"Qəzənfər Paşayev. Biblioqrafiya" və Nəsiminin "İraq divanı" təqdim edildi

 

Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında professor Qəzənfər Paşayevin tərtibçisi olduğu "İmadəddin Nəsimi. İraq divanı"nın latın qrafikalı əlifba ilə nəşrinin kitabxana tərəfindən hazırlanan "Qəzənfər Paşayev. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçirilib.

Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə millət vəkilləri, ziyalılar, ədəbiyyatşünaslar, oxucular media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, professor Kərim Tahirov Qəzənfər Paşayev yaradıcılığından danışıb, onun uzun illər ara vermədən, böyük bir səbrlə Azərbaycan ədəbiyyatşünaslığına xidmət etdiyini deyib. O qeyd edib ki, Qəzənfər Paşayev yaşından asılı olmayaraq, gənclik eşqiylə yazıb-yaradır. Professor həmçinin, kitabxana tərəfindən Q.Paşayevin 80 illik yubileyi münasibətilə hazırlanan biblioqrafiyadan da söz açıb, kitabda ədəbiyyatşünas alimin yaradıcılığının böyük bir diqqətlə əks olunduğunu vurğulayıb.

 

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Qəzənfər Paşayevin yaradıcılığından geniş şəkildə bəhs edib, onu fədakar elm adamı adlandırıb: "Qəzənfər müəllim çox uzun illərdir ki, ədəbiyyatımızın inkişafı, onun digər ölkələrdə tanıdılması, ədəbi irsimizin aşkara çıxarılması üçün səylə çalışır. Ədəbiyyatşünas alim üçün beş cildilik əsər çap etdirmək böyük hünərdir. Amma Qəzənfər müəllimin artıq yeddi cildliyi hazırdır. Onun bu elmi irsi təkcə ona məxsus deyil. O, təkbaşına bir institutun görə biləcəyi işləri bacarıb. Hələ bu da son deyil. Artıq Ədəbiyyat institutu onun elmi irsinin toplandığı 8, 9 10-cu cildlərini hazırlayıb redaktə-korrektə işlərini təsdiqləyib. Bu yaxınlarda, yəqin, o da tam hazırlanıb bitəcək inanırıq ki, gələn ilin ilk tədbiri məhz bu kitabların təqdimatı olacaq".

 

Akademik İ.Həbibbəyli Nəsimi yaradıcılığından da söz açıb, onun irsinin hələ kifayət qədər araşdırılmadığını təəssüflə vurğulayıb: "Mənim fikrimcə, Azərbaycan elmi hələ Nəsimiyə borcludur. Çünki onun böyük zəngin irsi hələ tam şəkildə öyrənilməyib. Xüsusən monoqrafik tədqiqatlar çox azdır. Halbuki Nəsimi, dövrünün çox böyük sənətkarıdır. Bu gün ilk dəfə olaraq latın qrafikasında təqdim olunan "İraq divanı" böyük əhəmiyyətə malikdir. Bu divan Nəsiminin böyük yaradıcılığını ümumi şəkildə özündə birləşdirir. Bu divanı tapmaq, üzünü köçürmək, vaxtilə böyük mətbuatda haqqında söz demək, məqalə çap etdirmək nəhayət, onu kitab şəkildə tərtib etmək Qəzənfər müəllimin ədəbiyyatımıza bəxş etdiyi ən gözəl töhfələrdəndir. Bu gün Qəzənfər müəllimin tərtibatı ön sözü ilə latın qrafikasında cəmiyyətimizə təqdim olunan "İraq divanı" nəsimişünaslığın inkişafı yolunda atılan önəmli addımdır. Onsuz da Qəzənfər müəllimin hər işi xidmətdir. Elə bu da o xidmətlərdən biri kimi tarix boyu yaşayacaq".

 

Millət vəkili Qənirə Paşayeva çıxışında Q.Paşayevin onun ədəbiyyata, xüsusən Nəsimiyə münasibətinin formalaşmasındakı rolundan danışıb, Nəsimi dünyasından geniş bəhs edərək, şairin gənc nəsillərə daha geniş öyrədilməsinin vacibliyini vurğulayıb: "Qəzənfər müəllim təkcə bizim əmimiz olmayıb, həm bizi aydınladan ziyalı olub. O, həmçinin, bizdə Nəsimi sevgisi yaradan insandır. 1987-ci ildə Qəzənfər müəllim ilk dəfə bu kitabı aşkara çıxarıb çap edərkən mənim 12 yaşım vardı. Biz bu kitabla Nəsimini daha geniş sürətdə kəşf etmiş olduq. Bu gün dövlətimiz Nəsimiyə, onun irsinə kifayət qədər sahib çıxır, amma təəssüf ki, cəmiyyətimiz, gənclərimiz onu yaxşı tanımırlar. Biz məhz bu istiqamətdə işlər görməli, şairi gənclərimizə bütün dünyaya tanıtmalıyıq".

 

Kitabın çapına dəstək göstərmiş adamı Tahir Gözəl Nəsimi yaradıcılığı Qəzənfər Paşayevin elmi araşdırmaları ilə bağlı öz düşüncələrini paylaşıb, bu irsi yaşatdığı təbliğ etdiyi üçün alimə təşəkkürünü bildirib.

 

Q.Paşayevi hər iki kitab münasibətilə təbrik edən professor Şirindil Alışanlı çıxışında onu, həmçinin, bir insan kimi xarakterizə edib, öz nümunəvi davranışı ilə gənclərə keçdiyi əxlaq dərsinin hazırlanan 10 cildlik irsi qədər dəyərli olduğunu vurğulayıb.

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Qəzənfər Paşayevi xeyirxahlığın səmimiyyətin poetikasını özündə ehtiva edən əsl elm adamı adlandırıb.

 

Şair, Milli Ensiklopediya Mərkəzinin direktor müavini Vaqif Bəhmənli Qəzənfər Paşayev yaradıcılığından söz açıb, "İraq divanı"nı Nəsimi irsinin tədqiqində mühüm hadisə adlandırıb.

 

Nəsimini bütün dövlərin ustad şairi, filosofu adlandıran professor Rəhim Əliyev hər iki kitab münasibətilə təbriklərini dilə gətirib.

 

Sonda çıxış edən Qəzənfər Paşayev, akademik İsa Həbibbəyli başda olmaqla, Ədəbiyyat İnstitutunun kollektivinə, Kərim Tahirovun simasında Milli Kitabxananın əməkdaşlarına, kitabların araya-ərsəyə gəlməsində əməyi olan hər kəsə, həmçinin, çıxış edənlərə təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 5 iyul.- S.7.