki alçacık evlərə, onlardan daha alçaq qapılara baxır, sanki onlardan sözlərinə cavab gözləyirdi.

 

Yer üzündə yaranandan bəri bu kənd bu dəliləri, gəlib-gedənləri çox görmüşdü. Arabir: "Qayçı, bıçaq itilə-ə-yirəm! Oraq, kətmən itilə-ə-yirəm!", deyən çarxçılar səslərini başlarına atardılar. Kənddə korşalmış bıçaq, kütləşmiş kətmən qəhətdi?! Bir anda hamısını cingildədə-cingildədə çarxçının qarşısında sıraya düzərdilər. Hərdən bir köhnə əşyaların təmirçisi görünərdi: "Qırılmış çaynik, sınmış kasa təmir edi-r-əm!" Kənd sakinləri xırda pulu, çarxçının əvvəlki gəlişi ilə yeni gəlişi arasında qırılan çayniki, kasanı ləyənləri uşaqlarına verib məhləyə göndərərdilər. Bundan başqa: "Yun alır-a-m! Cır-cındır alıram", deyən neçə adam gəlib-gedərdi. Qış olanda kənd qar-çovğundan tir-tir titrəyər, yay olanda hədsiz istidən bişərdi. Bahar gələndə canlanar, payızda saralıb-solardı. Cansıxıcıydı!

 

Kənd gəlib-gedənlərə alışmışdı. Dəliyəla qeyd yanaşdılar. Lakin onun sözləri fərqliydi. Dəli onlardan boyat çörək, cır-cındır deyil, tamam başqa bir şey istəyirdi:

 

- Evi yanan varmı-ı? Malı yanan varmı-ı? Bağrı yanan varmı-ı?

 

Kənd birdən diksindi, ehtiyatlandı. Cansıxıcı rəngsiz yaşayışına bir az fərqlilik qata biləcək bu səsə nədənsə sevinə bilmədi. Əksinə, bu səsdən qorxdu.

 

Yaşlı ata-analar bu qəribə səsin bundan daha qəribə sözlərin sahibiylə maraqlanan uşaq-muşağa çəmkindilər:

 

- Dayan! Hara? Geri dön!

 

- Qapını yaxşı bağla! Sakit otur!

 

Bu boğucu məhəllələrdə hələ dəlinin səsi dolaşır, səssizliyin uğultusundan tamam tıxanmış qulaqları onun səsi bir xəfif külək kimi oxşayırdı.

 

- Evi yanan varmı-ı? Malı yanan varmı-ı? Bağrı yanan varmı-ı?

 

Kənd özünü hər qədər laqeyd aparmağa çalışsa da, marağını gizlədə bilmədi. Tədricən bərk bağlanmış, zəncirlənmiş, kifayət deyilmiş kimi, içəridən qıfıllanmış qapılara yaxınlaşdı, aralarından məhəlləni izləməyə başladı.

 

Bu adam kimdi? Niyə belə şeylər soruşurdu? Usta kimi ustaya oxşamırdı ki, yanan evi təmir edəydi. Zəngin kimi zənginə oxşamırdı ki, malı yananlara yardımçı olaydı. Həkim kimi həkimə oxşamırdı ki, bağrı yananlara əlac edəydi. Onda bu adam kimdi?

 

Dəli ki dəli! Sözü işinə, işi sözünə uyğun gəlməyən bir dəli! Əslində, kənddə evi yanan da, malı yanan da, bağrı yanan da az deyildi! Ancaq bu vaxtcan kimsə bunlarla maraqlanmamışdı. Təkcə kənardan gələnlər deyil, kənd sakinləri cəsarət edib bir-birləriynən bərkdən hal-əhvallaşmamışdılar. Axı maraqlanıb edəcəkdilər? Uzun müddətdi eyni səma altında, eyni torpaq üstündə birlikdə yaşayırdılar. Hamısı bir-birinin vəziyyətini görür, bilirdi. Gördüyü, bildiyi bir şeyi niyə soruşmalıydılar?

 

İndi belə bir zamanda...

Kimliyi bilinməyən bir dəli...

İstidən boğulan kənddə...

Məhəllə-məhəllə dolaşıb...

Qəribə şeylər söyləyirdi...

 

Əyri-üyrü məhəllələrin üstündə göy gurlayan kimi gurlayan bu səs əndişəli qorxuncdu. Göy gurultusu bahara yaraşır, lap deyək ki, payıza da... Bəs yayın ortasındakı bu gurultu?..

 

- deyir? - deyə qadınlar maraqla soruşdular.

 

- Sus! Qarışma! - deyə tədbirli kişilər hirsləndilər.

 

Təkcə kənd deyil, dəli özü çaşıb qalmışdı. Bu kənd ölümü? - deyə düşünürdü. Uzun ömründə neçə ölkə gəzmiş, qədər insan görmüşdü, amma belə bir dilsiz kəndlə ilk dəfəydi rastlaşırdı. Hər hansı bir fəlakət nəticəsində adamları yox olan, kimsəsiz qalan kənd şəhər keçmişdə çox olub. Yoxsa bu kəndə belə bir fəlakət üz verib? Xeyr! Görünüşü belə xaraba məkana bənzəmirdi. Hələ yaşam əlamətləri vardı.

 

Fəqət səssizlik. Ölü səssizliyi kimi...

 

Buna rəğmən dəli kənddə canlı tapmaq ümidiylə qeyri-iradi səslənməyə davam edirdi:

 

- Evi yanan varmı-ı? Malı yanan varmı-ı? Bağrı yanan varmı-ı?

 

Bunu deyərkən... Kimsəsizlikdə bir qapı cırıldadı. Dəlinin sualları qarşısında hər hansı bir qapının açılmasını gözləməyən kənd birdən diksindi. Bu zamana qədər səssiz keçən yaşayışda bu cırıltı gurlaya-gurlaya göy qübbəsinə dəyib sürətlə geri döndü, kəndin üzərində asılı qaldı. Qorxu saçan əks-səda kimi... Kənd qapıları aralanıb qorxulu cırıltının eşidildiyi tərəfi izlədi.

 

Kimsəsiz daxmada haçansa kəndə gəlmiş yabançı bir adam yaşayırdı. Hardan gəlmişdi, ata-anası kimdi, qohum-əqrəbası vardımı, işlə məşğuldu? Kənd bunları bilmir, onu tanımırdı. Hərə öz içinə çəkildiyinə, yabançı ortalıqda gözə dəymədiyinə görə hamı onun öldüyünü düşünürdü.

 

Bu deməkdi? Kənd öləndən xəbər tutmazmı? Yığışıb onu dəfn etməzmi? Belə şey olarmı? Demək, ola bilirmiş! Çünki indiki zamanda çox adam bağçasında özünə məzar qazır. Bu, ən asandı. Niyə? Ona görə ki, yuyulmadan, kəfənlənmədən məzara qoyulur. Ölmək asan müftədi artıq. Kimsəyə yük olmursan. Kənd öldüyünüzdən xəbər tutmur.

 

Yoox! Qazın bir qıç üstündə dayanmağı onun birqıçlı olmağına dəlalət etmir! Ölmədiyini kəndə paslanmış qapısı xəbər verdi. Bu alçacıq qapı səssizlik səltənətini tikişindən sökərək qosqoca aləmə xitab etdi:

 

- Cır-r-r!

 

Yabançı qapı arxasında göründü. Boynunu uzadıb bir az ətrafı süzdü. Həyəcanı keçəndən sonra çölə addım atdı.

 

Dəli dayandı. Kənd bu ölü kimi məkanda birdən-birə ortaya çıxan bu diri kimi adama çaşqınlıqla baxdı.

 

Bu görünüşü ilə yabançı, doğrudan da, məzardan çıxmış kimiydi. Bürüşmüş üzündə qandan əsər-əlamət yoxdu. Uzanmış qaşlarından qulaqlarına, qulaqlarından çiyinlərinə, çiyinlərindən burnuna qarmaqarışıq bığ-saqqalına qədər hörümçək tor qurmuşdu, geyimi köhnəlmişdi. Yeriyərkən hörümçək torları qopmasın deyə yalnız ayaqlarını tərpədirdi.

 

Dəliyə yaxınlaşıb durdu. Ağzını azacıq açdı. Əndişə ilə ətrafına baxdı. Qorxmuş kimiydi. Danışmadı, amma nəsə demək istədiyi hörümçək torlarının arasından parlayan işıqsız gözlərindən bəlliydi.

 

Dəli xeyli gözlədi. Yabançıdan bir səs çıxmayanda öz-özünə nəsə söylədi. Kənd dəlinin dediyini eşitmədi. Amma çölə çıxmağa, dəli ilə yabançıya yaxınlaşmağa, onların sözlərinə qulaq asmağa cəsarət etmədi.

 

Dəli bir müddət gözlədi. Umduğunu almayanda ağzını yabançının kir-pas tutmuş qulağına yaxınlaşdırdı bağırdı. Bu bağırtıdan yabançı sarsıldı. Başını qollarını istəməyərək tərpətdi. Hörümçək torları "çırt"ıltıyla qopdu. Sonra dəli heç bir şey demədən dönüb getdi. Arxasına da baxmadı. Kənddə necə birdən-birə, xəbərsiz peyda olmuşdusa, birdən-birə, xəbərsiz-ətərsiz qeybə çəkildi.

 

Yabançı yenə qapısını cırıldadaraq məzarına girdi. Kənd təkrar səssizlik sükutuna gömüldü.

 

Bu əsrarəngiz, müəmalı mənzərə gözdən necə anidən qeyb oldusa, yaddaşlardan da eləcə anidən silindi. Heç olmamış kimi.

 

Türkiyə türkcəsindən çevirən: Eyvaz Zeynalov

 

 

525-ci qəzet.-2018.-28  fevral.-S.8.