"Türk dünyasının inciləri" Mahnı Teatrında

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 25 illiyinə həsr olunmuş "Türk dünyasının inciləri" adlı konsert proqramı keçirilib.

Konsertdən əvvəl çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın yubileyi münasibətilə keçirilən tədbirin türk xalqlarının möhkəm dostluğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Qeyd edib ki, TÜRKSOY 1994-cü ildən başlayaraq zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələrə imza atmaqdadır. Qurumun ənənəvi layihələrindən biri də türk dünyasının görkəmli mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin şərəfinə xatirə ilinin keçirilməsidir.

Təşkilatın ölkəmizlə əlaqələrini yüksək qiymətləndirən D.Kaseinov deyib ki, TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir: "Təşkilatın 25 illiyinin keçirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 iliyinin qeyd edilməsi ilə üst-üstə düşür. Biz təşkilatımızın 25 illiyini bu ilin sonunadək müxtəlif tədbirlərlə qeyd edəcəyik. Yubiley tədbirləri Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd olunacaq. Belə tədbirlər mədəniyyətimizə və dostluğumuza olan hörmətin göstəricisidir".

TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı qəzetimiz üçün qurumun 25 illik fəaliyyətindən, Azərbaycan mədəniyyətinin Türk Dünyasındakı təbliğatı istiqamətində gördüyü işlərdən danışıb: "Bildiyiniz kimi, TÜRKSOY Türk  dünyasını birləşdirən ilk təşkilatdır. Qurum bu 25 il ərzində mədəniyyətin bütün sahələrində gördüyü işlərə görə artıq ona Türk Dünyasının YUNESKO-su deyirlər. Biz həqiqətən də bu az müddət ərzində nisbətən kiçik kollektivlə bütün dünyaya türk mədəniyyətini tanıtmağa çalışmışıq. Məsələn, YUNESKO-nun Novruz bayramını qeyri-maddi irs olaraq tanımağından və 2010-cu ildə BMT-nin 21 martı Beynəlxalq Novruz günü kimi elan etməyindən sonra biz bu bayramımızı tanıtmaq yolunda bir sıra tədbirlər keçirtdik. Novruz Türk dünyasının ortaq bayramıdır.

TÜRKSOY-un "Koroğlu" layihəsi çərçivəsində biz Üzeyir Hacıbəylinin "Koroğlu" operasını 6 şəhərdə 250-dən çox iştirakçı ilə Türkiyə türkcəsində səsləndirdik. 2011-ci ildən musiqimizi təbliğ etmək üçün TÜRKSOY nəzdində adətən konservatoriya tələbələrindən ibarət Gənclik Kamera orkestrı yaratmışıq. Bu orkestrin bütün repertuarı sırf türk bəstəkarlarının əsərlərindən ibarətdir.

Bundan başqa, TÜRKSOY teatr sahəsinə də çox böyük diqqət göstərir. Biz Teatr şurası yaratmışıq və ildə bir dəfə toplantı keçirilib gördüyümüz, görəcəyimiz işlərlə bağlı müzakirə keçiririk. Çünki milli teatr dilin aparıcı qüvvəsidir. "Kitabi-Dədə Qorqud" boylarını müxtəlif ölkələr arasında paylaşdırdıq və onların milli teatrlarında hazır olduqca Konyada keçirilən "Min nəfəs, bir səs" festivalında izlədik. Xüsusən dastanın Qazan xanla bağlı boyunu Tatarıstanın Kazan şəhərinin milli teatrına verdik və nümayişdə Tatarıstan dəvət olunan 250 nəfər uşağın necə maraq göstərdiyini gördük. Çünki onlar bu şəhərin adının mənşəyini bilmirdilər. Keçən il Tatarıstanda Saxa-Yakutdan olan rejissor Hüseyn Cavidin "İblis" faciəsini səhnələşdirib. TÜRKSOY bu cür əlaqələrə nail olub.

Ədəbiyyat sahəsində çox böyük işlər görməyə çalışırıq. Bu il Xalq yazıçımız Anarın 80 illik yubileyi İstanbulda və Ankarada TÜRKSOY vasitəsilə keçirildi. Ondan başqa, keçən il Molla Pənah Vaqifin 300 illik yubileyini geniş şəkildə qeyd etmiş, şeirlərini müxtəlif türk dillərinə tərcümə edib kitab şəklində çap etdirmişdik. Bundan başqa, Mirzə Fətəli Axundovun, Bəxtiyar Vahabzadənin, digər ölkələrdən Çingiz Aytmatovun, Mağdan Cumabayın və başqalarının yubileylərini qeyd edirik.

Biz Türk Cümhuriyyətlərinin ən böyük problemi tərcümədir. Çünki biz uzun illər bir-birimizin əsərlərini rus dilindən tərcümə edərək oxumuşuq. Bu gün yubiley tədbirindən öncə keçirilən konfransda mən bu məsələ ilə bağlı təklif irəli sürdüm. Belə ki, bu ölkələr öz aralarında razılığa gələrək hər il tutaq ki, 50 nəfər gənci müxtəlif türk ölkələrinə göndərərək orada təhsil almağına və oranın mədəniyyətini, dilini öyrənməyinə şərait yarada bilər. 5-10 ildən sonra artıq bizim həmin dillər üzrə kifayət qədər tərcüməçilərimiz, mütəxəssislərimiz olacaq".

İlk yubiley tədbirini Azərbaycanda keçirən TÜRKSOY-un yubiley tədbirlərinin il ərzində müxtəlif ölkələrdə keçiriləcəyini diqqətə çatdıran E.Qafarlı deyib ki, son olaraq oktyabrın 3-də Ankarada baş tutması planlaşdırılır.

Tədbir F.Əmirov adına Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Qazaxıstanın "Murager" mahnı və rəqs ansamblı, habelə Türkiyə, Özbəkistan, Qırğızıstan, Başqırdıstan və Tuvadan dəvət olunmuş musiqiçilərin təqdimatında konsert proqramı ilə davam edib.

Konsertdə türk dünyasının görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.- 3 iyul.- S.7.