Görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun kitablarının təqdimatı olub

 

Əlimərdan bəy Topçubaşovun kitablarının təqdimatı oldu - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun "Doğma Azərbaycanın mənafeyini qoruyacağıq" "Qafqaz Azərbaycanı nümayəndə heyətinin Sülh Konfransından tələbləri" kitablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə bağlı Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. O, Sərəncama əsasən Şərqdə ilk parlamentli respublikanın - AXC-nin yaradılmasının 100 illik yubileyi ilə bağlı AMEA-da təşkil edilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Əlimərdan bəy Topçubaşovun məqalələr toplusunun təqdimatı da belə tədbirlərdən biridir. İ.Həbibbəyli bildirib ki, təqdim olunan kitabları Azərbaycanın Macarıstandakı səfiri, filologiya üzrə fəlsəfə doktoru Vilayət Quliyev doğma dilimizə tərcümə edib nəşrə hazırlayıb. AMEA-nın vitse-prezidenti kitabların AXC dövrünün öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Akademik diqqətə çatdırıb ki, nəşrlərin müəllifi V.Quliyev hələ SSRİ dövründən AXC-nin qurucuları ilə bağlı önəmli tədqiqatlar aparıb dövri mətbuatda çap etdirib.

AMEA-nın vitse-prezidenti ölkəmizin müstəqilliyinin Paris Sülh Konfransında de-fakto tanınmasında AXC-nin nümayəndə heyətinin rəhbəri, görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun diplomatik bacarığının mühüm rol oynadığını sözügedən əsərlərdə bunun əks olunuğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən V.Quliyev kitabların ərsəyəgəlmə prosesi barədə məlumat verib. O, rus dilindən tərcümə olunan "Əlimərdan bəy Topçubaşov. Doğma Azərbaycanın mənafeyini qoruyacağıq" kitabında Ə.Topçubaşovun 1919-1920-ci illərdə Azərbaycan hökumətinə göndərdiyi məlumatların, eləcə məqalələrin yazışmaların əksini tapdığını söyləyib.

"Əlimərdan bəy Topçubaşov. Qafqaz Azərbaycanı nümayəndə heyətinin Sülh Konfransından tələbləri" kitabı barədə danışan V.Quliyev bildirib ki, nəşr ingilis dilindən tərcümə olunub burada həmin dövrdə Azərbaycanın sərhədləri, tarixi, iqtisadiyyatı, coğrafiyası, 31 mart soyqırımı digər məlumatlar yer alıb.

V.Quliyev AXC dövrü ilə bağlı tədqiqatlarını bundan sonra da davam etdirəcəyini söyləyib tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli səfir V.Quliyevi Azərbaycan Xalq Cümhuriyyəti dövrünün fədakar tədqiqatçısı adlandırıb. O, Ədəbiyyat İnstitutunun yetirməsi olan V.Quliyevin Cümhuriyyətlə bağlı araşdırmalarının elmi faktlarla zəngin olduğunu söyləyib.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə V.Quliyevin arxiv materiallarını sistemli şəkildə oxuculara çatdırdığını qeyd edib. Akademik bildirib ki, V.Quliyev tədqiqatlarında həmişə nəzəriyyə ilə arxiv materiallarını vəhdətdə verə bilib.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu və professor Gülər Abdullabəyova V.Quliyevin sözün düzünü deyən tənqidçi olmasından, eləcə də diplomatik fəaliyyətindən danışıblar. Çıxışlarda V.Quliyevin AXC dövrü ilə bağlı mütəmadi araşdırmalar apardığı vurğulanıb, eləcə də onun diplomatik fəaliyyəti zamanı xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini, ədəbiyyatını layiqincə təbliğ etdiyi diqqətə çatdırılıb.

 

525-ci qəzet.-2018.- 4 iyul.- S.2.