Nurlu şəxsiyyət, əsl ziyalı, nəcib insan

ELMAN QULİYEV - 60

 

Bugünlərdə altmış yaşı tamam olacaq Elman Hilal oğlu Quliyev Azərbaycanın dilbər guşələrindən olan Lerik rayonu Zuvand mahalının Kələxan kəndində dünyaya göz açmışdır. Zəngin tarixi, yaşarlı ənənəsi olan ulu bir soyun yetirməsi Elman Quliyev ilk təhsilini doğma Kələxan kəndində almışdır. Savalandan əsən sərin dağ havası doyunca sinəsinə çəkən, saf sulardan içib daha da saflaşan gələcəyin tanınmış ədəbiyyatşünasına 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsi qucaq açdı. Tələbəlik illərində yüksək mənəvi-əxlaqi keyfiyyətləri, fakültənin və universitetin ictimai həyatında yaxından iştirakı, elmi bilikləri dərindən yiyələnmək istəyi ilə seçilən, professor-müəllim heyətinin diqqətini çəkən Elman Quliyev 1981-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla bir müddət doğma kəndində müəllim işlədi. Elmə hədsiz marağı, daxili potensial gücü tale yolunun bu yorulmaz yolçusunu yenidən doğma universiteti ilə qovuşdurdu. Filologiya fakültəsi, o cümlədən, "Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrası onun dissertantı kimi mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyini çox səmimi qəbul etdi və ona "Mirzə İbrahimovun  yaradıcılığından sosialist realizmin inkişaf problemləri"  mövzusu üzərindən tədqiqat aparmağı tövsiyə etdi. İstedadlı və enerjili bir tədqiqatçı olduğunu Elman Quliyev 1988-ci  ildə yuxarıda adı çəkilən  mövzuda uğurlu müdafiə etdiyi dissertasiya işi ilə sübuta yetirdi.

Uzun illər ən müxtəlif elmi məqalələr yazan, ədəbiyyatşünaslıq elminin dərinliklərinə nüfuz edən filologiya üzrə elmlər doktoru, professor Elman Hilal oğlu Quliyev "Şəhriyar poeziyası və milli təkamül" (2004) monoqrafiyası ilə şəhriyarşünaslıqda yeni bir baxış bucağı sərgilədi və bu fundamental araşdırması ilə Azərbaycan çağdaş ədəbiyyatşünaslıq elminə özəl bir nəfəs genişliyi gətirdi. Bu kitab Şəhriyarın böyük poeziyası barədə yeni tədqiqatların yaranmasına münbit elmi zəmin yaratdı. Bunu deyərkən biz milli-tarixi sərvətimiz olan Şəhriyar poeziyasını bədii vəhdətə və estetik ideala yetirən məqamla elmi-nəzəri təfəkkür müstəvisində incələnən iqtidarını ortaya qoyan alimin araşdırmasının boy göstərən arealı nəzərdə tuturuq. E.Quliyevin orijinal təhlil üslubu, cilalanmış tədqiqatçılıq baxışları, onu mahir bir araşdırmaçı kimi səciyyələndirən özünəməxsus dəyərlər, geniş erudisiya, intellektual düşüncə tərzi, örnək ola biləcək mənəvi keyfiyyətlər, əlbəttə ki, şəxsiyyətinin bütövlüyü və kamilliyi kimi yorumlanır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının  professoru, "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin rəhbəri kimi universitetimizdə inkişafda olan elmi-pedaqoji mühitə özünün layiqli töhfəsini verməkdədir. Fitrətən əməl və qayə adamı olan professor Elman Quliyev gənclərin elmə yiyələnməsi yolunda qüvvə və bacarığını əsirgəmir, qayğı və tələbkarlığını, vətəndaşlıq narahatlığını milli-mənəvi ləyaqətlə həyata keçirir.

Zəngin tarixi, yaşarlı ənənəsi olan çox qədim bir nəslin yetirməsi, bir qədər obrazlı desək, ulu bir soyun layiqli varisi olan Elman Quliyevin dəyərli fikir və mülahizələrini dinləmək, doğmalığından qaynaqlanan sevinc və fərəh nə xoşbəxt ki, mənə onunla kafedrada birgə fəaliyyət göstərdiyimiz çağlarda nəsib oldu. Mən onun şəxsində özümə çox yaxın bir dost və həmfikir tapdım ki, bunun doğurduğu fərəhi sözlə ifadə etmək çətindir, daxili yaşantıya köklənmişdir. Bu baxımdan cəmiyyətdəki mövqeyindən, dostlarına, yaxın ətrafına olan insani münasibətindən, davranış və rəftarından duyduğum sevinc təbiidir. Bu kimi nəcib xüsusiyyətlərin məndə doğurduğu vəcd, görünür, ruhi-mənəvi bağlılıqdan qaynaqlanır. Həm də ona görə ki, E.Quliyev sözün əsl mənasında inam və etiqadla yaşayan müdrik şəxsiyyətdir. Daxili dünyası ilkinliyə kökləndiyi üçün simasında bir nuranilik var. Azərbaycan ədəbiyyatşünaslıq elminin yaradıcı nümayəndəsi olan Elman Quliyevin ədəbi-estetik baxışları ürfani görüşləri ilə vəhdət təşkil edir. Özəl aurası ilə fərqlənən və təqdir olunan Elman müəllim həyatının mənasını aramsız elmi axtarışlarda, yazıb-yaratmaqda görür və bu da sonucda onun mənəvi rahatlığına zəmin yaradır, vətəndaşlığına məxsusi bir vüsət aşılayır. Rəbbimizin istedad və tükənməz enerji ilə varlandırdığı Elman Quliyev cismani həyatını mənəvi ömrə qoşa bilir, tale yolunu əzm və iradə ilə keçir və onun üçün ayrılmış ömür payını şərəflə yaşayır, işi və əməli ilə mənəvi dünyamızı, milli elmi düşüncəmizi zənginləşdirir.

Onun bir-birindən dəyərli, miqyaslı erudik düşüncədən boy göstərən çoxsaylı tədqiqat əsərləri elmi ictimaiyyət tərəfindən haqlı təqdir olunmaqdadır. Daha doğrusu, professor Elman Quliyevin monoqrafiyaları, dərslik və dərs vəsaitləri konseptual mündəricəyə köklənən məqalələri, mötəbər elmi məclislərdə, bir çox beynəlxalq simpozium və elmi konfranslarda dəyərli və parlaq məruzə və çıxışları, Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap olunan əsərləri bu gün hər bir kəsdə iftixar hissi doğurur. Alimin Azərbaycan elmi-pedaqoji uğurlu gələcəyinə hesablanan "Türkiyə türk ədəbiyyatı" (Bakı, 2003), "Şəhriyar poetikası" (Bakı, 2006), "Özbək ədəbiyyatı" (Bakı, 2009), "Orta əsrlər türk xalqları ədəbiyyatı" (Bakı, 2010), "Türk xalqları ədəbiyyatı" (Bakı, 2009, 2011), "Şərq xalqları ədəbiyyatı", 2 cilddə (Bakı, 2011), "Qədim və orta əsrlər türk xalqları" (Bakı, 2012) fundamental dərslik və dərs vəsaitləri, bunların başlıca mündəricəsini özündə tam ehtiva edən proqramlar çox mətləblərdən soraq verir. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti həm də onunla öyünür və iftixar hissi keçirir ki, Elman Quliyevin monoqrafiya, dərslik və dərs vəsaitləri ölkəmizin universitetlərində mötəbər tədris materialı olaraq sevilə-sevilə oxunur, bəhrələnilir və təqdir olunur.

Azərbaycanın və bir sıra xarici ölkələrin elmi kitabxanalarında alimin əsərlərinin yer alması bu baxımdan təbiidir və onun nüfuzunu, qələminin kirdarını isbat edir. Bu baxımdan heç də təsadüfi deyil ki, o, 1999-cu ildə "Mirzə Uluğbəy" (Özbəkistan) mükafatı almış, 2007-ci ildə "C.Rumi - 800" (YUNESKO) müsabiqəsinin laureatı olmuşdur. Zəngin tarixi və yaşarlı ənənələri ilə fərqlənən türk xalqlarının ədəbiyyatlarını, o cümlədən, Şərq ədəbiyyatının ayrı-ayrı dönəmlərdə boy göstərən örnəklərini mahiyyət müstəvisində bir araya gətirən və onların özəllikləri barədə konseptual fikirlər sərgiləyən dərslik və vəsaitlərinə və mahir bir pedaqoq kimi keyfiyyət göstəricilərinə görə professor Elman Quliyev universitetimizdə iki dəfə "İlin alimi" (2007, 2011) və "İlin müəllimi"  (2011) müsabiqəsinin qalibi olması, əlbəttə ki, təbii və qanunauyğundur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə Elman Quliyevin "Tərəqqi" medalı ilə təltif edilməsi onun əməyinə verilən çox layiqli qiymətdir. Elman Quliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də yorulmaz və səmərəli fəaliyyət göstərir və bu sahəyə özünün layiqli töhfələrini verir. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Türkiyə dövləti də onun bu dəyərli fəaliyyətini nəzərdən qaçırmamış, Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012) layiq görmüşdür.

Elman Quliyevin 2011-ci ilə qədər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olduğu çağlarda, hazırda AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olduğu indiki dönəmdə gənc nəslin elmi biliklərə yiyələnməsi işinə dəstək vermiş, dəyərli mülahizə və tövsiyələri, konseptual fikirləri ilə onları daim ruhlandırmışdır.

Professor Elman Quliyev sözün əsl mənasında halal adamdır, vətənini, xalqını dərin məhəbbətlə sevən ziyalıdır, təhsil aldığı və hal-hazırda işlədiyi mötəbər təhsil ocağına  - Azərbaycan Dövlət Pedaqoji Universitetinə, dostlarına, ailəsinə sadiq və bağlı insandır. Uzun illər müşahidə etdiyim, hər addımında yanında olduğum dostumun ən prinsipial məsələlərdə öz mövqeyini sərgilədiyinin, özünəməxsusluğunu qorumasının şahidi olmuşam. Kafedraya yeni gələn gənc nəslin yetişməsində də Elman Quliyevin xüsusi qayğısını vurğulamaq istərdim. Bunlar heç şübhəsiz ki, onun şəxsiyyətinin tamlığından, bütövlüyündən gələn məsələlərdir.

60 elə böyük rəqəm deyil. Elman Quliyevin görəcəyi işlər, yazacağı kitablar hələ qarşıdakı illərdə də onun enerjisindən, tükənməz ruhundan güc alacaq. Ona görə mən qardaşıma möhkəm can sağlığı diləyirəm və demək istəyirəm ki, əziz qardaşım! İlk gəncliyindən müdrikliyinlə seçilmisən, fərqlənmisən. Yaradıcılığının qaynar çağındasan, yazdıqların və yazacaqların halalın olsun.

 

Himalay QASIMOV

ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.-2018.- 6 iyul.- S.7.