361 dərəcəli ensiklopediya
Müasir dövrdən yol alıb bəşəriyyətin
ilkin çağına
doğru getsək, bu yolda insanlar
arasında baş verən ünsiyyətin hər bir həlqəsini
zəncirvari nüvə
reaksiyası sanaraq izləsək, bəlkə
də indiyə qədər sirri açılmayan bir çox mağara yazılarının məhz
lüğətlərdən ibarət olduğuna şahidlik edərik.
İnsanın öz mağarasını
tərk edib qonşu mağaraya gedərkən əlinə
götürəcəyi iki
vacib əşyadan birinin məhz lüğət olma ehtimalı çox böyükdür.
Lüğətlər insanları, icmaları, qəbilələri, ölkələri
birləşdirən elə
vacib bir komponentdir ki, onsuz müasir dünyanın kommunikativliyini
təsəvvür etmək
sadəcə mümkünsüzdür. Təqribən
2400 il əvvəl
lüğətlərin bəşəriyyət
üçün təkcə
ünsiyyət deyil, həm də sistemli, qapanmış çevrə formalı, mükəmməl, əhatəli
bir növü də yaradılmış
oldu. Bu lüğət
tipini yunanlar ensiklopediya (yun. enkyklios - "çevrə
formalı"; paidei
- "dərs", "bilik")
adlandırmışdır. Dünya mədəniyyətində ensiklopediya
tərtibinin tarixinin olduqca qədim olmasına baxmayaraq, Azərbaycan dilində ilk ensiklopediya 1976-cı ildə
nəşrə başladı,
bu, "Azərbaycan Sovet Ensiklopediyası" idi. Bundan sonra ölkəmizdə
müxtəlif elm, mədəniyyət
sahələrinə, ayrı-ayrı
görkəmli şəxslərin
həyat və yaradıcılığına aid ensiklopediyalar nəşr olunmağa başladı.
Son 20 ildə Azərbaycan dilində tərtib olunan müxtəlif elm sahələrinə aid ensiklopediyaların,
muğam, rəssamlıq,
musiqi alətləri, xalçaçılıq, "Kitabi-Dədə Qorqud",
"Azərbaycan Xalq Cümhuriyyəti" və
başqa bu kimi onlarla ensiklopediyaların
sırasına uzunmüddətli
zəhmətin bəhrəsi
olan bir fundamental ensiklopediya da qoşuldu - "Azərbaycan
Tərcümə Ensiklopediyası".
AMEA-nın həqiqi üzvü, dilçi alim, görkəmli Azərbaycan yazıçısı
Kamal Abdullanın 13 il öncə başlatdığı iş
onlarla fədakar ziyalının gərgin zehni əməyi sayəsində öz məntiqi sonluğuna çatdı. Bu lüğət
- ensiklopediya klassik ensiklopediya qaydalarından kənara çıxır
və bununla Azərbaycan tərcüməşünaslığı
haqqında mükəmməlliyin
ötəsində informasiyanı
özündə ehtiva
edir.
Kitabda Azərbaycanda tərcümənin
bir elm və sənət sahəsi kimi daha geniş
və sistemli intişarına rəvac verən Dövlət proqramları, ölkə prezidentinin imzaladığı
müvafiq fərman və sərəncamlar, tərcümənin elm sahəsi
kimi formalaşmasının
nəzəri əsasları,
tərcümənin tarixin
dərinliklərindən bugünə
qədər süzülüb
gələn nəzəri
və praktik prinsipləri, dünyada mövcud olan tərcümə nəzəriyyələrində
tərcümə prosesinə
yanaşmalar, tərcümənin
fəlsəfi əsasları,
tərcümənin modelləri,
tərcüməşünaslığın
predmeti və problematikası nəzəri
baxımdan geniş və əsaslandırılmış
şəkildə öz
əksini tapmışdır.
Bu məqam ensiklopediyanın
tərcümə ixtisasını
öyrənmək istəyənlər
üçün həm
də dəsrlik olduğunu ortaya çıxarır.
"Azərbaycan Tərcümə
Ensiklopediyası"nın
ən vacib hissələrindən biri
"Azərbaycanda tərcümə
ədəbiyyatı tarixi"
adlanır. Burada Azərbaycan tərcümə
tarixinə aid indiyəqədərki
ədəbiyyatlarda yer
alan informasiya
təkzib edilmir, sadəcə Azərbaycan dilinin tərcümə prosesində iki dildən biri kimi iştirak tarixi XIX əsrdən XIV əsrə doğru dərinləşdirilir. XIV, XV, XVI, XVII, XVIII,
XIX və XX əsrlərə
aid Azərbaycan tərcüməçiliyi
tarixi akademik M.Nağısoylu tərəfindən
dəqiq faktlarla və tərcümə prosesinə cəlb edilən mətnlərdən
verilən misallarla təsvir olunur.
"Azərbaycan Tərcümə
Ensiklopediyası"nın
"Personalilər" bölməsi
dünya dillərindən
Azərbaycan dilinə
müxtəlif mətnləri
tərcümə edən
şəxslərin tərcümeyi-halını,
tərcümə etdikləri
mətnlərin siyahısını
əhatə etməklə
yanaşı, həm də Azərbaycan dilindəki mətnləri
digər dünya dillərinə tərcümə
edən şəxsləri
də ehtiva edir. Məsələn, bu bölmədə
məşhur azərbaycanlı
tərcüməçilərlə yanaşı, "Kitabi-Dədə
Qorqud" dastanını
rus dilinə tərcümə edən Bartold, Mirzə Şəfi Vazehin qəzəllərini almancaya
tərcümə edən
Bodenşted haqqında
məlumatlar da yer alıb.
Kitab Azərbaycan
tərcüməşünaslıq terminlərinin qısa lüğəti ilə sonlanır. Bununla ensiklopediya öz
mükəmməl çevrəsini
nəinki qapayır, hətta ensklopediya sərhədlərini də
aşaraq, kitabın ön sözündə deyildiyi kimi, əsl "bilik xəzinəsi"nə çevrilir.
"Azərbaycan Tərcümə
Ensiklopediyası" kitabı
bir neçə rakursdan əhəmiyyətlidir. Həmçinin, kitab Azərbaycan lüğətçiliyinə qiymətsiz töfhə, Azərbaycan tərcüməşünaslığının
öyrənilməsi baxımından
isə əvəzsiz mənbədir.
Öncə onu qeyd etmək lazımdır ki, kitabın üzərində 13 il sərasər peşəkar bir heyət çalışıb.
Azərbaycan dilinin sintaksisi üzərinə
dərin elmi araşdırmaların müəllifi,
əsərləri dünyanın
10-dan çox dilinə
tərcümə olunmuş
görkəmli Azərbaycan
yazıçısı, həmçinin,
Rus ədəbiyyatının
Gümüş dövrünə
aid şeirlərin tərcüməçisi
Kamal Abdullanın ensiklopediyanın tərtibinə
birbaşa rəhbərlik
etməsi, redaksiya heyətində təmsil olunan peşəkar elm, ədəbiyyat adamları,
peşəkar tərcüməçi
və ensiklopedistlər
kitabın mükəmməl
şəkildə tərtibinin
əsas qarantı olmuşdur.
Ensiklopediya Azərbaycan tərcüməşünaslığını
öyrənən araşdırmaçılar,
alimlər üçün
əvəzsiz mənbə,
həmçinin, ölkəmizdə
müxtəlif ali təhsil ocaqlarında tərcümə
ixtisasına yiyələnən
tələbə və
magistrantlar üçün
olduqca vacib dərs vəsaitidir.
Bu ensiklopediya
dünya mədəniyyətinin, ədəbiyyatının,
elimin Azərbaycana idxalını, həm
də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
və bununla azərbaycançılığın
dünya inteqrasiyası prosesini
göstərən yol xəritəsidir. Ensiklopediyada bu keçidləri
hər səhifədə izləmək mümkündür.
"Azərbaycan Tərcümə Ensiklopediyası" öz adından daha dərin mətləbləri ehtiva edərək bəşəriyyətin tarixində ən önəmli məqamı - mədəni keçidləri oxucuya təqdim edir və dünya mədəniyyətinin qan damarlarında AZƏRBAYCANLILAR adlı bir millətin yaratmış olduğu mənəvi sərvətlərin hərəkət trayektoriyasını oxucunun gözləri önündə canlandırır.
S.HÜSEYNOV
525-ci qəzet.-2018.- 4 iyul.- S.7.