"Ənənəvi müasir mədəniyyət: ziddiyyətlər hədəflər" müzakirə olundu

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tabeliyində çalışan gənc mədəniyyət işçiləri arasında "Ənənəvi və müasir mədəniyyət: ziddiyətlər və hədəflər" mövzusunda növbəti debat-müzakirə keçirilib.

Debatda Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələri tabeçiliyində çalışan gənc mədəniyyət işçiləri iştirak ediblər. Bu, nazirlik sistemində gənclər arasında keçirilən növbəti debat layihəsidir. Debatın təşkilatçısı nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi nəzdində yaradılmış "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"dur.

Mərkəzin direktoru Asif Usubəliyev qloballaşma dövründə ənənəvi və müasir mədəniyyətin müsbət və mənfi cəhətlərini qeyd edib, cəmiyyətdə və sahədə baş verən hadisələrə adekvat qiymət vermək bacarığının formalaşmasından, habelə sistemdə həmkarlıq, əməkdaşlıq atmosferinin yaradılmasından danışıb.

Bildirilib ki, 2016-cı il aprelin 6-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Ucar rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri arasında ilk dəfə debat təşkil olunub. "Mədəniyyət və gənclərimiz" mövzusunda debatda Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonlarından olan 80 nəfərdən artıq mədəniyyət işçisi iştirak edib. İştirakçıların fikrinə əsasən pilot layihə kimi gənc mədəniyyət işçiləri arasında keçirilən debat böyük marağa səbəb olub, onların peşəkar mütəxəssis kimi formalaşmasına töhfəsini verib.

"Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun Şəmkir rayon üzrə kuratoru Tural Əliyev, Binəqədi rayon MKS-nin işçisi Şəfiqə Ağayeva, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları Nürəddin Babayev, Aygün Qasımova, Sənan Talıbov yeni üslubların daxil olması ilə qlobal və rəqəmsal mədəniyyətlə qədim mədəni mühitin harmoniyasındakı prosesləri izah ediblər.

Qeyd edək ki, debatda ənənəvi mədəniyyətimizin qlobal və modern mədəni dəyərlərlə olan əlaqəsi, qarşılıqlı inkişaf yolları və ziddiyyətləri mövzusu müzakirə olunub.

 

 

ŞAHANƏ

 

525-ci qəzet.-2018.- 3 iyul.- S.7.