Tarixləşən ömrün salnaməsi

 

Hər bir cəmiyyətdə siyasi liderin mövqeyi danılmazdır. Son illər ictimai-siyasi həyatımızda baş verən dəyişikliklər fonunda xalqı çaxnaşmadan qurtaracaq, millətinə yol göstərəcək siyasi xadimin obrazı xüsusi aktuallıq kəsb etmişdir.

Bir çox ölkənin ən çətin zamanında xalqı parçalanmadan qoruyan, onun milli tamlığını, xalq olaraq mövcudluğunu təmin edən  liderləri olmuşdur. Azərbaycan xalqı üçün bu insan, şəksiz ki, XX-XXI əsrin siyasi arenasında müstəsna mövqeyə malik  olan Ulu öndər Heydər  Əlirza oğlu Əliyevdir.

Ümummilli liderin sənətə xüsusi münasibəti, ədəbiyyatın dostu, himayədarı olaraq çıxış etməsi ədəbiyyat insanlarında ona qarşı xüsusi bağlılıq yaratmışdır. Bu səbəbdən də o, son illər yazılan yazıçı xatirələrinin əsas obrazına çevrilmişdir. Xalq yazıçıları Anarın, İsa Muğannanın, həmçinin, Vidadi Babanlının, Mark Verxovskinin və başqa bir çox insanların bədii-sənədli əsərlərində Heydər Əliyevin obrazı ehtiramla anılmışdır.

Beynəlxalq arenada yaxşı tanınan Milli öndərin portreti yalnız yerli yazarlar deyil, həm də xarici müəlliflər tərəfindən rəğbətlə canlandırılmışdır. Hüseyn Adıgözəlin "Zirvə. Heydər Əliyevin həyatı", Nikolay Zenkoviçin "Heydər Əliyev. Tale yolları", Aleksandr Adler və başqa müəlliflərin kitabları bu təkrarsız insanın siyasi fəaliyyətinə, həyatına yeni baxış ehtiva edir.

Bu əsərlər içində həm həcmi, həm sanbalı ilə seçilən, bir çox müasirlərimiz tərəfindən yüksək qiymətləndirilən romanlardan biri ictimai xadim, millət vəkili, Xalq yazıçısı  Elmira Axundovanın  6 cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" bioqrafik tədqiqat romanıdır.

 

E.Axundovanın Heydər Əliyevlə tanışlığı 1990-cı ilə təsadüf edir. Sonradan  müxtəlif  illərdə baş tutan görüşlər, Elmira xanımın jurnalist, ictimai xadim olaraq ölkə başçısını səfərlərdə müşayiət etməsi, şəxsi təəssüratların dolğunlaşması ilə  o, siyasi liderin bioqrafına çevrilmişdir. Yazıçı Ulu öndərin ömrünün dramatik məqamlarının əks olunduğu bir neçə bədii əsər qələmə almışdır.

 

Müəllifin ümummilli liderlə uzun illər tanışlığının bəhrəsi olan bu kitabda Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti tam şəkildə əhatə olunmuşdur (1923-2003-cü illər). Yazıçının janrını bioqrafik roman-xronika olaraq müəyyənləşdirdiyi əsərdə xalqımızın tarixinin böyük bir dövrü əks olunmuş, Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyev yeni Azərbaycanın qurucusu olaraq təsvir edilmişdir.

 

Əsər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş,  2014-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyev mükafatına layiq görülmüşdür.

 

Son illər qəlmə alınan siyasi memuaristika nümunələrində, müəlliflər, əsasən mövcud mifləri aradan qaldıraraq liderin gerçək portretini canlandırmağa çalışırlar. Bu prinsipə sadiq qalan Elmira Axundova "...mətbuatda və siyasi memuaristikada hələ də səhifədən səhifəyə adlayan bir sıra stereotipləri puç" etməyə, "...obrazı onun əzəmətini artırmağa yönəlmiş süni "əlavələrdən" təmizləyib oxuculara mümkün qədər yaxınlaşdırmağa" çalışdığını qeyd etmişdir.

 

Kitabının əsas məqsədinin "XX əsrin fonunda Heydər Əliyevin siyasi bioqrafiyasının yaradılması və insani taleyinə güzgü tutulması" olduğunu qeyd müəllif əsərin iki bərabərhüquqlu qəhrəmanı olduğunu yazır: "Heydər Əliyev və onun zəmanəsi. Eləcə də onun böyüdüyü, püxtələşdiyi ab-hava, yaşadığı və çalışdığı mühit, ünsiyyətdə olduğu, dostluq etdiyi, təmasda olduğu adamlar. Belələri isə yüzlərlə, minlərlə idi - sadə fəhlə və kolxozçulardan tutmuş dünya səviyyəli siyasətçilərədək". Həmin insanların bir çoxu ilə  görüşən yazıçı, onların canlı səslərinin, düşüncələrinin, şərhlərninin kitaba polifoniklik gətirdiyini,  həmçinin, bu materiala əsaslandığı üçün dəyərləndirmələrdə birmənalı və qərəzli hökmlərin yer almadığını qeyd etmişdir.

 

Heydər Əliyevin şəxsi həyatı ilə bağlı məqamları psixoloji dəqiqliklə təsvir edən yazıçı, eyni zamanda, siyasi analitik olaraq ictimai-siyasi həyatda baş verən hadisələrin arxa planını aydınlaşdıraraq ciddi təhlillər aparmışdır.

 

Əsərdə tarixi-sənədli, bioqrafik və xronikal təhkiyə  bəzi  hissələrdə lirik-romantik  (əsasən birinci kitabda, Heydər Əliyevin ailəsindən, uşaqlıq illərindən, Zərifə Əliyeva ilə münasibətlərdən bəhs edən fəsillərdə), epik, publisistik təsvirlə növbələşmişdir.

 

Müasiri olduğumuz insanların bir çoxuna iki fərqli, bir-birinə zidd epoxanın - total hakimiyyət, birxətli inkişafın yer aldığı sovet sisteminin və müstəqil ölkənin vətəndaşı olmaq nəsib oldu. İki fərqli dövrün xarakterizə edilməsi, qarşılaşdırılması, ölkədə baş verən siyasi kursun müəyyənləşdirilməsi üçün siyasətçi məntiqi, ictimai-xadim təfəkkürü, həmçinin, peşəkar yazıçı qələmi tələb olunur. Əsərdə bu xüsusiyyətlərin uğurlu tandemi yer almış, müəllif bu tələblərin öhdəsindən uğurla gəlmişdir.

 

Tarix müxtəlif lider tiplərinin mövcudluğunu göstərir. Lider xalqın təsəvvüründə hər zaman ideal keyfiyyətlərə bağlı olsa da, çox zaman siyasi rəhbərin şəxsi keyfiyyətləri bu parametrlərə uyğun gəlmir. Uydurulan, reallığa əks olan şəxsi keyfiyyətlər uğurlu imicin məhv edilməsinə səbəb olur. Xalqın yaddaşında o siyasi liderlər əbədi yaşayır ki, onların siyasi imici gerçək portretləri ilə üst-üstə düşür. Heydər Əliyev obrazı da məhz bu keyfiyyətləri ilə xatirələrdə əbədi həkk olunmuşdur.

 

Altı cilddən  ibarət romanın birinci cildində 1923-1969-cu illər, Heydər Əliyevin uşaqlıq və gənclik illəri, Dövlət Təhlükəsizlik Orqanlarında  fəaliyyətindən  bəhs olunmuşdur.

 

1969-1982-ci illəri əhatə edən ikinci kitabda ümummilli liderin ilk dəfə Azərbaycanda hakimiyyətdə olduğu illər təsvir edilmişdir.

 

"Kreml beşliyi" adlanan üçüncü cilddə, Heydər Əliyevin  1982-1990-cı illər Moskvadakı fəaliyyətindən bəhs edərkən  həmin illərin Əliyevşünaslıqda zəif əks olunduğunu qeyd edən müəllif, "Heydər Əliyevin SSRİ rəhbərliyindəki fəaliyyəti dövründə verdiyi böyük töhfələrin  tarixi baxımdan heç də həmişə düzgün və dolğun qiymətləndiril" mədiyini yazmış, bu səbəbdən üçüncü cilddə ədaləti bərpa etməyə çalışan yazıçı, "Heydər Əliyevin Yuri Andropovun, Konstantin Çernenkonun komandasında həqiqi yerini, rolunu və əhəmiyyətini" göstərməyə çalışmışdır.

 

Xronikaların yer aldığı dördüncü cilddə ulu öndərin bəzi çıxışlarının qısa xülasəsi, əsas müddəaları verilmişdir.

 

Kitablarda dövrdən, mühitdən asılı olmayaraq Heydər Əliyevin  fəaliyyətinin əsasını təşkil edən prioritet istiqamətlər olaraq onun  respublikada milli ideyanın formalaşmasında rolu, erməni separatizmi ilə mübarizəsi və ölkənin mədəni həyatında iştirakı xüsusi olaraq vurğulanmışdır.

 

Hakimiyyətdə olduğu ilk mərhələdə milli kadrların yetişməsində müstəsna xidmətlərindən bəhs edən, bu sahədə  aparılan islahatlara xüsusi diqqət yetirən yazıçı, müstəqil Azərbaycanın bir çox sahələrdə uğurlu inkişafının əsaslarının hələ prezidentin ilk hakimiyyətdə olduğu vaxt qoyulduğunu qeyd etmişdir. Əsasən də milli sərkərdələrin hazırlanması ilə bağlı aparılan işlərə diqqət yönəldən Elmira Axundova "müstəqil Azərbaycanın gələcək ordusunun təməli"nin məhz o zamanlarda yarandığını vurğulamışdır.

Siyasi liderin portreti mütləq "tarixi dialoqizm", "binar konstruksiyalar" doğurur. Əsərdə Heydər Əliyevin obrazının dolğun işlənməsinin səbəbi onun zəngin bir  tarixi-siyasi fonda, müasirlərinin, həmkarlarının, əsasən siyasi partnyorlarının  əhatəsində təsvir olunmasıdır. Romanda Heydər Əliyev obrazı demək olar ki, bütün siyasi tərəfdaşları ilə qarşılaşdırılaraq təsvir edilmişdir.  Bu zaman, müəllif qarşı tərəfin portretlərini sönük karikatura formasında canlandırmamış, onların müsbət tərəflərini göstərməklə yanaşı, özlərinə qarşı çevrilən mənfi xüsusiyyətlərini uğurla aça bilmiş, Heydər Əliyevin onlardan üstünlüyünü konkret faktlarla əsaslandırmağa çalışmışdır.

Müstəqillik illərindən bəhs edən son kitablarda  artıq H.Əliyevi Milli Liderliyə doğru aparan yol təsvir edilmişdir. Bu hissələrdə  müstəqil Azərbaycanın siyasi arenası gündəmə gəlməklə yanaşı, müəllifin özünün ulu öndərlə şəxsi görüşlərinin təsviri əsərə xüsusi emosionallıq qatmışdır.

Ümummilli lider Heydər Əliyevin həyatı və ictimai fəaliyyətindən bəhs edən bioqrafik tədqiqat romanı Azərbaycan bədii-sənədli nəsrinin orijinal nümunəsidir. Qiymətli sənədlər, arxiv materialları, rəngarəng şəkillərin, zəngin ədəbiyyat siyahısının, ölkəmizin ictimai-siyasi, mədəni həyatı haqqında ensiklopedik bilgilərin yer aldığı roman-tədqiqat - Sovet Azərbaycanı və müstəqil Azərbaycanın tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni sferalarının, həmçinin, Heydər Əliyev irsinin öyrənilməsi, Əliyevşünaslığın  tədqiqi üçün universal mənbə olaraq qiymətlidir.

 

Lalə HƏSƏNOVA

filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutu

525-ci qəzet.-2018.- 5 iyul.- S.7.