Qəribə adamlar

 

Barat dayı ortaboylu, ortayaşlı bir adam idi. Uzun illərdən bəriydi ki, neft mədənlərində geoloq işləyirdi. Gözləri zəif gördüyündən eynək taxırdı.

Güləndə dodağı nazilərək damağına qədər dartılıb gedirdi. Həmin anlarda onun arxadakı qızıl dişləri aydınca görünürdü. İri burnunun altındakı nazik bığı geoloqun enli sifətinə qara xal al yanağa yaraşan kimi yaraşırdı. Barat dayının məzəli danışığı, şirin ləhcəsi adama xoş gəlirdi. Sözləri deyəndə bəzən hərflərdən birini ya ixtisara salır, ya da başqası ilə əvəz edirdi. Məsələn, baş usta Novruza "Noruz", briqadalardan birində fəhlə işləyən Piriyevə "Biriyov" - deyirdi.

İş yerində hərə bir sözü ilə yadda qalmışdı. Boş vaxtlarımızda həmin adamların danışdıqları məzəli əhvalatları tez-tez yada salıb gülürdük. Amma Barat dayının sözləri gülməli deyildi. Ümumiyyətlə, onun kimləsə zarafatlaşmaqla elə də arası yox idi. Bir az ciddi adama oxşayırdı. Tez-tez deyirdi ki, mənim həyatım başdan-ayağa kinodur. Elə mənalı günlər yaşamışam, elə hadisələrin şahidi olmuşam ki, onlar yalnız cild-cild romanlara sığa bilər. Keçdiyim ömür yolundan neçə seriya istəsən kino çəkmək olar. Yaxşı bir rejissor ola, mən danışam, o da bala-bala ssenari yazıb film çəkə. Aləm olar eee, aləm. Vallah, camaat həmin kinoya bilet almaq üçün saatlarla növbəyə dayanar.

Kiçik yaşlarımdan kinoya böyük marağım var idi. Qonşu kənddəki klubda kino göstəriləndə uzaqlığına baxmayaraq, gecə gözü itlə-pişiklə basa-basa gedib ona baxardım. Bəzən salonda heç oturmağa yer də olmurdu, ayaq üstə qalırdım. Şəhərə gələndən sonra kinoya olan marağım bir az da artdı. Kənddə nə göstərirdilərsə, ona da  baxmağa məcbur idik. Burada isə istədiyin qədər seçim var idi. Yaxşı bir kino olanda sonuncu qəpiyimdən də keçməli olurdum.

Barat dayının yaşayıb arxada qoyduğu ömür yollarından o cür həvəslə danışması onun həyatını öyrənməyə marağımı artırırdı. Fikirləşirdim ki, canlı kinonu burada qoyub dağa-daşa düşməyin nə mənası var?! Həm vaxtım havayı getməz, həm də biletə xərclədiyim pul cibimdə qalar. Barat dayı şahidi olduğu maraqlı hadisələrdən danışar, mən də bala-bala qulaq asıb özümü kinoya tamaşa edən kimi təsəvvür edərəm. Buna görə də arada-bərədə boş vaxt tapan kimi yaxınlaşıb deyirdim ki, ay Barat dayı, danış görək həyatın necə keçib, başına hansı maraqlı hadisələr gəlib? Çalışırdım elə sual verim ki, onun dərdi tərpənsin, yaşadıqlarından ətraflı söz açsın. Geoloq sağ olmuşa da hər dəfə sual verən kimi başını əllərinin arasına alıb, gözlərini yumur, eynəyini çıxarıb, bığını eşə-eşə xəyallara dalardı. Belə dərin fikrə gedəndə düşünürdüm ki, indi yəqin kişi beynində ötüb-keçənləri götür-qoy edir, başına gələnləri ardıcıllıqla sıraya düzür. Qəribə xasiyyəti olan geoloq xeyli fikirləşsə də, ağzını açıb danışmırdı. Elə bircə kəlmə "Oğul, başıma gələnləri söyləsəm vaxt çox gedər. Qoy söhbətimiz sonraya qalsın, hər halda, buna bir zaman taparıq" - deyirdi. Bundan sonra o daha heç nə danışmır, kino-filan "göstərmirdi". Mən isə ondan əl çəkmirdim. Hərdən yenə də yaxınlaşıb "Barat dayı, həyatında olanları ürəyində saxlama, danış qulaq asaq, görək necə bir ömür yaşamısan" - deyirdim. O da elə həmişə "Bir gün özüm vaxt tapıb hər şeyi sənə danışacam" - söyləyirdi. Bu sözlərdən sonra daha ona sual-filan vermirdim. Fikirləşirdim ki, kefi nə vaxt istəyər, onda da danışar. Daha geoloqa arxayın olmadım. Əlimi cibimə salıb kinoteatrlara üz tutub maraqlı filmlərə baxdım.

Bir yaz səhəri mədəndə Barat dayı ilə bağlı gülməli əhvalat baş verdi. Elə təxminən kino kimi bir şey oldu. İndi şəhərimizə yaraşıq verən, gecələr ətrafa rəngbərəng işıqlar saçan teleqüllənin tikintisinə o vaxtlar hələ təzə başlanmışdı. Günlər keçdikcə qüllə yavaş-yavaş yuxarı qalxırdı. İş yerimizdən tikinti gedən yüksəklik əl içi kimi aydın görünürdü. Səhər-səhər kontorun həyətində ora-bura qaçan Barat dayının haray-həşir salıb həyəcanla çığırdığını eşitdik. Geoloq əl-ayağa düşərək qışqıra-qışqıra baş ustanı haraylayırdı:

- Noruz, Noruz, tez bura gəlin. Faciə baş verib, teleqüllə yerində yoxdur, deyəsən aşıb!

Bu xəbəri eşidənlər tələm-tələsik kontorun həyətinə çıxıb həyəcanla yüksəkliyə boylandı. Doğrudan da, qüllənin yalnız aşağı hissəsi görünürdü. Bir neçə dəqiqə dayanıb gözümüzü o səmtdən çəkmədik. Qüllənin hansı istiqamətə aşdığını dəqiqləşdirmək istəyirdik. Sonra gördük ki, yavaş-yavaş qüllənin görünən hissələri artır. Sən demə, heç bir hadisə baş verməyib. Sadəcə olaraq, hava dumanlı olduğundan ətraf yaxşı görünmürmüş. Külək dumanı qovub dağıdandan sonra göylərə yüksələn qüllə yenə də başdan-ayağa əzəmətlə qarşımızda dayandı. Geoloq onu görəndə çaşdığına, səhər-səhər boş-boşuna qışqırıb haray-həşir salaraq camaatı narahat elədiyinə görə xeyli utandı. Bilmədi neynəsin, pərt olub başını aşağı saldı.

Barat dayı yenə də sözündən qalmırdı. Elə hey "Mənim həyatım, ömrüm bir kinodur. Yaxşı bir rejissor ola, mən danışam, o da çəkə" - deyirdi. Daha onun sözlərinə o qədər də məhəl qoyub sual-zad vermirdim. Çünki üç ildən çox idi ondan eyni cavabı eşidirdim. Sonra iki il də mədəndə işlədim. Bu müddət ərzində geoloq "kinosundan" bir pərdə də olsun bizə "göstərmədi". Qəribə adam idi bu Barat dayı. Tez-tez sinəsinə döyüb özündən danışar, bir az pis çıxmasın, basıb-bağlayardı. Baxırdın ki, danışdıqlarının ortasında da mənalı, dəyərli bir şey yoxdur. Arxada qalmış beş il ərzində ondan nə hikmətli bir söz, nə də dəyərli bir məsləhət eşitdim. Get-gedə əmin olurdum ki, geoloqun həyatında maraqlı, qeyri-adi bir şey baş verməyib. Dediklərinin arxasında heç bir real fakt dayanmayıb.

Zaman ayağını saxlamadan ötüb keçirdi. Daha münasib iş yeri tapdığıma görə mədəndən çıxdım. Həmin gün hamı kimi geoloqla da görüşüb sağollaşdım. Bir az gileylənib dedim ki, ay Barat dayı, bu beş ildə dediyiniz o "kino"dan bizə heç nə "göstərmədiniz". Məzən olsun, ay Barat dayı, mənə nə cavab versə yaxşıdı. Dedi ki, inşallah, nə vaxtsa şəhərdə təsadüfən rastlaşsaq ürəyimdəkilərin hamısını sənə danışacam.

Bu söhbətin üstündən illər keçəndən sonra bir gün təsadüfən avtobusda keçmiş iş yoldaşım Əyyubla rastlaşdım. Hal-əhval tutandan sonra ondan geoloqu soruşdum. O, başını aşağı salıb susdu. Sonra kövrələ-kövrələ "Bir neçə ay əvvəl Barat dayı rəhmətə getdi", - dedi.  Geoloq "kino"sunu da özü ilə o dünyaya aparmışdı.

Sən demə, qəribə adam təkcə Barat dayı deyilmiş. Həyatda onun bənzərləri də var imiş. Tələbə vaxtı da ona oxşar bir müəllimlə rastlaşdım. Xeyli ömür sürüb saçlarını auditoriyanın divarları arasında ağartmış İnqilab müəllim bizə mətbuat tarixindən dərs deyirdi. Nə bilim, bəlkə də onun uzaqdan-uzağa da olsa, Barat dayıya qohumluğu çatırdı. Çünki bir suyu da elə ona oxşayırdı. Müəllim auditoriyaya girəndə elə bilirdim ki, qarşımdakı rəhmətlik Barat dayıdı. İnqilab müəllimə baxanda hərdən öz-özümə gülümsünürdüm. Bilirsiniz niyə? Çünki bu müəllim də geoloq kimi qəribə adam idi.

İnqilab müəllimin dərs metoduna tələbələrin hamısı alışmışdı. O, auditoriyaya girən kimi adəti üzrə əvvəlcə jurnalı yoxlayar, sonra dərsin mövzusunu elan edərdi. Deyərdi ki, uşaqlar, mətbuat tariximiz, xüsusilə, "Əkinçi" qəzeti bir dəryadır. Bu dəryanın suyu heç vaxt nə azalacaq, nə də quruyacaq. Siz buradan çox şey öyrənəcəksiniz. Bu yerdə sözünə ara verər, qabaq sırada oturan tələbədən hansı rayondan olduğunu soruşardı. Bununla da dərsin mövzusu yaddan çıxar, gedişatı pozulardı. Bundan sonra İnqilab müəllim xatirələrindən söz açar, ötüb-keçən günləri asta-asta vərəqləyib sözü-sözə, hadisəni-hadisəyə calayardı. Dediklərindən belə məlum olurdu ki, müəllim dostları ilə birlikdə nə vaxtsa tələbə yoldaşımızın dünyaya göz açdığı bölgəyə qonaq gediblər. Ev yiyəsi onların şərəfinə süfrə açıb. Sonra da həyətdəki tut ağacını çırpıb gələnləri onun şirin meyvəsinə qonaq edib. Şəhər adamları olduğunu zənn edən ev sahibi tut yemək üçün ortalığa çəngəl də qoyub. Bunu görən İnqilab müəllim hirslənərək özündən çıxıb. Evin qadınını çağıraraq "Bu çəngəlləri süfrədən yığışdır. Şəhərdən gəlməyimizə baxmayın ha, biz də kəndçi babayıq. Tutu əllə - bax belə köşkülləyib yeyərlər" - deyib. Bundan sonra müəllim qonaqların və ev yiyəsinin yanındaca tutu əli ilə ağzına basıb.

 

Oxuduğum illər ərzində müəllim bu hadisəni bəlkə də on-on beş dəfə bizə danışmışdı. Hər dəfə də iri əllərini yuxarı qaldırıb, yumru barmaqlarını açıb ərinməz-ərinməz tutu necə yediyini bizə göstərmişdi. Mətbuat tarixini elə yaxşı bilməsək də, sağ olsun İnqilab müəllimi, onun hesabına tutu necə yeməyin "sirrini" yaxşı öyrənmişdik.

- Hə uşaqlar, mətbuat tariximiz, xüsusilə, "Əkinçi" qəzeti bir dəryadır. Özü də bitməz-tükənməz bir dərya. Hələ siz bu dəryadan çox su içəcəksiniz...

Adəti üzrə İnqilab müəllim dərsə bu girişlə başlayardı. Sonra isə... Fikirləşirdik ki, bəlkə heç olmasa cəmi bircə dəfə müəllim sözünə davam edib bir az irəli gedərək, o dəryanın suyundan bizə bir damcı da olsa dadızdıracaq. Qəribə adam olan müəllim, pis vərdişindən əl çəkmirdi. Yenə də araya mətləbə dəxli olmayan mənasız-mənasız söhbətlər atıb vaxtı öldürər, zəngin vurulmasını gözləyərdi.

Əgər təzə iş yerimdə başqa qəribə bir adamla rastlaşmasaydım yəqin ki, mətləbi çox uzatmayıb qəribə adamlarla bağlı söhbətimə burada nöqtə qoyardım. Amma yeni iş yerində yenicə qarşılaşdığım bu qəribə adam məni məcbur etdi ki, oxucuların vaxtını alıb hekayəni davam etdirim. Özü də yeni tanış olduğum qəribə adam Barat dayıdan, İnqilab müəllimdən fərqli olaraq kişi xeylağı deyildi. Müşgünaz adlı arıq, gözəl-göyçək bir qız idi. O, hər gün kitab oxuduğumuzu görüb deyirdi ki, mənim yaşadığım ömür, sürdüyüm mənalı həyat kitablara sığmaz. Bu qızın ən birinci qəribəliyi onda idi ki, özü yazı-pozu adamı olsa da, başına gələnləri yazdırmağa başqa birisini axtarırdı. Bəzən də kitaba yazdırmaq istədiyi hadisələrdən söz açanda baxırdın ki, danışdıqlarının arasında qələmə alınası mənalı bir şey yoxdur. Hərdən də lap çox zəvzəyib zəhləmizi tökürdü. Xırda bir hadisədən o qədər danışıb lap çürükçülük edirdi ki, deyirdin bəs nə isə böyük bir şey olub. Ona qulaq asmaqdan bezib, iş-gücü bəhanə gətirib ustalıqla aradan çıxardıq.

Başı qalın kitablar yazdırmağa qarışdığından Müşgünaz ailə həyatı da qurmamışdı. Yaxından tanış olanda gördüm ki, onun tərcümeyi-halında elə də bir zənginlik yoxdur. Bir neçə vərəqdən ibarət ola, ya da heç olmaya. Axı heç yaşı da elə çox deyildi. Uzun ömür də sürməmişdi ki, deyəsən, həyatında nə isə qələmə alınmalı maraqlı məqamları ola. Necə deyərlər, "nə yatmışdı ki, nə də yuxu görə?" Nə müharibə görmüş, nə də əzab-əziyyət çəkmişdi. Müşgünazın xasiyyəti bir köpüklük olmasa da, gözəlliyinə söz yox idi. Ona vurulub dərdindən ölənlər, arxasınca sürünüb ailə qurmağı təklif edənlər çox idi. Qız onu sevənlərə kitab yazdırıb çap etdirməyincə ərə getməyəcəyini deyirdi. Onu başa salırdıq ki, ay qız, əgər kitabın tez başa gəlməsini istəyirsənsə, onu özün yaz. Dediklərimizi boş başının içində götür-qoy edəndən sonra Müşgünaz özü kitab yazmağa girişdi. Gün ərzində yalnız düşünər, hərdən də qarşısındakı vərəqdə nələrsə yazıb qaralayardı. Elə gün olurdu ki, heç yazmır, ancaq xəyallara dalırdı. Bəzən vərəqi qarşısına qoyub, saatlarla gözlərini divardakı bir nöqtəyə zilləyib fikrə gedirdi. Sanki onun ömür yolları redaksiyanın divarlarına yazılmışdı. İndi Müşgünaz diqqətlə baxıb həyatını oradan vərəqlərə köçürtmək istəyirdi.

Üç ildən sonra iş yerimi dəyişməli oldum. Redaksiyadan çıxanda Müşgünaz hələ də öz aləmindəydi. Divarlara baxıb xəyallara dala-dala qarşısındakı vərəqlərdə nə isə qaralayırdı.

İki ildən sonra təsadüfən yolum redaksiyadan düşmüşdü. Köhnə dost-tanışlarla görüşüb hal-əhval tutandan sonra Müşgünaza da baş çəkməyi unutmadım. Zalım qızı zalım, hələ də fikrə gedib nə isə yazırdı. Yenə onu danlayıb dedim ki, ay Müşgünaz, gözəl-göyçək qızsan, həyatını puç eləmə. Axı sən özündən nə yazacaqsan? Burax bu kitab yazmağın başını. Ərə get, ailə qur, əl çək bu sərsəm işlərdən. Nə qədər israr etsəm də, o, dediyinin üstündə sonacan duracağını söylədi.

Növbəti dəfə görüşəndə qızın saçlarına dən düşdüyünü gördüm. Müşgünaz nə qədər yazsa da, kitabdan xəbər yox idi. Artıq o eynək taxırdı. Saaatlarla bir nöqtəyə zillənməkdən qızın gül kimi qara gözləri zəifləmişdi. Yazmaqdan yorulmayan Müşgünaz öz işindəydi. Bir ucdan dayanmadan ağ vərəqləri qaralayıb üst-üstə yığırdı. Bir Allahdan və özündən başqa heç kim bilmirdi ki, Müşgünaz o vərəqlərə nə yazır. Sonralar eşitdim ki, kitabını tamamlamaq üçün onu Maştağadakı məhşur xəstəxanaya göndəriblər. Çox qəribə adam idi bu Müşgünaz. Tərs adamlar kimi dediyindən dönmürdü ki dönmürdü.

Sonra başqa yerlərdə də çoxlu qəribə adamlar gördüm. Daha ayrı-ayrılıqda onlardan yazıb hekayəni uzatmaq, oxucuları yorub vaxtını almaq istəmirəm. Açığı, bunları yazmağa nə vaxtım, nə də həvəsim var. Bir tərəfdən də fikirləşirəm ki, onsuz da bu qəribə adamların hamısı elə bir-birlərinin tayıdır. Onların ya birindən yazmış, ya da on beşindən.

Arada iş-gücün əlindən bir az gözüm açılanda gərək papağımı qarşıma qoyub fikirləşəm ki, görəsən, niyə hara gedirəmsə qarşıma qəribə adamlar çıxır? Hərdən şübhələnirəm ki, bəlkə elə mən də qəribə adamam. Ona görə də özümə oxşayanlarla rastlaşıram. Gərək arada özümə də diqqət yetirəm. Yoxsa iraq-iraq, qəribə adam olduğuma görə məni də Müşgünazın yanına apararlar...

Vahid MƏHƏRRƏMOV

525-ci qəzet.-2018.- 6 iyul.- S.8.