Professor Qəzənfər Paşayevin biblioqrafiyası

 

Azərbaycan Milli Kitabxanasının biblioqrafik informasiya fəaliyyətinin mühüm istiqamətlərindən birini biblioqrafik vəsaitlərin tərtibi və nəşrinin həyata keçirilməsi təşkil edir.

Bu biblioqrafik göstəricilər müxtəlif mövzuları əhatə etməklə istifadəçilərin informasiya tələbatının ödənilməsi məqsədi ilə yaradılır. Milli Kitabxana sənədlərin biblioqrafiyalaşdırılması, ölkənin biblioqrafik vəsaitlər sisteminin formalaşması sahəsində geniş, əhatəli və səmərəli fəaliyyət göstərir.

Kitabxananın biblioqrafik vəsaitlər sistemində "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından buraxılan biblioqrafiyalar xüsusi yer tutur. 2006-cı ildən nəşr olunmağa başlayan elmi-köməkçi xarakterli bu biblioqrafiyalar əsasən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yubileyləri qeyd olunacaq görkəmli mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimlərinə həsr olunur.

Bu vəsaitlərin nəşrində məqsəd informasiya tələbatçılarını həm dünya, həm ölkə, həm də ayrıca Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə edilən hər növ materiallarla tanış etmək, lazım olan informasiyanın həm məsafədən, həm də kitabxana daxilində əldə edilməsinə kömək etməkdir. Kitabxananın saytında yerləşən "Kitabxanamızın nəşrləri" bölməsində  bu biblioqrafik vəsaitlərin tam mətnlərindən elektron formada istifadə etmək mümkündür. Kitabxana əməkdaşlarının səmərəli və hərtərəfli əməyinin nəticəsi kimi ərsəyə gələn bu vəsaitlər milli biblioqrafiyanın  formalaşması və inkişafında əvəzsiz rol oynayırlar.

Kitabxana tərəfindən ötən il hazırlanmış elmi-köməkçi xarakterli növbəti şəxsi biblioqrafik vəsait görkəmli ədəbiyyatşünas-alim, folklorçu, dilçi, yazıçı, publisist, mətnşünas və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr edilmişdir. Alimin fəaliyyətini biblioqrafik şəkildə özündə əks etdirən vəsait "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasında tərtib edilərək geniş ictimaiyyətə təqdim edilmişdir. "Qəzənfər Məhəmməd oğlu Paşayev: biblioqrafiya" adlı biblioqrafik vəsaitin  elmi redaktoru kitabxananın direktoru, professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi, Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır. Kitabxananın Diyarşünaslıq elmi-biblioqrafiya şöbəsinin əməkdaşları Mədinə Vəliyeva və Mətanət İbrahimova tərəfindən tərtib edilmiş 320 səhifəlik bu şəxsi biblioqrafik vəsaitdə professor Qəzənfər Paşayevin əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında materiallar toplanmışdır. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Qəzənfər Paşayev haqqında ilk biblioqrafiya 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən tərtib edilmişdir.

Azərbaycan Milli Kitabxanasının yenidən hazırladığı biblioqrafik vəsait alimin həyat və yaradıcılığının 1966-2017-ci illərini əhatə etməklə daha da təkmilləşdirilmiş, istifadəçilərin axtarışını asanlaşdırmaq məqsədilə yeni bölmələr yaradılmış, son beş ilin materialı əlavə edilmişdir. Biblioqrafiyada alimin Azərbaycan, ingilis, rus, türk və ərəb dillərində çap olunmuş monoqrafiya və kitabları, tərcümə əsərləri, elmi simpozium, sessiya və konfrans materiallarında, dövri mətbuatda dərc olunmuş elmi və publisistik məqalələri, həmçinin, rəhbəri və rəsmi opponenti olduğu namizədlik və doktorluq dissertasiyaları, rəy verdiyi digər elmi əsərləri də öz əksini tapmışdır.

1414 adda mənbənin biblioqrafik təsvirlərini və xülasələrini özündə əks etdirən vəsaitə daxil edilmiş materiallar müvafiq bölmələr üzrə, daxildə isə xronoloji qaydada əlifba sırasına uyğun olaraq yerləşdirilmişdir.

Qəzənfər Paşayevin həyat və yaradıcılığı haqqında verilmiş qısa məlumatdan sonra onun Azərbaycan elminin inkişafındakı rolu və xidmətlərini işıqlandıran  AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin "Ziyalı fədakarlığına örnək", Xalq şairi Sabir Rüstəmxanlının "Milli qeyrət" oçerki və Dr. Əbdüllətif Bəndəroğlunun "Şah əsər" adlı yazısı verilmişdir.

Qəzənfər Paşayevin həyat və fəaliyyətinin əsas tarixləri, onun qələm dostları və ədəbiyyatımız haqqında düşüncələri, Azərbaycan və xarici ölkə alimlərinin, elm adamlarının və görkəmli şəxsiyyətlərin Qəzənfər Paşayev haqqında fikirləri öz əksini tapmışdır.

Vəsaiti Azərbaycan və rus dilində olmaqla 2 hissəyə bölmək olar: Qəzənfər Paşayevin öz qələmindən çıxan nəşrlər və professor haqqında materiallar.

"Əsərləri" bölməsində müəllifi olduğu 28, tərtib etdiyi 27, xarici ölkələrdə və Azərbaycanda əcnəbi dillərdə və Azərbaycan dilində nəşr olunan 11 kitab, xarici ölkələrdə dövri mətbuatda və məcmuələrdə Azərbaycan və müxtəlif dillərdə dərc olunmuş 44 məqalə, dövri mətbuatda və məcmuələrdə dərc olunmuş 563 ədəbi-tənqidi məqalə, 43 müsahibə, redaktor olduğu, rəy verdiyi və ön söz yazdığı 38 kitab, 8 tərcümə kitabı, dövri mətbuatda çap olunan 4 tərcümə, 7 aspirant və dissertantlara elmi rəhbərliyi, 13 doktorluq dissertasiyasına, 28 namizədlik dissertasiyasına rəsmi opponentlik, doktorluq və namizədlik dissertasiyasına avtoreferat əsasında verdiyi 20 rəy haqqında biblioqrafik məlumatlar verilmişdir.

"Qəzənfər Paşayevin həyat və yaradıcılığı haqqında" adlı ikinci bölmədə isə 10 kitab, haqqında dövri mətbuatda və məcmuələrdə dərc olunmuş 458 məqalə, haqqında xarici dillərdə 1 kitab, xarici dövri mətbuatda və məcmuələrdə çap olunan 78 məqalə haqqında  məlumatlar əks olunmuşdur.

Rus dilində "Əsərləri" bölməsində 4 kitab, dövri mətbuatda və məcmuələrdə dərc olunmuş 20 ədəbi-tənqidi məqalə, "Qəzənfər Paşayevin həyat və yaradıcılığı haqqında" adlı bölmədə isə haqqında dövri mətbuatda və məcmuələrdə dərc olunmuş 6 məqalə, redaktorluq etdiyi 3 kitab barədə  biblioqrafik məlumatları verilmişdir.

Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda köməkçi aparat tərtib edilmişdir. "Qəzənfər Paşayevin əsərlərinin əlifba göstəricisi"nə müəllifi olduğu öz kitablarının, tərtib etdiyi kitabların, xarici ölkələrdə və Azərbaycanda əcnəbi dillərdə nəşr olunan kitablarının, xarici ölkələrdə dövri mətbuatda və məcmuələrdə Azərbaycan və müxtəlif dillərdə dərc olunmuş məqalələrinin, kitablarda, dövri mətbuatda və məcmuələrdə dərc olunmuş ədəbi-tənqidi məqalələrinin, müsahibələrinin, məktublarının, tərcümə etdiyi əsərlərin, Azərbaycan və rus dillərində redaktoru olduğu, rəy verdiyi və ön söz yazdığı kitabların əlifba göstəricisi daxil edilmişdir.

Bundan başqa, rus dilində alimin əsərlərinin əlifba göstəricisi verilmişdir ki, buraya kitabları, dövri mətbuatda və məcmuələrdə dərc olunmuş ədəbi-tənqidi məqalələri daxil edilmişdir.

Həmçinin, alim haqqında yazmış müəlliflərin Azərbaycan və rus dillərində, məqalə və tərcümələrinin isə ingilis dilində əlifba göstəricisi tərtib edilmişdir.

İnformasiya-axtarış aparatına əsasən bilmək olur ki, görkəmli alim haqqında ən çox yazıları  çap olunan müəlliflər bunlardır: F.Xəlilzadə (22 dəfə), Mahir Naqib (17 dəfə), Ə.Bəndəroğlu (15 dəfə), Ə.R.Xələfli (12 dəfə), H.Kürdoğlu (10 dəfə), Z.Bəşirqızı (10 dəfə), B.Nəbiyev, A.Vəfalı, Ə.Mədətoğlu və S.Hüseynoğlu (9 dəfə) və s.

Tərcümə etdiyi əsərlərin əlifba göstəricisinə nəzər saldıqda məlum olur ki, tərcümə etdiyi əsərlərdən ən çox çap olunanı A.Kristinin "Mavi qatarın sirri" (5 dəfə), İrəc Parsinecad "M.F.Axundzadənin ədəbi tənqidi" (4 dəfə) və A.Dümanın "Qafqaz səfəri" (3 dəfə) əsərləridir.

Məktublarının əlifba göstəricisindən isə akademik İsa Həbibbəyliyə (5 dəfə), Şair Nəriman Həsənzadəyə (5 dəfə), yazıçı Salatın Əhmədliyə (5 dəfə), Şair Məmməd İsmayıla (4 dəfə) "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadəyə (4 dəfə), ədəbiyyatşünas alim İmamverdi Əbilova (4 dəfə), Əməkdar müəllim Miriş Bərşadlıya (4 dəfə) və şair, professor Sədnik Paşayevə (4 dəfə) yazdığı açıq məktublarının ən çox çap olunduğunu görürük.

Görkəmli ədəbiyyatşünas alimin ədəbi və bədii irsini və onun haqqında yazılan dərc olunan materialları tam şəkildə əks etdirən bu fundamental biblioqrafiya prof. Qəzənfər Paşayevin zəngin yaradıcılıq yolu ilə maraqlanan oxucular, alimlər və tədqiqatçılar üçün dəyərli bir məxəz, hərtərəfli axtarışların aparılmasına geniş imkan yaradan sanballı bir bibloqrafik informasiya mənbəyi hesab oluna bilər.

 

 

Ədibə İSMAYILOVA

Azərbaycan Milli Kitabxanasının

direktor müavini, Əməkdar mədəniyyət işçisi

 

Aygün HACIYEVA

Azərbaycan Milli Kitabxanasının şöbə müdiri

 

525-ci qəzet.-2018.- 4 iyul.- S.8.