ELMAN QULİYEV – 60
Bugünlərdə filologiya üzrə elmlər doktoru, professor
Elman Quliyevin 60 yaşı
tamam olur.
Təkcə Azərbaycanda yox, türk dünyasında tanınan, seçilən
alim yazdığı
əsərləri, kitabları
və sonsuz sayda məqalələri, ümumtürk ədəbiyyatşünaslıq
elminin inkişafı üçün gördüyü
işlərlə elmi-ədəbi
mühitin sevgisini, sayğısını qazanıb.
Elman müəllim mənə
Azərbaycan Dövlət
Pedaqoji Universitetində
həm bakalavr, həm də magistr pillələrində
dərs deyib. Onun qədim dövrdən müasir zamana kimi türk xalqları ədəbiyyatını
müqayisəli şəkildə
öyrətməsi, dərsi
bütün ruhu ilə
keçməsi, düşündüklərini
tələbəyə çatdırmaqdan
ötrü sözünü
əsirgəməməsi heç
yadımdan çıxmır.
Bu mənada 60 yaşına çatan müəllimim haqqında
hər şeydən əvvəl onu deməliyəm ki, o, qətiyyən qısqanc deyil, özündən sonrakı nəsilə də, həmkarlarına qarşı da səxavətlidir. Bildiklərini
öyrətməyə, bölüşməyə,
əlindən gələn
köməyi etməyə
hər an hazırdır və elmə yeni-yeni gələn bir çox gənclər məhz bundan, Elman müəllimin səxavətindən
pay götürüblər. Rəhbəri olduğu "Türk
araşdırmaları" elmi-tədqiqat mərkəzində
gördüyü səmərəli
işlərlə, təşkil
etdiyi tədbirlər və konfranslarla Elman müəllim bir çox gənclərin yetişməsinə, elm yoluna
qədəm qoymasına
səbəb olub.
Bu məqamda mən
də öz minnətdarlığımı bildirməyi vəfa borcu hesab edirəm.
Dissertasiya işimin müzakirəsində
də, sonralar da yazılarımın Türkiyə konfranslarına
göndərilməsində köməyini əsirgəməyən
Elman müəllimə xüsusi
təşəkkür etmək
istərdim.
Hesab edirəm
ki, 60 yaşına qədəm qoyan və bəhrəli ömrünün zirvə
nöqtəsinə çatan
insan üçün
ən böyük mükafat elə tutduğu yolun özüdür. Çalışdığımız
"Azərbaycan və
dünya ədəbiyyatı"
kafedrasında, professor
Himalay Qasımovun rəhbərliyi ilə keçirilən müzakirələrdə
Elman müəllimin ən
müxtəlif mövzularla
bağlı orijinal fikirlərinin, qeyri-adi mülahizələrinin şahidi
olmuşam. Bütün bu özünəməxsusluğu,
elmi araşdırmalarına
da fərqli tərəfdən yanaşması
onun əsərlərində,
kitablarında görünür.
Ümumiyyətlə, məncə, alim
haqqında ən dəqiq sözü onun kitabları, araşdırmaları deyir.
Amma Elman
müəllimin 55 yaşı
münasibətiylə çapdan
çıxan "Ömür
səhifələri" kitabını
vərəqləmək bu
dəyərli alim haqqında dolğun təsəvvür yaradır.
Haqqında söz açdığım
kitabda ədəbiyyatşünaslıq
elmimizin nüfuzlu qələm sahiblərindən
tutmuş, bu sahəyə yeni qədəm qoyan gənclərə kimi, yubilyarın ailə üzvlərinə, dostlarına
kimi hər kəs ürək sözlərini, fikirlərini
qələmə alıb. Və bu
mənada kitab bütöv bir ömrü ifadə edir.
Akademik İsa Həbibbəyli
"Ədəbiyyatşünaslıq elmində bəlli bir sima" adlı məqaləsində
yazır: "Elman Quliyev
yeni epoxanın geniş dünyagörüşüna
malik, ciddi araşdırmaların və
ümumiləşdirmələrin müəllifi olan yüksək hazırlıqlı,
peşəkar türk
ədəbiyyatı mütəxəssisi
kimi diqqəti cəlb edir. Elman Quliyevi Azərbaycan
elmində yeni dövrün ədəbiyyat
ağırlıqlı türkologiyasının
yaradıcılarından biri
hesab etmək olar. Professor Elman Quliyevin Azərbaycan ədəbiyyatına dair tədqiqatları da həm ölkə ədəbiyyatşünaslığında, həm də ümumtürkoloji ədəbiyyatşünaslıq
mühitində xüsusi
çəkiyə malikdir".
Hörmətli akademik İsa Həbibbəylinin məqaləsindən
gətirdiyim bu parça Elman müəllimin
elmi araşdırmalarının
qısaca şərhi
kimi səslənir. Bu mənada
elə kitabdakı digər alimlərin - akad.Nizami Cəfərovun, prof.Gövhər Baxşəliyevanın,
prof.Himalay Qasımovun,
prof.Zahid Xəlilin, prof.Nizaməddin Şəmsizadənin,
prof.Məhərrəm Qasımlının,
prof.Yaqub Babayevin səmimi yazıları
Elman müəllimin bu
keşməkeşli yolda
gördüyü işləri
daha yaxşı anlamağa yardımçı
olur.
Professor Elman Quliyev Azərbaycanın
gözəl təbiətli
Cənub bölgəsində,
Lerikdə anadan olub. Heç şübhəsiz
ki, o dağların, meşələrin, təbiətin
onun xarakterinə, yazılarına təsiri az deyil.
Eyni bölgədə
dünyaya gələn
yazıçı-publisist Novruz
Nəcəfoğlu Elman müəllimin
uğurlarını həm
də doğulub boya-başa çatdığı
yerlərlə, tərbiyə
aldığı ailə
ilə bağlayır: "Kələxanlı
Quliyevlər cənub bölgəsinin ağır-urvatlı,
tanınan söy-köklərindəndir
və bu soykökündən adı
el-obada hörmətlə
çəkilən neçə-neçə
comərd kişilər
yetişib. Keçən
əsrin 50-ci illərində,
Mircəfər Bağırov
rejimi dövründə
Respublika prokurorunun müavini vəzifəsində
çalışıb, o illərin
acı ruzigarından qeyrəti, cəsarəti sayəsində salamat qurtaran Ağa Quliyevlər, Özbək Quliyev, elə Araz müəllimin,
Qəhrəmanın, Elman müəllimin
ataları Hilal Quliyev. Hələ mənim şəxsən ünsiyyətdə olmadığım
daha neçə-neçə
kələxanlı alim,
müəllim, həkim..."
Yazı masasına bağlanmaq, sanballı elmi araşdırmaları aparıb
qalın kitablar yazmaq sadə məsələ deyil əlbəttə. Amma bunlarla yanaşı,
ictimai işlər də, təşkilati məsələlər də
xüsusi bacarıq və məharət tələb edir.
Elman müəllim uzun
illərdir ki, rəhbəri olduğu
"Türk araşdırmaları"
elmi-tədqiqat mərkəzinin
xətti ilə qardaş Türkiyə ilə birgə layihələrin həyata
keçirilməsi, qarşılıqlı
elmi əlaqələrin
yaradılması, inkişafı
baxımından böyük
işlər görüb.
Təsadüfi deyil ki, bu günlərdə Türkiyə Cümhuriyyətinin
ölkəmizdəki səfiri
Erkan Özoral professor
Elman Quliyevə təbrik
və təşəkkür
məktubu ünvanlayıb.
Həmçinin, Beynəlxaql Türk
Mədəni Təşkilatı
TÜRKSOYla da müxtəlif layihələrin
həyata keçirilməsində
Elman Quliyevin xüsusi
xidməti var. Azərbaycan
Dövlət Pedaqoji Universitetində TÜRKSOY kafedrasının
yaradılmasında onun
da əməyini qeyd etmək lazımdır.
Bütün bu elmi, ictimai,
pedaqoji fəaliyyəti
ilə bərabər,
Elman Quliyev həm də doğmalarına qeyri-adi dərəcədə
bağlı olan ailə başçısıdır. Haqqında
söz açdığım
kitabda həyat yoldaşı Səbirə
Quliyevanın, oğlu
Elmarın, qızları
Ülkərin, Fidanın,
gəlini Könülün
ürək sözlərindən
bu ailənin möhkəm təməllər
üzərində durması,
yumruq kimi bir olması duyulur. Həyat yoldaşı Səbirə
xanım "Ailəmizin
fərəhi, hamımızın
ümidi" məqaləsində
yazır: "Elman gözəl
ömür-gün yoldaşı,
ailə başçısı,
mehriban, qayğıkeş
ata və səmimi insandır. O, həm də bütün nəslin qayğıkeşi və ağsaqqalıdır. Hədsiz
dərəcədə qürurlu
olan bu insan
haqqında nə qədər xoş sözlər desəm, yenə az
olar. O, öz eli, obası,
kəndi ilə nəfəs alan bir insandır. Bakıda yaşamağımıza baxmayaraq,
hər gün öz doğma kəndi Kələxanla bağlı xoş xatirələri yada salır, xəyalən bizi keçmişə aparır. O, elcanlı
adamdır və məncə, ömrünün
sonuna kimi onda bu sevgi
tükənməyəcək. O, xalqın xidmətində durmağı özü üçün şərəf
və borc bilir, əlindən gələni heç kəsdən əsirgəmir".
Elman müəllimin qızı Ülkər də onun yolunu davam
etdirir, ötən il
Mirzə İbrahimov
yaradıcılığı əsasında yazdığı
fəlsəfə doktoru
dissertasiyasını uğurla müdafiə
edib filologiya üzrə
fəlsəfə doktoru adına layiq görüldü. O,
atası haqqında yazdığı məqalədə Elman müəllimin valideyn
xarakterini dəqiq və səmimi
şəkildə şərh edir: "Həyatda
mənim idealım atamdır. O, xaraktercə ziyalı bir insandır. Bu
xüsusiyyət bizim ailəmizin ruhuna kök
atmışdır, bizim
formalaşmağımıza təsir etmişdir.
Mən qürur hissi keçirir və fəxr
edirəm ki, Elman Quliyev kimi bir
şəxsiyyətin, şöhrəti nəinki respublikada, həmçinin, respublikadan
kənarda yayılmış bir alimin, çoxsaylı kitablar,
dərsliklər, monoqrafiyalar müəllifi
olan bir professorun, sözün həqiqi
mənasında gözəl bir
ziyalının, xeyirxah əməlləri
ilə hamının sevgisini
qazanmış insanın övladıyam".
Professor Elman Quliyevin həyatının, elmi yaradıcılığının müxtəlif yönlərinə toxunmağa, 60 yaşına qədəm qoyan müəllimimin gördüyü işləri fərqli insanların yazılarından nümunələrlə izah etməyə çalışdım. Lakin bu məqamda bir kiçik xatirəmi bölüşmək istərdim. Bir neçə il öncə Elman müəllimin yenidən "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin rəhbəri vəzifəsinə seçki keçirilirdi. Seçkinin nəticələri elan olunanda və Elman Quliyevin yenidən bu vəzifəyə seçilməsi bəlli olanda Himalay Qasımovun öz dostuna görə necə sevinməsini sadəcə görmək lazım idi. Yanındakı, ətrafındakı, dost bildiyi adamlara xüsusi münasibətiylə seçilən Himalay müəllimin Elman Quliyevə həsasslığının, sayğısının, dost sevgisinin şahidi olmuşam həmişə. Ona görə, məncə, Elman müəllimin yubileyinə həsr olunmuş səhifədə professor Himalay Qasımovun "Nurlu şəxsiyyət, əsl ziyalı, nəcib insan" məqaləsi yubilyar haqqında daha dolğun və dəqiq məlumat verər. Ona görə mən öz adımdan, çalışdığım "Azərbaycan və dünya ədəbiyyatı" kafedrasının əməkdaşları adından Elman müəllimi ad günü, 60 illik yubileyi münasibətiylə təbrik edirəm, ona can sağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirəm, professor Himalay Qasımovun məqaləsini oxucularımıza təqdim edirəm.
PƏRVİN
525-ci qəzet.-2018.- 6 iyul.- S.7.