Fəlsəfə
ətirli misralar
Şeirlərində
və hərdən qələmə aldığı
yazılarında fikirləri özünəməxsus bir fəlsəfəyə
malikdir, "deyən Elman Tovuzun sözləri bu yazıma imza
atmama səbəb oldu. Çünki şairin şeirlərini
oxuduqca həm asan, həm də çox dərin, yalnız
özünəməxsus fikirlər oxucusunu
düşündürməyə bilməzdi. Amma bu fikri təsdiqləmək üçün
kiçik bir təkan lazımlı idi və mən də
milyonlarla oxucudan biri olaraq aksiom kimi səslənən həmin
cümlələrin axarına qoşuldum. Bütün
olmasa da, bəzi şeirlərin həmin fəlsəfə
yükünü dövri mətbuatda bölüşmək
arzumu gerçəkləşdirmək istədim.
Beləliklə, Adilə Nəzər
yaradıcılığına bir nəzər salaq!
Mən bir az
narahat adam,
bir az da rahat adamam.
Hər ağrının
köməyinə,
vaxtında çatan adamam.
Nədən olsa bir iş
tapıb,
Başımı
qatan adamam.
Yetənə yetən, yetməyənə
Bir şeir atan
adamam.
Fikrimcə, bu
şeir Adilə Nəzər
yaradıcılığının açarıdır. Çünki
misralarda şair həm özünü oxucusuna təqdim edir,
həm də fəlsəfi yükün ağırını
çiyinlərindən atıb "yetənə yetib, yetməyənə
bir şeir atır". Maraqlı və
olduqca uğurlu misradır. Xalq deyimində
"Yetənə yetib, yetməyənə bir daş
atanlar", yəqin ki, bu şeiri oxusalar, "daş
atmaq" fikrindən vaz keçərlər. Və şairin fəlsəfi anlama
büküb-bürmələyib oxucusuna
"atdığı" şeirləri tutmaq
üçün bir qədər dərinə varmaq,
düşünmək, nəticə çıxarmaq
lazımdır. Şair isə oxucusunu buna
vadar edir. Açar misraların sehrinə
salıb, yeni misraları oxumağa həvəsləndirir.
Sənin yuxundan
yıxıldım bu gecə,
əllərim ağladı
tutacağında.
Ağladı, duruldu buludlar,
Şehi
qaldı yanağında.
Görmədin...
Deyərdim ki,
fəlsəfi düşüncəni yaradan amillərdən
biri bədii əsərdə işlənən məcazlardır. Həqiqi
donunu soyunub məcazi libasına bürünən cümlələr,
ifadələr sənətkarın həm uğurlu deyimlərini
yaradır, həm də demək istədiklərini ortaya
atır. Adilə Nəzərin yuxarıda
verdiyimiz misralarında metafor libasını geyinən cümlələr
maraqlı ifadə biçimi yaradıb.Yuxudan yıxılaraq
tutacaqda ağlayan əllər hansı ağrıdan
sızıldayır, görən? İkili anlam var:
birincisi, yıxıldığı üçün
ağlayır, ikincisi, sevgilisinin yuxusunu tərk etdiyi
üçün...
Qayıdıram
bu misraların izahına. Ağlayıb durulan
buludları, yanağında həmin göz
yaşlarının şehini görməyən kimdir, görəsən?
Sonrakı misralar bu cavabı verməmizə
yardımçı olur.
Susadım eşqə,
vüsalın qoxusuna gəldim...
qəm gölməçəsi
göründü gözlərimə...
Tutdu gözlərimi,
görmədim.
Səni gəzdi
üfüqlərdə əllərim.
Görmədin...
Məlum olur
ki, lirik qəhrəman eşq arxasınca gəzir. O, vüsalın qoxusuna gəlsə
də, gözlərinə qəm gölməçəsi
görünür və bu, onun gözlərini qapayaraq görməməsinə
səbəb olur. Kor-koranə şəkildə
sevgilisini axtaran lirik qəhrəmanı Məşuq yenə də
görmür. Yenə də məcazdan
istifadə var. "Eşqə
susamaq", "vüsalın qoxusuna gəlmək", "qəm
gölməçəsinin gözləri tutması", "əllərin
üfüqlərdə sevgilini axtarması" məcazın - metaforun nümunələridir.
Bir addım yetərdisə
xoşbəxt olmağa,
niyə biz sevgiyə məhkumluqla
barışdıq?
Burada güclü inkar var:
eşqi inkar. Sevgiyə məhkum olmasa idilər,
xoşbəxt olmaq mümkün idi. Bəs
lirik qəhrəman buna razıdırmı? Əlbəttə,
yox! Ancaq sevginin onu xoşbəxt etməyəcəyini
bilə-bilə eşq yolunu seçir. Məşuqun
bu sevgini "görməməsi" belə, onu həvəsdən
salmır, yolundan döndərmir. Bu, təkcə
real eşq deyil. Həm də insanın
yaradana olan eşqidir ki, Adilə Nəzər qələmində
öz ifadəsini tapıb. Yeni bir şeirə
müraciət edək.
İkiyə
bölünmüşəm,
İki
olmuşam mən də.
Yarım Yarımda gedib,
Qalıbdı yarı məndə...
Qədim rəvayətə
görə, insan yarananda "yarı" doğulur. Sonra
özünün "yarı"sını axtarır,
bütövləşənə qədər.
"Yarı"nı tapanda isə tam
olur. Bu şeirdə isə həmin fikrin əksini
görürük: bütövdən yarıya gedən yolu
seçib şair "Yarı"sı "Yarın"da
gedən lirik qəhrəman "yarı" qalıb. Maraqlı tapıntıdır.
Başımın al
şalını,
Ömrümün
yaşılını,
Həm ağını
aparıb,
Qalıbdı sarı məndə...
Şeirdə həyatının
alını, yaşılını, ağını
özü ilə aparan Yarı lirik qəhrəmanda ancaq
sarı rəngi saxlayır, onu ömrün xəzanına,
nifrətinə məruz qoyub gedir.
Şirin sözün,
söhbətin,
Sevincin, səadətin,
Bir odlu məhəbbətin
Qalıbdı narı məndə...
Bu bənddə
sonuncu misra xüsusilə, diqqəti cəlb edir. Nar meyvədir,
gilələri olan meyvə. Ədəbiyyatda
bu meyvəyə tez-tez müraciət olunur. Müsbət anlamda. Amma burada fərqli
aspektdə münasibət var.
Sevincin, səadətin,
məhəbbətin tam şəkildə deyil,
parçalanmış hissələri lirik qəhrəmanda
qalmışdır. Bu da birinci bənddə ikiyə
bölünməyin nəticəsi kimi təzahür edir.
Şairin daha bir uğurlu
misrasına müraciət edək:
- Orucumu tutduğum bir sevginin
iftarını açdım bu axşam.
Sevgisi daşa
dəymiş birinin bir müddətdən sonra yenidən sevməsi
oruc tutaraq nəfsini imtahana çəkənin məqsədinə
bərabər götürülür. Axşamlar iftar
açan dindarın maddi nemətə üz tutması
Aşiqin mənəvi istəyi ilə paralel şəkildə
qoyulub oxucuya çatdırılır. Yaxud:
Hərdən şeir
yazıram
Bəlkə baş
aldadıram
Sevgi qum
saatıdır
Qəlbimi doldurduqca
Ağlımı
boşaldıram -
misralarında ikili məna
yükünü daşıyan ifadələr diqqəti
çəkir.
Birincisi, sevgi qum
saatına bənzədilməklə qəlbin dolması və
buna uyğun olaraq qum saatının yuxarı hissəsində
qalan ağlın boşalması labüddür.
İkincisi,
insan sevərkən ağlın səsinə yox, qəlbin səsinə
qulaq asır.
Bu da insanın "məcnunlaşmasına"
səbəb olur. Deməli, ağlın
azalması bu prizmadan da labüddür.
Adilə Nəzər
təkcə sevgi şeirlərində deyil, bütün
mövzularda yazdığı əsərlərində fəlsəfi
anlamı saxlamağa çalışan şairdir. Bu xüsusda
"Nə yazım, ömrüm" şeiri diqqəti
çəkir.
Deyirsən
şeir yaz. Nə yazım ömrüm?
Hara
baxırsansa dərd qalaq-qalaq.
Vallah, istəyirəm
xoşbəxt görünüm,
Yenə qələm yazır
qəm varaq-varaq... -
şeirində şairin özü ilə
dialoqu - sual-cavabı əks olunub. Şeir
yazmağı tələb edən Ömür qərarlı
olduğu kimi, şair də qərarlıdır. Ancaq dərdin xoşbəxtliyi üstələdiyi
bir həyatda bu, çox çətindir. Şair nə
qədər şad görünməyə, xoşbəxt
olmağa çalışsa da , qələm
qəmi yazır. Həm də varaq-varaq.
Axı mən neyləyim
zaman beləsə,
Könlüm
istədiyi yerlər uzaqdı.
Uzaqda bir isti ocaq var isə,
Getməyə
yolum qar, şaxta, sazaqdı.
Zamanı,
gedişatı günahkar bilən şair könlünün
istədiyi yerlərin uzaq olmasından təəssüf hissi
keçirir. Yollarının qar, şaxta, sazaq olmasından
şikayətlənir. Əlbəttə,
burada təbiət hadisələri olan qar, sazaq, şaxta
şairin qarşılaşdığı çətinliklər,
üzləşdiyi qadağalar, "yox"lardır. Uzaqda görünən "isti ocağa"
çatmağa isə onun yolları bağlıdır. Bu, qədərin, həyatın lirik qəhrəmanı
sıxdığı anlardır.
Tale qatarı
da yolda taq-taraq...
Qəlbimdə od tökür, oda bürünüm.
Gün keçir.... olacaq son
dayanacaq,
Deyirsən,
nikbin yaz. Nə yazım, ömrüm?
Taleyinin qatarı
kəşməkeşli yollarda taqqıldadıqca onun qəlbi
oddan paltar geyinib. Və bu yolun son
dayancağı haqda düşündükcə nikbin yazmaqdan
vaz keçir şair. Ömrün istəyinə
əməl edə bilmir.
İnsanlığı
xeyirə, sevgiyə, sülhə, humanizmə
çağıran A.Nəzər qələmini fikirlərinə
əsir edib oxucularına insanlığı özünəməxsus
tərzdə çatdırmağa çalışır.
Ruhəngiz ƏŞRƏFQIZI
525-ci qəzet.-2018.- 4 iyul.- S.8.