İstiqlal
şairi Ümgülsüm
Adı
istiqlalımızla qoşa çəkilən Rəsulzadələr
ocağında doğulan, aylı-ulduzlu bayrağına
tapınan, türklüyü ilə qürur duyan, sözü
qılıncdan kəsərli, özü hələ
yazılmayan şeirlərin ən gözəli,
duyğuları çiçəklərin ləçəyindən
incə şair Ümgülsüm xanım haqqındadı bu
yazı.
O, Azərbaycanda
müstəqil dövlət quran, bayraq ucaldan M.Ə.Rəsulzadənin
əmisi qızıdır. O, Müsavat Partiyasının
yaradıcılarından biri, Cümhuriyyət dövründə
Parlamentin üzvü olan Məmmədəli Rəsulzadənin
bacısıdır.
O, ən
çətin məqamda-NKVD-nin zəhmi dağlar yaran zirzəmilərində
belə heç kəsin üzünə durmağı
özünə sığışdırmayan, dünyadan
kişi kimi köçən, mərdliyi ilə əbədi
ömür qazanan yazıçı Seyid Hüseynin həyat
yoldaşıdır.
O, Azərbaycanın
istiqlalını tərənnüm edən, Cümhuriyyətin
süqutundan sonra sovet rejiminə etiraz eləyən, nifrətini
gizləməyən, 37-ci ildə repressiyaya uğrayan yeganə
xanım şairimizdir.
Ədəb-ərkanı,
incə əl işləriylə xanımlığa, həyat
yoldaşına sədaqətiylə qadınlığa,
övladlarına olan sevgisiylə analığa şərəf
gətirən, şeirləri, hekayə və məktublarındakı
düşüncələri, misraları, sətirləriylə
heyrət və qibtə doğuran bənzərsiz, təkrarsız
bir söz adamıdır.
(Əvvəli ötən
sayımızda)
1920-ci ildə
qardaşı - Müsavat Partiyasının
yaradıcılarından biri, Parlamentin üzvü Məmmədəli Rəsulzadə
və əmisi oğlu - Azərbaycanda dövlət quran, bayraq
ucaldan Məhəmməd Əmin Rəsulzadə ilə
vidalaşan Ümgülsüm xanım 1937-ci ilin 15 iyununda həyat
yoldaşı Seyid Hüseyndən də ayrı
düşdü. Əslində, o, bu ayrılığın
müvəqqəti olduğuna, yenidən görüşəcəklərinə
ümidlər bəsləyirdi.
Amma ümidlər özünü doğrultmadı. Həmin
ilin noyabrında onun özünü də həbs eləyib
bir müddət sonra uzaq Mordva vilayətinə sürgünə
göndərdilər. Uzun yolçuluqdan öncə Bayıl həbxsanasında
yaşanan, bəlkə daha çox yaşanmayan, günsüz
günlər Umügülsüm xanımın "Qala xatirələri"ndə
hələ də dipdiridi...
"12
noyabr 1937-ci il.
Bu gün
iki gündür ki, burdayam. Bu iki gündə keçirdiyim həyat
mənə yuxu kimi gəlir. Başım bir qovğa
içində kimidir. Səhər saat 10-dur. Nadzor gəlib
qapının qıfılını açdı. Kamerada elə
qarışıqlıq var ki, belə bir şeyi mən
ömrümdə təsəvvürümə gətirməmişəm. Adam adam ayağı altında gedir.
Bütün yorğan-döşəklər yerə sərilib.
Axşamdan bəri 36 adamın (bir su başı kimi) istifadə
etdikləri ağzına qədər dolu çirkab vedrəsinin
və onunla yanaşı qoyulmuş natəmiz su-çay vedrəsinin
ağzı açıqdır. Nə bu mundarlığı və
üfunəti, nə də bu qədər adamın balaca, hər
tərəfi bağlı otaqda bütün sutka ərzində
aldıqları nəfəsdən kəsif havanı təmizləyəcək
bir şey yoxdur. Burada heç bir iş adi qayda üzrə
getmir. Hər şey fövqəladə bir şəkildədir.
Axşam yatanda soyunmayan məhbuslar yenidən geyinmə
işindən azaddırlar".
Sonuncu
cümlədəki "azadlıq" sözü diqqətimi
çəkir. Bu, mənəvi əzablar içində
qıvrılan, təhqir edilən, alçaldılan
qadınlara dörd divar arasında verilən yeganə
"azadlıq" idi. Azadlığın gerçək
anlamından söhbət belə gedə bilməzdi.
lll
"Çay
vedrəyə tökülüb qoyulmuşdur. Kamerada çay
içmək və xorək yemək üçün cəmi
on səkkiz qab vardır. 36 arvad bu qabda həm xorək yeyəcəyik,
həm də çay içəcəyik. Xorəkdən sonra yuyulmayan qablarda
növbə ilə çay içmək qanımızı
yemək kimi bir şeydir".
Bu, ərləri,
ataları, qardaşları istiqlal yolunda çarpışan
qadınları təkcə fiziki baxımdan deyil, həm də
mənən sındırmaq, təhqir etmək, incitmək üçündü. Molla Əbdüləzizin
sevimli qızı, mükəmməl tərbiyə
almış, yüksək mədəniyyət sahibi, xanımlar xanımı
Ümgülsümün belə bir şəraitdə nələr
çəkdiyini anlamaq elə də çətin deyil...
lll
"Yeməkdən
sonra kameramızda starosta təyin etdiyimiz Mariya rusca
yanıqlı bir şey oxudu. Bütün kameradakılar
hamı bir yerdə yana-yana ağladılar. Bu göz
yaşları bizim ən yaxın, ən səmimi
yoldaşlarımızdır. Hər qəlbdə eyni atəş
yanır. Hər kəsdə ən əziz balalarından
ötrü yanan isti ana qəlbləri
çırpınır.
Kamera
adlanan bu on beş kvadratmetrlik otağın yarım kvadratmetr
böyüklüyndə olan pəncərəsindən
saçılan günəşin ziyası bir payız
gününün son saatını andırır. Sanki bu
qırmızı şux havada qəlblərimiz eyni bir ahənglə
ağlayır".
Həbsaxana
pəncərəsindən düşən işıq da kədər
gətirər, əlbəttə... Bu divarlar arasında
hamını birləşdirən də həmin kədər
olur...
lll
"14
dekabr 1937-ci il
Bu gün
peredaça günüdür. Uşaqlardan, Seyid Hüseyndən
xəbər biləcəyəm.
Daha tabım qalmamışdır. Ürəyim çox
bərk döyünür. Bu gecə yenə də Qumuş
yuxuma girib. Gördüm əyninə təzə paltar geyinib,
alnına xırdaca qızıllar bağlamışdır. O,
gülür, yanaqları qıpqırmızıdır. Toya
gedirdi. Yuxudan ayılmağıma peşman oldum. Nə
olaydı, gecəni səhərə qədər onunla məşğul
olaydım.
Mən
aşiq xuda səni,
Saxlasın
xuda səni.
Ümidim
ona qaldı,
Görəm
yuxuda səni.
Siyahı
gəldi, adlar oxundu. Mənim adım vardır. Allaha çox
şükür! Keçən dəfəkilər kimi
peşman olmadım. Görəsən, nə xəbər
alacağam? Ürəyim aramsız vurur, parçalanır.
Peredaçamızı
almaq üçün gəlib bizi həyətə
aparırlar. Nadzorun nəzarəti altında gedirik. Birinci həyətdən
keçib ikinci həyətdə dururuq. Hava nə qədər
xoşdur. Səmaya baxıb üzərimizdə heç bir
şey olmadığı halda, açıq havada
dayanırıq...
Hava
çox gözəldir. Gərək bu yüksək təbiət
buralara qədər gəlib çıxmağa cürət
etməyəydi. Günəşin şüası mənim də
üzümə düşmüşdür, üzüm
yanır. Yəqin ki, indi Toğrul və Qumral da günəş
altında oynayırlar. Yanaqları qıpqırmızı
qızarmışdır. Əgər indi onların üzlərindən
öpən olsa, üzlərinin od kimi yandığını
dodaqları ilə hiss edər. Fəqət indi onların
üzündən öpən kimdi?"
Duyğuları
necə zərif, həsrəti necə güclü,
yazısı necə gözəldi. Hər sətrindən bir
şair qələmindən çıxdığı bəlli
olur. Həm də bu sətirlərdə məhbəs həyatı
yaşayan, 37-nin alovlarında yanıb kül olan bütün
anaların yaşantıları var.
lll
"4
fevral 1938-ci il.
Bir
neçə gündür yenə halım çox pisdir.
Nigarançılığın son pilləsindəyəm.
Canım köz üstündə kabab kimi yanır. İki
aydan bir qədər artıqdır ki, uşaqlarımın
heç birindən məktub almıram. İstər
peredaça, istər poçta ilə aldığım məktublar
ancaq Səyyarədəndir. Necə ola bilər ki, mənim
uşaqlarım mənə məktub yazmasınlar? Bunu mən
heç ağlıma sığışdıra bilmirəm. Əgər
onların başında bir şey olmasa, mənə məktub
yazmamış qalmazlar. Hətta
Səyyarə də öz məktubunda uşaqlardan
ayrı-ayrı bəhs etməyir. "Uşaqlar
yaxşıdır, bizdən nigaran qalma, kefimiz
kökdür" kimi sözlər yazır. Bu, yalan da ola bilər. Ürəyimdən bəzi
şeylər keçir. Ola bilər Oqtay, Allah eləməmiş
tutulmuş olsun, bunu mənə bildirməmək
üçün o biri uşaqları da yazmağa qoymurlar. Bundan
daha da müdhiş şeylər fikrimdən keçir. Allah! Nə
qədər iztirab içindəyəm. Qumuşa
yazmışdım ki, mənə öz əlinlə
yaylıq tik və göndər. O da "baş üstə,
göndərərəm" deyə cavab vermişdi. Bəs
indi nə üçün bu vaxta qədər göndərmədi?
Hər məktubda şəkillərini istəyirəm, nə
üçün göndərmirlər? Allah, mən nə
haldayam?! Ürəyim partlayır. Doğrudan da ürək qəfəsimin
məhvərinə sığışmadığını
hiss edirəm. Off!!!
Daha
tablaşa bilmirəm. Qumuşun yaşlı gözləri,
Toğrulun saralmış rəngi heç gözümün
qabağından getmir. Bu dərdləri çəkməkmi
olar?!."
Bu
şübhələr, bu nigaranlıq zamanın diqtəsiydi. 1920-ci ildən doğmalarını
itirə-itirə gələn, 37-də isə Azərbaycan ədəbiyyatının
ən görkəmli nümayəndələri olan şair və
yazıçı dostların bir-bir "xalq düşməni"
damğasıyla sürgünə və ölümə
göndərildiyinin şahidi olan Ümgülsüm repressiya
dalğasının hər şeyi bir andaca yuyub apara biləcəyini
hər kəsdən yaxşı bilirdi.
lll
"20
aprel 1938-ci il.
Bu gün
beş ay on gündür ki, burada, Bayıl qazamatındayam.
Yüz altmış gün! Bir o qədər də gecədir
ki, uşaqlarımı görmürəm. Uşaqların
simalarını düşündükcə onları sanki
tül bir pərdə dalından kimi üzlərini
xatırlaya bilmirəm. Ancaq
Qumralın surəti, sonuncu dəfə gördüyüm
siması yadımdan çıxmır. Elə bilirəm ki, nə
qədər uzun illər keçsə, o an yadımdan
çıxmayacaqdır.
O gecə
onu şirin yuxusundan oyadıb, ağlaya-ağlaya qollarım
üstünə alıb o biri otağa apardığım
halda iki gözdən ibarət otaqların qapısını
bağlayıb peçatlayırdılar. Onun kəsilməyən
saçları alnına dağılmış, yanaqları
qızarmışdı. Qumral ağlayırdı. Onu
qucağımda arxası üstə tutduğum
üçün gözündən axan yaş gözlərinin
çuxurunda toplanıb böyük bir brilyant kimi
parıldayırdı. Uşağı yatmağa
uzandırdığım zaman brilyant yaşlar yanaqları
üzərində zolaqlar buraxaraq axırdılar. Son dəfə
dönüb ona baxarkən o, yenə gözlərinin
çuxurunda yaşlar məzhun halda dalımca
baxırdı... Bu lövhəni mən ölənə qədər
unuda bilmərəm... Və onu yuxudan oyadıb o biri otağa
apardığım zaman uşağın o
saçlarını, Toğrulun saralmış rəngini,
Qumuşun yaşlı gözlərini həmişə
çox aydın xatırlayıram".
Bir ana
üçün övladını həmişə
gözü yaşlı xatırlamaq sözə
sığmayacaq qədər böyük əzabdır. Sovet
işğalından sonra Ümgülsüm xanımın bu əzablardan başqa heç nəyi
yox idi. Qumuş deyib əzizlədiyi qızı Qumral
xanımsa ömrünün son günlərinə qədər
anasını elə o balaca vaxtlarındakı kimi, göz
yaşları içində xatırlayırdı...
lll
"21
aprel 1938.
Nadzor
Mariya Vasilyevna başını içəri uzadıb gur səslə
bağıırdı: "İkinci siyahıda adı olanlar
hazırlaşsınlar!" Biz çoxdan hazırıq-deyə
xorla cavab verdik. Ah, ürəyim! Ürəyim! Elə
çırpınır ki, elə bil yerindən
çıxmaq istəyir. Burada indi mərdlik lazımdır.
Ağlamaq qətiyyən olmaz. Uşaqlara özümü
ağlar göstərə bilmərəm. Yazıqdırlar. Bəlkə
uzun illər ayrı düşdüm, sonra onlar məni
gözü yaşlı xatırlamasınlar".
Necə
güclü qadın imiş! Uzun illərin
ayrılığına hazır, dözümü, iradəsi
yenilməyən... Dərdini, ağrı-acısını
yalnız ağ vərəqlərlə bölüşən...
Uşaqlarını necə sonsuz sevgilərlə sevən, dərd
ortağı eləməyə qıymayan...
lll
"...
Onları görmək üçün yalnız gözümlə
deyil, bütün varlığımla hazıram!
... O qələbəlikdə hər kəs dəlicəsinə öz adamını axtarırdı. Mən də qələbəlikdə gözləri ilə məni axtaran Oqtayımı gördüm. Gözlərimə inana bilmirəm. Doğrudanmı mən onu görürəm?! Oqtayla qucaqlaşdıqdan sonra Bircəbacı ilə görüşdük. Sonradan orada durmuş tanınmaz bir şəklə düşmüş Qumuşcığazımı gördüm. O, doğrudan da tanınmaz olmuşdur. Elə tanınmaz ki, mən onu tanıya bilmədim. Əgər Oqtayın yanında durmayıb, paltosu ilə şərfi üstündə olmasaydı, mən ona diqqətlə baxmayınca tanıya bilməyəcəkdim. O, mənim qoyub getdiyim Qumuş deyildir. Son dərəcə arıqlamış, yanaqları çəkilmiş, üzü solğunlaşmış, gözləri açılmışdır. Bu uşaq siması qırmızı, mənim oynar-gülər, tumbul yanaqlı, dəyirmi üzlü Qumuşuma qətiyyən bənzəmir. Demək, mənsizlik mənim bu nazlı balamı bu hala salmışdır. Bu lövhəyə mənim qəlbim dözərmi, ah?! Var qüvvəmlə bağırmaq istəyirəm "Mənim Qumuşum belə nə üçün oldu?" Toğrul da az arıqlamamışdır, amma qıza nisbətən çox yaxşıdır. O da Qumral kimi belə qəmgin, belə məzhun olmuşdur. Uşaqların üçünü də bütün varlığımla bağrıma basıram, yazıqların üçünü də birdən.
Qumralın qızılca xəstəliyi nəticəsində
bu qədər arıqladığını qandırırlar.
Mən buna inanıram. Ancaq belə bir xəstəliyi heç
təsəvvür etmədiyim üçün
uşağın bu görkəmi mənə çox pis təsir
edir. O, tamamilə dəyişmiş, arıqlamağı ilə
bərabər boyu uzanmış, saçları da uzanıb
alnına tökülmüşdür. Onun üzünə bir
də baxır, Seyid Hüseyni görən kimi oluram. Heç
bir zaman atasına qətiyyən bənzəməyən bu
uşaq indi atasının 20 yaşında çəkdirdiyi
şəklinə sıxı bir surətdə bənzəyir.
O şəkildəki bütün mühüm xətlər bu
gün Qumralın üzərinə çəkilmişdir. Mən
bu məlul, bu məsum simada Seyid Hüseyni görürəm".
(Ardı var)
Nəcibə
BAĞIRZADƏ
525-ci qəzet.-2018.- 5 iyul.- S.6.