Manqurtun keçmişi və keçmişsizliyi

 

"- Torpağı almaq olar, mal-dövləti almaq olar, lap adamın həyatını da almaq olar, ancaq adamın hafizəsinə kim qəsd edə bilər, bunu kim fikirləşib tapıb?"

Çoxlarına ta uşaqlıq illərindən tanış olan bu fəryad qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanındakı Manqurtla bağlı hissədəndir. Hələ orta məktəb dərsliyində romandan kiçik bir parça kimi verilən hissədə böyük faciədən söz açılır. Elə bir faciə ki, uşaq yaşımıza baxmayaraq, ağrısını iliklərimizə qədər hiss edib, bir anlıq özümüz qəhrəmanın yerində imiş kimi əlimizi qorxuyla başımıza aparıb yoxlayardıq. Yox, bizim başımıza heç kimi qaynar dəvə dərisi keçirtməyib, biz kimik, adımız nədir, atamız kimdir, anamızı xatırlayırıqmı? Bəli, bütün suallara cavab verə bilirik, deməli, biz Manqurt deyilik. Bəs nə idi bizi bu qədər təlaşlandıran? Yaddaşı itirməklə nə baş verir? Bütün bunların faciəsini  müəllif kiçik bir hekayə ilə oxucusuna təsvir edir. Daha doğrusu, yaşadır.

İllərdən sonra bu əsəri xatırlamağım heç də əbəs yerə deyil. Bu günlərdə  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bizi uşaqlığımızın o çılğın və saf illərinə, bu əsərlə ilk tanış olduğumuz həmin günlərə apardı. Özünün  Abbas Mirzə Şərifzadə Səhnəsində oynanılan "Manqurt" tamaşası ilə.

Yenicə premyerası keçirilən tamaşa teatrın böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinə bir töhfədir. Əsərləri bütün dünyada məşhur olan, bir çox dillərə tərcümə olunmuş yazıçının yubileyi münasibətilə bu il bir çox ölkələrdə tədbirlər keçirilir, layihələr hazırlanır.

Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğludur. Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak ediblər.

Yaradıcı kollektiv əsərə demək olar ki, çox cüzi müdaxilələr etmişdilər. Bütün yük təbii ki, aktyorların üzərinə düşürdü.

Bəs əsər nədən bəhs edir? Bu suala cavab verməzdən öncə yaxşı olardı ki, "manqurt" sözünün mənasını və hardan gəldiyini xatırlayaq. Manqurt- türk, altay və qırğız əfsanələrində bəhs edilən şüursuz kölədir. Manqurt halına gətirilmək istənən adamın başı qırxılır, yaş dəvə dərisi sarılar və beləcə əlləri qolları bağlı olaraq Günəş altında buraxılır. Dəvə dərisi quruduqca gərilir. Gərilən dəri başı sıxır və inanılmaz ağrılar verərək adamın ağlını itirməsinə səbəb olır. Belə bir adam şüursuz və hər istənilən şeyi sorğu-sualsız icra edən bir köləyə çevrilir.

Bu əsərdə bu cür amansız cəzanı juanjuanlar tətbiq edirlər. Onlar tutduqları ərazilərdə yaxaladıqları əsir döyüşçüləri ya satar (bu əsirlər şanslı hesab olunardı, çünki qurtulmaq şansları vardı), ya da dediyimiz üsulda manqurta çevirərdilər. Əsiri axtaran, onu xilas etməyə çalışan qohumları, döyüş yoldaşları belə onun manqurta çevrildiyini eşidəndə ondan biryolluq əl üzürdülər. Çünki bu cür insanın xilası mümkün deyildi.

Tamaşa əsərdən bir az fərqli başlayır. İlk dəfə səhnədə bir adam (Elşən Rüstəmov) görünür. Sözlərindən aydın olur ki, onun əcdadlarının uyuduğu Ana-Beyit qəbiristanlığının sökülmək təhlükəsi var. Bu adam da ona etiraz edir. Bunun adi qəbiristanlıq deyil, böyük bir tarixi abidə olduğunu və onun məhvi ilə tarixin böyük bir hissəsinin silinəcəyini deyir. Ancaq bu işə dövlət tərəfindən vəzifələndirilən başqa bir adam (Ramin Şıxəliyev) buranı sökməkdə qərarlıdır. O nə tarix bilir, nə əcdad, nə kök. Ona maraqlı olan yalnız bir şey var, o da bircə zənglərinin qarşısında iki qat büküldüyü, yaltaqlanmaqdan üzünün ifadəsinin belə pozulduğu başçılarının gözünə girmək üçün əmrlərini layiqincə yerinə yetirmək, beləcə öz işini və yerini möhkəmlətmək. Beləcə, qarşımızda bütün keçmişini öz mənafeyi uğrunda silən, unudan manqurt var. Elə E.Rüstəmovun canlandırdığı obraz da ona olan hikkəsi ilə həmin o "Sarı özək" əfsanəsini, manqurtlaşdırılan insanların taleyini xatırlayır.

Demişdik ki, manqurtdan ən yaxınları belə əlini üzürdü. Bircə Nayman ana (Mehriban Xanlarova) vardı ki, o, öz balasının manqurtlaşdırılmasını qəbul etmək istəmir, onu axtarıb tapmaqda qərarlıdır. Elə bu ümidlə də yola düzəlir. Nəhayət, gəlib onu Sarı-özək səhrasında tapır. Amma oğlunu görəndə dəhşətə düşür. Çünki başına dəvə dərisi keçirilmiş oğlunun bir mumiyadan, müqəvvadan fərqi yoxdur. Oğlu Jolaman nəinki anasını, heç özünü də tanımır, deyilən sözləri eyninə almır, ancaq boş-boş baxmaqla kifayətlənir. Ana isə yenə də ondan əlini üzmür, adını, kimliyini, atası Donanbayı, uşaqlığını xatırlatmağa çalışır, balasını bu qaniçən juanjuanlardan xilas etməyin yollarını axtarır. Ancaq düşmən çox ayıq-sayıq və hiyləgərdir. O, manqurtu inandırır ki, onun anası yoxdur, bu qadın isə onun başındakı dərini çıxarıb, başını buğa vermək istəyir. Başındakı dərinin çıxarılması qorxusu manqurt üçün əsl faciədir və o, bu qorxu ilə ağasının hər dediyini edəcəkdi. Necə ki, edir. Ona keçmişini, kimliyini xatırlatmağa çalışan, onun üçün uzun yolları aşan qoca anasını bir oxla öldürür. O gündən həmin yerlər Ana Beyit qəbiristanlığı adlanır.

Tamaşada aktyor Ramin Şıxaliyev iki manqurtu canlandırır. Biri öz istəyi ilə mənafeyi üçün keçmişini danan yaltaq məmur, digəri isə düşmən tərəfindən böyük işgənclərlə yaddaşı silinən əsgər. Hər iki hala aktyorun çevik uyğunluğu kifayət qədər uğurlu alınırdı.

Həqiqətən də manqurt yalnız fiziki işgəncə ilə yaddaşını itirən insan deyil. Həm də özü öz xoşu ilə keçmişindən imtina edən, onunla maraqlanmayan, müasirlik adı ilə hər cür əxlaqsızlığı və ədalətsizliyi etməyə hazır olan insandır. Nə yazıq ki, günümüzdə bu cür manqurtların sayı getdikcə artmaqdadır.

Bütün aktyorlar əsərin ağırlığının fərqində olaraq öz obrazlarını canlandırırdılar. Mehriban Xanlarova ananın çarəsizliyini, mətanətini, fəryadını və ağrısını elə ustalıqla çatdırırdı ki, onun çəkdiklərinə etinasız qalmaq mümkün deyildi.

Elşən Rüstəmov isə obraz içərisində obraz oynayırdı. O, həm Ana Beyit qəbiristanına etiraz edən və "Manqurt" əfsanəsini danışan türkü, həm də düşmən juanjuanı canlandırırdı. Onun an içərisində dəyişimləri, səs tonlarını ustalıqla seçməyi və hər sözlə dəyişən mimikası tamaşaçını valeh etməyə bilməzdi.

Əsərin səhnə həllini, dekorasiyanın sadəlik içərisindəki dəqiqliyini uğurlu hesab etmək olar. Rejissorun əsərə qatdığı əlavələr də mövzuyla bilavasitə səsləşir, onu günümüzə uyğunlaşdırmaqla daha da dərinləşdirirdi.

Yazıldığı dövrdən bu yana öz aktuallığından bir az da olsun itirməyən əsərin səhnə versiyası da tamaşaçılara xeyli mətləblərdən söz açır, keçmiş türklərin fonunda özümüzü özümüzə göstərməyi bacarır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.- 3 iyul.- S.7.