Ölən
və dirilən Təhminə
İyunun 30-da
Rus Dram Teatrında rejissor Aleksandr Şarovskinin quruluşunda
"Yuxularıma girmə" tamaşası teatrsevərlərə
təqdim olundu.
Tamaşa Xalq
yazıçısı Anarın "Təhminə və
Zaur" pyesi əsasında hazırlanıb. Müəyyən
dərəcədə müasirləşdirilmiş,
günümüzə uyğun əlavələr olunmuş əsər
Rus Dram Teatrı səhnəsində fərqli
görünürdü. Azərbaycan oxucusunun və
tamaşaçısının illərdir ki,
tanıdığı, sevdiyi Təhminə də, Zaur da
başqa idilər... Elə bu başqa adamlar əsərin
taleyi haqqında düşünməyə sövq edirdi.
Görünür,
bədii əsərlərin də canlı varlıqlar kimi
taleyi olur. Bəlkə
əslində, mətn yalnız yazıldığı,
yarandığı vaxtda yazıçının olur, bir az
sonra oxucu tərəfindən sevilirsə, qəbul edilirsə,
ayrı bir "həyat" yaşayır, müəllifin
düşündüyü yoldan, ideyadan çıxır,
uzaqlaşır. Təxminən, böyütdüyün
övlad kimi - bir vaxt gəlir ki, öz taleyini yaşayır...
Bu mənada Təhminənin taleyi sözün
müxtəlif mənalarında qəribədir. Əsərdə qısa ömrünü
arzuladığı kimi yaşayan bu qəhrəman dünyadan
çox vaxtsız köçür. Amma çox
maraqlıdır ki, bu çərçivəsiz həyatı,
azad xarakteri və qeyri-adiliyi ilə, hətta ölümü
ilə Təhminə ölümsüzlük qazanıb. Əlbəttə, bu fikrin özəyindəki
patetikanın fərqindəyəm, amma illərdir ki,
davamlı şəkildə diqqət mərkəzinə
çəkilən qadının haqqında ayrı necə
danışmaq olar ki?! Qısaca, illər üzrə Təhminəyə
müraciətin tarixçəsinə nəzər salaq... Anar 1965-ci ildə "Ağ liman" povestini
yazıb. Bu əsərdə Təhminə
və Zaur münasibətləri bir bölümdə təsvir
olunur; çılğın aşiqlərin
qarşılıqlı borcluluq filan olmadan
görüşü, əslində, bəlkə sadəcə
simpatiya səviyyəsində ünsiyyətləri. Təxminən,
on il sonra yazıçı bu münasibətlərin
inkişafını yazır, "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanını qələmə
alır. Qarşısına müasir Leyli və
Məcnun yazmaq məqsədi qoymuş müəllif bir sevgi
tarixçəsiylə bərabər mühiti də
özünəxas şəkildə qələmə alır.
Əsər qısa müddətdə bestseller
olur və bir çox rejissorların da diqqətini cəlb
edir. Müxtəlif paytaxt və rayon
teatrları bu əsəri səhnələşdirmək istəyirlər.
Yenə müəllif roman əsasında "Təhminə
və Zaur" pyesini qələmə alır və rejissor Mərahim
Fərzəliyev Dram Teatrı səhnəsində quruluş
verir əsərə. Amaliya Pənahova Təhminə,
Fuad Poladov Zaur obrazını ifa edirlər. Bu
tamaşanın cəmisi 3 kadrı qalıb televiziyanın
arxivində, amma səhnə əsərinin
qazandığı uğur haqqında kifayət qədər
yazılıb. O zaman həm sənətşünasların,
həm ədəbi mühitin tamaşaya münasibəti
müsbət olur, əsər haqda sonsuz sayda məqalələr,
resenziyalar yazılır. Yüzdən çox
anşlaqla gedən tamaşa haqqında "Təhminə və
Zaur"a bilet yoxdur" sözləri yazılır kassa
önündə və şübhəsiz ki, bütün
bunlar müəlliflərə də, aktyorlara da şöhrət
gətirir. Bəstəkar Emin
Sabitoğlunun tamaşaya Nigar Rəfibəylinin və
Anarın sözlərinə yazdığı mahnılar dillər
əzbəri olur.
Mərhum Xalq
artisti Fuad Poladov müsahibələrində dönə-dönə
vurğulayırdı ki, əsəri oxuyan kimi Zauru ifa etmək
istəyib və ilk dəfə məhz özü rejissora
müraciət edərək bu rolu ona verməsini xahiş edib. Xalq artisti Amaliya Pənahova
da Təhminə rolunu necə böyük şövq və
sevgiylə oynadığını dəfələrlə
söyləyib, hətta bu əsərə yenidən müraciət
etmək arzusunu da gizlətməyib heç vaxt...
Əsər
İstanbulun Bələdiyyə teatrında da uğurla
tamaşaya qoyulur.
Bəli,
dünyadan vaxtsız köçən Təhminənin taleyi,
səhnə, sənət "həyatı" davam edirdi. 1993-cü ildə
rejissor Rasim Ocaqov əsərə müraciət edir, film
çəkmək istəyir, yazıçı roman əsasında
kinossenari yazır və film ekranlaşdırılır.
Bu dəfə Zauru Fəxrəddin Manafov, Təhminəni
isə türk aktrisası Meral Konrat ifa edirlər. Və film hər cəhətdən
tamaşaçıların sevimlisinə çevrilir.
İstər süjeti, təsirli sevgi əhvalatı, istər
musiqiləri, istərsə də qəhrəmanların dilindən
səslənən unudulmaz ifadələri ilə film xalqın
malı olur. Bu gün
video-portallarda film haqqında şərhləri, film əsasında
hazırlanan video-materialları izləmək yetər ki, illər
sonra da bu ekran əsərinin aktuallığını itirmədiyinin
şahidi olaq. Bəlkə əslində,
romanın və filmin populyarlığı, sevilməsi
müxtəlif müəlliflərin bu süjetə,
mövzuya müraciət etməsinə səbəb olub.
1996-cı ildə rejissor Ülviyə
Könül roman əsasında "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" adlı yeni bir film
çəkir. Sənubər İsgəndərli
də, Elxan Cəfərov da peşəkar aktyorlar olsalar da,
kiçik büdcə və başqa problemlər ucbatından
film alınmır.
Bütün Təhminələri
və Zaurları, bu, artıq bizlərdən birinə
çevrilmiş qəhrəmanların müxtəlif
aktyorların ifasında necəliyini düşündükcə,
həm də Rus Dramn Teatrı səhnəsindəki tamam yeni
adamlara baxdıqca suallar içində itib-batırsan. Hələ romanı davam
etdirmək, bu qəhrəmanlara yeni tale, yeni münasibətlər
yazmaq istəyən müəlliflər də az
olmayıb. Bunlardan Günel Anarqızının
"Altıncı" povesti uğurlu olsa da, digər qələm
adamlarının cəhdlərini uğurlu saymaq olmaz. Bu mövzuya müraciət haqqında
danışmışkən filmin Emin Sabitoğlu tərəfindən
bəstələnən mahnılarının da ən müxtəlif
müğənnilərin fərqli oranjimanlarda ifa etməsini
xüsusi vurğulamaq lazımdır. Hələ də,
bu günə qədər Anar müəllimə romanla
bağlı müraciətlər davam edir, gənc rejissorlar
gah əsər əsasında film, gah da serial çəkmək
arzusu ilə yazıçının icazəsini almaq istəyirlər...
Bu faktları
sadalamaqda niyyətim var. Nədi Təhminən sirri? Axı, bu qədər
sadə oxucunu da, sənət adamını da cəlb edən
süjetdən daha çox Təhminənin özüdür.
"Yuxularıma girmə" tamaşasına
baxdıqca bu sualın cavabını tapmağa
çalışıram. Təhminə bir
azadlıq rəmzi kimi qavranılır. Və
rejissor da bu azadlığı, bozluq, eynilik arasındakı fərqliliyi,
qeyri-adiliyinin bədəlini verməli olan qadını
göstərməyə çalışır.
Anar müəllim
dəfələrlə müsabilərində, oxucuları ilə
görüşlərdə əsərə aid bir fikrini
xüsusi vurğulayır. Bu əsərə sadə
bir sevgi romanı kimi baxmaq düzgün deyil - deyir.
Maraqlıdır ki, istər Mərahim Fərzəlibəyovun
quruluş verdiyi tamaşada, istərsə də Rasim Ocaqovun
filmində əsərin məhz melodram tərəfi önə
çəkilib, mühit arxa planda, sevginin fonu kimi göstərilib
və əksər tamaşaçını da təsirləndirən
bu olub. Aleksandr Şarovskinin quruluşunda isə
mühitlə sevgi yerlərini dəyişiblər, mühit
ön plana, sevgi arxaya keçib deyə bilərik. Sevgi
mühitin fonu kimi görünür... Bəlkə
məhz bu səbəbdən Təhminə (Olqa Arsentyeva) və
Zaurdan (İbrahim Çingiz) daha çox digər qəhrəmanlar
insanı təsirləndirir. Xalq artisti Ayan
Mirqasımovanın yaratdığı Zivər, əməkdar artist Mələk
Abbaszadənin Alyası, Naina İbrahimovanın Mədinəsi
nə qədər yenidirlərsə, bir o qədər də
tanışdırlar; təkcə Anarın əsərindən
yox, həm də hər gün oxuduğumuz xəbərlərdən,
qohumumuzda, qonşumuzda, ailəmizdə müşahidə
etdiyimiz hadisələrdən... Bircə elə bu dialoqlara nəzər
salmaq yetər ki, çağdaş zamanın mənzərəsini
görəsən:
"Xosrov
Teyyuboviçi keçirtdilər Azprodsovetə. Hansı Xosrov
Teyyuboviçi? Qaçayev, Xosrov Teyyuboviçi
də. Mahmud İsrafiloviçi də
zamministr qoydular. Bəs onun yerinə kimi
qoydular? Turab Qurbanoviçi. Bəs
Turabın yerinə? Turabın yerinə
Tahir Zülfüqaroviçi qoyublar, Tahir Zülfüqaroviçin
yerinə də elə Mahmud İsrafiloviç gəlib".
Rejissor
bütün bu mühitin ümumiləşdirilmiş mənzərəsini
göstərən məqamları həm aktyor oyunları vasitəsiylə,
həm də zahiri effektlərlə həll edir. Zivərlər, Alyalar,
Murtuzlar, Dadaşlar - hamısı ağ-qara-boz rənglərdə
geyiniblər. Bircə Təhminədi burda
seçilən, al-əlvan olan.
Hamı eyni
vaxtda səhnədədir, bəzən Təhminə ilə
Zaur "kütlə"dən ayrılıb önə
çıxır, "başqa həyatı" göstərirlər. Amma qalan vaxtda
hamı bir-birinə qarışıb, mühit qaynayır və
hətta xorla danışır.
Yazımın əvvəlində
bədii əsərin öz taleyini
yaşadığını qeyd etdim. Yazıçının
ideyası ilə oxucunun qavradığı,
anladığı çox vaxt üst-üstə
düşmür. Elə rejissorların da
yozumunda fərqlər özünü göstərir. A.Şarovskinin də rejissor yozumunda xeyli fərqli məqamlar
özünü göstərirdi. Hər
şeydən əvvəl bu tamaşadakı Təhminə və
Zaur özlərindən əvvəlkilərə bənzəmirdilər.
Anarın əsərində də, filmdə də
çılğın, ehtiraslı görünən aşiqlər
burda daha çox həmdərd, həmsöhbət təsiri
bağışlayırdılar. Onların
sevgisi də, ehtirası da daha çox şərtilik əsasında
ifadə olunurdu. Amma Xalq artisti Ayan
Mirqasımovanın yaratdığı Zivər aktrisanın
parlaq oyunu sayəsində mühitin, Təhminə və Zaur
sevgisini qəbul etməyən kütlənin simvoluna
çevrilib. Məcidin Zaurla söhbəti
səhnəsində ərinin kürəyinə söykənib
bütün sözləri pıçıldayan, ərini
dümsükləyən, hər addımında oğlunun hərəkətlərini
özünməxsus şəkildə şərh edən
qadın tipik bir evdar xanımdır. Bu mənada
tamaşaçıya Zivər daha "doğma" gəlir. Bütün bu
mühiti rejissor bəzən rəqslər, bəzən ekrandakı
görüntülər vasitəsiylə daha dinamik, rəngarəng
formada çatdırır. Əsas ciddi bir məqam, daha
doğrusu, rejissorun niyyəti məhz sonda bütün qalan
adamları robot kimi danışmaq halına gətirməkdi...
Beləliklə, mühitin bozluğu, mənasızlığı
hər priyomla, hətta ağ-qara-boz geyimlərdən
tutmuş, şablon tostlara kimi hər üsulla göstərildi,
sonda da robot kimi danışdı adamlar və bununla da ideya
tamamlandı...
"Yuxularıma
girmə" tamaşasında Təhminənin həmişəlik
gedişi - ölümü xüsusi məqamdır... Bütün tamaşa boyu gülüş elementləri
ilə zəngin olan hadisələrin məhz bu yerdə
dinamikası da, rəngi də dəyişilir. Təhminənin qeyri-adiliyi, fərqi, qəbul
olunmaması ölümündən sonra da bircə detalla ifadə
olunur. Bütün personajlar onun üstündən
adlayıb keçirlər və Təhminə təslim olur,
birdəfəlik gedir...
Amma birdəfəlikmi?
Müxtəlif aktrisaların ifasında sevilən Təhminə
ekranda və səhnədə yaşayır... Ancaq nədənsə
əminəm ki, ona müraciət, onu yaratmaq, diriltmək,
canlandırmaq bununla da bitmir, bitməyəcək. Axı o, Təhminədir...
Kirpiklərini qaldırmaqla bəşəriyyətin tarixində
yeni bir səhifə açan Qadın! Kaman qız!
525-ci qəzet.-2018.- 4
iyul.- S.7.
Pərvin.