Azərbaycan mədəniyyəti
Bolqarıstanda tanıdılıb
Bolqarıstanın
Burqas şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) 100 illiyi münasibətilə “Bakı – qədimlik və
müasirliyin harmoniyası” adlı fotosərgi təşkil
olunub.
Sərgi
çərçivəsində Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri
olduğu “Əli və Nino” filmi nümayiş olunub.
Tədbirdə
Burqas şəhərinin merinin müavini Yordanka Ananieva, şəhərin
İcma Şurasının sədr müavini Qeorqi Drajev, Burqas
vilayətinin qubernatorunun müavini Sevdalina Turmanova, Mədəniyyət
Mərkəzinin rəhbəri Ludmila Kutieva, Burqas şəhərinin
mədəniyyət, incəsənət və media nümayəndələri,
eləcə də şəhər sakinləri iştirak ediblər.
Tədbirdə
Mədəniyyət Mərkəzinin rəhbəri L.Kutieva
çıxış edərək Azərbaycan mədəniyyəti
gecəsinə məhz rəhbərlik etdiyi qurumun ev sahibliyi
etməsindən məmnunluğunu ifadə edərək səfirliyə
təşəkkürünü bildirib.
Burqas
şəhərinin merinin müavini Y.Ananieva bu şəhərdə
Azərbaycan mədəniyyəti gecəsinin təşkilini
şəhərin mədəni təqvimində mühüm
hadisə kimi dəyərləndirib, iki dövlət
arasında mədəni körpülərin möhkəm
bünövrə üzərində qurulduğunu və bu
amilin iki xalq arasında münasibətlərin daha da
inkişaf edəcəyinə əminliyini ifadə edib.
Burqas
şəhərinin İcma Şurasının sədr
müavini Qeorqi Drajev Burqas ilə Sumqayıt şəhərləri
arasında qardaşlaşma əlaqələrindən
danışaraq tədbirlərin şəhərlərimiz
arasında əməkdaşlığın möhkəmləndirilməsi
baxımından vacibliyini qeyd edib.
Gecədə çıxış edən
Azərbaycanın Bolqarıstandakı
səfiri Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ölkəmizin
tarixində parlaq səhifələrdən biri
olduğunu diqqətə
çatdırıb. Səfir
100 il bundan
öncə qadınlara
səsvermə hüququ
verən AXC-nin müsəlman və türk dünyasında qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini geridə
qoyduğunu vurğulayıb.
Diplomat, həmçinin bu əlamətdar yubileyin qeyd edilməsi ilə bağlı səfirlik tərəfindən Bolqarıstanın
müxtəlif şəhərlərində
silsilə tədbirlərin
keçirildiyi barədə
məlumat verib.
N.Qurbanova
deyib ki, bu gün dünyanın
ən güclü 50 ordusu sırasında yer alan
Azərbaycan ordusunun yaradılmasının 100-cü ildönümü də qeyd olundu. Həmçinin 120 illik kino, 110 illik opera, 145 illik teatrı olan Azərbaycanın zəngin
və qədim mədəniyyətə malik
olduğu vurğulanıb.
Səfir gecədə nümayiş
olunacaq sərgi və filmin şəhər ictimaiyyətində
ölkəmizin paytaxtının
qədim tarixi və zəngin mədəni irsi barədə hərtərəfli
təsəvvür yaradacağına
əminliyini ifadə edib. Sözügedən sərginin Bakının
gözəlliklərini əks
etdirdiyini vurğulayan
səfir çəkilişlərin
Bolqarıstanın istedadlı
rəssamı və fotoqrafı Tatyana Uzunova tərəfindən aparıldığını
söyləyib.
Sonra “Əli və Nino” filmi barədə məlumat verən N.Qurbanova 120 yaşlı Azərbaycan
kinematoqrafiyasının parlaq nümunələrindən
olan bu filmdə məhəbbət
hekayəsi fonunda Azərbaycanın
müstəqilliyi uğrunda aparılan
mübarizədən və AXC-nin
yaradılmasından bəhs edildiyini söyləyib.
Filmin, həmçinin
Azərbaycanda tolerantlıq və multikulturalizm
ənənələri bağlı olduğunu
qeyd edən səfir ölkəmizin tarixən
müxtəlif mədəniyyətlərin, dinlərin
nümayəndələrinin bir arada sülh və
qarşılıqlı anlaşma şəraitində
yaşadığı məkan olduğunu
vurğulayıb.
Qeyd
edək ki, tədbir Bolqarıstan mətbuatında geniş
işıqlandırılıb, Bolqarıstan Teleqraf Agentliyi,
“Focus Xəbər” Agentliyinin internet səhifələrində,
müxtəlif xəbər portallarında tədbirlə
bağlı məqalələr dərc edilib.
525-ci qəzet.-2018.- 5 iyul.- S.7.