Teatr harmoniyası

 

Harmoniya - yunan sözü olub, əsasən musiqi termini kimi tanınmaqdadır. Səslərin qarşılıqlı palifoniyası, notların həmahəng səslənməsi, musiqinin inkişafında qarşılıqlı ahəngdarlıq, əlaqə və sair...

Lakin harmoniyanın ahəngdar palifoniyası deyərkən, insan bütün kainatda baş verən uzlaşmaları, üzvi bağlılıqları, kainatın əsas cövhəri olan cazibə qüvvəsinin ahəngdar qarşılaşmalarını və bunun nəticəsində, yaranışdan günümüzə qədər - milyard illərdir ki, pozulmayan inkişaf dinamikasını göz önünə gətirir. İlk baxışdan, doğrudan da səsin ahəngdar silsiləsində daha parlaq sezilən harmoniyanın, ümumən kainatın özündə və kainatda mövcud olan planetlər və təbiət də daxil olmaqla, bütün mövcudiyyətin varlığında əsas amil olaraq yer tutduğunu görməmək mümkün deyildir. Harmoniya o qədər elastik tərkibə malikdir ki, hətta xaosun özündə belə, yerləşmək imkanındadır və hərəkət etmək qabiliyyətindədir. Harmoniya hər varlıqda və yoxluqda mövcuddur. Varlıq deyərkən görünən, yoxluq deyərkən görünməyən amillər nəzərdə tutulur. Bəzən kainatın özündə və ya təbiətdə, eləcə də bütün canlıların daxili aləmində yaranan hər hansı bir xaosun dağıdıcılıq qüvvəsinin, bütün qüvvələrin üstünə çıxa biləcək bir imkana malik olduğunu hiss edirsən. Lakin yeganə güc, harmoniyada olan qüdrətdir ki, həmin xaosun, hətta daha dərində olan xaosiçi xaosun daxilində harmoniya baş qaldırarsa, xaosun bütün ilmələrini incə-incə çözər və nəhayətdə qarşısı alınmaz kimi görünən selin, daşqının, təlatümün, ən dağıdıcı gücün belə qarşısını çox sadə və sakit şəkildə almaq mümkünlüyünü ortaya çıxarar. Hətta yaranan xaosun törətdiyi ilk fəsadların zədələri belə, harmoniyanın qüdrəti və hikməti hesabına öz bünövrəsinə qədər geriyə doğru irəliləyə bilir.

 

Səsin, sözün, hərəkətin qanunauyğun dəyişməsi, qarşılıqlı ahəngdarlığın yaranması, səsin ahəngi, sözün hecalı bölgüsü, hərəkətin maneəsiz və sxemi pozmadan dinamik yerdəyişməsi, harmoniyanın özüdür. Bu, bütün yaranışın əsasını təşkil edən bir ahəngdarlıqdır. Yəni istər səsin və sözün alliterasiyasında, istərsə də hər hansı hərəkətin dinamikasında harmoniyanın yaranması, ahəngin, hecaların  hərəkətin (addımlar da ola bilər!) ölçülərinin pozulmadan inkişaf dinamikasında uyğun yerdəyişməsidir. Bir-birinə bağlı polifonik, ahəngdar, sxematik uzlaşmalar harmoniyanın mahiyyət bazisidir. Beləliklə, görürük ki, qarşılıqlı harmonik uzlaşmalar musiqidə olduğu kimi, digər sahələrdə də mütləqdir. Harmoniya olmadan həyatın özü belə tərs mütənasibdir. Dünyanın yaranışı harmoniyadan başlamışdır. Qanunauyğunluq, harmoniyanın məcmuəsi hesab olunur. Kainat harmoniya üzərində bərqərardır. Bir də antaqonizm (bundan sonra antaqoniya-ziddiyət anlamında) deyilən məfhum (barışmaz ziddiyət) vardır. Antaqoniyanın törətdiyi hal, vəziyyət, durum, dağıdıcıdır... bir-birinə həmahəng uzlaşma isə (harmoniya) qurucu və yaradıcıdır. Doğrudur, harmoniyanın, həmahəng uzlaşma nəticəsində yarandığını deyirik, lakin belə bir həqiqət də vardır ki, bəzən harmoniyanın yaranması, antaqoniyanın özündən də doğa bilir... Məsələn, mənfi ilə müsbətin tapışması, bu, harmoniyadır. Lakin mənfi ilə mənfinin və ya müsbətlə müsbətin qarşılaşması, üz-üzə gəlməsi birmənalı şəkildə antaqoniyadır. Baxın, bu qarşılaşma, üz-üzə gəlmə - antaqoniya, inkar yaradır. Yəni onlar qovuşa bilmir və bir-biri ilə toqquşarkən partlayış baş verir. Başqa sözlə desək, bir-birini rədd edirlər. Bu inkar, rəddetmə onların ayrılmasına, bir-birindən uzaqlaşmasına səbəb olur. Bu zaman hər iki eyni mahiyyət daşıyıcısı olan cazibə qüvvələri əks qütblərə istiqamət alir və onlardakı cəzbetmə qüvvəsinin gücü ilə mənfinin müsbətlə, müsbətin isə mənfi ilə qovuşması baş verir. Bu zaman ahəngdarlıq yaranır, harmoniya doğulur. Harmoniyanın doğulması, rəvan və üzvi bağlılığa gətirib çıxarır. Bu da o deməkdir ki, yaranış baş tutur. Sıfırdan vahidə və vahiddən sıfıra qədərki məsafədə bir-birindən doğan çoxluqların rəngarəng palifoniyası, həmahəng uzlaşmalar ortaya çıxır. Bu uzlaşmalar bir canlını yarada bildiyi kimi, insanın daxili harmoniyası da təxəyyülün hərəkətə gəlməsinə və təxəyyülün idraketmə funksiyasının qavrama və dərketmə imkanlarının məhsul verə bilməsinə səbəb olur, nəticədə mükəmməl bir sənət əsəri doğulur.

 

Bir-birinə tərs mütənasib olan harmoniya ilə antaqoniya daima, durmadan bir-biri ilə mübarizədədirlər. Antaqoniyanın dağıdıcılıq enerjisi harmoniyanın sabitləşdirmə enerjisindən güclüdür. Lakin antaqoniya harmoniyanı məhv etmək iqtidarında deyildir. Harmoniya isə öz ecazkar gücü, sehrli qüvvəsi ilə, antaqoniyanı sakitləşdirə və sabitləşdirə bilir. Antaqoniyanın missiyası, harmoniyanın missiyasından fərqli olaraq,  ayırmaq, dağıtmaq, uçurmaq, məhv etmək kimi bir hökm qanunauyğunsuzluğu olsa da, o da  harmoniya kimi  kainatın var olmasına xidmət edən amildir. Bəzən təbiət atnatoqoniyanın özündən, harmoniyanın yaranması üçün istifadə edir. Yuxarıda dediyimiz kimi, səmti tərs düşmüs eyni mahiyyət daşıyıcısı olan cazibə qüvvələrinin bir-birini inkar etməsi, həmin qüvvələrin əsl funksiyasını, yəni cəzbetmə missiyasını həyata keçirir. Antaqoniyanın qeyri-ixtiyari, bir-birini tapmaq üçün çırpınan cəzbediciləri bir-birinə qovuşdurmaq missiyasaına malik olduğu, inkardan sonrakı prosesdə çox aydın şəkildə görünür. Bir anlıq buludların toqquşmasını yada salaq. Buludlar toqquşarkən nə baş verir? Çox güclü bir enerji yaranır. Yaranmış enerjini biz, şimşək, ildırım şəklində görürük. Həmin ildırım, buludların toqquşmasından yaranan elə bir gücə malik enerjidir ki, o enerjinin yaratdığı istilik  alova çevrilir və nəticədə od yaranır. Bu üsulla, eyni mahiyyət daşıyıcısına malik olan cazibə qüvvəsinin inkar missiyası kainata gərəkli olan vacib bir od ünsürünü doğur. Kainatın hərəkət dinamikasında gərəkli yer tutan, dağıdıcı olduğu qədər, həm də, müəyyən mənada qeyri-ixtiyari olaraq, yaradıcılıq qabiliyyətinə məxsus olan antaqoniyanın fəlsəfəsi mürəkkəb, harmoniyanın fəlsəfəsi sadədir. Harmoniya nə qədər yumşaq, elastikdirsə, antaqoniya bir o qədər coddur, kristaldır, bərkdir.

 

Bir də, harmoniyanı xeyir qüvvə, ağ rəng kimi,  antaqoniyanı şər qüvvə və qara rəng kimi dəyərləndirsək, ağın  ağ olduğunu yalnız qaranın varlığı isbatlaya bilir və tərsinə. Şərin olmadığı halda xeyirin mənası öz isbatını tapa bilməz. Bu hər iki qüvvə, anlayış, məfhum  kainatın yaratmaq qüdrətinin hərəkət dinamikasına xidmət edir...

 

Kainatın planetlərinin özü və planetlərdə mövcud olan təbiətin qanunauyğunluğu, canlılar, harmoniyanın məhsulu, canlıların olmadığı planetlərdəki vəziyyət isə antaqoniyanın mahiyyətidir. Ümumən isə kainatın var olan hər görünən varlıqları, bir-birinə zidd bucaqlarda dayanan həm harmoniyanın, həm də antaqoniyanın yaratmaq qabiliyyətlərinin həqiqətidir... Ayrıca, həyat və yaşayışın olduğu planetlərin var olmasını, yaşamasını, həyat və yaşayış olmayan planetlər təşkil və təmin edir. Onların varlığı olmasa, həyat olan planetlərin də varlığı,  yaşaya bilməsi şübhə altındadır. Necə ki, yuxarıda dediyimiz kimi, ağın təsdiqi, qaranın var olmasındadır.

 

Birmənalı olan fikir budur ki, yaranış, kainatın harmoniyası ilə birbaşa bağlıdır. Bəzən kainatda harmoniya pozula bilir. Bu vaxt katastrofik fəsadların yarandığını görürük. Eynən insan orqanizmində maddələr mübadiləsinin pozulduğu kimi. İnsan orqanizmində maddələr mübadiləsi pozularkən nə baş verir? İnsan öz əndazəsindən çox ifrat dərəcədə çıxmaq məcburiyyətində qalır. Orqanizmdə olan bütün hüceyrələr məhvə doğru gedir. Təbiət də belədir. Hər bir qanunauyğunsuzluq, antaqonizm, fəsadların doğulmasını təmin edir. Harmonik vəziyyət isə, törənmiş fəsadların sabitliyini təmin edir.

 

Kainatda baş verən qlobal antaqoniya təbiətdə ciddi dəyişikliklərə səbəb olur. Belə hallar bir neçə milyon ildən bir baş verir. Bu zaman yeknəsəqlikdən bezən, yüklənən yorğun təbiət, özünü yeniləmək ("obnovleniye",  "obnovit etmək") məcburiyyətində qalır. Yenilənmə prosesi isə istər-istəməz, özünü təbiətin qanunauyğunluğunda tapa bilməyən, gərəksizlik zənbilinə düşmüş canlıların yox olmasına, əvəzində isə yeni canlıların yaranmasına səbəb olur. Yəni təbiətin yaratdığı qeyri-mükəmməl canlılar məhv olmaq məcburiyyətində qalırlar, əvəzində yeni və daha mükəmməl canlılar yaranır. Kainat bu məhv prosesinin özünü belə, harmonik üsulla həyata keçirir. Kainatın bir parçası olan yer kürəsində, ilk yaranan canlılardan biri olan dinozavrların həyat tarixçəsinə baxarkən, sezilən odur ki, onlar növbəti yenilənməyə qədər yaşamaq haqqı qazansalar da, növbəti yenilənmədə həyat üçün praktik olmadıqlarına görə məhv olmuşlar. Əvəzində dinozavrlara bənzər və fərqli, daha kiçik, daha çevik, dərk etmə qabiliyyətləri daha yüksək olan canlılar yaranmışdır. Mürəkkəbdən sadəyə doğru fəlsəfəsi kainatın həqiqətidir. Kainat mürəkkəb olduğu qədər də sadədir. Sadəcə ona hardan və necə baxmaq əsas şərtdir. Hər bir cansız (əşya) və canlı olan qüvvələr də belədir. Həm mürəkkəb, həm də sadədirlər. Eynən, tənliklər kimi. Bir tənliyi bir nəfər mürəkkəb yolla həll edə, digəri isə sadə yolla tənliyin cavabını ala bilir. Və yaxud da, bir tənliyi bir nəfər, bir neçə dəfə həll etməklə, onun sadə yolunu tapa bilir.

 

Kainatın möcüzəsi ondadır ki, o, çox mürəkkəb görünür, lakin onu öyrəndikcə, onun nə qədər sadə olduğu aşkarlanır. Fəlsəfə elmi də kainat kimi möcüzələr kəhkəşanıdır. Fəlsəfənin qanunlarından biri, onu öyrənəni, labirintlərdə azdırmaq, dilemmalarda sürükləmək, axtarışında olduğu cavabı, illiuziyalarda gizlətməklə, insanı daha dərindən düşünməyə vadar etməkdir. Düşüncələr dəryasında üzməkdən yorulmayan hər kəs, fəlsəfəni öyrənməkdən çəkinməməyə üstünlük verir və dərindən düşünərək öyrənməyə davam etdikcə, həmin labirintlərdən asanlıqla keçilir, dilemmalardan çıxış yolları asanlıqla axtarılıb tapılır, nəhayətdə anlaşılması çətin görünən fəlsəfənin, nə qədər sadə, aydın bir elm olduğu öz isbatını tapır. Fəlsəfə bütün elmlərin məntiqində özünə yer tutmuşdur. Odur ki, hər hansı bir elmi öyrənməyə başlayarkən, anlamaq lazımdır ki, həmin elmə dərindən sahib olmaq üçün, onun fəlsəfəsinə yiyələnmək lazımdır. Kainatı və canlıların fəlsəfəsini tam öyrənə bildikdən sonra, sadəlik deyilən anlayış elə şəkildə aydınlaşacaqdır ki, bütün möcüzələrin illiyuziyaları çilik-çilik olub töküləcəkdir. Burada bir hikmət də vardır ki, hər bir möcüzənin aydınlaşması, başlanğıcın sona yetməsinin və yeni başlanğıcın təməlinin qoyulmasının işarəsidir.  

 

Burada bir haşiyəyə mütləq ehtiyac vardır. Bir anlıq insanın da kainat qədər yaradıcı olduğuna diqqət yetirək. Texniki elmlər sahəsinə baxsaq, insanın hər yaratdığı ilk əşyaların öz tutumu etibarı ilə - böyük həcmi ilə həmişə diqqət çəkdiyini, sonradan, zaman-zaman insan yaratdığı həmin əşyaların yaranma fəlsəfəsini dərindən öyrənməklə, həmin əşyaları daha kiçik, daha zərif şəkildə meydana gətirdiyinin şahidiyik. İstənilən texniki avadanlıq bunu isbat edir. Kainat da beləcə, hər yenilənmədə özünün ilk yaratdıqlarının bir qismindən, özünü doğrulda bilməyən canlılarından imtina edir və yeni, daha praktik olan və daha sadə və daha mükəmməl, kamil olanını yaradır. Bu həqiqət dediyimiz kimi, milyon illərdən bir baş verən kainatın yenilənmə prosesində daha yeni canlıların yaranması ilə özünün tam isbatını tapmışdır.

 

Elm sübut edir ki, insan ən son yaranmış canlılardandır, ən mükəmməli və kamilidir. Kainatın insana qədərki yaratdığı canlıların mərhələ-mərhələ formalaşmaları, insana qədər olan bütün canlılarda özünü gəstərir. Kainat hər dəfə yeniləndikcə yeni yaranan canlıların, əvvəlkilərə nisbətən daha dərrakəli olduqları hiss olunur. Zamanın və gərdişin mənzərəsi bunu göstərməkdədir ki, kainatın növbəti yenilənməsi nəticəsində insanı çox geridə qoya bilən yeni canlının da yaranması mümkündür. Bütün gedişat onu göstərməkdədir ki, kainat öz yaratdığı ən kamil canlı olan insanı kifayət qədər istismar etmiş, bundan sonra da müəyyən bir həddə qədər istismar edəcək və insanın yaradıcı imkanları sıfıra endikdən sonra yeni, daha mükəmməl canlının yaranmasını təmin edəcəkdir. Kainatın harmoniyası özünün bütün dinamikasında göstərməkdədir və gedişat bunu diqtə edir ki, bu vəziyyəti artıq kainat özü yetişdirir. Hər dəfə yeni yaratdığı canlının son ana qədər istismarından sonra, yaratdığı yeni canlının, əvvəlkindən daha mükəmməl olması üçün kainat özü də təcrübə toplayır və hər yeni yaratdığı canlını daha sadə formada yaradır, eyni zamanda, əvvəlki son mükəmməlin üzərindəki müşahidələri zamanı topladığı təcrübədən yararlanır, yeni materiallar icad edir və daha münasib və daha mükəmməl canlını yarada bilir. Əvvəlki yaratdıqlarında buraxdığı səhvləri yeni yaratdıqlarında təkrar etmir. Necə ki, meymunlarla insanlardakı fərqlər kontekstində görünən həqiqətlər göz önündə özünü aydın şəkildə ifadə etməkdədir.

 

İnsana qədər yaranan bütün canlılar təbiətdə baş verən hər şeyi, hətta insanların əməllərini belə, dərk edirlər, anlayırlar, yeri gəldikdə reaksiya verirlər.  Sadəcə olaraq, insana qədər yarananlar, insanlara fikirlərini ifadə etmək iqtidarında deyillər. Bu da onunla anlaşılır ki, kainat təbiətdə yaratdığı bütün canlıların hər birinə, müəyyən imkanlar çərçivəsində özünüifadə etmək və təlqin etmək qabiliyyəti vermişdir. Hər bir mövcudiyyət öz missiyasının daşıyıcısıdır. Onu da nəzərə almaq lazımdır ki, insan kimi, hər bir canlı mükəmməldir, sadəcə insanlarla digər canlılar arasındakı fərq, kainatın canlılara verdiyi missiyalar fərqindədir. Hər bir canlı öz missiyası ilə mükəmməldir. Bu, hikmət özünü tək bir həqiqət vasitəsi ilə sübuta yetirə bilir. Bildiyimiz qədər insan bütün canlıların ən mükəmməli hesab olunur. O zaman belə bir sual doğur, nə üçün təbiətdə baş verən bütün zəlzələlər və katastrofik hadisələr bütün canlılara əvvəlcədən agah olur, bir tək insandan başqa?.. Və yaxud, nə üçün quşlar qanad çalıb uça bilirlər, digər canlılar yox... bütün canlılar, yerin cazibə qüvvəsi qarşısında acizdir, bir tək quşlardan başqa. Nə üçün insanın idrakı xarüqələr yarada bilir, lakin, heyvanlardakı instiktin gücü qədər bir gücü özündə tapa bilmir? İnsaların yaratdıqları xarüqələr qədər, digər canlıların da yarada bildiyi möcüzələr vardır?.. Nə üçün bütün canlılara nisbətdə, bir tək  qarışqalar özündən dəfələrlə ağır yük daşıya bilmək imkanına malikdirlər?.. sair. Beləliklə, bu kimi suallarla qarşı-qarşıya dayanarkən, insanda belə bir fikir formalaşır ki, ecazkar qüdrəti, füsünkar cazibəsi ilə və saysız-hesabsız möcüzəsi ilə dolu olan təbiət kainatın teatrıdır. Kainatın təbiətdə yaratdığı min cür rəngə bürünən al-əlvan mənzərə teatrın bədii tərtibatı, bu mənzərənin daha canlı tablosunu yaradan kiçik və nəhəng ağaclar, sıldırım qayalar, başı qarlı dağlar, fəzasında qanad çalan, uçan cürbəcür quşlar, göy üzü, günəş, ay və digər planetlər və sairlər dekorlar, rekvizitlər, kainatın təbiət adlı teatrındakı canlılar isə gündəlik baş verən istər dramatik, istərsə də komik situasiyalarda tamaşadakı hadisələri cərəyan etdirən personajlar - aktyorlardır.

 

Heç şübhəsiz ki, kainatın təbiətdə, istər suda, istərsə də quruda yaşayan yaratdığı bütün canlıların öz döyüş və əyləncə metodları, eşq və sevgi meyarları, konsert-teatr proqramları mütəlq ki, vardır. Buna sübut üçün coxlu sayda misallar gətirmək olar. Tək bircə heyvanların bir-biri ilə və ya körpələri ilə keçirdikləri əyləncələr, quşların qanad açmaq üçün balalarına verdikləri təlimlər və s. Onların eşq səhnəsi ən dolğun hisslər toplusu ilə öz təcəssümünü parlaq şəkildə göstərir. Elm sübut edir ki, hər bir canlının öz həqiqəti, öz ədaləti, öz iddiaları, öz həyat və yaşam vərdişləri vardır. Heyvanlarda, doğulan körpə, öncə ayağa durmağa, daha sonra isə anasını əmməyə can atır. Bu, təbiətin heyvanlar aləmi üçün qoyduğu qanundur. Quşlar, yumurtadan çıxan kimi, dərhal qanad çalmağa və yemək üçün ağızlarını açıb, civildəməyə, valideynlərindən yemək istəməyə istiqamət alırlar. İnsanlar doğulan kimi, qışqırmağa və doğulduğu məkana tələsməyə can atırlar, ona görə də, ağlayarkən, əl-qol ataraq, istədiklərinə nail olmağa çalışırlar. Bütün bunlar kainatın təbiətdə yaratdığı çoxxassəli harmoniyadır.

 

Kainatın harmoniyası arealında, varlıqların yenilənmə prosesi nə qədər ahəngdar, doğal və qanunauyğundursa, bir o qədər, bədii yaradıcı sənət sahələrinin ən dolğunu, zəngini, canlısı olan teatr sənəti də öz harmoniya arealında olan ahəngdarlığı ilə kainatın özü qədər bir gücə malikdir.

 

Təsviri sənətdə əsas meyar rənglərin harmoniyasıdır. Burada rənglərin hərəkəti öz polifonik palitrasını tapmadıqda, dinamika pozulur. Musiqidə həmahəng notlar, səslərin harmoniyasıdır. Burada notların polifoniyası ziddiyyət təşkil etdikdə, səsin ahəngi pozulur. Ahəngin pozulması harmoniyanın yox olması deməkdir. Addımların sxematikliyi, toqquşmasız (məxsusilik olmadan!) addımların hərəkət dinamikasının harmoniyasıdır. Addımların hərəkət dinamikasındakı harmoniya, rəngin, səsin və sözün həmahəngliyi qədər bənzərdir.  Görünən budur ki, kanatın harmoniyası kainatda olan bütün mövcudiyyəti öz ağuşunda bəsləməkdə, qorumaqdavə tənzimləməkdədir.

 

Kainat özünü yenilədikcə yeni yaratdıqları ilə həm də özünü mükəmməlləşdirir. Eynən, teatr sənəti də zaman-zaman özünü yeniləmək üçün xeyli zəhmət çəkmiş, ahəngdarlıq göstərmişdir. Hər yenilənmə prosesinə qədər kainatın özü kimi müəyyən bir hazırlıq prosesi keçmiş, hər prosesin nəticəsində özünə bir sənət sahəsini birləşdirmiş, bununla da dolğun, canlı bir mexanizmə çevrilmişdir. Kainat öz inkişaf prosesində, lüzumsuz canlılardan imtina edərək, daha uyğun canlıları yaratdığı kimi, kainatın bir parçası olan insanın da  sivilizasiyaya doğru gedən yolunda, qladiatorluqdan, yırtıcılıqdan, vəhşilikdən, humanizmə, düşündürücü əyləncə vasitəsi olan bədii qiraətlə başlayan teatr sənətinə keçdiyinə nəzər salmağın doğruluğu göz önündədir. Və doğru olan həqiqət budur ki, teatr sənəti, yaranışından etibarən getdikcə özünü hər an yeniləməyə məcbur etmiş və heç bir sahəyə bənzəməyən bir yaradıcıllıq məkanı olaraq, bütün elmləri özündə cəmləşdirə bilən bu sənət sahəsi kimi yüksəkdə bərqərar olmuşdur. Əlahəzrət teatr sənətinin hər yenilənməsində, daha mükəmməl hal aldığını addım-addım izləyə bilirik. Bu sahə bu gün də özünün yenilənməsi ilə, getdikcə daha heyrətamiz hal almaqdadır. Bu sənət sahəsində astronomiyadan tutmuş təxəyyülün yarada bildiyi bütün elm sahələri özünə yer tutmuşdur və onun bu inkişaf dinamikası çox harmonik qanunauyğunluqla davam etməkdədir. Texniki, bədii, fəlsəfi canlanma, teatr sənətini az qala kainat miqyasında görmək mənzərəsinin ortada olduğunun göstəricisi kimi onu böyüdür və cəmiyyəti, "həyat bir teartdır, insanlar onun aktyorları" anlayışını qeyri-ixtiyari söylətmək məcburiyyətinə aparır.

 

Bununla da diqqət kəsilməyə ehtiyac olan bir həqiqəti insan olan varlıq anlamalıdır ki, kainatın hər bir neçə milyon ildən bir yenilənmə həqiqətini nəzərə alsaq, hər yeniləndikcə daha yeni mükəmməl canlı yaratmaq qüdrətinə sahib olduğu kimi, insanın da onu geridə buraxacaq bir canlının yaranacağına heç şübhəsi olmasın və var olduğu zamanla özünü öz yaratdıqlarının yaşaya bilmək qüdrətinə yüksəlməsi üçün çalışsın. Əks təqdirdə, bu gün heyvanlar adlandırdığımız, insana qədərki canlıların instinktlə hər şeyi anladıqları kimi, yeni yaranan canlı yanında, insan da, yeni yaranan canlının idrak və dərketmə arealına daxil olmaq imkanlarından işıq sürəti ilə geridə qalacağı danılmazdır və insana qədərki canlılarla eyni mühitdə görünmək həqiqəti ilə üz-üzə qalacaqdır. Kainatın həqiqətləri ilə sabaha doğru istiqamət alan həyat həqiqətlərini dərk etmək, heç olmasa gələcək yenilənmədə insan meyarının üst qatına çıxa biləcək canlıya əlçatmaz olduğu qədər də insan öz idrak məkanında, özündən əvvəlkilərdən fərqli olaraq, sivil həyat tərzini itirməmək haqqını qazanmalıdır.

 

Həyat harmoniyası ilə Teatr harmoniyası arasındakı qanunauyğun oxşarlıq və bağlılıq göstərir və sübut edir ki, teatr harmoniyasının mahiyyəti, həyat harmoniyasının törəyicisidir. Ona görə də, teatr sənəti, həyat həqiqətlərinin tam olaraq aynada əks olunan canlı tablosudur. Öncə, ona diqqət yetirməliyik ki, ən vacib olan budur ki, kainatın öz yozumu ilə hərəkətə gətirdiyi harmoniya və antaqoniya amilləri, həyatda baş verən hadisələri cərəyan etdirdiyi kimi, eynən, səhnədə baş verən bütün hadisələr də, rejissor təxəyyülündən doğan yozumu əhatəsində, səhnə tərtibatından tutmuş bütün komponentlərə qədər hər şey elə cilalanır ki, ərsəyə gələn fikir, bədii materialı ədəbiyyat olaraq deyil, əsərin ideya-bədii qayəsinin fəlsəfi dərinliyini, bütün ştrixləri, ümumi görünüşü və bədii tutumu ilə mütləq ifadə edir. Daha sonra, seçilən musiqi nümunələri həm əsərin ümumbədii həllini öz leytmotiv gücü ilə zənginləşdirir, həm səhnələrin bir-birinə bağlanma imkanlarını öz ahəngdarlığı ilə uyğunlaşdırır, həm də vəziyyətlərin bədii materialdan irəli gələn dolğunluğunu öz harmonik qüdrəti ilə gücləndirməyə xidmət edir. Bütün bunların hamısı, rejissor yozumuna uyğun olaraq, bədii materialdan irəli gələn hadisələrin inkişaf sistemində, sözün hərəkətə keçməsi, üzvi şəkildə baş verməli, həmin hərəkətlər mükəmməl mizanlar vasitəsi ilə, həm tərtibatda, həm musiqinin avazında, həm də sözün mahiyyət tələbində elastik yumşaqlıqla öz performansını dolğun şəkildə tamaşaçının dərketmə məkanına gözəgörünməz enerji ilə ötürməlidir. Burada bir neçə komponent - ədəbi material, bədii tərtibat və tərtibatdakı rənglər, musiqi nümunəsi, səslənən avaz, rejissor təxəyyülü, aktyor oyunu, geyim və qrim elementləri, ən sonda səhnəqrafiyanın sadalananlarla harmoniyası elə şəkildə performans etməlidir ki, antaqoniyanın ocaqlarının nəinki baş qaldırması, hətta onun haqqında düşünmək üçün belə, yaddaşda yer qalmamalıdır. Bu zaman həyat harmoniyasının möcüzəsi qədər, səhnə əsərində füsünkar harmoniya yaranır. Bu harmoniya yaradıcı heyətin kainat qüdrətinə malik olduğunu ifadə edir.

 

Ağ, qaranın; düz, əyrinin; iç, çolün; xeyir, şərin; gündüz, gecənin; sağ, solun; erkək, dişinin; harmoniya, antaqoniyanın tərsi olduğu kimi, bunları bir-birindən ayıran və bir-birinə bağlayan hüdudlar çərçivəsində bir enerji də vardır ki, həmin enerjinin forması, ölçüsü, rəngi o qədər çoxxassəli, çoxcəhətli, çoxhərəkətli və çoxrənglidir ki, oradakı gözə görünən və görünməyən zərrəciklərin sayını, rəngini, xüsusiyyətini və dinamikasının ölçüsünü müəyyən etmək mümkün deyildir. Həmin zərrəciklər hərəkət etdikcə, gedən və dönən xüsusiyyəti ilə, başlanğıcın sonunu, sonun başlanğıcını anbaan doğur, törəyir və öz dəyişkənliyi ilə möcüzələr yaradır. Həmin məsafədəki möcüzə, yalnız qeyri-səlis məntiq nəzəriyyəsinin hikməti ilə dərk oluna bilir. Bu mənada, salon və səhnə məkanı arasındakı məsafədə baş verənlər də məhz, eyni baxış bucağında dərk olunmalıdır. Ayrıca, səhnə ilə salon arasında, səhnədə baş verənlərin qəbul olunması üçün mütləq, salondakıların dərketmə arealının harmoniya ehtiyacı baş qaldırır. Əks təqdirdə, antaqoniya öz ziddiyət mahiyyəti ilə bütün meydanı ələ ala bilir və öz dağıdıcılıq qüdrəti ilə, səhnədə baş verənləri, salondakıların dərketmə məkanında inkar həddinə qədər yüksəldir, nəticədə, rəddetmə fəlsəfəsi aktivləşir. Bu zaman, həqiqi möcüzəyə ehtiyac duyulur. Gedən və dönən, başlanğıcın sonunu və sonun başl

İftixar PİRİYEV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

iftihar-piriyev@mail.ru

525-ci qəzet.-2018.- 5 iyul.- S.8.